Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3041/2024 03.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi, İşin halları İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və xx.xx.2015-ci il il təvəllüdlü övladı X9 oğlunun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs, Albalılıq massivində inşa etdikləri mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu ilə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli nikah Cəlilabad Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahından xx.xx.2015-ci il il təvəllüdlü X9 oğlu adlı övladı dünyaya gəlmişdir. Birgə yaşadıqları dövrdə nikahdan sonra Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs, Albalılıq massivində ev inşa etmişlər və 2013-cü ildə sözügedən ünvanda inşa etdikləri evə köçmüşdürlər. Daha sonra boşandığı üçün o, anası ilə kirayədə qaldığı 1 otaqlı qəzalı bir evdə çətin şəraitdə yaşamağa davam etmişdir. O, Elnurdan övladı üçün həmin evi satıb pulun bir hissəsini ona verməsini xahiş etsə də, Elnur bunu etmir. Hazırda anası ilə çətin şərtlərdə yaşayırlar. Bu şərtlərdə uşağı və o sağlam şəkildə yaşaya bilmərlər. Buna görə onun və uşağının gələcəyi üçün birgə nikah dövründə inşa etdikləri sözügedən evə köçürülmələri zəruridir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlə 2009-cu ilddə ailə qurmuşdur. Ailə qurduqdan sonra bir müddət yataqxanada yaşamışlar. 2010-cu ildə mübahisəli ev tikilməyə başlanmışdır. Mübahisəli ev hissəs-hissə tikilmişdir. 2013-ci ildə həmin evə köçmüş və 2018-ci ildə evdən çıxmışdır. Həmin vaxtan anasının evində yaşayır. Lakin ara-ara mübahisəli evə gəlib-getmişdir. 2021-ci ildə nikahları pozulmuş, 2023-cü ildə isə cehiz əşyalarınıda mübahisəli evdən çıxartmışdır. O, hazırda özü də uşağıda xəstə olmaqla ağır şəraitdə yaşayır. Belə ki, onun hazırda qaldığı evin qarşısından çirkab suları keçir ki, bu da onun və uşağının sağlamlığına pis təsir edir. 2023-cü ildə ona məlum olmuşdur ki, cavabdeh faktiki nikaha daxil olmuşdur. Hazırda evə köçürülməsini tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, iddiaçı 2023-cü ildə əmlaklarını həmin evdən götürmüşdür. Lakin indi yaşayış yeri yoxdur. Həmin evi cavabdehlə birlikdə tikdikləri üçün, azyaşlı uşağı ilə birlikdə evə köçürülməsini tələb edir. Ev tərəflərin birgə nikahları müddətində gəlirləri hesabına tikilmişdir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmamasını xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, 2009-cu ildə mərhum anası torpağı almışdır. Sonra orada ev tikmişdir. Həmin dövrdə yataqxanada yaşamışlar. Onlar ailə quranda evin hazır olmaqla yaşayışa yararlı idi. Mübahisəli evin birgə nikah dövründə tikilməsinə dair iddiaçının dəlillərinə etiraz edir. Mübahisəli evə 2014-cü ildı köçüblər. Mübahisəli evd 4 otaqlı olmaqla orada yaşayarkən müəyyən kosmetik və digər işlər görülmüşdür. 2018-ci ildə isə iddiaçı heç bir səbəb olmadan uşağıda götürüb evdən çıxıb getmişdir. Dəfələrlə ona evə qayıtmasını tələb etsə də, o, qayıtmaqdan imtina etmişdir. 2021-ci ildə nikahları pozulmuşdur. 2023-cü ildə cehiz əmlaklarını evdən çıxartmışdır. Hazırda ailə qurmuşdur. Nikahlar pozulduqdan sonra mübahisəli evdə əsaslı təmir işləri aparmışdır. İddiaçı mövcud olmayan evə köçürülmə istəmədə haqlı deyildir. Artıq hərənin öz ailəsi vardır. Əgər yaşayış yeri olmasaydı, o 2023-cü ildə əmlaklarını evdən çıxartmazdı. İddia əsassızdır və təmin olunmamasını xahiş etdi. İddia ərizəsinə etirazın dəlilləri Cavabdeh iddiaya qarşı yazılı etirazla müraciət etmişdir. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı mənzilə köçürmə tələbinə dair mülki iş Bakı şəhər Xəzər Rayon Məhkəməsinin icraatınızdadır. O, həmin iddiaya aşağıdakı qaydada etiraz edir. Belə ki, İddiaçı ilə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli nikah Cəlilabad Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nigahdan anadan olan xx.xx.2015-ci il il təvəllüdlü X9 oğlu iddiaçının himayəsində qalmış və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tutulmuşdur. İddiaçı ilə faktiki nikah münasibətləri 2018-ci ildən pozulmuş və iddiaçı həmin tarixdən valideynlərinin yaşadığı ünvana getmişdir. Həmin vaxt onunla heç bir mübahisə və yaxud dava-dalaş olmamış, o, mərhum anasına xəsarət yetirmiş, sonra evdən çıxıb getmişdir. Bundan sonra o, yenidən ailə qurmaq qərarına gəlmiş və yeni ailə qurmuşdur. Hazırda ailə qurmuşdur. İddiaçının mənzilə köçürülmə tələbinə münasibətdə qeyd edir ki, ümumiyyətlə həmin mənzillə onun heç bir hüquqi bağlılığı yoxdur. Həmin mənzil artıq mövcud deyil. Çünki, iddiaçı ilə ailə qurmamışdan qabaq torpaq sahəsini anası almış, orada müvəqqəti yaşamaq üçün qismən təmirli mənzil tikilmişdir. Həmin mənzilin tikilməsində iddiaçının heç bir zəhməti olmamışdır. Birgə nikah müddətində qabaq mənzil tikilmişdir. Artıq uzun müddətdir ki, həmin mənzil mövcud deyil. Çünki, mənzil yararsız vəziyyətə düşdüyündən satmışdır. Bundan əlavə mənzilin heç bir hüquqmüəyyənedici sənədi olmamışdır. Anasının sağlığında həmin mənzili formal razılaşma sənədləri əsasında satmışdır. Həmin mənzilin satılmasına dair heç bir əqd mövcud deyildir. İddiaçı həmin mənzildən məcburi qaydada çıxarılmamış, o, nikahımız pozulduqdan sonra könüllü qaydada gəlib cehiz əmlaklarını mənzildən aparmışdır. İndi isə heç bir sübuta və fakta əsaslanmadan mövcud olmayan mənzilə köçürülməsini tələb edir. İddianı qəbul etmir və iddianın rədd edilməsini tələb edir. İş materiallarına əlavə olunmuş sənədlər -Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-637/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 52 nömrəli nikah pozulmuş, cavabdeh X2 nikahdan əvvəlki Dadaşova soyadını daşımaq hüququ verilmiş, tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilərkən 15 manat dövlət rüsumu iddiaçı Cavabdeh tutulması, cavabdeh X1 bu xərcdən azad edilməsi, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 anası X1 yanında qalmasının müəyyən edilməsi, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü iddiaçı Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh X4 verilməsi, alimentin tutulmasının xx.xx.2021-ci il tarixdən hesablanması, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, qətnamənin alimentin tutulması barədə hissəsinin dərhal icra edilməsi qət edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemində tərəflərə aid məlumat pəncərəsindən, eləcə də, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan xx.xx.2015-ci il tarixdə X6 doğulmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar və birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X6 anadan olmuşdur. Tərəflər arasındakı nikah Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-637/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Eyni zamandan məhkəmə iclasında müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivində yerləşən fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evin hər hansı bir hüquqmüəyyənedici sənədi olmadığından özbaşına tikili sayılır. Hazırda iddiaçı cavabdehə qarşı iddia irəli sürərək, azyaşlı övladı ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivində inşa etdikləri mənzilə (özbaşına tikiliyə) köçürülmələrini xahiş etmişdir. Göründüyü kimi, mübahisəli ev özbaşına tikilidir. Qanunvericilikdə isə özbaşına tikililərə dair mübahisələri həll etmək üçün birbaşa tətbiq edilən maddi hüquq normaları nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Baxılan iş üzrə isə tərəflərin xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmaları və onların bu nikahlarının Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)- 637/2021 saylı qətnaməsi ilə ləğv edilməsi işin mübahisəsiz halıdır. İddia tələbi isə evə köçürülmə barədədir. Məhkəmə hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-637/2021 saylı qətnaməsi ilə pozulmuş, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməklə özbaşına tikilidir. Halbuki, Mülki Məcəllənin 180.1-ci maddəsində göstərilmişdir ki, bu maddəyə görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi, yaxud belə tikilinin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla ona vəsait qoyan şəxsin əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, həmin şəxsin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. Belə ki, mübahisəli ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyadan istifadə etmək, onu sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəməyə belə sübutlar təqdim etməmiş, sadəcə məhkəmə iclasında mübahisəli mənzilin birgə nikah dövründə tikilməsin bildirmişdir. Eyni zamanda məhkəmə baxışı zamanı sübut olunmuşdur ki, iddiaçı 2013- 2014-cü ildə mübahisəli evə yaşamaq üçün köçmüş və 2018-ci ildə həmin evi tərk edərək yaşamaq üçün başqa ünvana getmiş, 2021-ci ildə nikahları pozulmuş, 2023-cü ildə cehiz əşyalarını da evdən çıxarmışdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. Lakin iddiaçı qeyd olunan evin yaşayış sahəsindən istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, bu hallara dair məhkəməyə ümumiyyətlə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Hazırki iş üzrə iddiaçı cavabdehin keçmiş arvadı olsa da köçmək istədiyi özbaşına tikilinin yaşayış sahəsinə ehtiyacı yoxdur. Çünki, məhkəmə iclası zamanı da iddiaçının köçmək istədiyi evdə artıq 2018-ci ildən yaşamadığı, 2023-cü ildə isə cehiz əmlaklarını könüllü surətdə götürərək başqa ünvanda yaşadığı təsdiq olunmuşdur. Demək, iddiaçının başqa yaşayış yeri mövcuddur və keçmiş əri ilə nikahları pozulmuş, münasibətləri davam etmir və bir evdə yaşamırlar. Ona görə də iddiaçı bu davranışı ilə köçmək istədiyi tikilidə yaşamaq üçün marağının və ehtiyacının olmadığını biruzə vermiş olur. Bu cür vəziyyətdə yaşayış sahəsinə hansısa formada ehtiyacı yaranmadığı üçün cavabdehin yaşadığı evə köçürülməsi üçün zərurət də olmamışdır. Eyni zamanda cavabdeh rəsmi nikaha daxil olmasa da, ailə qurması müəyyən edilmişdir. Demək ki, iddiaçının həmin evə (özbaşına tikiliyə) köçürüləcəyi vəziyyətdə onların təhlükəsiz, münaqişəsiz şəraitdə və hər hansı bir arzuolunmaz hadisə olmadan birgə yaşayacaqları da inandırıcı və ağlabatan görünmür. Ona görə də, iddiaçının azyaşlı övladı ilə birlikdə mübahisəli evə köçürülmələri, tərəflərin gərgin qarşılıqlı münasibətləri baxımından düzgün olmayacaqdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-3041/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3041/2024
03.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver