Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3965/2024 10.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər xx.xx.1975-ci il təvəllüdlü Prutskaya (Trunova) Natalya Yakovlevnanın və xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 36 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 36 nömrəli mənzil 195328 nömrəli xx.xx.1973-cü il tarixli orderə əsasən mərhum atası X5 istifadəsinə verilmişdir. Daha sonra anası X6 ərizəsi əsasında X9 Həmkarlar İttifaqı Respublika Komitəsi müdiriyyətin və həmkarlar təşkilatının birgə iclasından olan 3 nömrəli protokoldan xx.xx.2008-ci il tarixli çıxarışa əsasən mənzilin kirayə müqaviləsinin onun adına keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli MA seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 67.83 kv.m olan 36 nömrəli mənzil onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir və hazırda da mülkiyyətindədir. Cavabdeh Prutskaya (Trunova) Natalya Yakovlevna mərhum qardaşı X15 keçmiş arvadı, digər Cavabdeh2 isə onun qızıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1036/2011 nömrəli xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən X17 ilə X7 arasında xx.xx.2006-cı il tarixdə bağlanmış və Bakı şəhəri Əzizbəyov rayon VVAQ şöbəsinin nikahın bağlanması haqqında akt qeydləri kitabında 963 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2 anası X1 yanında qalması qət edilmişdir. Qardaşı X17 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Prutskaya (Trunova) Natalya Yakovlevna qardaşı X17 ilə nikahları pozulduqdan sonra könüllü şəkildə qızı Cavabdeh2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 36 nömrəli mənzili tərk etmiş və bir daha həmin mənzilə qayıtmamışdır. Qeyd olunan mənzildə cavabdehlərin hər hansı bir əşyası və əmlakı yoxdur. O, cavabdehlərin mənzilindən qeydiyyatdan çıxarılmaları öhdəliyinin Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2- 1(112)-8076/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiası rədd edilmişdir. Məhkəmə, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, «X7 Mənzil Məcəlləsinin qüvvədə olduğu xx.xx.2009-cu il tarixədək, yəni mənzilin özəlləşmədiyi dövrdə xx.xx.2008-ci il tarixdə mübahisəli mənzilə qeydiyyata alındığından, eləcə də N.Y.Trunova mənzilin iddiaçının adına özəlləşməsində bilavasitə iştirak etdiyindən, bununla da özəlləşmədən irəli gələn mübahisəli mənzilə dair hüquqlarının qüvvədə olub-olmamasının qiymətləndirilməli olduğunu, bu məsələlərin həll edilməsinin isə mülki məhkəmə icraatının predmeti olmaqla inzibati məhkəmə icraatında baxıla bilməməsini nəzərə alaraq hesab etmişdir ki, cavabdehə qarşı yönəlmiş qeydiyyatdan çıxarma barədə hazırkı iddia tələbi təmin edilə bilməz». Bu səbəbdən o, hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehlər sözügedən mənzil üzərində hər hansı əmlak (mülkiyyət, istifadə, icarə) hüquqlarına malik olmadıqları və yaşamadıqları halda, onların qeyd edilən ünvanda qeydiyyatda qalmaları onun mülkiyyətçi kimi öz əmlakı barəsində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır, həmçinin onların əvəzinə kommunal xidmət haqlarını ödəmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Cavabdeh1 iddiaçının qardaşı ilə 2006-cı ildə ailə qurmuş və həmin vaxtdan mübahisəli mənzilə köçmüşdür. 2011-ci ildə cavabdeh Natalyanın iddiaçının qardaşı ilə nikahı pozulmuş, lakin nikah pozulduqdan sonra cavabdehlər bir müddət mübahisəli mənzildə yaşamışlar. 2016cı ildə cavabdehlər əşyalarını da götürüb mübahisəli mənzili tərk etmiş və bir daha həmin mənzilə qayıtmamışlar. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etmədi və izahatında bildirdi ki, iddiaçı onun keçmiş baldızıdır. O, iddiaçının qardaşı X16 rəsmi nikahda olmuş, birgə nikahlarından Viktoriya adlı qızları doğulmuşdur. Nikah bağladıqdan sonra o, mübahisəli mənzilə köçərək orada yaşamış, daha sonra pasport qeydiyyatına alınmışdır. 2011-ci ildə məhkəmə qətnaməsi əsasında Oleqlə olan nikahları pozulmuşdur. Nikahları pozulduqdan sonra 2016-cı ilə qədər qızı ilə birlikdə mübahisəli mənzildə yaşamış, 2016-cı ildən həmin mənzili tərk etmiş və bir daha ora qayıtmamışlar. O, bir il bundan əvvəl ailə qurmuşdur, hazırkı həyat yoldaşının evi yoxdur, kirayədə yaşayırlar. Onların qeydiyyata düşməyə başqa yerləri yoxdur. Onun mübahisəli mənzildə heç bir payı olmasa da, qızı atasının vərəsəsidir və onun həmin mənzildə payı var. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli MA seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov (indiki ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 67.83 kv.m olan 36 nömrəli mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1036/2011 nömrəli xx.xx.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X17 ilə X7 arasında xx.xx.2006-cı il tarixdə bağlanmış və Bakı şəhəri Əzizbəyov rayon VVAQ şöbəsinin nikahın bağlanması haqqında akt qeydləri kitabında 963 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2 anası X1 yanında qalması qət edilmişdir. - Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X7 və Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadırlar. - İİİ-ЖГ seriyalı 463093 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X10, anası X8. - AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1968-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X10, anası X8. - AZ-İİ seriyalı 380640 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. - 111 saylı MKİS-nin rəisi Z.Qəribov, sahə müvəkkili B.Quliyev, Xəzər rayonu Buzovna qəsəbəsi Güloğlan Məmmədov küçəsi ev 16 mənzil 34-ün sakini X3, mənzil 32nin sakini X11 və mənzil 77-nin sakini X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həqiqətən mənzil 36-nın sakini İddiaçı qardaşının keçmiş həyat yoldaşı X7 (xx.xx.1975) və qardaşı qızı Cavabdeh2 (xx.xx.2006) uzun müddətdir ki, qeyd olunan ünvanda (G.Məmmədov küçəsi ev 16 mənzil 36) yaşamırlar. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8076/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X7, Cavabdeh2) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********11 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1, 36 saylı mənzildə Prutskaya (Trunova) Natalya Yakovlevnanın və Cavabdeh2 istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Həmin məktubla göndərilmiş sənədlərin surətindən görünür ki: xx.xx.1973-cü il tarixli 195328 nömrəli orderə əsasən Bakı şəhəri Buzovna qəsəbəsi G.Məmmədov küçəsində yerləşən 16 nömrəli evin 36 nömrəli mənzili X5 adına 5 nəfər ailə tərkibində istifadəsinə verilmişdir. X9 Həmkarlar İttifaqı Respublika Komitəsinin iclasından olan protokoldan xx.xx.2008-ci il tarixli çıxarışa əsasən Buzovna qəsəbəsi Güloğlan Məmmədov (Pirməmməd) küçəsi ev 16 ünvanında yerləşən sahəsi 46.05 kv.m olan 3 otaqdan ibarət 36 saylı mənzildə yaşayan X6 ərizəsi əsasında yaşadığı mənzilin kirayə müqaviləsinin qızı İddiaçı adına keçirilməsi qərara alınmışdır. X7 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı xx.xx.2009-cu il tarixli ərizədə qeyd etmişdir ki, qeydiyyatda olduğu Bakı şəhəri Buzovna qəsəbəsi G.Məmmədov küçəsində yerləşən 16 nömrəli evin 36 nömrəli mənzilinin baldızı İddiaçı adına özəlləşdirilməsinə heç bir etirazı yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli mənzil Bakı şəhər X2 İcraiyyə Komitəsinin xx.xx.1973-cü il tarixli 195328 nömrəli orderinə əsasən iddiaçının atası X5 adına verilmişdir. X9 Həmkarlar İttifaqı Respublika Komitəsinin iclasından olan protokoldan xx.xx.2008-ci il tarixli çıxarışa əsasən iddiaçının anası X14 ərizəsi əsasında mənzilin kirayə müqaviləsi İddiaçı adına keçirilmişdir. Bundan sonra mənzil özəlləşdirmə qaydasında iddiaçının mülkiyyətinə keçmiş və onun mənzilə dair mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh1 iddiaçının mərhum qardaşı X15 keçmiş arvadı, Cavabdeh2 isə qızıdır. X16 Cavabdeh1 arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmış, 2011-ci il tarixdə isə məhkəmə qaydasında pozulmuşdur. Ailə qurduqdan sonra, yəni 2006-cı ildə Cavabdeh1 mübahisəli mənzilə köçmüş və iddiaçı, habelə iddiaçının qardaşı, yəni əri və uşağı ilə birlikdə orada yaşamışdır. İddiaçının mərhum qardaşı ilə Cavabdeh1 nikahı pozulduqdan sonra da o, qızı bir müddət həmin mənzildə yaşamış, 2016-cı ildə əşyalarını da götürməklə mənzildən getmiş və bir daha ora qayıtmamışlar. Bu səbəbdən iddiaçı cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb edir. Cavabdeh1 da iddiaçının qardaşı ilə nikahları pozulduqdan sonra bir müddət mübahisəli mənzildə yaşadığını, 2016-cı ildə qızı ilə birlikdə mənzili tərk etdiklərini və bir daha həmin mənzilə qayıtmadıqlarını etiraf etmişdir. Məhkəmə hesab edir ki, mənzildən istifadə edilməsi ilə bağlı münasibətlər xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yarandığından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbləri baxımından bu münasibətlərə məhz qeyd edilən Məcəllənin aidiyyəti müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar; 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir; 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin bu sahəni tənzimləyən aidiyyəti müddəalarının tələbləri baxımından mübahisəli mənzilə köçən və iddiaçı ilə birgə təsərrüfat apararaq onunla birgə yaşayan cavabdehlərin 2006-cı ildə mənzildən istifadə hüquqları yaranmışdır. Cavabdeh1 ilə iddiaçının qardaşı arasında bağlanmış nikah 2011-ci ildə pozulmasına baxmayaraq, cavabdehlər həmin mənzildə yaşamağa davam etmişlər. Cavabdehlər 2016-cı ildə mübahisəli mənzili tərk etmiş və həmin ildən orada yaşamırlar. Bu hal Cavabdeh1 özünün izahatı ilə də təsdiq edilir. Məhkəmə xüsusilə o halı da nəzərə alır ki, 2016-cı ildən sonra ən azı hazırkı iddia qaldırılan tarixədək, cavabdehlərin mübahisəli mənzilə qayıdıb orada yaşamaları üçün hər hansı maneənin olduğu müəyyən edilmir. Hər bir halda, maneə olduğu təqdirdə mənzildə yaşamaq istəyən cavabdehlər bunu məhkəmə qaydasında mübahisələndirmiş olardılar. Nəticə etibarı ilə ödənişsiz əsaslarla yaşadığı, öz iradəsi ilə tərk etdiyi, lakin sonradan yenə də yaşamağa davam etmək üçün hər hansı maneənin olmadığı bir halda, Cavabdeh1 hər ay kirayə haqqı ödəyib, başqa mənzildə yaşamağı üstün tutmuşdur. Qeyd edilənlər də öz növbəsində cavabdehlərin mübahisəli mənzilə olan nəinki ehtiyaclarının, ümumiyyətlə, maraqlarının aradan qalxdığını təsdiq edir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehlər mübahisəli mənzili 8 ilə (2016-cı ildən) yaxın müddətdir ki, müvəqqəti olaraq deyil, məhz daimi əsaslarla tərk etmiş və mübahisələndirilən hüquqlarından könüllü olaraq istifadə etmirlər. Onların həmin mənzilə, o cümlədən, bu hüquqlarının reallaşmasına olan ehtiyacları, ümumiyyətlə, fiziki və hüquqi maraqları aradan qalxmışdır. Bu baxımdan cavabdehlər iddiaçının mülkiyyətində olan həmin mənzilə olan fiziki və hüququ bağlılıqlarını, o cümlədən mənzildən istifadə hüquqlarını itirmişlər. Qeyd edilənlər öz növbəsində cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsini şərtləndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 36 nömrəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 36 nömrəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-3965/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3965/2024
10.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver