Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4193/2023 25.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "nikahın etibarsız sayılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "nikahın etibarsız sayılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Mamiq oğlu ilə onun arasında 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 15 aprel 2023-cü il tarixdə bğlanmış və nikahın bağlanması haqqında akt qeydinə əsasən 473 № ilə dövlət qeydiyyatına alınmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Mamiq oğlu ilə 2022-ci ildə tanış olmuşdur. Həmin şəxslə tanışlıqdan bir müddət sonra o, evlilik təklifini qəbul etmişdir. Həmin şəxs onların arasında olan söhbət zamanı həmişə aralarında 2-3 yaş fərq olduğunu bildirmişdir. O, həmin şəxsə inanmışdır. Onlar 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə getmişlər. Orada müvafiq ərizələr doldurulmuş və onlara bir aydan sonra nikahlarının olacağı, şəhadətnaməni götürə biləcəkləri bildirilmişdir. 15 aprel 2023-cü il tarixdə qeydiyyat şöbəsi tərəfindən nikah haqqında şəhadətnamə ona və cavabdehə təqdim edilmişdir. O, nikah haqqında şəhadətnamədə cavabdehin ondan 13 yaş böyük olduğunu görmüşdür. O, cavabdehdən nə üçün yaşını gizlətdiyini soruşduqda cavabdeh onunla çox aqressiv davranmağa başlamışdır. Həmçinin cavabdehin rəftar və davranışları bir neçə gün yaxşı olmamışdır. O, həmin gün cavabdehə onların bir ailə kimi yaşaya bilməyəcəklərini izah etmişdir. Bundan sonra o, olanları ailəsinə danışmış və onun ailə üzvləri onun müstəqil qərar verə biləcək yaşa çatdığına görə onun qərarına hörmətlə yanaşacaqlarını bildirmişlər. O, cavabdehlə toy mərasimi keçirməmiş, cavabdehin evinə gəlin köçməmiş və cavabdehlə bir ailə kimi yaşamamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, o, İddiaçı Fərhaq qızının əmisinin arvadıdır. İddiaçı Fərhaq qızı və Cavabdeh Mamiq oğlu bir ailə kimi yaşamamışlar. Qız toyu olsa da, oğlan toyu olmamış, İddiaçı Fərhaq qızı gəlin köçməmişdir. İddiaçı Fərhaq qızı oğlan toyuna bir həftə qalmış fikrindən daşınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, İddiaçı Fərhaq qızının dayısının arvadıdır. Qız toyu olsa da, oğlan toyu olmamış, İddiaçı Fərhaq qızı gəlin köçməmişdir. İddiaçı Fərhaq qızı və Cavabdeh Mamiq oğlu arasında faktiki nikah münasibətləri mövcud olmamışdır. İddiaçı Fərhaq qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Mamiq oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddiaçının iddiasının əsası kimi istinad etdiyi dəlilləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: AZ-İİ seriyalı, 561580 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Mamiq oğlu ilə İddiaçı Fərhaq qızı xx.xx.2023-cü il tarixdə 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Həmin tarixdə bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 473 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Məhkəmə iclasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin “Nikah yaşı” adlanan 10-cu, “Nikahın bağlanma şərtləri” adlanan 11-ci, “Nikahın bağlanmasına mane olan hallar” adlanan 12-ci və “Nikaha daxil olan şəxslərin tibbi müayinəsi” adlanan 13-cü maddələrinin (yəni, AM-in 13.3-cü maddəsinin) şərtlərinin pozulması halı müəyyən olunmadı. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 26.1.3-cü maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız saylımasını tələb etmək hüququna malikdir. Digər tərəfdən qanunvericinin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Belə ki, saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Bununla belə, məhkəmə qeyd edir ki, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün bu tip mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, həmçinin ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb olacaqdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Qanunvericinin qeyd edilən mövqeyi, müvafiq icra hakimiyyəti orqanında qeydə alınmış nikahın hüquqi nəticələrinin tanımaqla bərabər, həmçinin nikaha daxil olarkən şəxslərin iradə ifadəsinin ailə qurmaq istiqamətində olması “prezumpsiyasını” yaradır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir”. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mülki mübahisəyə də məhz yuxarıda göstərilən aspektdən, yəni nikaha daxil olan şəxslərin iradə ifadələrinin təfsiri aspektindən yanaşılmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatlarından və işin müəyyən edilmiş hallarından aydın olur ki, tərəflər toy mərasimi keçirmişlər və xx.xx.2023-cü il tarixdə 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Göründüyü kimi, nikahın bağlanılması zamanı aldadılma və məcburiyyət olmamış, tərəflər könüllü olaraq nikah bağlamaq niyyəti ilə qeydiyyat şöbəsinə müraciət etmişlər və nikahlarını bağlamışlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "nikahın etibarsız sayılması" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-4193/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4193/2023
25.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver