Məhkəmə qərarları › İş №e-2(003)-2976/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2976/2021

25.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2976/2021 25.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 5-1139 saylı bağ sahəsindən Cavabdeh çıxarılaraq həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 5-1139 saylı bağ sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12 oktyabr 2018-ci il tarixli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Lakin iddiaçıya məlum olmuşdur ki, onun Azərbaycan Respublikasında olmamasından istifadə edən cavabdeh həmin torpaq sahəsinin bir hissəsini zəbt edərək həmin torpaq sahəsində özbaşına tikili inşa etmişdir. Cavabdehlə aparılan danışıqlar nəticə vermədiyindən iddiaçı konstitusion hüquq olan, mülkiyyət hüququnun müdafiə və bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edirik, cavabdeh həmin torpaq sahəsində özbaşına inşa etdiyi tikili onun hesabına sökülərək boşaldılmalıdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbini qismən etiraf edərək, izahatında qeyd edilən torpaq sahəsinin ona makler tərəfindən satıldığı və aldadıldığını bildirdi. O torpağın pulu ödəyərək almış və ev tikmişdir. Lakin hazırda həmin şəxs ölmüş, onun övladları isə pulu qaytarmaqdan imtina edirlər. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 12.10.2018-ci il tarixli seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 5-1139 saylı bağ sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş A302553 nömrəli 11.10.32018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 5-1139 saylı bağ sahəsi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalm və tikinti normalarını və qaydalarmı ciddi surətdə pozmaqla tikilmiş bina və qyrğular müvafıq icra hakimiyyəti orqanlarınm və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə müəyyən etdi ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 5-1139 saylı bağ sahəsində yerləşən 0,0495 ha. torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Eyni zamanda cavabdehin məhkəmə iclasında vermiş olduğu izahatı ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi cavabdehə başqa şəxs tərəfindən qeyri qanuni satılmış və cavabdeh tərəfindən tikili aparılmış və torpaq sahəsinə və tikiliyə dair cavabdehin hər hansı hüquqmüəyyənedici sənəd yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 5-1139 saylı bağ sahəsində yerləşən 0,0495 ha. torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz istifadə edilən torpaq sahəsi qanunsuz sahiblikdən azad edilməli, həmin torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş tikili sökülməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 5-1139 saylı bağ sahəsindən çıxarılsın, həmin torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikili onun hesabına sökülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar