Məhkəmə qərarları › İş №e-2(003)-2584/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2584/2024

10.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2584/2024 10.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 973N ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 973N ünvanında yerləşən bağ evinin mülkiyyətçisidir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 973N ünvanında yerləşən yaşayış sahəsində İddiaçı və Cavabdeh qeydiyyatdadırlar. Cavabdeh iddiaçının oğludur, Cavabdeh həmin bağ evində qeydiyyatda olsa da, orada heç vaxt yaşamayıb. Cavabdehin həmin evdə qeydiyyatı formal xarakter daşıyır. Cavabdeh həmin bağ evinə bir neçə ay əvvəl qeydiyyata düşmüşdür. Cavabdeh həmin evə qeydiyyata düşəndə həmin evə müvəqqəti olaraq qeydiyyata düşdüyünü bildirmişdir. Cavabdeh anasına vəd vermişdir ki, anasının istədiyi vaxt həmin evdən qeydiyyatdan çıxacaq və anasının həəmin yaşayış sahəsi üzərində sərəncam vermək istədiyi vaxt buna maneçilik törətməyəcək. Lakin hal-hazırda verdiyi vədə əməl etməkdən yayınan cavabdeh iddiaçının bağ evi üzərində sərəncam verməsinə maneçilik törədir. İddiaçı xəstə olduğuna görə mülkiyyətində olan yaşayış sahəsinə sərəncam vermək istəsə də, cavabdeh buna icazə vermir. İddiaçı ağır xəstədir. İddiaçının osteoporoz xəstəliyi var. Bu xəstəlik sümük kütləsinin azalması, həmçinin sümük sıxlığının və gücünün azalması ilə müşayiət olunan sistemli metabolik xəstəlikdir. Həmçinin kəskin revmatik qızdırma oynaq toxumalarının, ürəyin və qan damarlarının zədələnməsi ilə xarakterik olunan sistemik iltihablı xəstəlikdir. İddiaçıda xəstəliyindən irəli gələrək qan təzyiqi ilə bağlı problemlər var, İddiaçının 2 fəqərəsi məhv olur. Bağ evi yaşamaq üçün yarasızdır. Çünki həmin bağ evində yaşamaq üçün zəruri olan şərait yoxdur. Cavabdeh hərbi qulluqçu olmuşdur. Dövlət hərbi qulluqçulara böyük diqqət göstərir. Hərbçilərin sosial müdafiəsi gücləndirilir. Hərbi qulluqçulara mənzillərin verilməsi dövlətin hərbi qulluqçulara göstərdiyi böyük diqqətin təzahürüdür. Cavabdehə dövlət tərəfindən Sulutəpədə ev verilmişdir. Lakin cavabdeh həmin evin yerləşdiyi yeri bəyənmədiyinə görə həmin evi satmış və pul vəsaitini banka depozit hesabına qoymuşdur. Bu da onu göstərir ki, cavabdeh istədiyi vaxt bankda olan pul vəsaitini götürüb özünə ev ala və oraya qeydiyyata düşə bilər. Cavabdeh hərbi qulluqçu olduğuna görə yüksək məbləğdə pensiya alır və cavabdehin maddi imkanı yaxşıdır. Cavabdehin mülkiyyətində bahalı nəqliyyat vasitəsi də var. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək iddianən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, o, həmin evdə yaşamır və hazırda Bakıxanov qəsəbəsində kirayə yaşayır. Onun həmin evdə qeydiyyatda olması formal xarakter daşıyır. İddiaçı evi satmaq istədiyinə görə onu həmin evdən qeydiyyatdan çıxarmaq istəyir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 0,04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 128,70 kvadratmetr olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 973N nömrəli bağ evi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 973N ünvanında qeydiyyatdadır. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-12-212-114/2024 nömrəli, 15 may 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh ev təsərrüfatı kitabına əsasən ünvan 3 ünvanında qeydiyyatdadır, amma hal-hazırda həmin ünvanda yaşamır. Beləliklə, cavabdehin mübahisəli evdə uzun müddət yaşamaması iddiaçının nümayndəsinin və vəkilinin izahatı ilə yanaşı, işin digər halları ilə sübuta yetirildi. Məhkəmə cavabdehlərin həmin evdə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, cavabdehin həmin evdə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, cavabdehin başqa yaşayış sahəsində yaşaması ilə əlaqədardır. Ona görə ki, işin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh əvvəllər həmin evdə yaşamayıb və hazırda mübahisəli evdə yaşamır. Buna görə də cavabdehin mübahisəli evdən istifadə hüquqları itirilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, 0,04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 128,70 kvadratmetr olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 973N nömrəli bağ evi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin bağ evinə qeydiyyata alınmış Cavabdeh iddiaçının oğludur. Cavabdeh həmin evdə yaşamır. Evdə ona məxsus hər hansı əmlak yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə tədqiq edilmiş və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Cavabdeh başqa ünvanda yaşadığına görə cavabdehin mübahisəli evdən istifadə etməsini zəruri edən əsas aradan qalxdığına görə cavabdeh həmin evdən istifadə hüququnu itirmişdir. Odur ki, cavabdehin iddiaçıya məxsus evdən istifadə hüququnu itirmiş hesab edilməli, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 0,04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 128,70 kvadratmetr olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 973N nömrəli bağ evindən istifadə hüququ itirilmiş hesab edilsin. Bu qətnamə Cavabdeh 0,04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 128,70 kvadratmetr olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 973N nömrəli bağ evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar