Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2432/2024 10.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 11647,13 manat pulun, mediasiya xərcinə görə 60 manat və ödənilmiş 65 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli 92x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin – “OBA Türkan 2” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 12284,87 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 11647,13 manat borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 11647,13 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Keçirilən yoxlamalarda cavabdeh özü də iştirak etmiş və yoxlamaların nəticələri ilə tanış olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.N.Xəlilov iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək onun təmin edilməsinə etiraz etmədi və izahatında göstərdi ki, o işlədiyi zaman mağazadan oğurluqlar edilmişdir. Həmçinin, mağazada gəmiricilər olduğundan məhsullara ziyan dəymişdir. Onlar məhsulun bir qismini məhv etmişlər. Ödənişdən yayınmır, öz öhdəliyinin fərqindədir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, həmin tarixdə "xxxx" MMC ilə Cavabdeh arasında 1 ay müddətə əmək müqaviləsi bağlanılmış və ona hər ay 260 manat məbləğində əmək haqqı ödənilməklə satıcı-kassir vəzifəsinə götürülmüşdür. Həmin müqaviləyə əsasən Cavabdeh Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. -xx.xx.2021-ci il 467 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin satış departamentinin satış şöbəsində xx.xx.2021-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 345 manat müəyyən edilmişdir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli X4 haqqında müqavilədən görünür ki, Cavabdeh, tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona işəgötürən tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanılmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Həmin Müqavilədən görünür ki, Cavabdeh aşağıdakı vəzifələri yerinə yetirməlidir: -ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalıdır, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır; -işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesablarını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; -ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlməlidir; -inzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verilməməlidir. -Cəmiyyət üzrə xx.xx.2023-cü il tarixli 92x saylı əmrdən çıxarışdan və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2023-cü il tarixdən tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. -xx.xx.2023-cü il tarixili “İnventarizasiya siyahılarından” və həmin siyahılara əsasən aparılmış təhvil-təslim nəticələrinə dair yekun aktlardan görünür ki, cavabdeh tərəfindən öz üzərinə götürdüyü öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi səbəbindən iddiaçıya zərərin dəyməsi müəyyən edilmişdir. -xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə iddiaçıya olan ümumi borcu 11647,13 manat təşkil edir. -xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən yaranmış borcla bağlı cavabdehə xəbərdarlıq edilmiş və həmin borcun ödənilməsi tələb olunmuşdur. -xx.xx.2024-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə saat 12:00-a təyin edilmiş mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı MMC-nin nümayəndəsi isə iştirak edərək 50 manat məbləğində mediasiya xərcini ödəmişdir (mediator: V.E.Əsgərova). -05 aprel 2023-cü il tarixli imtina Aktından görünür ki, bu akt ondan ötrü tərtib edilmişdir ki, İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən “Oba-Türkan 2” mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə 05 aprel 2023-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskik gəlmələrin (-12284,87 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. - Cavabdeh tərəfindən imzalanmış iltizamnamədən görünür ki, o, yoxlama işçi qrupunun aparacağı yoxlamaya heç bir etiraz etməmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh ilə "OBA Market” MMC arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdən "OBA Market” MMC-də satıcı-kassir vəzifəsində (260 manat əmək haqqı olmaqla) işləməyə başlamış, xx.xx.2021-ci il tarixdə aralarında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməklə həmin tarixdən (345 manat əmək haqqı olmaqla) administrator vəzifəsinə təyin edilmişdir. Eyni zamanda tərəflər arasında X4 haqqında müqavilə bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs ( borclu ) başqa şəxsin ( kreditorun ) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə Olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu mədəsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyalarının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən X4 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh mağazada işlədiyi müddətdə əksik gələn malların onun təqsiri ucbatından baş vermədiyini bildirsə də, həmin mallar X4 haqqında müqavilə ilə ona etibar edilmişdir. Bu səbəbdən, cavabdeh həmin malları bütün təsirlərdən qorumaq barədə öhdəlik götürdüyündən, həmin malların dəyərini özünün təqsiri olmadığını bildirərək ödəməkdən boyun qaçırması əsassızdır. Qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq iş üzrə cavabdehə 12284,87 manat ziyan dəymişdir. Cavabdehin iddiaçı qarşısında X4 barədə öhdəlik götürməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə təbii itki normaları nəzərə alınmaqla 11647,13 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh 11647,13 manat məbləğində pul, mediasiya xərcinə görə 60 manat və ödənilmiş dövlət rüsumuna görə 65 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh İddiaçı MMC-yə vurulmuş maddi ziyana görə 11647,13 manat, mediasiya xərcinə görə 60 manat və ödənilmiş dövlət rüsumuna görə 65 manat məbləğində pul İddiaçı” MMC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-2432/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2432/2024
10.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver