Məhkəmə qərarları › İş №e-2(003)-3955/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3955/2021

29.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3955/2021 29.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1-da yerləşən mənzilə köçürülməkləri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 cavabdeh ilə 17 mart 1990-cı ildə nikaha daxil olmaqla ailə qurmuşlar. Xəzər Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli 2(003)-2080/2020 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Xəzər rayonu, Buzovna qəsəbəsi, 1004/3 sahədə yerləşən 250 kv.m. torpaq sahəsində yerləşən evə dəyişmişlər. Bununla bağlı sənədləşmə işlərini aparmaq üçün bir-birinə 15 sentyabr 2014-cü il tarixdə etibarnamə vermişlər. N.Məlikova onlara məxsus mənzilə dair 16.12.2014-cü il tarixdə çıxarış almış, 17 mart 2015-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən rəsmiləşdirilmişdir. Yaşadıqları ev isə bu günə kimi Dövlət Reyestrində qeydə alınmamışdır. Buna baxmayaraq, onlar mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşamışdır. Cavabdeh nikahlarının pozulmasını əsas gətirərək onları həmin mənzilə buraxmır. Onlara məxsus əşyalar həmin mənzildədir. Daimi yaşayış yerləri həmin mənzil osa da, kirayədə yaşayırlar. Qeyd olunanlara əsasən, ünvan 1-da yerləşən mənzilə köçürülməkləri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı1 ilə 1990-cı ildə nikaha daxil olmuş, 2020-ci ildə boşanmışlar. Digər iddiaçı isə onun qızıdır. Əfqanıstan müharibəsində olduğuna görə ona dövlət tərəfindən ev verilmişdir. O, 2014-2015-ci illərdə həmin evi hazırda sözügedən evlə dəyişmişdir. İddiaçılar orada qeydiyyatdadır, lakin boşandıqdan sonra orada yaşamırlar. İddiaçıların harada yaşadığından xəbəri yoxdur. Qızı Könül ilə danışmır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçılar məhkəməyə gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, İddiaçı1 və İddiaçı2 ünvan 1-da qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2080/2020 saylı 10.11.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı1 arasındakı nikah pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. İşin araşdırılan halları ilə təsdiq olunur ki, İddiaçı1 Cavabdeh ilə 17.03.1990-cı il tarixdə birgə nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından İddiaçı2 dünyaya gəlmiş, ailə münasibətləri davam edərkən birgə nikah dövründə əldə etdikləri, istifadə hüquqlarının olduğu Xəzər rayonu, Buzovna qəsəbəsi, 1004/3 sahədə yerləşən 250 kv.m. torpaq sahəsində yerləşən evlə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini dəyişmişlər. Bununla bağlı sənədləşmə işlərini aparmaq üçün bir-birinə etibarnamə vermişlər. Tərəflər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və həmin evdə birgə təsərrüfat aparmış, lakin sonradan ailə münasibətlərinin kəskinləşməsi nəticəsində onların münasibətləri pozulmuş və iddiaçılar həmin evi tərk etməli olmuşdur. Eyni zamanda, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evin hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından özbaşına tikili sayılır. Bununla yanaşı, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, mövcud vəziyyətdə cavabdeh tərəfin iddiaçının mübahisə predmeti olan özbaşına tikilidə yaşamasına etiraz etmək, onun həmin tikilidə yaşamasına mane olmağa və ya onu həmin tikilidən çıxarmağa subyektiv hüququ yoxdur. Belə ki, Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçıların köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdeh tərəf isə həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin iddiaçıların əvvəllər həmin tikilidə yaşadığından və tikilini yaşamağa yararlı vəziyyətə gətirmək üçün əmək (vəsait) sərf etdiyindən cavabdehin iddiaçılara qarşı törətdiyi məhrumetmə (tikilidə yaşamasına mane olma və etiraz etmə) qanunsuzdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ və İİİ bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar