Məhkəmə qərarları › İş №e-2(003)-3917/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3917/2023

08.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3917/2023 08.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2007-ci ildən uzunmüddətli etibarnamə ilə X3 tərəfindən onun istifadəsinə və idarəetməsinə verilmiş, Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin sərəncamında qeyd edilmiş, Buzovna-Maştağa yolunun sol tərəfində yerləşən 1000 kv/m torpaq ahəsi üzərində sahiblik və istifadə hüquqlarının tanınması, həmin torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq faktiki olaraq naturada onun sahibliyinə və istifadəsinə verilməsi, həmin torpaq sahəsinin üzərindəki qanunsuz tikilmiş hasarın cavabdehin öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş Əzizbəyov, indiki Xəzər rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli sərəncamı ilə vətəndaş X1 Buzovna- Maştağa yolunun sol tərəfindəki ərazidə bağ evinin tikintisi üçün 1000 kv/m torpaq sahəsi ayrılmışdır. X3 ilə bələdiyyə arasında torpağın satın alınmasına dair müvafiq qaydada alqısatqı aktı tərtib edilmişdir və həmin torpaq sahəsinin alqı-satqısı üçün keçmiş kursla 800 manat məbləğində pul vəsaiti ödənilmiş, həmin vəsait Buzovna bələdiyyəsinin hesabına mədaxil edilmiş, bununla bağlı ona kassa mədaxil orderi qəbzi verilmişdir. Buzovna Bələdiyyəsi tərəfindən mülkiyyətə verilən torpaq sahəsinin yerləşmə yerinin sxemi tərtib olunmuş və bələdiyyənin möhürü ilə tədiq edilərək X2 təqdim edilmişdir. Həmin torpaq sahəsi onların arasında olan qarşılıqlı razılaşmaya əsasən xx.xx.2007-ci il tarixdən etibarnamə ilə onun uzunmüddəti istifadəsinə və idarəetməsinə verilmişdir. Çünki onlar gələcəkdə həmin torpaq sahəsinin rəsmiləşdirilərək onun mülkiyətinə verilməsi haqqında razılığa gəlmişlər. Eyni zamanda Buzovna Bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin yerləşmə yerinin də sxemi tərtib olunmuş, bələdiyyə möhürü ilə təsdiq edilərək ona təqdim edilmişdir. 2007-ci il tarixdən həmin torpaq sahəsi onun qanuni istifadəsində və sahibliyində olmuşdur. Torpaqla bağlı bələdiyyə vergiləri onun tərəfindən ödənilmişdir. Onun bələdiyyə torpaq vergisini ödəməyə dair qəbzləri var. O, uzunmüddətli etibarnamə ilə onun istofadəsində və qanuni sahibliyində olan 1000 kv/m torpaq sahəsinin ətrafını mişar daşı ilə hasara almış, qapı üçün boş yer saxlamışdır. xx.xx.2023-cü il tarixdə onun istifadəsində olan torpaq sahəsinə gəldikdə qapı üçün saxladığı boş yerdə tanımadığı, adını sonradan bildiyi Elçin adlı şəxs tərəfindən hasar tikildiyini aşkar etmişdir. O, bu barədə Elçin adlı şəxsə irad bildirdikdə Elçin adlı şəxs torpaq sahəsinin ona məxsus olduğunu, sənədlərini yaxın gələcəkdə təqdim edəcəyini bildirmişdir. O, qanuni sahibliyində olan torpaq sahəsini zəbt etmiş Cavabdeh barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə müraciət etmişdir. Şikayəti ilə bağlı izahatı alınmış Cavabdeh bildirmişdir ki, həmin torpaq sahəsi təxminən 2 il əvvəl işlədiyi SOCAR şirkətinin Təhlükəsizlik Departamenti tərəfindən Cavabdeh ayrılmışdır və şirkət tərəfindən bununla bağlı sənədlər həmin şəxsə veriləcək. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, İddiaçı X3 ilə əvəz edilməsinə etiraz etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin 78 nömrəli, xx.xx.2006-cı il tarixli sərəncamından görünür ki, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfindəki ərazidə 1000 m2 torpaq sahəsinin bağ evinin tikilməsi üçün X1 baza qiyməti ilə satılması qərara alınmışdır. Torpaqların alq-satqısına dair aktdan görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi tərəfindən Buzovna bələdiyyəsi ərazisində 1000 m2 torpaq sahəsi satılması barədə qərar qəbul edilmişdir. Bununla bağlı X3 tərəfindən Buzovna bələdiyyəsinə 800 manat haqq ödənilmişdir. AR-İ seriyalı, 010023 nömrəli, 06 oktyabr 2007-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 tərəfindən İddiaçı Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 78 saylı sərəncamına əsasən Bakı şəhəri, Buzovna-Maştağa yolunun sol tərəfindəki ərazidə 1000 kv. m. torpaq sahəsi ilə bağlı aşağıdakı səlahiyyətlər verilmişdir: həmin torpaq sahəsini sənədləşdirmək; həmin torpaq sahəsini özəlləşdirmək; həmin torpaq sahəsində tikinti işlərini tamamlamaq; həmin torpaq sahəsi ilə bağlı DTXKdən şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər İdarəsindən 1 №-li arayış almaq; həmin torpaq sahəsinə gələcəkdə sərəncam vermək (satmaq, dəyişmək, ipoteka (girov) qoymaq); həmin torpaq sahəsi ilə əlaqədar pul almaq; həmin torpaq sahəsinə dair müqaviləni imzalamaq; bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və digər hərəkətlər etmək Bakı şəhəri Xəzər RPİ-nin İstintaq Şöbəsinin 24 avqust 2023-cü il tarixli qərarının surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsinə dair sənəd təqdim etməmişdir. İddiaçı yalnız torpaq sahəsinə qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Hazırki halda isə sözügedən torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadığından məhkəmənin qənaətinə görə iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. İş materiallarından da görünür ki, həmin torpaq sahəsi X1 ayrılmışdır. Həmçinin iddiaçının nümayəndəsi və vəkili iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinə razı olmamışdır. İş materiallarında olan etibarnamənin surətində X3 tərəfindən İddiaçı həmin torpaq sahəsi ilə bağlı məhkəmədə iddia qaldırmaq səlahiyyətinin verilməsi nəzərdə tutulmamışdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının məhz mübahisəsini etdiyi torpaq sahəsinə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidir. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin geri qaytarılması” tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin geri qaytarılması” tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar