Məhkəmə qərarları › İş №e-2(003)-2314/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2314/2025

06.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2314/2025 06.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında göstərdi ki, cavabdeh iddiaçının oğlu ilə 2017-ci ildə nikaha daxil olmuşlar və birlikdə sözügedən evdə yaşamışlar. Onların birgə nikahından 2 uşaqları olmuşdur. 2024-cü ildən onların nikahı pozulmuşdur. 2017-ci ildən bu günədək cavabdeh bu evdə yaşayır. Həmin ev iddiaçının babasının mülkiyyətindədir. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında göstərdi ki, tələbləri qəbul etmir. 2017-ci ildə rəsmi nikaha daxil olmuşdur. 2024-cü ildə nikahı pozulub. Birgə nikahdan 2 uşaqları olmuşdur. Mübahisəli həyətə giriş və evlər ayrıdır. Həyətdə 1 mərtəbəli 1 tikili var. İddiaçı onun keçmiş qaynatasıdır və keçmiş əri Ağazəki də onlarla qalır. Sözügedən evin sənədləri yoxdur və özbaşına tikilidir. Həmin evin yarısını o öz qızıllarını sataraq təmir etdirmiş, həmçinin komunal xərclərini keçmiş əri ödəyirdi. İddianın rədd olunmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.1978-ci il tarixli 96 nömrəli Bakı şəhərində bələdiyyələşdirməmiş tikintilərin reyestrindən çıxarışdan görünür ki, Nizami küçəsi, döngə 4, dalan 1, ev 5 ünvanında yerləşən fərdi yaşayış evi Vəliyev X1 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş flash kartdakı 8 ədəd fotoşəkildə təmirsiz evin otaqları və darvaza əks olunmuşdur. Cavabdeh bildirmişdir ki, evin yarısını o gəlin köçdükdən sonra öz qızıllarını satıb təmir etdirmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə tərəfindən yerində müayinə keçirilmişdir. Yerində müayinədə müəyyən olunmuşdur ki, sözügedən ünvanda iddiaçının və cavabdehin ayrıayrı evləri var və həyətə girişləri ayrıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Məhkəmədə müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sənədləri yoxdur. Buna görə də cavabdehin mübahisəli evdən istifadə hüququ yaranmamışdır. Bunları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin istifadə hüququna xitam verilməsi tələbi əsassızdır və təmin oluna bilməz. Bundan başqa, məhkəmə mübahisəli evin sənədlərinin olmamasını, cavabdehin 2017-ci ildən həmin evdə uşaqları ilə yaşadığını və iddiaçı ilə cavabdehin yaşadıqları evlərin ayrı olmasını, həyətə girişlərinin ayrı olmasını nəzərə alaraq hesab edir ki, iddiaçının evdən çıxarılma tələbi əsassızdır və təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar