Məhkəmə qərarları › İş №e-2(003)-344/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(003)-344/2025

04.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-344/2025 04.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “azyaşlı uşaqları ilə birlikdə, birgə nikah dövründə inşa etdikləri və Cavabdeh yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.İbrahimov küçəsində yerləşən 5/6 saylı yaşayış evinə köçürülmələri” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı uşaqları 09 iyul 2012-ci il təvəllüdlü X2 və 06 avqust 2015-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.İbrahimov küçəsində yerləşən 5/6 saylı evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Xəzər Rayon Qeydiyyat Şöbəsində 07 iyun 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 2 övladları 09 iyul 2012-ci il təvəllüdlü X2 və 06 avqust 2015-ci il təvəllüdlü X3 doğulmuşlar. X8 Məhkəməsinin qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuşdur. Evləndikdən sonra Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.İbrahimov küçəsində yerləşən torpaq sahəsində 5/6 saylı evi anası ila birlikdə öz vəsaitləri hesabına inşa etdirmişdir. Qızıyla birlikdə orada yaşamışlar. Cehizlər, əmlaklarının hamısı həmin evdədir. Lakin cavabdehlə aralarında narazılıq olduqdan sonra sonuncu onları evdən qovub. Odur ki, pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. İddiaçı ərizə ilə müraciət edərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Proses iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, 2011-ci ildə ailə qurub anasına məxsus evdə yaşamışlar. Cavbdehlə ailə qurduqdan bir müddət sonra, həmin ildə mübahisəli evin yerləşdiyi torpaq sahəsi alındı. Bir müddət həmin torpaq sahəsində v tikildikdən sonra 2014-cü ildə mübahisəli evə köçmüşlər. Ev birgə nikah dövründə tikilib. Uşağı 5 yaşında olanda xəstələndi və o, uşaqları ilə birlikdə anasıgilə getdi, qayıdanda isə cavabdeh onu evə geri buraxmadı. Həmin evi onun anası tikmişdir. Həmin vaxtlarda arada gedib gəlirdi. Cavabdehlə münasibətləri pozulduqdan sonra cavabdeh onun uşaqları ilə qovmuş və ondan sonra dəfələrlə oraya getməyinə baxmayaraq onları evə buraxmamışdır. Aralarındakı rəsmi nikah 2022-ci ildə pozulmuşdur. Onların bütün əşyaları evdə qalmışdır, həmçinin cehiz əşyaları. O, illərlə həmin evə qayıtmağa cəhd göstərsə də keçmiş yoldaşı onu daş-qalaq edərək hər dəfə qovmuşdur. Həmin evdə cavabdeh başqa bir qadınla yaşayır. Övladları ilə birlikdə hazırda kirayə yaşayır. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, toyun sabahsı günü yəni 2011-ci ilin martın 22-dən bəri o, həmin evdə tikinti işləri aparıb. Ev hazır deyildi, 1 hamam otağı var idi. Evə tikinti materiallarını qızın anası alırdı. Onlar köməklik ediblər evi tikiblər. Tərələr evdə təxmini 7-8 il müddətində birlikdə yaşayıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, Elnarə onun qaynı qızıdır. Toydan sonra materialları alıb aparıb qoyublar həmin həyətə. Materialları qızın ailəsi toyun pulu ilə alıb. Tikinti işlərini görüb, hətta köməklik məqsədi ilə evin işiğını çəkib. Son olaraq 2 otaq tikildi. Təxmini il yarım iş getdi. İş materiallarına əlavə olunmuş sənədlər Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-2972/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində 481 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılması, 04 aprel 2022-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından 9 iyul 2012-ci il təvəllüdlu X2 və 06 avqust 2015-ci il təvəllüdlü X3 doğulmuşdur. “İri şəhərlərin birləşmiş su təhcizatı xidməti” PHŞ Xəzər rayon Sukanal İdarəsinin abonent kartının və hesab fakturalarından sürətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.İbrahimov küçəsində yerləşən 5/6 saylı evə dair abonent kartı İddiaçı adinadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. İddiaçının həmin evə köçürülməsi qərara alındığından və onun 14 yaşına çatmamış uşaqları da iddiaçının himayəsində olduğundan onların da iddiaçı ilə birlikdə həmin evə köçürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010- cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin mövqeyi Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh xx.xx.2011-ci ildə nikaha daxil olaraq, iddiaçı ilk başda anasıgildə yaşamış, sonradan isə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, N.İbrahimov küçəsində tikilmiş evə köçərək orada yaşamışdırlar. Tərəflər arasında ailə münasibətlərinin pozulması səbəbindən, cavabdeh iddiaçını uşaqları ilə birlikdə həmin mənzildən qovmuşdur və geri qayıtmalarına maneəçiliklər törətmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, uşaqları xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, N.İbrahimov küçəsində tikilmiş 5/6 saylı evə köçürülmələrini xahiş etmişdir. Məhkəmə İddiaçı Cavabdeh qarşı “azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.İbrahimov küçəsində tikilmiş 5/6 saylı fərdi yaşayış evinə köçürülməyi” tələbi barəsində iddiasını araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, mübahisəli ev müvafiq icazə sənədləri alınmadan inşa edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evin hər hansı bir hüquqmüəyyənedici sənədi olmadığından özbaşına tikili sayılır. Həmin hallar tərəflərin izahatları və təqdim etdikləri sübutlar əsasında təsdiqini tapmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil tərəflərin birgə nikaha daxil olmasından sonra inşa edilməyə başlanmış və tərəflər birgə nikahda olan müddətdə azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçərək yaşamışdırlar. Həmçinin tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, mənzil təmirlidir. Göründüyü kimi, mübahisəli ev özbaşına tikilidir. Qanunvericilikdə isə özbaşına tikililərə dair mübahisələri həll etmək üçün birbaşa tətbiq edilən maddi hüquq normaları nəzərdə tutulmamışdır. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Belə ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Hazırki mübahisə isə özbaşına tikiliyə köçürülmə və ondan istifadə hüququnun tanınması ilə bağlı tələblərdir ki, Mülki Məcəllənin qeyd edilən normasında həmin münasibətləri tənzimləyən normalar yoxdur. Özbaşına tikilidən bir iqtisadi dəyər kimi yararlanmanı tənzimləyən norma(lar)ın mövcud olmadığına istinad etməklə, iddiaçının qeyd edilən evə köçürülməsi tələbinin rədd edilməsi mübahisə predmeti olan fərdi yaşayış evində yaşamış, həmin evdə faktiki sahibi ilə birlikdə təsərrüfat işləri aparmış və həmin evə münasibətdə artıq iqtisadi marağı formalaşmış iddiaçı Orucova (Ələkbərova) Dürdanə Vidadi qızına münasibətdə ədalətli məhkəmə araşdırması hüququnu məhdudlaşdıra bilər. Bu hal isə qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır və yolverilməzdir. Mübahisə, dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Beləliklə, məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Ailə qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Analoji mübahisələrin həlli ilə bağlı vahid məhkəmə təcrübəsinin yaranmasına zərurət var və Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evə köçürülməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlə mübahisə yaranması səbəbindən mübahisə predmeti olan evdən müvəqqəti olaraq getməsi onun yaşayış yerini itirməsi üçün əsas olmamışdır. Belə ki, iddiaçıya məxsus müəyyən əşyaların hələ də mübahisəli evdə olması, onun həmin evdən daimi olaraq getməsi faktını istisna edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, cavabdehlə münasibətlərinin pozulması nəticəsində evdən çıxmaq məcburiyyətində qalmış, sonradan qayıtmaq istəsə də cavabdeh və üçüncü şəxs buna imkan verməmişlər. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçılara qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşağı ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə onu da qeyd edir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində yaşadığı və əşyalarının yerləşdiyi bu evdə yaşamaq hüququ vardır. Hazırkı işin faktiki halları ondan ibarətdir ki, iddiaçının köçürülməsini tələb etdiyi özbaşına tikili olan evdə birgə nikah dövründə əsaslı təmir və tikinti işləri aparılmışdır. iddiaçıya məxsus əşyalarının hazırda da həmin evdə olması və hazırda iddiaçının yaşayış sahəsinə ehtiyacının olmasıdır. İddiaçı mübahisəli evdə cavabdehlə birgə yaşamaqla birgə təsərrüfatın aparılmasında iştirak etmişdir. Bu, hazırkı işin mübahisəsiz haldır. Ailə Məcəlləsinin 35-ci maddəsinə görə, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ərarvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Belə olan halda, hazırkı işin faktiki halları baxımından mübahisəyə Ailə Məcəlləsinin 35-ci maddəsinin analogiya üzrə tətbiqi daha ağlabatan və yolveriləndir. Bu, həm də haqqədalətə, eləcə də bərabər mənafelərə bərabər münasibətə uyğundur. Beləliklə, iddiaçının köçürülməsini tələb etdiyi evə cavabdehlə nikah dövründə əmlakın dəyərini xeyli artıran vəsait qoyularaq, əsaslı təmir və tikinti aparılması müəyyən edildiyindən, iddiaçı azyaşlı övladLARı ilə birgə köçürülməsini tələb etdiyi evə münasibətdə cavabdehlə eyni hüquqa malik olduğundan, iddiaçının, azyaşlı uşağın isə xüsusən, yaşayış sahəsindən məhrum edilməsi qanunsuz olmuşdur. Odur ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı azyaşlı övladları ilə birgə həmin evə köçürülməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı uşaqları 09 iyul 2012-ci il təvəllüdlü X2 və 06 avqust 2015-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.İbrahimov küçəsində yerləşən 5/6 saylı fərdi yaşayış evindən ibarət özbaşına tikiliyə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı az yaşlıı uşaqları 09 iyul 2012-ci il təvəllüdlü X2 və 06 avqust 2015-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.İbrahimov küçəsində yerləşən 5/6 saylı fərdi yaşayış evindən ibarət özbaşına tikiliyə köçürülsünlər. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar