Məhkəmə qərarları › İş №e-2(003)-322/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-322/2025

26.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-322/2025 26.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh6 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.48 ha torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh6 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.48 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 417 kvadrat metr olan əmlak kompleksindən çıxarılmaları, torpaq sahəsi və əmlak kompleksinin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.48 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Buna baxmayaraq torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt edilməsi hallarına rast gəlinmişdir. Belə ki, müvəkkili olduğu İddiaçı tərəfindən müəyyən edilmişdir ki, qeyd edilən - xüsusi mülkiyyətində olan əmlakda Füzuli rayonundan olan məcburi köçkünlər – Cavabdeh5 və Cavabdeh3 öz ailələri ilə birlikdə qanunsuz yaşayaraq, iddiaçının mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdirlər. Bununla bağlı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Bakı şəhər Xəzər rayon bölməsinə xx.xx.2024-cü il tarixli, 440 saylı sorğu ünvanlanmışdır. Qeyd edilən qurumun xx.xx.2024-cü il tarixli cavabında bildirilmişdir ki, Füzuli rayonundan məcburi köçkün düşmüş Cavabdeh5 və Cavabdeh3 ailə üzvləri (digər cavabdehlərlə) ilə birgə “Azərbmingeokaptaj”-ın yataqxanasında qeydiyyatdadırlar və hazırda həmin ünvanda məskunlaşmışdırlar. Göründüyü kimi cavabdehlər dövlət tərəfindən rəsmi olaraq “Azərbmingeokaptaj”-ın yataqxanasında məskunlaşdırılmalarına baxmayaraq, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsini özbaşına və qanunsuz olaraq zəbt etmişlər. İddiaçını öz xüsusi mülkiyyətində olan torpaq sahəsinə buraxmırlar. Nəticədə iddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Əlavə olaraq, zəbt olunmuş hissənin boşaldılması ilə bağlı cavabdeh şəxslər ilə danışıqların aparılmasına baxmayaraq heç bir nəticə əldə olunmamış və nəticədə, məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -ƏMDK DƏDKR PHŞ-nin xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyalı sahəsi 0,48 ha olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki sahəsi 417 kv.m olan əmlak kompleksi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. -Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Xəzər rayon bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Füzuli rayonundan məcburi köçkün düşmüş Cavabdeh5 və Cavabdeh3 ailə üzvləri (digər cavabdehlərlə) ilə birgə “Azərbmingeokaptaj”-ın yataqxanasında qeydiyyatdadırlar və hazırda həmin ünvanda məskunlaşmışlar. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-49.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 02 saylı, 14 fevral 2003-cü il tarixli qərarına əsasən “Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Qeyd edilsin ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.” Həmin Məcəllənin 48.4-cü maddəsinə əsasən “Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.” Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən “Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən “Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.” Həmin Məcəlləsinin 65-ci maddəsinə əsasən “Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 4 ünvanında yerləşən 0,48 ha torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksi iddiaçının mülkiyyətindədir. Bununla da müəyyən edilir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab hesab edir ki, cavabdehlərin mübahisə predmeti olan torpaq sahəsindən istifadə etmək barədə hər-hansı hüquqmüəyyənedici sənədləri olmadığından və həmin torpaq sahəsi iddiaçının mülkiyyətində olduğundan, cavabdehlərin həmin sahədən çıxarılması barədə iddia tələbi əsaslıdır. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit elməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 0.48 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 417 kvadrat metr olan əmlak kompleksindən çıxarılsınlar. ünvan 1 ünvanında yerləşən 0.48 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 417 kvadrat metr olan əmlak kompleksi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar