Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-438/2024 05.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə və istifadə hüququnun tanınması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə və istifadə hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək onun Cavabdeh ilə birgə nikah dövründə ələ edilmiş Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə köçürülərək sahiblik və istifadə hüququnun tanınmasına və yüksək keyfiyyətli hüquqi yardım alınması ilə bağlı vəkilə ödədiyi 500 manat məbləğində pulun, eləcə də məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyi 100 manat mbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2002-ci ildə ailə quraraq Zakirin ata evinə gəlin köçmüşdür. Onlar 2004-cü ildə Bakı şəhərinə köçərək 2 il müddətində kirayədə qalmışlar. 2006-cı ildə onlar Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat deyilən yerdə torpaq almışlar. Onlar onun valideynlərinin köməkliyi ilə tez bir vaxtda 1 otaq tikərək oraya köçmüşlər. Onlar 1 otaqda yaşayaraq tədricən əlavə olaraq 1 otaq, zal, mətbəx, dəhliz, hamam və ayaqyolu tikərək 4 il müddətində evi tamamlamışlar. 2010-cu ildə onların qızları anadan olmuşdur. 2014-cü il tarixdə onlar yaşadıları evi 18 min manata sataraq mərkəzə və yola yaxın yerdən 2 sot torpaq almışlar. Onlar yenə də tez bir zamanda onun valideynlərinin və bacı-qardaşının köməkliyi ilə 1 otaq tikərək oraya köçmüşlər. Onlar 1 otaqda yaşayaraq tədricən əlavə olaraq 1 otaq, zal, mətbəx, dəhliz, hamam və ayaqyolu tikmişlər. Ümumilikdə onun qohumları tərəfindən yeni evin tikilməsinə 27000 manat köməklik edilmişdir. Cavabdehlə onun münasibətləri pozulduğundan və onların ailə kimi bir yerdə yaşamaları mümkün olmadığından Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlə onun nikahı pozulmuş və onların qızı X5 onun himayəsinə verilmişdir. Hal-hazırda o, qızı ilə birlikdə atasının evində yaşayır. Onun evindən uzaq düşməyi onun üçün və onun valideynləri üçün ciddi narahatlıqlar yaradır. O, onun min bir əziyyəti ilə və onun qohumlarının maddi dəstəyi ilə tikilib başa çatdırılmış evində uşağı ilə birlikdə təhlükəsiz şəraitdə yaşamaq istəyir. Hal-hazırda ona və onun qızına məxsus əşyalar da onun evində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, İddiaçı ilə təxminən 20 il müddətində birgə yaşamışlar. Onların birgə nikahlarından 1 uşaqları dünyaya gəlmişdir. İddiaçı 2 ildir ki, ondan ayrılmışdır və evdən könüllü olaraq çıxıb getmişdir. O, dəfələrlə şifahi olaraq İddiaçı evə çağırmışdır. Ev Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda, su idarəsinin yaxınlığında, “Uğur” adlanan hazırlıq kursu keçirilən məkanın yaxınlığında yerləşir. Ev 3 otaqlıdır. Evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair sənədi yoxdur. İddiaçı həmin evdə yaşamasına etirazı yoxdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir. İş materiallarında olan: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1949/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X3 arasında xx.xx.2010-cu il tarixdə Biləsuvar rayon Qeydiyyat Şöbəsində akt qeydləri kitabında 206 nömrəli qeyd ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, X1 xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193,0 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Vəkil ilə bağlanılmış Hüquqi yardımın göstərilməsi haqqında 34 nömrəli, 02 oktyabr 2023-cü il tarixli müqavilədən görünür ki, iddiaçı Vəkil hüquqi yardım göstərilməsi üçün 500 manat məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin FJB**********492 nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Vəkil hüquqi yardım göstərilməsi üçün 500 manat məbləğində pul vəsaiti ödənilmişdir. X4 ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. İşin araşdırılan halları ilə təsdiq olunur ki, İddiaçı Cavabdeh ilə 22 oktyabr 2002-ci il tarixdə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onlar nikahlarını xx.xx.2010-cu il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə onların arasında olan nikah pozulmuşdur. Onlar ailə münasibətləri davam edərkən birgə nikah dövründə istifadə hüquqları əldə etdikləri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evi tikdirmişlər və həmin evdə birgə təsərrüfat aparmışlar. Lakin sonradan ailə münasibətlərinin kəskinləşməsi nəticəsində onların münasibətləri pozulmuş və İddiaçı həmin evi tərk etməli olmuşdur. Eyni zamanda, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evin hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından özbaşına tikili sayılır. 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdeh tərəf isə həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin iddiaçının əvvəllər həmin tikilidə yaşadığından və tikilini yaşamağa yararlı vəziyyətə gətirmək üçün əmək (vəsait) sərf etdiyindən iddiaçının həmin evə köçürülmək hüququ var. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ və İİİ bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə sahiblik və istifadə hüququnun tanınması hissəsinə münasibətdə hesab edir ki, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün iddia bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, vəkil xidmətinə görə ödənilmiş 500 manat və dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən və Cavabdeh yaşadığı fərdi yaşayış evinə köçürülməli, Cavabdeh vəkil xidmətinə görə ödənilmiş 500 (beş yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən və Cavabdeh yaşadığı fərdi yaşayış evinə köçürülsün. Cavabdeh vəkil xidmətinə görə ödənilmiş 500 (beş yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-438/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-438/2024
05.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver