Məhkəmə qərarları › İş №e-2(003)-3193/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3193/2025

09.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3193/2025 09.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh QSC-yə qarşı "Əmək intizam tənbehlərinin ləğv olunması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh QSC-nin baş direktoru Çingiz Hacıyevin xx.xx.2025-ci il tarixli əmri ilə ona verilmiş xəbərdarlıq və xx.xx.2025-ci il tarixli əmri ilə ona verilmiş töhmətin ləğv olunması; həmin intizam tənbehlərinin şəxsi işindən çıxarılması; ona verilmiş intizam tənbehlərinin kollektivin iştirakı ilə elan olunmasının qanunsuz hesab edilməsi; məhkəmə xərclərinin Cavabdeh QSC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək Kurort» QSC-nin baş direktoru Çingiz Hacıyevin xx.xx.2025-ci il tarixli əmri ilə ona verilmiş xəbərdarlıq, xx.xx.2025-ci il tarixli əmri ilə ona verilmiş töhmətin və xx.xx.2025-ci il tarixli əmri ilə ona verilmiş sonuncu xəbərdarlıqla şiddətli töhmətin ləğv olunması; həmin intizam tənbehlərinin şəxsi işindən çıxarılması; ona verilmiş intizam tənbehlərinin kollektivin iştirakı ilə elan olunmasının qanunsuz hesab edilməsi; məhkəmə xərclərinin Cavabdeh QSC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, 27 ildir Cavabdeh QSC-nin tabeliyində fəaliyyət göstərən “Şıx” sanatoriyasında həkim-terapevt vəzifəsində çalışır. Heç biri işində qüsur olmayıb. Yeni rəhbərlik xəstələri qərəzli şəkildə öyrədirlər. İşçilərlə kobud olmayıb. 2025-ci ilin iyun və iyul aylarında rəhbərliyin qanunsuz və qərəzli əmrləri əsasında ona qarşı ardıcıl şəkildə xəbərdarlıq, töhmət və şiddətli töhmət elan olunmuşdur. xx.xx.2025-ci il tarixdə vanna prosedurlarında istifadə olunan suyun keyfiyyəti ilə bağlı pasiyentlərin çoxsaylı narazılıqları əsasında məsələni gündəmə gətirmiş, suyun keyfiyyətinə dair narahatlığını tibbi heyətə çatdırmış və sanatoriya direktorunun adına xidməti məruzə ilə rəsmi şəkildə təqdim etmişdi. Lakin təqdim etdiyi bu obyektiv və sanatoriyanın tibbi xidmətlərinin keyfiyyətini qorumağa yönəlmiş məruzəsinə cavab olaraq ona qarşı Cavabdeh QSC-nin baş direktoru Çingiz Hacıyevin imzası ilə xx.xx.2025-ci il tarixli əmrlə əsassız və hüquqa zidd şəkildə “yazılı xəbərdarlıq” intizam tənbehi tətbiq olunmuşdur. Guya sanatoriyanın tibbi personalı üzərində səs tonunu yüksəltmişdir. Bu məsələnin ardınca, xx.xx.2025-ci il tarixində ona əsasız şəkildə töhmət verilmişdir. Rəsmi səbəb kimi guya iş yerini vaxtından əvvəl tərk etməyi göstərilmiş, lakin bu, həqiqəti əks etdirmir və bunu təsdiq edən heç bir sənəd ona təqdim olunmamışdır. Cavabdehin nümayəndəsinin təqdim etdiyi görüntülərdəki avtomobil ona məxsus avtomobildir. Amma orada saat düzgün göstərilməmişdi. Özü saatına baxıb və həmin gün 16:00-da çıxıb. Cavabdeh QSCnin baş direktorunun xx.xx.2025-ci il tarixli əmri ilə ona «sonuncu xəbərdarlıqla şiddətli töhmət» elan edilmişdir. Əmrə əsasən «Şıx» Sanatoriyasının xx.xx.2025-ci il tarixli xidməti məruzəsi əsasında guya onun digər əməkdaşı təhqir etməyi barədə əsassız iddialar irəli sürülmüşdür. Əmrdə həmçinin qeyd olunmuşdur ki, guya o yazılı izahat verməkdən imtina etmişdir. Bu yalandır. Ondan izahat vermək tələb olunmayıbdır. İddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında göstərdi ki, iddia tələblərini qəbul etmirlər. 2025-ci ilin may ayında sanatoriyada xidməti araşdırma aparılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı müxtəlif vaxtlarda və ayrı-ayrı iş yoldaşlarına qarşı danışıq zamanı kobudluğa, səs tonunun ucaldılmasına yol verilmişdir. Bu hal işçilərin izahatı, sanatoriyada istirahət edən qonaqların narahatçılıqlarını bildirməsi ilə təsdiq olunmuşdur. Buna görə də iddiaçı haqqında xx.xx.2025-ci il tarixdə yazılı xəbərdarlıq elan olunmuşdur. İddiaçının gündəlik iş saatı 09:00-dan 16:00-dək olmasına baxmayaraq, rəhbərliyi və insan resursları şöbəsini məlumatlandırmadan, icazə üçün hər hansı rəsmi müraciət etmədən xx.xx.2025-ci il tarixdə saat 15:29 radələrində iş yerini vaxtından əvvəl özbaşına tərk etmişdir. İddiaçı sanatoriyanın giriş-çıxış qeydiyyat jurnalında çıxma saatı 16:00 göstərsə də, həqiqətdə sanatoriyadan 15:29 radələrində çıxmışdır. Bu hal sanatoriyanın gözətçilərinin giriş-çıxış qeydiyyat jurnalı və sanatoriyanın video-müşahidə kamerası ilə təsdiq olunmuşdur. xx.xx.2025-ci il tarixdə iddiaçı yol verdiyi pozuntu ilə əlaqədar izahat yazması üçün sanatoriyanın insan resursları şöbəsinə dəvət olunmuşdur. Lakin iddiaçı izahat verməkdən imtina etmiş və bu imtina aktla rəsmiləşdirilmişdi. Buna görə də iddiaçı haqqında xx.xx.2025-ci il tarixdə töhmət elan olunmuşdur. İddiaçı xx.xx.2025-ci il saat 15:00 radələrində sanatoriyanın 1-ci mərtəbəsində təsərrüfat bacısı Mətanət Rəcəbovaya yaxınlaşaraq otağın təmizlənməsi üçün xadimə göndərməsini tələb etmiş, Mətanət Rəcəbova hazırda xadimələrin hamısının əllərində işlərinin olduğunu və bir azdan gəlib yığışdıracaqlarını bildirmişdir. Daha sonra iddiaçı yüksək tonla qışqıraraq şikayət edəcəyini bildirmiş və digər işçilərin yanında “tərbiyəsizlər” deyərək Mətanət Rəcəbovanı təhqir etmişdir. Bu halı Mətanət Rəcəbova öz izahatı ilə, həmçinin bu hadisə baş verən zaman orda olan təsərrüfat şöbəsinin müdiri Şükran Nəcəfovun və xadimə Dürdanə Xancanovanın izahatları ilə təsdiq olunmuşdur. Buna görə də iddiaçı haqqında xx.xx.2025-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunmuşdur. İddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.3-cü maddəsinə əsasən İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. İş materiallarına əlavə olunan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, müxtəlif vaxtlarda və ayrıayrı iş yoldaşlarına qarşı danışıq zamanı kobudluğa, səs tonunun ucaldılmasına yol verdiyinə görə Cavabdeh QSC-nin “Şıx” Sanatoriyası Filialının həkim terapevti İddiaçı “yazılı xəbərdarlıq” elan edilmişdir. İş materiallarında olan “Şıx” sanatoriyasının tibb bacısı X2 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, İddiaçı ona qarşı mütəmadi olaraq çox və təhqiramiz ifadələr işlətmişdir. İş materiallarına əlavə edilmiş “Şıx” sanatoriyasının masaj üzrə tibb bacısı X3 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, İddiaçı ilə müxtəlif vaxtlarda konfliktlər yaşamışdır və İddiaçı ona qarşı təhqiramiz sözlər işlətmişdi. İş materiallarında olan Şıx” sanatoriyasının baş tibb bacısı X5 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, İddiaçı mütəmadi olaraq onun işinə müdaxilələr edir və ona qarşı kobud rəftarlar edir. Məhkəmədə müəyyən olundu ki, yazılı xəbərdarlıq intizam tənbehi sayılmır. Sanatoriyanın işçilərinin izahatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, müxtəlif vaxtlarda və ayrı-ayrı iş yoldaşlarına qarşı danışıq zamanı kobudluğa, səs tonunun ucaldılmasına yol verdiyinə görə Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli əmri əsaslıdır və ləğv oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, iş yerini vaxtından əvvəl özbaşına tərk etdiyi üçün Cavabdeh QSC-nin “Şıx” Sanatoriyası Filialının həkim terapevti İddiaçı “töhmət” elan edilmişdir. İş materiallarına əlavə edilmiş flash kartdakı görüntülərdən görünür ki, bir avtomobil xx.xx.2025-ci il tarixdə saat 15:41-də sanatoriyadan çıxır. Avtomobilin kimə aid olduğu görsənmir. Lakin iddiaçı bildirdi ki, görüntülərdəki avtomobil ona məxsus avtomobildir. Amma orada saat düzgün göstərilməmişdi. İş materiallarında olan sanatoriyanın gözətçilərinin giriş-çıxış qeydiyyat jurnalından görünür ki, “Toyota” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə saat 15:41-də sanatoriyadan çıxış etmişdi. İş materiallarına əlavə olunmuş EMİS portalından çıxarışdan görünür ki, “Toyota Camry” minik markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Məhkəmədə müəyyən olundu ki, İddiaçı xx.xx.2025-ci il tarixdə saat 15:41-də iş yerini vaxtından əvvəl özbaşına tərk etmişdir. Məhkəmə iş materiallarını və iddiaçının görüntülərdəki avtomobilin ona məxsus olmasını etiraf etməsini nəzərə alaraq hesab edir ki, iş yerini vaxtından əvvəl özbaşına tərk etdiyi üçün Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli əmri əsaslıdır və ləğv oluna bilməz. İş materiallarında olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, digər işçiləri təhqir etdiyinə görə Cavabdeh QSC-nin “Şıx” Sanatoriyası Filialının həkim terapevti İddiaçı «sonuncu xəbərdarlıqla şiddətli töhmət» elan edilmişdir. İş materiallarına əlavə edilən Mətanət Rəcəbovanın xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə sanatoriyanın həkimi İddiaçı ondan otağını təmizləmək üçün xadimə tələb etmişdiş Lakin o anda bütün xadimələr məşğul olduqlarına görə bir azdan onun otağına xadimə gələcəyini bildirmişdi. Buna görə də İddiaçı ondan şikayət edəcəyi ilə hədələyib, ona “tərbiyəsizlər” deyib təhqir etmişdi. İş materiallarında olan Dürdanə Xancanovanın xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə sanatoriyada İddiaçı Mətanət Rəcəbovanı şikayət edəcəyi ilə hədələdi, onları “tərbiyəsizlər” deyib təhqir etmişdi. İş materiallarında olan Şükran Nəcəfovun xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə sanatoriyanın 1-ci mərtəbəsində İddiaçı Mətanət Rəcəbovanı şikayət edəcəyi ilə hədələdi, onları “tərbiyəsizlər” deyib təhqir etmişdi. Məhkəmədə müəyyən olundu ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Mətanət Rəcəbovanın üstünə yüksək tonla qışqıraraq şikayət edəcəyini bildirmiş və digər işçilərin yanında onu “tərbiyəsizlər” deyərək təhqir etmişdir. Sanatoriyanın işçilərinin izahatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, digər işçiləri təhqir etdiyinə görə Cavabdeh QSCnin xx.xx.2025-ci il tarixli əmri əsaslıdır və ləğv oluna bilməz. Məhkəmədə müəyyən olundu ki, İddiaçı barəsində elan olunmuş əmrlər əsaslıdır. Bu əmrlərin əsaslı olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının intizam tənbehlərinin şəxsi işindən çıxarılması tələbi əsassız olduğundan təmin oluna bilməz. Məhkəmədə müəyyən olundu ki, İddiaçı barəsində elan olunmuş əmrlər əsaslıdır. Bu əmrlərin əsaslı olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının intizam tənbehlərinin kollektivin iştirakı ilə elan olunmasının qanunsuz hesab edilməsi tələbi əsassız olduğundan təmin oluna bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması tələbi qoymuşdu. İddianın əmək fəaliyyəti ilə bağlı olduğunu və iddiaçının hər hansısa məhkəmə xərci ilə bağlı sübut təqdim etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, bu tələb də əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar