Məhkəmə qərarları › İş №e-2(003)-3294/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-3294/2024

21.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3294/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılma ” tələbi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab olunması və onun qeyd olunan ünvandan qeydiyyatdan çıxarılması, həmçinin ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, birgə nikah dövründə aldıqları və Cavabdeh adına rəsmiləşdirilmiş ünvan 2 ünvanında yerləşən yaşayış evini cavabdeh 2021-ci il tarixdə ona bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********98-10301 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Gülçülük küçəsi 40E saylı ev onun tam mülkiyyətindədir. Cavabdehlə aralarında kəskin xasiyyət uyğunsuzluğu mövcudluğundan nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir və nəticədə Xəzər Rayon Məhkəməsinin 2(003)-1434/2024 saylı, 18 iyul 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuşdur. O, öz mülkündən istifadə edə bilmir. Cavabdehdən dəfələrlə evdən və qeydiyyatdan çıxmasını tələb etsə də o, buna heç bir məhəl qoymamışdır. Bundan başqa o və azyaşlı uşaqları istirahət etmək hüququndan məhrum olmuşlar. Hər dəfə öz evinə getmək istəyi davadalaşla nəticələnir. 15 iyul 2024-cü il tarixdə özünə məxsus mülkdə cavabdeh yenə də öz köhnə adət-ənənəsinə sadiq qalaraq onu, azyaşlı uşaqları və qonağını təhqir etmiş, hər birinə qarşı fiziki şiddət göstərmişdir. Hal-hazırda cavabdehin onunla heç bir bağlılığı yoxdur. Onun ona məxsus və onun mülkiyyətində olan evdə yaşaması və qeydiyyatda qalması mülkiyyətilə bağlı müstəqil sərəncam vermək hüququnu pozur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, mübahisəli ev bağışlama yolu ilə ona verilmiş, evin çıxarışı onun adınadır. Lakin buna baxmayaraq o, evə gedə bilmir, evdən istifadə edə bilmir. Belə ki, evə getdiyi zaman cavabdeh onu döyür. İşin baxılmamış saxlanmasına etiraz etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, hazırki iddia tələbi ailə münasibətlərindən irəli gələn mübahisədir və mediasiya prosesindən keçməmişdir. Mülki işin baxılmamış saxlanmasına etiraz etmir. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12 və 259.0.13-cü maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, Həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda ərizə baxılmamış saxlanılır. İş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı qismində məhkəməyə müraciət etməmişdən öncə mediasiyaya müraciət etməmiş və müraciət etmiş olsa belə mediatorun müvafiq arayışı və ya protokolu məhkəməyə təqdim etməmişdir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar