Məhkəmə qərarları › İş №e-2(003)-294/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-294/2023

30.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-294/2023 30.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və uşağı 04 yanvar 2019-cu il təvəllüdlü X1 gəlin köçdüyü Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1007Q ünvanında yerləşən yaşayış sahəsinə köçürülməkləri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 24 dekabr 2017-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin gündən etibarən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1007Q ünvanında yerləşən evə gəlin köçmüşdür. Həyat yoldaşı ilə birlikdə həmin evdə yaşayaraq birgə təsərrüfat aparmışlar. Həmin evi birgə nikah dövründə təmir etmişlər. Yaşayış evinin kommunal xərcləri barədə qəbzlərə də nəzər salınsa, görərik ki, həmin qəbzlər yoldaşının adına gəlmiş və onlar tərəfindən ödənilmişdir. Birgə nikahdan 04 yanvar 2019-cu il təvəllüdlü X2 adlı bir uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında olan mübahisə nəticəsində nikahları pozulmuşdur. Bundan sonra cavabdeh onu və uşaqlarını məcburi şəkildə çıxarmışdır. O, uşağı ilə birlikdə məcbur qalıb kirayədə yaşamışlar. Cavabdehə dəfələrlə yaşadıqları evə köçürülməklərini bildirsə də, cavabdeh onların həmin yaşayış evinə köçməklərinə imkan verməmişdir. Onun hazırda yaşamağa, qalmağa heç bir yeri yoxdur. Hesab edir ki, cavabdeh kimi o və uşağı həmin yaşayış sahəsinə köçürülməli və orada yaşamalıdırlar. Onun və uşağının yaşadığı sahədən məhrum edilməyi qanunsuz olmuşdur. Belə ki, məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Lakin cavabdehin mübahisələndirilən evə hər hansı hüququnun olmasını təsdiq edən sənəd yoxdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək onun rədd olunmasını xahiş etdi və izahatında bildirdi ki, iddiaçı təmirli evə gəlin köçüb. Həmin mübahisəli ev ona məxsusdur. Onlar 2017-ci ildə ailə həyatı qurmuşlar. İddiaçının İstanbulda və Bakıda evi vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakıb Dövlət Reyestri Xidməti hüuqqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1007Q saylı bağ evi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində daşınmaz əmlak vardır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarından görünür ki, mübahisəli yaşayış evi - Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1007Q saylı bağ evi Cavabdeh mülkiyyətindədir. İddiaçı isə 2017-ci il tarixdə cavabdehlə ailə qurduqdan sonra mübahisəli evdə yaşamağa başlamışlar. Onların birgə nikahlarından 04 yanvar 2019-cu il təvəllüdlü X2 doğulmuşdur. Hal-hazırda iddiaçı həmin mənzildə yaşamamaqla, xarici dövlətdə yaşamaqdadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli qərarında mənzilə köçürülmə tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahələri yalnız “mülki dövriyyənin predmeti olduqda” mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər xx.xx.2017-ci il tarixdə nikaha girməklə mübahisəli evdə birlikdə yaşamışlar. Göründüyü kimi, mübahisəli evlə bağlı tərəflər arasında münasibətlər 2009-cu ilin oktyabr ayından sonrakı dövrü əhatə etdiyindən tərəflər arasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu kontekstdə məhkəmə iddia tələbinin dəlillərini yoxlayaraq, hesab edir ki, iddiaçının dəlilləri əsassızdır. Belə ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qeyd olunan qərarında Konstitusiya Məhkəməsi göstərilən normanı aşağıdakı kimi təfsir etmişdir: “Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtinin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür”. Qeyd olunduğu kimi, İddiaçı ilə mübahisəsi gedən mənzilin mülkiyyətçisi olmuş Cavabdeh arasında olan nikah münasibətlərinə xitam verilmiş, cavabdeh ilə arasında olan ailə münasibətlərinə xitam verilmişdir. Mənzilin mülkiyyətçisi olan cavabdeh ilə iddiaçı arasında, sonuncunun mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığı üçün bu, keçmiş ailə üzvü olan iddiaçının yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır; eyni zamanda, iddiaçı maddi vəziyyəti və ya diqqətə layiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə heç bir sübut təqdim etmədiyindən, həmçinin iş üzrə onun mülkiyyətində mənzilinin olduğu müəyyən edildiyindən, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılması da istisna olunur. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər; hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən isə həmin Məcəllənin 30.1-ci maddəsi, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqelər əsas götürülməlidir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilindən istifadə hüququ yaranmış olsa da, həmin mənzilin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra bu hüquq saxlanılmamışdır. Bu səbəblə də iddia tələbi rədd edilməlidir. Həmçinin, iddiaçı həmin mənzilin təmirini birgə nikah dövründə birgə vəsait hesabına həyata keçirdiklərini qeyd etsə də, bu hala dair hər hansı bir sübut təqdim edə bilməmişdir. İddiaçı cavabdehin mübahisəli evə hüquqlarının olmadığını bildirir. Lakin iş materiallarından görünür ki, həmin ev cavabdehin xüsusi mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, mübahisəli evə dair hüquqmüəyyənedici sənədlər olmasaydı belə, məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Şəxsin həmin evə münasibətdə hüququnun müvəqqəti saxlanıla bilməsini qanunverici başqa yaşayış sahəsi ilə təminatının olmaması ilə əsaslandırmışdır ki, işin bu halı da sübuta yetirilməməklə əksinə iddiaçının özünə məxsus ayrıca yaşayış yeri olduğu müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tələbləri baxımından yanaşaraq məhkəmə qeyd edir ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) aiddir ki, hazırki işə münasibətdə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ona qarşı hər hansı zor tətbiq edilmədən hazırda köçmək istədiyi fərdi yaşayış evini tərk etmiş və yaşama zərurətinin aradan qaldırılması üçün mövcud olan özünə məxsus yaşayış sahəsində yaşamağa getmişdir. Belə olan halda yaşayış sahəsindən cavabdeh tərəfindən hər hansı qanunsuz məhrumetmə də olmamışdır. Belə olan halda da iddiaçının mübahisəli evə köçürülməsi əsaslı hesab edilə və iddia tələbi təmin edilə bilməz. Məhkəmə ümumilikdə göstərilən halları nəzərə almaqla hesab edir ki, iddiaçının mübahisəli tikiliyə köçürülməsi mümkünsüzdür və buna görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə barədə iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar