Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2398/2023 25.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “evdən çıxarılma və sair” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “evdən çıxarılma, evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Gülçülük sovxozu küçəsi ünvanında yerləşən ümumi sahəsi 227,40 kv.m olan 70A saylı fərdi yaşayış evindən çıxarılması, xx.xx.2023-cü il tarixindən etibarən ödənilməmiş kirayə haqqı qismində 6600 manat məbləğində pul vəsaitinin və əldən çıxmış fayda qismində 330 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh1 ona məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Gülçülük sovxozu küçəsi ünvanında yerləşən ümumi sahəsi 227,40 kv.m olan 70A saylı fərdi yaşayış evindən çıxarılması, cavabdeh X3 ona məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Gülçülük sovxozu küçəsi ünvanında yerləşənb ümumi sahəsi 227,40 kv.m olan 70A saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması və xx.xx.2023-cü il tarixindən etibarən ödənilməmiş kirayə haqqı qismində 6600 manat məbləğində pul vəsaitinin və əldən çıxmış fayda qismində 330 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 227.40 kv.metr olan 70A saylı fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Belə ki, alqı-satqı və ipoteka müqaviləsi əsasında Cavabdeh1 məxsus daşınmaz əmlak onun tərəfindən alınmışdır. Sözügedən əmlak onun tərəfindən alınsa da, o, hərbiçi olduğu üçün ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 227.40 kv.metr olan 70A saylı fərdi yaşayış evində daimi olaraq yaşaya bilməmişdir. Cavabdeh1 ilə əldə olunmuş razılığa əsasən Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 227.40 kv.metr olan 70A saylı fərdi yaşayış evində kirayəçi kimi qalaraq aylıq 1100 (bir min yüz) manat kirayə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Belə ki, "xxxx" ASC ilə aralarında bağlanılmış ipoteka və alqı-satqı müqaviləsinə əsasən onun tərəfindən aylıq 1100 (bir min yüz) manat məbləğində ipoteka ödənişi şərtləndirilmişdir. Həmin kirayə haqqını isə cavabdehin "xxxx" ASC-yə onun adından ödənilməsi aralarında razılaşdırılmışdır. Son altı ay ərzində ipoteka üçün nəzərdə tutulmuş 1100 (bir min yüz) manat məbləğində kredit ödənişini cavabdeh kirayə haqqının əvəzi olaraq banka ödəmiş, 2023-cü il tarixindən etibarən şifahi şəkildə aralarında bağlanılmış kirayə müqaviləsi üzrə Cavabdeh1 dəfələrlə xəbərdar etməyinə baxmayaraq öz öhdəliyini icra etməmiş, 2023-cü ilin yanvar ayından şərtləşdirilmiş kirayə haqqının ödənilməsindən yayınmışdır. Cavabdehə şərtləşdirilmiş kirayə ödənişini ödəməsini, əks halda ona məxsus mənzildən çıxmasını tələb etsə də, onun müraciətlərinə ümumiyyətlə məhəl qoyulmamışdır. Belə olan halda 2023-cü il tarixli ipoteka müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək borc məbləğini o, öz hesabına ödəmişdir. Göründüyü kimi o, cavabdeh tərəfindən ödənilməli olan pul vəsaitini (kirayə haqqını) öz hesabına ödəyərək əlavə xərc çəkmişdir. Onun tərəfindən ödənilmiş 6600 (altı min altı yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tərəfindən ona ödənilməsi qanunamüvafiqdir. Bütün qeyd olunanlara müvafiq olaraq, Cavabdeh1 ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 227.40 kv.metr olan 70A saylı fərdi yaşayış evindən çıxarılmasını, 2023-cü ilin yanvar ayından etibarən onun tərəfindən ödənilmiş aylıq kredit ödənişinin 6600 (altı min altı yüz) manat və eyni zamanda, əldən çıxmış fayda qismində 330 (üç yüz otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq ona ödənilməsini qanunauyğun hesab edir və bunun üçün ədalət mühakiməsini həyata keçkirən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, İddiaçıla aralarında razılaşma olmuşdur. Xəyyama pul vermişdir ki, ipoteka ilə ev alsın. Bu səbəbdən də, evi Xəyyamın adına qeydiyyatdan keçirmişdir. Aralarında yazılı formada razılaşma olmasa da, ona etibar etmişdir. Evi alarkən 270000 manata almışdır. Hal-hazırda iddiaçının 10000 manatlıq tələbinə görə evi ucuz qiymətə tələsərək satmaq istəmir. Hesab edir ki, ona 1 ay vaxt verilərsə Xəyyama olan borcunu qaytara bilər. Digər cavabdeh Validə Fərzəliyeva da həmin evdə onunla birlikdə yaşayır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəblərə görə iştirak edə bilməyəcəklərini bildirərək işə onların iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə cavabdeh V.Ə.Fərzəliyeva məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ƏMDK DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ev 70A ünvanında yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 227,40 kv.m olan fərdi yaşayış evi İddiaçı adına qeydiyyatdan keçirilmişdir. (daşınmaz əmlakın reyestr nömrəsi: **********93-10301) - xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən müəyyən edilir ki, bu müqavilə ilə satıcı, yəni Cavabdeh1 ünvan 4 ünvanında yerləşən və mülkiyyət hüquqları ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********93-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Daşınmaz əmlakın satış qiyməti 190000 manatdır, daşınmaz əmlakın dəyərinin 57000 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 133000 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən kreditor-ipoteka saxlayan və alıcı-ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış xx.xx.2021-ci il tarixli ASİ/80 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. - Həmin müqavilənin 2.2.4 və 2.2.5-ci maddələrindən görünür ki, bu müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətinə satıcı ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmaq və bu müqavilə üzrə pul vəsaitini tam həcmdə qəbul etdikdən sonra 30 gün ərzində ipoteka predmetini yardımçı vasitələri ilə birlikdə alıcı-ipoteka qoyana onun bəyəndiyi və qiymətində razılaşdığı vəziyyətdə təhvil vermək vəzifələrini üzərinə götürmüşdür. - Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X6 ünvan 4 ünvanında qeydiyyatdadır. - X6 tərəfindən notariat ofisinə verilmiş ərizədən görünür ki, o, Cavabdeh1 məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin və mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin satılmasına və "xxxx" ASC-dən götürülən kreditin təminatı kimi həmin banka ipoteka qoyulmasına razılıq vermişdir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 01 saylı ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı tərəfindən 190000 manat məbləğində pul vəsaiti notarius X5 depozit hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konsititusiyanın 43-cü maddəsinin 1-ci hissəsi göstərişinin xarakterinə görə səlahiyyətverici norma olmamaqla, yuxarıda qeyd edildiyi kimi qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı yəni, mənzildə yaşamaq səlahiyyəti verilsə idi, bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunması normanın istifadə hüququnun olub-olmadığına aslı olmayaraq, mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Çünki, obyektiv hüququnun normalarından biri də mühafizə funksiyasıdır. Qeyd edilən məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. -152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. -158.1-ci maddəsinə əsasən, 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. -158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. -158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İşin araşdırılmış hallarından müəyyən edilmişdir ki, Cavabdeh1 ona məxsus olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini alqısatqı və ipoteka müqaviləsi əsasında İddiaçı satmışdır. İddiaçı müqavilə üzrə 57000 manat ilkin ödəniş etmiş, geri qalan 133000 manat məbləğ isə kreditor-ipoteka saxlayan tərəfindən təmin edilmişdir. Müqavilə üzrə razılaşma olmasına baxmayaraq cavabdehlər evi tərk etməmişlər. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi mülkiyyət hüquqlarını təsdiq edən çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Mülkiyyətçinin təbii haqqıdır ki, mülkiyyət hüquqlarını hər vəchlə müdafiə etsin və pozulmuş hüquqlarını bərpa etsin. Bu səbəbdən Cavabdeh1 özünə məxsus evi iddiaçıya satmış, iddiaçı tərəfindən evin qiymətləndirilməsi nəticəsində bank tərəfindən müəyyən edilmiş məbləğ cavabdehə ödənilmiş, cavabdehlər isə mülkiyyət hüququ ilə iddiaçıya keçən evdə yaşamağa davam etmişlər. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə iddia tələbinin digər cavabdeh Fərzəliyeva Validənin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, Fərzəliyeva Validə mübahisə predmeti olan ev digər Cavabdeh1 məxsus olan zamanlarda evdə qeydiyyatda olmaqla yaşamışdır. Hal-hazırda da digər Cavabdeh1 ilə birlikdə həmin evdə yaşayır. 2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsində satıcının vəzifələrindən biri də evdə qeydiyyatda olan digər şəxslərin də oradan qeydiyyatdan çıxması olmuşdur. Eyni zamanda, cavabdeh Fərzəliyeva Validə alqı-satqı və ipoteka müqaviləsinin şərtlərinə əməl edəcəyinə dair notariat ofisinə ərizə təqdim etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməli, cavabdeh Fərzəliyeva Validə mübahisə predmeti olan evdən çıxarılmalı və həmin evə dair istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixdən etibarən ödənilməmiş kirayə haqqı qismində 6600 manat məbləğində pul vəsaitinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarında bu halı təsdiq edəcək mötəbər sübut olmadığından iddia bu hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin 330 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən alınaraq ona ödənilməsi barədə hissəsinə dair hesab edir ki, həmin hissə də sübut olunmadığından iddia tələbi təmin edilməməldir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit elməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və X2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 227.40 kv.metr olan 70A saylı fərdi yaşayış evindən çıxarılmalı, cavabdeh X1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 227.40 kv.metr olan 70A saylı fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 227.40 kv.metr olan 70A saylı fərdi yaşayış evindən çıxarılsınlar. Cavabdeh X1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 227.40 kv.metr olan 70A saylı fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-2398/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2398/2023
25.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver