Məhkəmə qərarları › İş №e-2(003)-3872/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3872/2025

03.11.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3872/2025 03.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fəzrəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxılır. Müəyyən etdi İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsinə dair "xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Sənani Bağırovun onunla əmək müqaviləsinə xitam verilməsi barədə imzaladığı 30 iyul 2025-ci il tarixli 1141/k nömrəli əmrin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, işə bərpa olunmağına və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1987-ci ildə Sovet Ordusunun ehtiyatda olan zabiti, daha sonra isə Azərbaycan Ordusunda zabit kimi xidmətini davam etdirmiş, milliyyətcə azərbaycanlı olan X4 ilə ailə qurmağı ilə əlaqədar 1987-cı ildə daimi yaşadığı Ukrayna Respublikasından həmişəlik Azərbaycan Respublikasına köçmüş və 1990-cı ildən Azərbaycanda əmək fəaliyyətini davam etdirmişdir. O, 1996-cı ildə Bakı Aviasiya-İstehsalat Birliyinə (indiki "xxxx") istehsalat təlimi və kadrlar üzrə baş inspektor vəzifəsinə təyin edilmiş, təqribən 2007-ci ildə Bakı aviasiya-istehsalat birliyi "xxxx" Bakı Aviasiya İstehsalat Birliyi adlandırılsa da, həmin müəssisədə eyni əmək funksiyalarını yerinə yetirməklə işini davam etdirmişdir. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilənə qədər (yəni, 30 iyul 2025-ci ilə qədər) yerinə yetirdiyi vəzifənin adlarında müxtəlif vaxtlarda əmək funksiyalarının məzmununa təsir etməyən dəyişikliklər baş versə də, vəzifənin mahiyyətində elə bir dəyişiklik baş verməmiş, əmək funksiyanın və yerinə yetirdiyi işin məzmunu eyni qalmış, sadəcə olaraq işin yerinə yetirilməsi metodu texniki cəhətdən yenilənmiş, kompyuter texnikasından və proqram təminatlarından istifadə edilmişdir ki, həmin proqramlar da, iddiaçı tərəfindən dərhal mənimsənilərək, gündəlik işində tətbiq edilmiş, üstəlik, gənc nəslə və işə təzə qəbul edilmiş şəxslərə də həmin iş qaydaları onun tərəfindən öyrədilmişdir. Beləliklə, iddiaçı 1996-cı ildən 2025-ci ilə qədər, təqribən 30 il ərzində "xxxx" Elmi- İstehsalat Müəssisəsi"n-də çalışmış, bu müddət ərzində eyni funksiyanı yerinə yetirmişdir. Bütün bunlara baxmayaraq, iddiaçı 2025-ci il may ayının sonlarında xəbərdarlıq məktubu almış, həmin xəbərdarlığa əsasən, iddiaçıya onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir. Səbəb kimi müəssisənin tərkibində İnsan resursları departamentinin yaradılması və iddiaçının çalışdığı Kadrlar şöbəsinin funksiyalarının həmin departamentə ötürülməsidir. Yəni, xəbərdarlığın məzmunundan bəlli olur ki, iddiaçının yerinə yetirdiyi əmək funksiyaları ləğv olunmur, sadəcə olaraq, əvvəllər işlədiyi yer Kadrlar şöbəsi adlanırdısa, indi Depatrtament yaradılıb və onun yerinə yetirdiyi əmək funksiyaları olduğu kimi qalmaqla Departamentin tərkibinə verilir. Bundan sonra iddiaçı əmək funksiyalarının yerinə yetirilməsi ilə bağlı Departamentə keçmək istədiyini bildirsə də, onun həmin vəzifəyə təyin olunmağından imtina olunmuş, əvəzində daha təcrübəsiz, az iş stajına malik, onun öyrətdikləri işçilərin bəziləri və hətta kənardan yeni işçilər qəbul etməklə yeni gəlmiş rəhbər onunla işləmək istəmədiyini bildirmiş və bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı hesab edir ki, verilmiş əmr qanunsuz və əsassızdır, iddiaçı bu səbəbdən həmin əmrin ləğv edilməsi və işə bərpa olunmağı ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Mülki iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə etiraz ərizəsi təqdim edərək, qeyd edilmişdr ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 07 sentyabr tarixli Fərmanına əsasən "xxxx" X3" Qapalı Səhmdar Cəmiyyəti yaradılmış və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "İqlim EİM' MMC "xxxx"xxxx"İqlim EİM' MMC-nin strukturda müəyyən dəyişikliklər olunmuş, Nazirliyin xx.xx.2024-cü il tarixli 14 saylı əmri ilə Nazirliyin tabeliyində olan bir nçə MMC-yə məxsus dövlət emlakı (əsas vəsaitlər və qeyri-maddi aktivlər) 2024-cü ilin 15 iyun tarixinədək əvəzsiz olaraq "xxxx" MMC-nin balansına verilərək hüquqi şəxs olmayan idaraetmə şöbələri yaradılmışdır. 'İddiaçı da həmin idarəetme şöbələrindən olan İqlim idarəetmə şöbəsinin Kadrlar şöbəsində kadrlar üzrə mütəxəssis vəzifəsinə keçirilmişdir. Həmin dövrdə "İqlim EİM' MMC-də insan resursları departamenti yaradılmışdır və idarəetmə şöbələrinin Kadrlar şöbəsi departamentə bağlı fəaliyyet göstermişdir. "xxxx" QSC-nin "struktur və ştat cədvəlinin təsdiq edilməsi baradə 2025-ci il 1aprel tarixli 41-1-K nömrəli əmrinə əsasan iqlim idarəetmə şöbəsi ləğv olunaraq iqlim zavodu yaradılmış və onun tərkibində Kadrlar şöbəsi strukturu yaradılmışdır. Bu səbəbdən Məcəllənin tələblərinə uyğun olaraq iddiaçı 2025-ci ili 27 may tarixli 100/118- 900 nömrəli xəbərdarlıq məktubu (azı doqquz təqvim həftəsi əvvəl) verilərək onun tutduğu vəzifənin ixtisar oldunuğu bildirilmişdir. Lakin iddiaçı 2025-ci il 28 iyul tarixli bildiriş məktubu ilə bir neçə iş təkli olunmuşdur. Lakin iddiaçı 2025-ci il 30 iyul tarixli ərizəsi ilə təklif olunan işlərdən imtina etdiyini bildirmişdir. Bundan sonra "xxxx" MMC-də 2025-ci il il 30 iyul tarixli 1141/K nömrəli əmri ilə ("xxxx" MMC-də fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla) onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci madəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçının işlədiyi Kadrlar şöbəsi ləğv olundudan sonra onun yerində heç bir şöbə və ya digər struktur bölmə yaranmamışdır və bu səbəbdən ona digər işlər təklif olunmuşdur. Lakin iddiaçı İqlim EİM” MMC-də olan İnsan resursları departamentinə keçmək istədiyi üçün narazılığını bildirir və iddia tələbləri irəli sürür. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Məcəllənin tələblərinə uyğun xitam verildiyindən iddia tələblərinin təmin olunmaması xahiş olunmuşdur.

Proses iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı Vladimirovna iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, həmçinin izahatında 1996-cı ildən etibarən həmin müəssisədə çalışdığını, sadəcə adının həmin dövr üçün fərqli olduğunu, işçi kimi fəaliyyəti dövründə inspektor, mühəndis, sonuncu olaraq mütəxəssis olaraq çalışdığını, işdən çıxarılmazdan bir neçə ay əvvəldən müəssisəyə yeni gəlmiş rəhbərlik tərəfindən onun iş öhdəliklərinin yavaş-yavaş ondan alınmağa başlandığını, onun müəssisə daxili keçirilən iclaslara dəvət olunmadığını, işlədiyi müəssisəyə yeni rəhbərliyin 2024-cü ilin fevral ayında gəldiyini, 2024-cü ilin iyun ayından etibarən müəssisənin Cavabdeh MMC adlanmağa başlandığını, hazırda Cavabdeh MMCdə Departament yaradıldığını, həmin Departamentin özünün 3 şöbədən ibarət olduğunu, həmin şöbələrədən birinin “Əmək münasibətləri və işə qəbul” şöbəsi adlandırıldığını və onun keçmiş əmək funksiyasına uyğun işlərin həmin şöbə tərəfindən həyata keçirildiyini, bu səbəbdən onun keçmiş iş yoldaşlarından hazırda iki nəfərin həmin şöbədə işlə təmin olunduğunu, Departament tərəfindən onun işdən çıxarılmasından sonra da şöbələrinə yeni işçilərin qəbul edildiyini, ona işdən çıxaırlmamışdan əvvəl müvafiq xəbərdarlığın təqdim edildiyini, həmin xəbərdarlıqla ona başqa vəzifələrin təklif olunduğunu, lakin təklif olunan işlərdən heç birinin onun ixtisasına və əmək funksiyalarına uyğun gəlmədiyini, həmkarlar ittifaqının onun işdən çıxarılması ilə bağlı hər hansı iclas keçirməsinin şahidi olmadığını, ona bu barədə məlumat verilmədiyini, eləcə də, iclasın formal olduğunu, bu iclasın yalnız sınəd üzərində olduğunu, realda isə keçirilmədiyini, ümumən ona bu iclas barədə hər hansı məlumat təqdim edilmədiyini, qeyd olunan məsələ ilə bağlı Nazirliyə də müvafiq şikayətlər verdiyini qeyd etmişdir.

5. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, həmçinin izahatında iddiaçının uzun müddət ərzində hazırkı iş üzrə cavabdeh olan müəssisədə işlədiyini, daha sonra müəssisədə rəhbərlik dəyişikliyi olduqdan sonra yeni rəhbərliyin onun işinə xitam verdiyini, Cavabdeh MMC-də Departament yaradıldığını həmin departamentdə mövcud olan şöbələrdən birinin iddiaçının əmək funksiyası üzrə işləri yerinə yetirdiyini, Departamentdə vakant vəzifələrin olduğunu, idiaçıdan işi öyrənmiş şəxslərin həmin vəzifələrə təyin olunudğunu, lakin iddiaçının özünə həmin şöbədə iş təklif olunmadığını, qanunvericiliyin tələbinə əsasən işdən çıxarılma ilə əlaqədar Həmkarlar ittifaqına əsaslandırılmış təqdimatın təqdim edilməli olduğunu, eləcə də, ittifaqa həmin təqdimatı əsaslandıran sənədlərin təqdim edilməli olduğu halda əsaslandırılmış təqdimatın və əsaslandırıcı sənədlərin ittifaqa təqdim edilmədiyini, ittifaqa yalnız bu barədə xx.xx.2025-ci il tarixdə məktub qədim edildiyini, həmin məktub əsasında, guya, xx.xx.2025-ci il tarixində iclas keçirildiyini, iddiaçının ümuməm həmin iclasın yeri və vaxtı barədə məlumatlandırılmadığını, işdən çıxarılma zamanı iddiaçının işdə saxlanılması üçün qanunvericiliklə nəzərdə tutulmuş üstünlüklürə malik olmasının nəzərə alınmadığını, iclas keçirilmədiyinə görə həmin məlumatların yoxlanılmadığını, hərbi yönümlü müəssisə olduğundan həmin müəssisənin ştat cədvəli barədə məlumatın əldə edilə bilmədiyini, yalnız despetçerin danışıq zamanı iddiaçının həmkarların iclasında iştirak etmədiyini ifadə etdiyini qeyd etmişdir.

6. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə iddiaçı Cavabdehnə lazımi qaydada məlumat verilməsinin baxmayaraq nümayədəsi məhkəmənin baxış iclasında iştirak etməmiş və Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsinə etiraz etmdiyini və iddiaya etirazda qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

7. Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2025-ci il tarixli “Ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi haqqında” məktubdan görünür ki, X2 və İddiaçı Vladimirovnanın əmək müqavilələrinin ləğv edilməsi ilə əlaqədar HİK-in iclasında baxılaraq bildirilməsi xahiş olunmuşdur.

8. xx.xx.2025-ci il tarixli, 09-h1/2 nömrəli Cavabdeh MMC-nin HİK-nin cavab məktubundan görünür ki, xx.xx.2025-ci il tarixində HİK-in 27 nömrəli iclasında X2 və İddiaçı Vladimirovnanın ştat vahidlərinin ixtisara düşməsi ilə əlaqədar olaraq, onlarla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir.

9. Cavabdeh MMC-nin HİK-nin xx.xx.2025-ci il tarixli 27 nömrəli iclasının protokolundan görünür ki, Cavabdeh MMC İqlim İdarəetmə şöbəsinin Kadrlar şöbəsində kadrlar üzrə mütəxəssis vəzifəsində çalışan X2 və İddiaçı Vladimirovnanın Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan təminatlar ödənilməklə, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir.

10. xx.xx.2025-ci il tarixli, 100/118-900 nömrəli “Ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi” barədə xəbərdarlıqdan görünür ki, İddiaçı Vladimirovna ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan təminatlar ödənilməklə, xitam veriləcəyi barədə ona xəbərdarlıq edilmişdir.

11. xx.xx.2025-ci il tarixli, 100/118-1387 nömrəli “Ştatların ixtisarı ilə əlaqədar iş təklifləri” barədə bildirişdən görünür ki, İddiaçı Vladimirovnaya 4-cü dərəcə Məmulat və alətlərin dəstləşdiricisi, 4-cü dərəcədə Nəzarət buraxılış məntəqəsinin nəzarətçisi,mexaniki emal sexində 2-ci dərəcə PİO dəzgahın operatoru və mexaniki yığım sexində 3-cü dərəcə anbardar vəzifələrində işlər təklif olunmuş, 2 iş günü ərzində müvafiq işlərə münasibət bildirməsi xahiş olunmuşdur.

12. xx.xx.2025-ci il tarixli, 16-A nömrəli Cavabdeh MMC-nin direktoruna cavab məktubundfan görüünr ki, İddiaçı Vladimirovna xx.xx.2025-ci il tarixli, 100/118-1387 nömrəli “Ştatların ixtisarı ilə əlaqədar iş təklifləri” barədə bildirişdə qeyd olunan peşələrin heç birini qəbul etmədiyini bildirmişdir.

13. Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 1141/K nömrəli əmrindən görünür ki, İddiaçı Vladimirovnanın İqlim idarəetmə şöbəsinin Kadrlar şöbəsinin kadrlar üzrə mütəxəssisinin ştat vahidinin ixtisara düşməsi ilə əlaqədar verilmiş xx.xx.2025-ci il tarixli 100/118-900 nömrəli xəbərdarlıq məktubu ilə tanış olduğu gündən orta aylıq əməkhaqqının 2 misli miqdarıdna birdəfəlik işdənçıxarma müavinəti ödənilməklə xx.xx.2025-ci il tarixindən əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır.

14. Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin sədrinin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli 251 nömrəli sorğuya cavab olaraq, İddiaçı Vladimirovnaya HİK-in xx.xx.2025-ci il tarixli iclasına dəvət olunduğu, lakin onun iclasa gəlmədiyi qeyd olunmuşdur.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

16. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

17. 11-ci maddəsinə əsasən, işəgötürənin: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ vardır.

18. 12-ci maddəsinə əsasən, işəgötürənin: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq vəzifələri vardır.

19. 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

20. 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

21. 71.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

22. 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

23. 78.1-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

24. 78.2-ci maddəsinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: ... əsgər və zabitlərin arvadına (ərinə).

25. 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

26. 80.2-ci maddəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

27. 300.1-ci maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

28. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

Məhkəmənin mövqeyi:

33. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

34. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh (işəgötürən) Cavabdeh MMC tərəfindən xx.xx.2025-ci il tarixli 1141/K nömrəli əmrlə iddiaçı (işçi) İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayının və ştatlarının ixtisarına) əsasən birtərəfli qaydada xitam verilmişdir. İşin mübahisələndirilən halı da elə ondan ibarətdir ki, İddiaçı qeyd olunan əmrin qanunvericiliyin tələbləri pozulmaqla verildiyini qeyd edərək, əmrin ləğv edilməsini istəyir.

35. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin tələbinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Bu əsaslardan biri də işəgötürən tərəfindən işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi ilə bağlıdır. Məcəllənin 71-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən mütləq nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar müəyyən edilmişdir. Belə ki, qanunvericiliyin tələbinə uyğun olaraq işçilərin sayının və ya ştatının ixtisarı zamanı aşağıdakı şərtlər mövcud olduqda işçilərlə əmək müqaviləsinin ləğvi üçün hüquqauyğun əsas qismində çıxış edir: - müəssisədə həqiqətən işçilərin sayı və ya ştatı ixtisar olunmalıdır; - işçinin işgüzar keyfiyyətləri (peçəkarlığı, ixtisası) nəzərə alınmalıdır; - işdə saxlanmaq üçün üstünlük hüququna riayət olunmalıdır (ƏM-in 78-ci maddəsi); - işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyyən olunan əmək stajından asılı olaraq müəyyənləşdirilən müddətlərdə rəsmi xəbərdar edilməlidir (ƏM-in 77-ci maddəsi) xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilməlidir (ƏM-in 77-ci maddəsi) - içinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı hökmən araşdırılmalıdır (ƏM-in 71-ci maddəsi).

36. Əvvəla, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda həmin əsasla işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməli və xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilməlidir. İddiaçının on ildən çox əmək stajı olduğu üçün ona azı doqquz təqvim həftəsi əvvəl xəbərdarlıq edilməli idi. Lakin iş materiallarından görünür ki, iddiaçıya 27 may 2025-ci il tarixində xəbərdarlıq edilsə də, 9 həftə tamam olmadan, 30 iyul 2025-ci il tarixində onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Bununla da qanunvericiliyin tələbi gözlənilməmişdir.

37. Digər tərəfdən, içinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı hökmən araşdırılmalıdır. Yalnız işəgötürənin belə imkanları olmadıqda göstərilən əsaslarla əmək müqaviləsi ləğv edilə bilər. Hər nə qədər işəgötürən tərəfindən iddiaçıya (kadrlar şöbəsində kadrlar üzrə mütəxəssisi vəzifəsində işləyən işçiyə(iddiaçıya) 28 iyul 2025-ci il tarixli bildirişlə (işdən çıxarılandan 2 gün əvvəl) ixtisarla bağlı başqa vəzifələr (sexdə məmulat və alət dəstləşdirici, sexdə dəzgah operatoru, anbarda məmulat və alətlərin dəstləyicisi, buraxılış məntəqəsində nəzarətçi) təklif edilsə də, həmin vəzfiələrin işçinin peşəkarlığına, ixtisasına uyğun uyğunluğu müəyyən edilməmiş və cavabdeh tərəfindən belə imkanların olmadığı da məkhəmə iclasında sübuta yetirilməmişdir. Bu da içinin peşəkarlığı, ixtisası nəzərə alınmadan onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanının araşdırılmadığı və həmin təklifin formal xarakter daşıdığını deməyə əsas verir.

38. Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi ilə bağlı ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İş materialları əsasında Cavabdeh MMC-nin Həmkarlar İttifaqına cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktub (təqdimat) və Həmkarlar İttifaqının xx.xx.2025-ci il tarixli razılıq məktubu (qərarı) mövcuddur. Halbuki təqdimat əsaslandırılmamış, o cümlədən şöbənin ləğv edilməsi ilə əlaqədar olaraq hansı səbəblə şöbənin bütün işçilərinin deyil, məhz İddiaçı və digər işçi - X1 işdən çıxarılması əsaslandırılmamış və müvafiq əsaslandırma sənədləri təqimata əlavə edilməmişdir. Habelə, Həmkarlar İttifaqının razılıq məktubu (qərarı) da eynilə əsaslandırılmamış, həmçinin iddiaçıya iclasın vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsini sübuta yetirən hər hansı dəlil qeyd edilməmiş və iclas protokolundan da iddiaçının işdən çıxarılmasına razılıq verilməsi qənaətinə nəyə görə gəlindiyi qeyd edilməmişdir. Halbuki, Həmkarlar İttifaqı işəgötürənin deyil, işçilərin hüquqlarının müdafiəsini həyata keçirən orqan olaraq işçi özü iclasda iştirak etməsə belə işçinin xeyrinə olan bütün halları araşdıraraq əsaslandırılmış qərar qəbul etməlidir.

39. Eləcə də, cavabdeh tərəfindən müəssisədə həqiqətən işçilərin ştatının (şöbənin) ixtisar olunması, habelə işçinin işgüzar keyfiyyətlərinin (peçəkarlığı, ixtisası) nəzərə alınması, işdə saxlanmaq üçün üstünlük hüququna riayət olunması barədə tələblərə əməl etməsi barədə sübut təqdim edilməmiş və məhkəmə araşdırması ilə də müəyyən edilməmişdir. Məhkəmə sübuta yetirilməyən halları mövcud olmayan kimi qiymətləndirir. Çünki, əmək hüquqlarının müdafiəsinə və əhalinin məşğulluğunun təmin olunmasına yönəlmiş dövlət siyasətini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsi ƏM-in 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilərkən əmək qanunvericiliyinin göstərilən normalarının tələblərinə ciddi əməl edilməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Plenum Qərarı) Habelə, MPM-in tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ona görə də, müvafiq əmri qəbul etmiş işəgötürən (cavabdeh) qanunvericliyin tələblərinə əməl etdiyini sübut etmə yükü daşıyır.

40. Məhkəmə cavabdehin etiraz ərizəsində qeyd etdiyi dəlillərə münasibətdə qeyd edir ki, cavabdeh etiraz ərizəsində işçinin əmək müqaviləsinə xitam verilməsinin əsası olaraq, müəssisənin tərkibində İnsan Resursları departamentinin yaradılması və iddiaçının işlədiyi Kadrlar şöbəsinin funksiyalarının həmin departamentə ötürülməsi qeyd olunmuşdur. Əmək məcəlləsinin 70-ci maddəsinin “b” bəndində işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam əsası işçilərin sayı və ya ştatların ixtisarı halı ilə əlaqələndirilmişdir. Lakin cavabdeh özü iddia ərizəsində qeyd edir ki, iddiaçının işlədiyi şöbənin funksiyaları Cavabdeh MMC-nin tərkibində yaradılmış departamentə ötürülmüşdür. Belə olduğu təqdirdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinin tətbiqi üçün əsas mövcud deyil. Çünki iddiaçının yerinə yetirdiyi əmək funksiyalarını həyata keçirən yeni bir departament yaradılmış olduğundan, ştatların ləğvi ilə əlaqədar iddiaçının əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir.

41. Əmək məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnam çıxarır. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən qanunvericliyin tələbləri pozulmuşdur. Bu səbəbdən iddiaçının cavabdehə qarşı Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli 1141/K nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi əsaslı hesab olunmalıdır.

42. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli, 1141/K nömrəli əmri ləvğ edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməli, həmçinin xx.xx.2025ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

43. Məhkəmə həmçinin ödənilməmiş dövlət rüsumu ilə bağlı qeyd edir ki, “Dövlət rüsmu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məkhəmə hesab edir ki, hazırkı mülki iş əmək fəaliyyəti ilə əlaqədar olduğundan, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan və iddia tələbi tam təmin olunduğundan, məhkəməyə iddia ərizəsinin təqdim olunmasına görə müvafiq dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödnilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, 1141/K nömrəli əmri ləvğ edilsin və İddiaçı əvvəlki işinə və vəzifəsinə bərpa edilsin. xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Cavabdeh tərəfindən İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi ilə bağlı olaraq ödənilməmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar