Məhkəmə qərarları › İş №e-2(003)-2787/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2787/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2787/2022 20.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı maddi zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «X1 Azərbaycan» QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 172,05 manat məbləğində maddi zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "X1 Azərbaycan" QSC arasında xx.xx.2017-ci il tarixli Bank hesabı, debet kartı, kredit karti və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci tarixli 2(003)-4528/2021 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "X1 Azərbaycan" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC -yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində ödənilən 800 manat və xx.xx.2022-ci il tarixində ödənilən 347 manat məbləğlərindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də «X1 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 172,05 manat məbləğində xidmət haqqı ödənilmişdir. Qeyd edilən xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 172,05 manat məbləğində xidmət haqqı ödəmişdir. Cavabdehlə bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin 4.19-cu maddəsinə əsasən çəkilmiş bütün xərcləri ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılaraq iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, o, "xxxx" MMC-nin tanımır və həmin MMC-yə heç bir pul məbləği tərəfindən verilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-4528/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi Bakı şəhəri Xəzər Rayon icra şöbəsinin icra məmuru Aqil Nəcəfovun icraatında olmuş və həmin icra məmuru tərəfindən ondan icra sənədinin icrasının təmin edilməsi tələb olunmuşdur. Həmin icra məmuru tərəfindən ona «X1 Azərbaycan” QSC-nin hesab nömrəsi verilmiş və o, xx.xx.2022-ci il tarixdə 800 manat, xx.xx.2022-ci il tarixdə isə 347 manat ödəməklə borcu tam qaytarmışdır. Həmin qəbzlərin surətini də icra məmuruna təqdim etmişdir. Bundan sonra icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilmişdir. Odur ki, iddia tələbini əsassız hesab edir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-4528/2021 saylı qətnaməsinə əsasən Cavabdeh "X1 Azərbaycan" QSC-nin xeyrinə cəmi 1118,08 manat məbləğində pulun və 28 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. İş materiallarında olan “X1 Azərbaycan" QSC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin surətindən görünür ki, həmin müqavilənin 4.19-cu bəndində əsasən həmin müqavilədən yaranan (irəli gələn) borcların Cavabdeh tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmamasına görə "X1 Azərbaycan" QSC Cavabdeh qarşı iddia qaldırmaq və ya icra tətbiqinin həyata keçirmək məcburiyyətində qalarsa, cavabdeh bununla bağlı iddiaçının çəkəcək hər cür xərclərin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) ödənilməsini qəbul, bəyan və təsdiq etmişdir. İş materiallarında olan "xxxx" MMC ilə "X1 Azərbaycan" QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqavilədən görünür ki, həmin müqavilə istehlak kreditləri, kredit kartları və ya kredit kartları ilə bağlı qarışıq müqavilələr əsasən istifadə edilən kreditlərdən bank qarşısında yaranan borcların alınması üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Həmin müqavilənin 5.1.1-ci bəndinə əsasən Bank, Müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul ( borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15% (on beş faiz) Büro tərəfindən icra sürəcində olan dosyelərlə bağlı icra nəzarəti başlandıqdan (iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra olan dösyelər üzrə isə pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borç, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 20%) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). İş materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktların surətlərindən görünür ki, "xxxx" MMC vasitəsilə Cavabdeh “X1 Azərbaycan" QSC-yə olan borcu ödənilməsinin təmin edilməsi məqsədilə göstərilmiş xidmət üçün cəmi 172,05 manat haqq tələb olunur. İş materiallarında olan maliyyə arayışından görünür ki, «X1 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödənilən xx.xx.2020-ci il tarixindəki 1380 manat "xxxx" MMC tərəfindən təmin edildiyinə görə «X1 Azərbaycan» QSC tərəfindən İnternational Legal Services" MMC-yə 172,05 manat manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı tərəfindən 5 gün müddətində cavabdehdən 172,05 manatın ödənilməsi tələb olunmuş, əks halda xidmət haqqının ödənilməsi üçün məhkəmə müraciət etmək hüququndan istifadə ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qəbzlərin surətindən görünür ki, Cavabdeh tərəfindən «X1 Azərbaycan» QSC-nin xeyrinə 800 manat və 347 manat məbləğlərində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfov tərəfindən qəbul edilmiş qərarın surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4528/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi borclu Cavabdeh tərəfindən tam şəkildə təmin olunduğundan “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddələrinin tələblərinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş üzrə iddia tələbi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə sonuncunun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi (borcun qaytarmaması) səbəbindən məhkəmə qaydasında yaranmış borcun tələb edilməsi, iş üzrə qəbul olunmuş qətnamə əsasında müəyyən edilən borcun üçüncü şəxs ("xxxx" MMC) vasitəsilə qaytarılması və həmin üçüncü şəxs tərəfindən göstərilən xidmətlər üçün iddiaçı tərəfindən xidmət haqqı ödənildiyinə görə maddi zərər dəyməsi ilə əsaslandırsa da, borcun "xxxx" MMC vasitəsilə ödənilməsinin təmin edilməsi öz əksini tapmadığından məhkəmə, iddia tələbini əsassız hesab edir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4528/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icra edilməsi Cavabdeh tərəfindən icra məmurunun vasitəsilə təmin edilmişdir. Bununla da həmin icra sənədi üzrə borcun qaytarılmasının "xxxx" MMC vasitəsilə təmin edilməsinə dair iddianı əsaslılığını aradan qaldırır. Bu halla bağlı hər hansı bir mötəbər sübutlar da məhkəməyə təqdim edilməmişdir. Belə olan halda da məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı 172,05 manat məbləğində maddi zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar