Məhkəmə qərarları › İş №e-2(003)-30/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-30/2025

13.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-30/2025 13.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı X1 və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə,, İddiaçı X1 Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və yolun açılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı X2 Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 9/160a ünvanında yerləşən bağ torpaq sahəsini zəbt edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmaları və bağ torpaq sahəsinin giriş-çıxış yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 9/160a saylı bağ sahəsinin mülkiyyətçisidir. Bağ sahəsinin ölçüsü 0,1033 hektardır. Həmin bağ sahəsi xx.xx.2021-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli Çıxarışa əsasən onun xüsusi mülkiyyətidir. Ona təqdim edilmiş xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AA 594686 nömrəli Torpaq sahəsinin planı və ölçüsü adlı sənəddə torpaq sahəsinin yerləşmə koordinatları göstərilmişdir. Bir müddət əvvəl həmin torpaq sahəsinə nəzarət edən zaman müəyyən etdi ki, 2 qonşu ona məxsus torpaq sahəsinin bir hissəsini zəbt etmişlər. Dəfələrlə müraciət etməyinə baxmayarq zəbt etdikləri torpaq sahəsindən çıxmamışlar və onun bağ sahəsinə gedən giriş-çıxış yolunu da bağlamışlar. Belə olan halda o, 2022-ci ilin mart ayında ərizə ilə polisə müraciət etmişdir. Polisdə araşdırmanın nəticəsi olaraq 19 mart 2022-ci il tarixdə “ Cinayət işinin başlanmasının rədd edilməsi haqqında ” Qərar qəbul olunmuşdur. Qərarda göstərilir ki, vətəndaş X1 Xəzər rayonu, Türkan qəsəbəsi, 9/160a saylı bağ sahəsinə dair xx.xx.2021-ci il tarixli çıxarışı vardır, lakin digər iki tərəfin mübahisəsi gedən torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri yoxdur. Qeyri-qanuni istifadə edilən ( özbaşına tutulmuş ) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Məsələ mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmiş və məhkəməyə müraciət etmə hüququ izah edilmişdir. Bundan sonra o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Həmin Xidmətin ona ünvanladığı xx.xx.2022-ci il tarixli **********44 nömrəli cavabında göstərilir ki, müraciətində qeyd olunan məsələ Xidmətin Bakı ərazi şöbəsinin işçiləri tərəfindən araşdırılan zaman mülkiyyətinə aid 0,1033 hektar yaşayış təyinatlı torpaq sahəsinin 0,4 hektar hissəsinin kənar şəxs tərəfindən tutulması faktı müəyyən edilmişdir. Yuxarıda göstərilən və məhkəməyə təqdim olunan sənədlərdən məlum olur ki, cavabdehlər ona məxsus olan bağ torpaq sahəsini zəbt etmişlər və onun bağ torpaq sahəsinə olan giriş-çıxış yolunu bağlamışlar. Cavabdehlərin bağ torpaq sahəsini zəbt etmələri və giriş-çıxış yolunu bağlamaları bir mülkiyyətçi kimi onun bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Azərbaycaan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka ( əşyaya ) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən (Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması ( zəbt edilməsi ) qanunla qadağan olunur. Özbaşına tutulmuş ( zəbt edilmiş ) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi ( orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla ) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 112-ci maddəsində göstərilir ki, Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərini təqdim edərək hesab edir ki, məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 9/160a ünvanında yerləşən zəbt etdikləri torpaq sahəsindən çıxarılmalı və bağ torpaq sahəsinin giriş-çıxış yolunun açılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda izahatında göstərdi ki, cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, zəbt etdikləri torpaq sahəsindən çıxarılmalı və bağ torpaq sahəsinin giriş-çıxış yolu açılmalıdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etdi. Həmçinin izahatında göstərmişdir ki, iddiaçının qeyd etdiyi sahəyə giriş-çıxışına heç bir maneçilik törədilməmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından görünür ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 9/160a saylı bağ sahəsi 16 fevral 2021-ci il tarixdən ********** nömrə adı altında İddiaçı mülkiyyəti kimi qeydə alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1471 saylı rəyi verilmiş, həmin rəyə əsasən göstərilən torpaq sahəsi Dövlət reyestrindən çıxarışa əsasən ölçüsü 0.1033 ha olsa da, faktiki olaraq 0.0665 ha təşkil edir. Sözügedən 0.1033 ha torpaq sahəsi mişar daşı ilə hasarlanmış ümumi ərazinin bir hissəsidir. Faktiki olaraq 0.1033 ha torpaq sahəsinin 0.0368 ha hissəsi Cavabdeh1 tərəfindən zəbt edilərək istifadə olunur. İddiaçı X1 torpaq sahəsinə yol yoxdur. Ümumi arazidə hasarlama işləri düzgün aparılmadığından, arxiv sənədlərə əsasən yolu təyin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından görünür ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 9/160a saylı bağ sahəsi 16 fevral 2021-ci il tarixdən ********** nömrə ilə İddiaçı mülkiyyəti kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1471 saylı rəyi verilmiş, həmin rəyə əsasən göstərilən torpaq sahəsi Dövlət reyestrindən çıxarışa əsasən ölçüsü 0.1033 ha olsa da, faktiki olaraq 0.0665 ha təşkil edir. Sözügedən 0.1033 ha torpaq sahəsi mişar daşı ilə hasarlanmış ümumi ərazinin bir hissəsidir. Faktiki olaraq 0.1033 ha torpaq sahəsinin 0.0368 ha hissəsi Cavabdeh1 tərəfindən zəbt edilərək istifadə olunması müəyyən edilmişdir. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi hazırki halda İddiaçı cavabdehlər Cavabdeh1 oğuna və Cavabdeh2 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır və 158.4-cü maddəyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iddia tələbinin Cavabdeh2 torpaq sahəsindən çıxarılması və giriş-çıxış yolunun açılması hissəsində hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1471 saylı ekspert rəyi üzrə müəyyən edilmişdir ki, həmin arazidə hasarlama işləri düzgün aparılmadığından, arxiv sənədlərə əsasən yolu təyin etmək mümkün olmadığından, yuxarıda qeyd olunduğu kimi iddiaçı X1 torpaq sahəsinə yol yoxdur. Ümumi ərazidə hasarlama işləri düzgün aparılmadığından, arxiv sənədlərə əsasən yolu təyin etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 9/160a saylı bağ sahəsinin zəbt edilmiş sahəsindən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutulmalıdır. Həmçinin Məhkəmə ekspertiza xərcinin tərəflərdən tutulması ilə bağlı qeyd edir ki, 100 manat məbləğində ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 9/160a saylı torpaq sahəsinin zəbt edilmiş (ekspertiza rəyində qeyd olunmuş sxemə uyğun olaraq 0,0368 ha) hissəsindən çıxarılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinə görə 100 manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar