Məhkəmə qərarları › İş №e-2(003)-2571/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2571/2024

15.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2571/2024 15.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə və istifadə hüququnun tanınması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Cavabdeh ilə birgə nikah dövründə ələ edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi yeni sahə adlanan ərazidə yerləşən fərdi yaşayış evinə köçürülərək sahiblik və istifadə hüququnun tanınmasına və yüksək keyfiyyətli hüquqi yardım alınması ilə bağlı vəkilə ödədiyi 500 manat məbləğində pulun, eləcə də məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyi 50 manat və mediasiyanın təşkili ilə bağlı 50 manat dövlət rüsumunun, ümumilində 600 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, İddiaçı Cavabdeh ilə 2010-cu ildə ailə quraraq Samirin ata evinə köçmüşdür. Daha sonra onlar Bakıya köçərək bir müddət kirayədə yaşamışlar. 2012-ci ildə cavabdehə məxsus Xəzər rayonu Şağan qəsəbəsində yeni sahə deyilən yerdə yerləşən 2 sot torpaqda 2 otaq, mətbəx, hamam, dəhliz, ayaqyolu tikərək oraya köçmüşlər. Ümumilikdə evin tikilməsi və usta xərcləri birlikdə 30.000 manata başa gəlmişdir və bu məbləğin 15.000 manat hissəsi iddiaçının qohumları tərəfindən qarşılanmışdır. Sonradan cavabdehlə münasibətlər pozulmuş və onların artıq ailə kimi yaşaması mümkünsüz hala gəldiyindən 2023-cü ilin iyun ayında evdən çıxmış və Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikahları rəsmi qaydada pozulmuşdur. Birgə nikah dövründə doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 iddiaçı ilə birlikdə ünvan 1 ünvanında kirayədə qalır. Halhazırda ona və onun qızına məxsus əşyalar da Samirin qaldığı evdə qalmışdır.İddiaçı evindən uzaq düşdüyünə görə narahatdır və qohumlarının maddi köməyi ilə tikilmiş evində yaşamaq istəyir. Bundan başqa, cavabdehlə iddiaçı Bakıya köçdükdən sonra xx.xx.2011-ci il tarixədək Suraxanı rayon, Əmircan qəsəbəsində kirayədə qalmışlar. 2010-cu ilin dekabrından ev tikilməyə başlanıb. Ev və torpaqla bağlı sənədlər yoxdur və komunnal xidmətlər cavabdehin adınadır. İddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, torpaq 2007-ci ildə alınmış və öz atası tərəfindən 1 otaq tikildikdən sonra həmin evə köçmüşlər. Samirənin atası təkcə evin pəncərələri üçün 400 manat pul verib, qalan əziyyəti isə öz atası çəkmişdir. İddiaçı evdən əşyalarını götürərək qaçmış, təkcə taxt və yorğanı qalmışdır. Bundan başqa, cavabdeh göstərdi ki, ailə qurmazdan təxminən 3 il öncə X6 ilə şifahi müqavilə bağlayaraq mülkiyyətində olan torpaq sahəsini almışdır. Bundan sonra ailə qurmuş və bu ev tikilənədək kirayədə yaşamışlar. İddiaçının verdiyi məlumatlar təhrif olunmuş və yalan olduğuna görə iddia ərizəsi təmin olunmamalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq 3-cü şəxs qismində cəlb olunmuş X6 gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə 3-cü şəxs qismində cəlb olunmuş X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının ifadələrini dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 2(022)-85/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə rəsmiləşdirilmiş nikahın pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X4 ananın yanında qalması və Cavabdeh X1 üçün hər ay qazancının ¼ hissəsi miqdarında İddiaçı xeyrinə aliment tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmədə müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə xx.xx.2011-ci il tarixində rəsmiləşdirilmiş nikahına Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xitam verilmişdir. Birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 cavabdehlə birgə ünvan 1 evində kirayədə qalır. Onlar ailə münasibətləri davam edərkən birgə nikah dövründə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, yeni sahə deyilən yerdə fərdi yaşayış evi tikdirmişlər və həmin evdə birgə təsərrüfat aparmışlar. Lakin iddiaçı 2023cü ilin iyun ayından ailə münasibətlərinin kəskinləşməsi nəticəsində həmin evi tərk etmişdir. Eyni zamanda, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, yeni sahə deyilən yerdə yerləşən fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evin hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından özbaşına tikili sayılır. Məhkəmə hesab edir ki, iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdeh tərəf isə həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin iddiaçının əvvəllər həmin tikilidə yaşadığından və tikilini yaşamağa yararlı vəziyyətə gətirmək üçün əmək (vəsait) sərf etdiyindən iddia iddiaçının həmin evə köçürülməsi hissəsində təmin edilməlidir. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarının 7.2-ci bəndinə əsasən, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, yeni sahə deyilən yerdə yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması hissəsində təmin edilə bilməz. Çünki, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa iş materiallarında olan Vəkil ilə bağlanılmış Hüquqi yardımın göstərilməsi haqqında 15 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı hüquqi yardım göstərilməsi üçün Vəkil 500 manat məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş X7 ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, vəkil xidmətinə görə ödənilmiş 500 manat və dövlət rüsumu olaraq ödənilmiş 50 manat və mediasiyanin təşkili ilə bağlı 50 manat məbləğində rüsum iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, yeni sahə deyilən yerdə yerləşən və Cavabdeh yaşadığı fərdi yaşayış evinə köçürülsün. Cavabdeh vəkil xidmətinə görə ödənilmiş 500 (beş yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat, mediasiyanin təşkili ilə bağlı 50 manat olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar