Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2759/2024 28.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X10 və X2 olmaqla, cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisi və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X10 və X2 olmaqla, cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisi və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat kontorunun dövlət notariusu tərəfindən 29 dekabr 2012-ci il tarixdə 03 iyul 2012-ci ildə vəfat etmiş anası X6 vərəsəsi Cavabdeh2 miras əmlak- əmanət və faizlərə dair Qanun üzrə Vərəsəlik Hüququ haqqında verilmiş şəhadətnamənin ləğv edilməsi barədə, cavabdeh Bakı şəhəri 7 saylı Dövlət Notariat kontoruna 28 dekabr 2012-ci il tarixində İddiaçı ərizəsi əsasında X4 miras qalmış pul əmanəti və faizlərindən vərəsəliyi qəbul etməməyə dair imtinasının ləğv edilməsi barədə, miras qoyan anası X4 qalmış miras əmlak kütləsinə daxil olan bütün əmlaklara -ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98.90 kv.m olan fərdi yaşayış evinə və miras pul əmanətinə və faizlərə ¼ hissədə payının müəyyən edilməsi və həmin hissədə Qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, anası X12 xx.xx.2012-ci il tarixində daimi yaşadığı fərdi yaşayış evində, ünvan 1 ünvanında vəfat etmişdir. İddiaçı xx.xx.1954-cü ildə ünvan 1 ünvanında yəni ailəsinin və o cümlədən anasının yaşadığı və vəfat etdiyi evdə anadan olmuşdur. Anası xx.xx.2012-ci ildə vəfat edərkən də, həmin evdə yaşamış, vəfat etdikdən sonra, yəni miras açıldıqdan sonra həmin evdə yaşayaraq evi idarə etmişdir. Halhazırda da ailə üzvlərilə birlikdə bu evdə yaşayır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hüququn ölmüş şəxsə məxsus olması haqqında Arayışdan görünür ki, ünvan 1 ünvanında ümumi sahəsi 98.90 kvm olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında mərhum X8 məxsusdur. Amasının birinci dərəcəli vərəsələrindən atası X5 10 iyun 1991-ci ildə vəfat etmişdir. Anasının birinci dərəcəli vərəsələri iddiaçı X16, Cavabdeh2 və X15, vəfat etmiş bacısının uşaqları, yəni anasının nəvələri X10, X1r. Hesab edir ki, anası X4 qalmış miras əmlakına, yəni evə dair vərəsəliyi faktiki olararq qəbul etmişdir. Qeyd etdiyi kimi, anası vəfat etdiyi evdə yaşamış və miras açılandan sonra həmin evdə yaşayaraq vərəsəliyi faktiki olaraq qəbul etmişdir. Bundan sonra, yəni miras açıldıqdan 5 ay sonra, hansı ki, -o, onda artıq vərəsəliyi faktiki olaraq qəbul etmişdi- bacısı Cavabdeh2 ona müraciət edərək bildirdi ki: “anasından əmanət olaraq qalan pula görə o, Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna 23 noyabr 2012-ci il tarixində müraciət etmiş və orada vərəsəlik işi açılmışdır. Ona görə o da ərizə yazmalıdır ki, həmin pul Cavabdeh2 qalsın”. İddiaçı Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna 28 dekabr 2012-ci il tarixində ərizə vermişdir. Bundan sonra 29 dekabr 2012-ci il tarixdə Bakı şəhəri 7 saylı Dövlət Notariatı tərəfindən 03 iyul 2012-ci ildə vəfat etmiş anası X3 vərəsəsi Cavabdeh2 miras əmlak- əmanət və faizlərə dair Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə verilmişdir. Halbuki, miras əmlak olan evi faktiki olaraq qəbul etdiyinə və bununla da bütün mirası qəbul etmiş olduğuna görə miras kütləsinə daxil olan puldan imtinası yolverilməzdir və qanunun tələblərinə ziddir. Anasından miras qalmış ünvan 1 ünvanında yerləşən 98.90 kv.m fərdi yaşayış evi bu günədək də anasının mülkiyyətindədir. Həmin miras əmlakı faktiki olaraq qəbul etsə də bu günədək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Buna görə də Vərəsəlik işi açılmış Bakı şəhəri 7 saylı Notariat Ofisinə mirasa daxil olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98.90 kv.m fərdi yaşayış evinə görə vərəsəliyi faktiki olaraq qəbul etdiyi üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair 29 may 2024-cü il tarixdə ərizə vermişdir. Lakin Bakı şəhəri 7 saylı Notariat Ofisinin notariusu Nizami Tağıyev tərəfindən ərizəsinə baxılaraq ona ünvanlanan 29 may 2024-cü il tarixli 103 saylı məktubda deyilir: “Sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, X6 xx.xx.2012-ci il tarixdə vəfat etməsi ilə əlaqədar qızı Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizəsi əsasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 7 saylı dövlət notariat ofisində vərəsəlik işi açılmış və ona yeganə vərəsə kimi miras qalmış pul vəsaitinə dair tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin tərəfinizdən xx.xx.2012-ci il tarixdə miras qalmış pul vəsaitinin qəbul edilməməsi barədə ərizə verilmişdir.” Sonra həmin məktubda deyilir: “Azərbaycan Republikası MM-nin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirir ki, X4 miras qalmış əmlaka dair X9 tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən sizə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyil”. Hesab edir ki, Notariat ofisi tərəfindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməməsi tamamilə əsassızdır. Qeyd edir ki, Bakı şəhəri 7 saylı Notariat Ofisi vəkil sorğusuna cavab olaraq notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2012-ci il tarixli 2V-1650 reyestr nömrəli vərəsəlik işinin təsdiq olunmuş surətini vəkilə təqdim etmişdir. Əvvəla, o, yuxarıda qeyd etdiyi kimi, anası X4 miras əmlak olaraq qalan evə dair vərəsəliyi faktiki olaraq qəbul etmişdir. Həmin evdə anası ilə birlikdə və miras açıldıqdan sonra da yaşadığı Bakı şəhəri 7 sayl Notariat ofisi tərəfindən təsdiq olunaraq verilmiş 2V-1650 reyestr saylı vərəsəlik işinin materiallarında olan Xəzər RİH Başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilərək Dövlət Notariat Kontoruna təqdim edilmək üçün verilmiş 4620/11 saylı yaşayış yeri üzrə arayışdan da görmək olur. Həmin arayışda deyilir, verilir X8 ona görə ki, o həqiqətən vəfat edənə kimi, yəni xx.xx.2012-ci ilədək Bakı şəhəri Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 4, ev 10-da yaşayıb. Hal hazırda həmin evdə qeydiyyatda olanlar qızı Cavabdeh2, oğlu X15, oğlu İddiaçıdur. Hesab edir ki, miras açıldıqdan sonra miras əmlakı- ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98.90 kv.m fərdi yaşayış evində yaşayaraq və həmin evi idarə edərək və sahiblik edərək vərəsəliyi faktiki olaraq qəbul etdiyi halda, sonradan miras əmlaka daxil olan pul əmanətindən imtinası qanuna ziddir və bununla da etibarsızdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, bacısının uşağı notariat ofisində ona ərizəyə qol çəkdirmişdir. Lakin, hansı sənədə qol çəkdiyini bilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, vərəsələrin anası vəfat etmişdir. Övladları həmin ünvanda yaşamış və mirası faktiki qəbul etmişlər. Bu səbəbdən də iddiaçı faktiki qəbul etdiyi mirasdan imtina edə bilməzdi. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsinin təmin edilməsinə etiraz etməyərək izahatında bildirdi ki, miras qalmış əmlsakın bacı-qardaşlar arasında paylara bölünməsinə razıdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs A.M.Əliyev iddia ərizəsinin təmin edilməsinə etiraz etmədi və izahatında bildirdi ki, ümumi həyət dörd sotdur. Onun bir sotunun iddiaçıya verilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin fikrini tədqiq edib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli reyestrdə 2V/1-1650 sayla qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, bankın Xəzər (Əzizbəyov) rayon 6961/0313 saylı kassası, D-0145 saylı hesabda olan əmanətə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. -Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 530240 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. -Notariat kontoruna İddiaçı tərəfindən verilmiş ərizənin surətindən görünür ki, o, anası X4 miras qalmış pul məbləğindən vərəsəlik qəbul etmir və qəbul etmək niyyətində deyil. Gələcəkdə bu barədə məhkəməyə müraciət etməyəcəkdir. -Xəzər (Əzizbəyov) RİH Başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 41 saylı arayışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98.90 kv.m fərdi yaşayış evində qeydiyyatda olan şəxslər X13, İddiaçı, X18, X12, X15 və Cavabdeh2dır. -Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 103 saylı məktubun surətindən görünür ki, Sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, X6 xx.xx.2012-ci il tarixdə vəfat etməsi ilə əlaqədar qızı Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizəsi əsasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 7 saylı dövlət notariat ofisində vərəsəlik işi açılmış və ona yeganə vərəsə kimi miras qalmış pul vəsaitinə dair tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin, xx.xx.2012-ci il tarixdə miras qalmış pul vəsaitinin qəbul edilməməsi barədə ərizə verilmişdir. Bu səbəbdən, X4 miras qalmış əmlaka dair Cavabdeh2 tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. -Hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın yoxlanılması haqqında ƏMDK DƏDKR publik hüquqi şəxs tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98.90 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında mərhum X6 adına qeydiyyatdan keçirilmişdir. Ona 7/8 hissədə pay ayrılmışdır (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********57-10301). Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1145 və 1146-cı maddələrinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1 və 1151.2-ci maddələrinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Həmin Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericiliyin tələblərindən görünür ki, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarından görünür ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İşin hallarından görünür ki, mübahisəli evin mülkiyyətçisi X12 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Onun vərəsəsi İddiaçı notariat orqanına ərizə təqdim edərək miras əmlakın bir hissəsini qəbul etməkdən imtina etmişdir. Mülki qanunvericilik isə müəyyən etmişdir ki, vərəsə mirasın bir hissəsindən imtina edərsə o, mirasdan imtina etmiş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X10 və X2 olmaqla, cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisi və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair” tələblərinə dair iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X10 və X2 olmaqla, cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisi və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-2759/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2759/2024
28.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver