Məhkəmə qərarları › İş №e-2(003)-2448/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2448/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2448/2023 03.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlu İddiaçı QSC-nin Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı QSC Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında, borc verən tərəfindən borc alana tərəflər arasında müəyyən edilmiş borc məbləğinin faizsiz olaraq verilməsini və borc alan tərəfindən borc məbləğinin borc verənə əvvəlcədən müəyyən edilmiş dövr ərzində geri qaytarmalı olduğunu nəzərdə tutan xx.xx.2022-ci il tarixli, **********39 saylı 12 aylıq ödəmə müddəti ilə borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, müvafiq müqavilə borcun borc verən tərəfindən borc alana verildiyi gündən qüvvəyə minir və tərəflərin öhdəliklərini tamamilə yerinə yetirdiyi günə qədər qüvvədə qalır. Belə ki, hazırki müqavilə üzrə İddiaçı QSC 12 (on iki) ay müddətinə ödəmə şərti ilə, **********39 saylı müqaviləyə əsasən 246 (iki yüz qırx altı) manat məbləğində cavabdehə borc vermişdir. Mövcud müqavilə üzrə, ödənilməli olan ödənişlərin sayı, məbləği və ödəniş tarixləri, o cümlədən, müqavilə üzrə borc alanın ümumilikdə 246 (iki yüz qırx altı) manat həcmində borc məbləğini hissələrlə 12 ay müddətində borc verənə ödəməli olduğuna dair müddəalar, müvafiq müqaviləyə əlavə olunan ödəniş qrafikində əks olunmuşdur. Lakin, ödənişlər borc alan tərəfindən ödəniş qrafikinə əsasən həyata keçirilməmiş və buna görə də borc alanın borc verən qarşısında borc öhdəliyi yaranmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli, 1206 saylı maliyyə arayışına əsasən Cavabdeh tərəfindən mövcud borcdan ümumilikdə 63 manat ödənilmiş, lakin geriyə qalan 183 manat hələ də ödənilməmişdir. Şəxs tərəfindən sonuncu ödəniş xx.xx.2022-ci il tarixində həyata keçirilmişdir. Ona görə də Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə əsas borca görə 183 manat, gecikdirilmiş dövr üçün 4 manat, hüquqi xidmət haqqı kimi 150 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Borcverən İddiaçı QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********39 saylı kredit müqaviləsindən müəyyən olunur ki, Cəmiyyət müştəriyə faizsiz olaraq 246 manat borc verməyi, müştəri isə müəyyən olunmuş müddətdə borcu qaytarmağı öhdəsinə götürmüşdür. Borc müqaviləsinin 7-ci bəndindən görünür ki, müqavilə üzrə öhdəliklərə əməl etmədikdə borcalan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 742 və 743-cü maddələrinin tələbləri ilə məsuliyyət daşıyır. xx.xx.2022-ci il tarixli **********39 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, borcalan ödənişləri xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 21 manat, xx.xx.2023-cü il tarixdə isə 15 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC tərəfindən verilmiş kassa məxaric orderinin surətindən görünür ki, 246 manat məbləğində pul Cavabdeh tərəfindən şəxsən alınmışdır. İddiaçı QSC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh **********39 saylı borc müqaviləsi üzrə əsas borca görə 183 manat borcu vardır. 215755423(7) saylı ödəniş tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən “Sirius” Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya xx.xx.2022-ci il tarixli **********39 saylı borc müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 183 manat, gecikdirilmiş dövr üçün 4 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin olunmalıdır. Hüquqi xidmətlərin göstərilməsinə görə tələb olunan məbləğ yaranmış borca mütənasib olmadığından qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli **********39 saylı borc müqaviləsinə əsasən əsas borca görə 183 manat, gecikdirilmiş dövr üçün 4 manat, hüquqi xidmətlərin göstərilməsinə görə 30 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 247 (iki yüz qırx yeddi) manat İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar