Məhkəmə qərarları › İş №e-2(003)-3547/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-3547/2025

07.11.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3547/2025 07.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Xəzər rayonu, Şağan qəsəbəsi, yeni sahədə yerləşən fərdi yaşayış evinin faktiki əldə olunmasına sərf olunmuş 30000 manatın 2/3 hissəsi olan 20000 manat məbləğində pulun, mediasiya təşkilatına ödənilmiş 60 manatın, eləcə də dövlət rüsumu kimi ödənilmiş 90 manat məbləğində pulun, ümumilikdə 20.150 (iyirmi min yüz əlli on) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında həm iddiaçının, həm də cavabdehin faktiki olaraq Xəzər rayonu ərazisində yaşadığı üçün hazırki iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında Biləsuvar rayonunun Günəşli kəndində rəsmi qeydiyyatda olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə izahatında qanunvericiliyin tələbinə əsasən hazırki iddia ərizəsinin əslində cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli olduğunu, mülki işə Biləsuvar rayon Məhkəməsində baxılmalı olduğunu, ona görə mülki işin aiddiyyəti üzrə baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə, iddia ərizəsini və işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, hazırki mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. MPM-in 44.2.2-ci maddəsinə görə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 35.1, 35.3 və 39.1- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti MPM-in 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 saylı Qərarının 10.14-cü bəndində də qeyd edilir ki, MPM-in işlərin ərazi aidiyyətini tənzimləyən 4-cü fəslində ər-arvadın ümumi əmlakının bölünməsinə dair tələblər üzrə iddiaçının seçiminə görə aidiyyət qaydası nəzərdə tutulmadığı üçün belə mübahisələrə bir qayda olaraq həmin Məcəllənin 35.1-ci maddəsinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır (ümumi aidiyyət). Hazırki mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmiş və məhkəmə hazırlıq iclası təyin edilmişdir. Daha sonra həmin hakim başqa məhkəməyə təyin edildiyi üçün mülki iş təqrirlə başqa hakimin icraatına verilmişdir. İşə məhkəmə iclasında baxılan zaman mülki işin ərazi aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Belə ki, hazırki mülki mübahisənin “birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin bölünməsi” tələbi ilə bağlı olduğunu və qanunvericiliyə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı iddia tələbinin cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, işin ərazi aidiyyəti məsələsinin həlli üçün məhkəməyə müraciət edildiyi vaxt cavabdehin rəsmi qeydə alındığı yerin hansı məhkəmənin yurisdiksiyasına aid olduğuna qiymət verilməlidir. İddia ərizəsində hər nə qədər cavabdehin ünvanı Bakı şəhəri, Xəzər rayonu qeyd edilsə də, cavabdehin özünün izahatından və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumatdan görünür ki, cavabdeh Bağırov X1 rayonu, Günəşli kəndi ünvanında rəsmi qeydiyyatdadır. Belə olan halda, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə və hüquqi mövqeyə uyğun olaraq, hazırki iddia məhz cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli idi. Bu səbəbə görə hazırki mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxıla bilməz. Bununla belə, məhkəmə qeyd edir ki, iş artıq məhkəmənin icraatına qəbul edildiyi üçün iddia geri qaytarılmamalı, ərazi aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə baxılmağa verilməlidir. MPM-in 45-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə Cavabdeh rəsmi qeydə alındığı ünvan Biləsuvar rayonuna aid olduğundan həmin mülki işə ərazi aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin bölünməsi” tələbinə dair e-2(003)-3547/2025 saylı mülki iş aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar