Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-253/2025 10.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18802 (on səkkiz min səkkiz yüz iki) manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzinin və iddia ərizəsinin verilməsinə görə 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 7ci mikrarayon, S.S,Axundov küçəsi 31123-cü məhəllə, İİİ blok, 17-ci mərtəbədə yerləşən 1 otaqlı, 367 saylı mənzilə dair, müqavilə üzrə vaxtında ödənişi tamamlamadığı üçün ümumilikdə 18802 (on səkkiz min səkkiz yüz iki) manat məbləğində zərərə düşmüşlər. Ona görə cavabdeh tərəfindən pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etmək qərarına gəlmişlər. Çünki, qanunvericilikdə qeyd edilib ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən sonuncu ödəniş 2022-ci il tarixdə ödənilmiş və bununla da tərəflər arasındakı 19 mart 2012-ci il tarixli müqavilə şərtləri kobud şəkildə pozulmuşdur. Həmin müqavilənin şərtlərindən görünür ki, ümumi dəyəri 47600 (qırx yeddi min altı yüz manat) manat məbləğində olan razılaşmaya əsasən cavabdeh tərəf müqavilə dəyərinin 79% ni (37604 manat) 12 ay ərzində ödəməli olsada, öhdəlikləri pozaraq 10 ildən çox müddətə ödəniş etmişdir. Belə olan halda hesab edirlər ki, gecikdirilmiş 37604 manat məbləğindəki pul əsas borc məbləğinə illik 5% (beş faiz dərəcəsi ilə hesablanmış 18802 (on səkkiz min səkkiz yüz iki) manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzinin və iddia ərizəsinin verilməsinə görə 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Əvvəlki məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsassızdır. Belə ki, cavabdeh sonuncu ödənişləri 2022 və 2023-cü illərdə etmişdir deyə iddia müddətinin axımı 2023-cü il tarixdən başlanmalıdır. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, müqavilə bitənə yaxın tez-tez ofisə yaxınlaşaraq ödəyə bilməməyinin səbəblərini deyirdi. Onlar da ona narahat olmamasını, necə istəyirsə o cür ödəməsini bildirmişlər. Sonra maliyyə arayışı almağa gedərkən vermədilər, səbəb olaraq isə ödənişləri gecikdirməsini əsas gətirdilər. Onlar 20000 manat verməsini, yalnız o zaman arayışı verəcəklərini bildirmişlər. O, evə hələ də çıxarış ala bilməmişdir. Cavabdeh etiraz ərizəsi ünvanlayaraq orada bildirmişdir ki, X1 Əlimərdan Nurulla oğlu ilə 19 mart 2012-ci il tarixində çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə bağlayıb. Müqavilə bağlanılan zaman iddiaçı podratçı qismində çıxış edərək fərdi sahibkar kimi müqaviləyə imza ataraq, möhür vurub. Müqaviləyə görə iddiaçı Bakı şəhəri. Binəqədi rayonu. S.S.Axundov küçəsi, 3123-cü məhəllədə tikilməkdə olan yaşayış binasının 3-cü blokunda, XVİİ mərtəbədə ümumi sahəsi 68 kv.m-dən ibarət olan 1 otaqlı R nömrəli mənzilin tikilib təhvil verməsini öhdəsinə götürüb. Müqavilənin qiyməti 47600 manat olmaqla 12 ay müddətinə bağlanıb. Nəhayət, bina tikilib-yekunlaşmış, sakin kimi cavabdeh mənzilini təmir etdirərək hal-hazırda da həmin mənzildə yaşamaqdadır. Cavabdeh mənzilin dəyərini 12 aya ödəməsə də, tam ödəniş edərək öz öhdəliyini 100% yerinə yetirmişdir. Bununla bağlı ödəniş qəbzləri mövcuddur. Mənzilin dəyərini cavabdeh iddiaçının (o cümlədən Yüksəl İnşaat MTK-nın) kassasına ödəmiş və ona hər ödənişə görə sözügedən mənzilin dəyərinin ödənilməsi barədə imzalı, möhürlü qəbz və ya arayış verilib. Bu işin mübahisələndirilməyən faktiki halıdır və iki qüvvədə olan məhkəmə qətnamələri ilə öz təsdiqini tapır. Bina istismara qəbul edildiyindən və artıq sakinlərin öz mülkiyyətlərini dövlət reyestrində qeydiyyata aldırdığından (reyestrdən çıxarış), mənzilə dair borc olmadığından mənzilinə çıxarışın alınması üçün maliyyə arayışının, ümumi yığıncağın qərarının (plancizgi ǝlavə edilməklə) verilməsi ilə bağlı müraciət edib. Lakin iddiaçı mənzilə dair həmin sənədlərin verilməsindən imtina edərək, əvvəl 2000 manat ödəniş, daha sonra isə 20.000 (iyirmi min) gecikməyə görə şifahi şəkildə ödəniş tələb ediblər. Həmin ödənişlərin hansı əsasla müqavilənin hansı bəndinə qanunvericiliyin hansı müddəasına əsasən 11 ildən sonra istəmələrini əsaslandıra bilməyərək hər hansı yazılı cavab verməyiblər. Nəticə etibarı ilə Cavabdeh Binəqədi Rayon Məhkəməsində iş üzrə iddiaçıya və "xxxx" MTK-ya qarşı "Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov kiiçəsi, ev
401. Ə 367 nömrəli mənzilinə dair iddiaçı X2 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün həmin mənzilin ona verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (plan-cizgi ǝlavə edilməklə) və borcunun olmaması barədə maliyyə arayışını verilməsi ohdəliyini cavabdehlər İddiaçı və "xxxx" MTK-nin üzvlərinin üzərinə qoyulması tələbinə dair iddia qaldırmışdır. Həmin iş icraata götürülərək baxılıb və Binəqədi rayon Məhkəməsinin e-2(001)-1449/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tam təmin edilib. Həmin qətnamə qanuni qüvvəyə minib. Daha sonra hazırki iddiaçı ona qarşı mənzilin boşaldılması və ödənişlərin geri qaytarılması tələbinə dair iddia qaldırıb. Binəqədi rayon Məhkəməsinin İş No 2(001)- 2916/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçının iddiası rədd edilib. Qətnamə qanuni qüvvǝyǝ minib, ödənilməsini tələb edir. Hesab edir ki, iddia əsassızdır, iddia müddəti ötürülməklə verilmiş İndi isə iddiaçı əsassız bir iddia qaldıraraq ondan cərimə kimi guya ona dəymiş ziyanını tələb edir. iddiaçının subyektiv hüququ yoxdur. (iddia müddətinin tətbiqinə dair ərizə əlavə edilir). İddiada göstərilən tələbin heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçı ərizəsində müqavilə öhdəliklərinin pozulması və konkret olaraq 12 ayda ödənilməli olan pulun gecikdirilməsi və müqavilənin əlavə şərtlərinə uyğun olaraq cərimə hesablamaq hüququnun olması göstərilib. Müqavilənin həmin bəndi aşağıdakı kimidir: "Sifarişçi tərəfindən tikinti işlərinin ödəmə haqqının vaxtında keçirilmədiyi halda gecikdirilən ödəməyə görə bank faizinə uyğun olaraq cərimə olunur. Bu halda Podratçı həmin mənzili başqa şəxsə satmaq hüququnu özündə saxlayır. Göründüyü kimi bu şərt əlavə şərtdir və gecikdirmə halında cərimənin tətbiq edilməsini bildirir. Qəbzlərdən də göründüyü kimi, mənzilin dəyəri vaxtaşırı olmaqla bir neçə ilə ödənilib və bu 12 il ərzində iddiaçı cavabdehə qarşı hər hansı bir etiraz bildirməmiş, cərimə hesablamamış və mənzilin digər şəxsə satılması hüququndan istifadə etməmişdir. Tam əksinə, cavabdeh mənzilin vaxtaşırı ödənişini etmiş, qəbz almış, mənzilə bütün kommunal xidmətlər verilmiş, mənzil təmir edilmiş və bu günə kimi də cavabdeh həmin mənzildə tam hüquqlu mülkiyyətçi kimi yaşamaqda davam edir. Bu isə o deməkdir ki, iddiaçı müqaviləni bəyənmiş, vaxtında olmayan ödənişləri gecikmə kimi yox, müqavilənin uzadılması kimi qəbul etmişdir. Mülki Məcəllənin 358.2-ci maddəsinə əsasən, Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Bundan başqa, Mülki Məcəllənin 16.1ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi - Mülki Məcəllənin 560.3.4-cü maddəsində hüquqdan sui-istifadənin qadağan edilməsi əsaslarından biri kimi təsbit edilib. İddiaçının bu hərəkəti də hüquqdan sui-istifadədir. Cavabdeh müqavilə ilə üzərinə qoyulmuş öhdəlikləri tam yerinə yetirmişdir. Belə ki, müqavilədə göstərilən və tərəflərin razılaşdığı mənzilin dəyərini 100% ödəmişdir. Bu fakt iki məhkəmə qətnaməsi ilə öz təsdiqini tapır. Hesab edir ki, mənzil almaq üçün müqavilə ilə müəyyən olunmuş pul vəsaitini tam ödəmiş şəxsdən 12 il sonra mənzilin ödənişinə görə cərimə tələb edilməsi tamamilə qanunsuz tələbdir və qətiyyən təmin edilə bilməz. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq orada bildirmişdir ki, 12 il ərzində iddiaçı cavabdehǝ qarşı hər hansı bir etiraz bildirməmiş, cərimə hesablamamış və mənzilin digər şəxsə satılması hüququndan istifadə etməmişdir. Tam əksinə, cavabdeh mənzilin vaxtaşırı ödənişini etmiş, qəbz almış, mənzilə bütün kommunal xidmətlər verilmiş, mənzil təmir edilmiş və bu günə kimi də cavabdeh həmin mənzildə tam hüquqlu mülkiyyətçi kimi yaşamaqda davam edir. Bu isə o deməkdir ki, iddiaçı müqaviləni bəyənmiş, vaxtında olmayan ödənişləri gecikmə kimi yox, müqavilənin uzadılması kimi qəbul etmişdir. Mülki Məcəllənin 358.2-ci maddəsinə əsasən əşyaya va ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Məhkəmə tərəflərin mövqeyini nəzərdən keçirib, iddia ərizəsini və iş materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Podratçı İddiaçı ilə sifarişçi Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilədən görünür ki, sifarişçi bu müqaviləni əsas tutaraq sifariş verir, podratçı isə Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr S.S.Axundov küçəsi 3123-cü məhəllədə tikilməkdə olan yaşayış binasının 3-cü blokunda 17-ci mərtəbədə 1 otaqlı R saylı mənzilin tikintisini öz öhdəsinə götürür. -Müqavilənin 2-ci bəndinə əsasən mənzilin ümumi sahəsi 68 kv.m, müqavilənin qiyməti 47600 manatdır. -Müqavilənin 3-cü bəndinə əsasən sifarişçi müqavilənin ümumi dəyərinin 21 faizini ödəməyi öhdəsinə götürür. Qalan 79 faizini isə 12 ay müddətində ödəyir. -Müqavilənin əlavə şərtlər adlanan 8-ci bəndinə əsasən Sifarişçi tərəfindən tikinti işlərinin ödəmə haqqının vaxtında keçirilmədiyi halda, gecikdirilən ödəməyə görə bank faizinə uyğun olaraq cərimə olunur. Bu halda podratçı həmin mənzili başqa şəxsə satmaq hüququnu öz üzərində saxlayır. Sifarişçi həmin mənzildən imtina etdiyi halda onun tərəfindən ödənilmiş məbləğ mənzil başqa şəxsə satıldıqdan sonra 10 gün müddətində sifarişçiyə qaytarılır. -İş materiallarında olan 2012-ci il tarixdən 2023-cü il tarixədək olan qəbz və arayışlardan görünür ki, cavabdeh tərəfindən öz borcundan vaxtaşırı ödənişlər edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iş üzrə Cavabdeh ilə İddiaçı arasında 2012-ci il tarixdə yaşayış binasının tikintisi ilə bağlı podrat müqaviləsi imzalanmışdır. Müqavilə üzrə ilkin ödəniş cavabdeh tərəfindən edilmiş, qalan məbləğin isə 12 aya ödənilməsi şərtləşdirilmişdir. Lakin, cavabdeh maddi imkanı olmadığına görə qeyd olunan məbləği vaxtında ödəyə bilməmiş, hər ay müəyyən qədər ödəməklə 11 il ərzində ödənişlər etmişdir. Həmin 11 illik müddətdə isə müqavilənin digər tərəfi olan İddiaçı müqavilənin ləğv edilməsini əks etdirən hər hansı bir hərəkət etməmiş, cavabdehə xəbərdarlıq və ya pretenziya göndərməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-1629/2022 saylı qərarından görünür ki, mülki dövriyyədə elə hallar olur ki, müqavilə tərəfinin iradə ifadəsi görünməsə belə, həmin tərəf sözügedən razılaşmanı (onun hüquqi nəticələrini) tanıdığını və ona bağlı olduğunu sərgiləyən hərəkətlər edir. Bu hallar bəyənmə sayılır və müqavilənin bağlandığı andan hüquqi nəticə yaratmasını təmin edir. Bəyənmə məcburi bir formaya tabe olmadığı üçün həm açıq iradə bəyanı, həm də müvafiq davranışlarla (məsələn, razılaşmaya uyğun olaraq öz öhdəliyini yerinə yetirmə, həmin müqavilənin icrasını tələb etmə və s.) nümayiş etdirilə bilər. Bu səbəbdən MM-in 357-ci maddəsində nəzərdə tutulmuşdur ki, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir (§ 18). Odur ki, müqavilənin bağlanmış sayılıb-sayılmaması ilə bağlı mübahisəli hallarda məhkəmə tərəflərin arzu etdikləri hüquqi nəticəni əmələ gətirmək məqsədilə bir-birinə uyğun olan iradələrini bəyan edib-etməmələrini, bu hal açıq-aşkar görünən deyilsə, onların sonrakı davranışlarını, əgər varsa sonradan verilən razılığın olub-olmamasını və digər mühüm xüsusatları tam və hərtərəfli şəkildə araşdırmaqla məsələyə hüquqi qiymət verməlidirlər. Qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə qeyd edir ki, Cavabdeh vaxtaşırı ödənişlər etmişdir və iddiaçı müqavilənin müddətinin bitməsinə baxmayaraq bu ödənişləri qəbul etmiş, dolayısı ilə əqdi sonradan bəyənmişdir. Buna görə də hazırkı məsələdə pul məbləğinin gecikdirilməsindən söhbət gedə bilməz. İllik beş faizin hesablanması üçün əsas şərtlərdən biri də pul məbləğinin gecikdirilməsi olduğuna görə hazırkı halda iddia tələbi əsassızdır və əldən çıxmış faydaya görə cavabdehdən hər hansı məbləğ tutula bilməz. Cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdir. Belə ki, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 il təşkil edir. İddiaçı ilə cavabdeh arasında müqavilə 2012-ci il tarixində imzalanmışdır. Həmin müddətlə 2024-cü il tarixədək 12 il keçmişdir və arada iddiaçı tərəfindən itən müddət nəzərə alınmalıdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi:
İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Emin Rüstəmov