Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-595/2024 27.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tapşırıq müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “tapşırıq müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun tapşırığı ilə mülkiyyətində olan daşınmaz əmlakın satılmasından əldə olunmuş 19 000 (on doqquz min) manatdan ona verilməmiş 10 700 (on min yeddi yüz) manat pul vəsaitinin, xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsinin qəbul olunduğu günədək gecikdirməyə görə həmin məbləğin 5 faizi həcmində pul vəsaitinin hesablanaraq və 123 manat məhkəmə xərcinin (dövlət rüsumu) Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Türkiyənin Samsun şəhərində yaşayır və “Ondokuz Mayıs” Universitetinin nəzdindəki Konservatoriyada professor vəzifəsində işləyir. Bakıda olduğu zaman Bakı şəhəri, Pirallahı rayonu, X14ndəki qonşusu Cavabdeh ilə (bundan sonra-cavabdeh) tanışlığı yaranmışdır. Cavabdeh özünü hərbi hüquqşünas kimi təqdim etmiş və onun etibarını qazanmışdır. Mülkiyyətində olan Bakı şəhəri, Pirallahı Rayonu, X14, 257/259-2894/2896 ünavanında yerləşən ümumi sahəsi 41.4 kv.m olan bağ evi və həmin bağ evinin yerləşdiyi ümumi sahəsi 0.1 ha olan torpaq sahəsinin satılması ilə bağlı niyyətini ona bildirdikdə cavabdeh tanışlarının olduğunu, müştəri tapmaq və satışı həyata keçirmək məsələlərində ona köməklik göstərə biləcəyini bildirmişdir. O, bu təklifi qəbul edərək torpaq sahəsinin və bağ evinin satılması üçün cavabdehə müvafiq etibarnamə vermişdir. Bağ sahəsinin qiyməti 20 000 (iyirmi min) AZN müəyyən edilmişdir. Əmlakla bağlı sənədləşmədə xidmətlərə sərf olunacaq pul vəsaitini nəzərə alaraq etibarnamədə torpaq sahəsinin satış qiyməti onun tərəfindən 19 000 (on doqquz min) AZN həcmində müəyyən edilmişdir. Həmin etibarnamə əsasında cavabdeh tərəfindən Bakı şəhəri, Pirallahı rayonu, X14, 257/259-2894/2896 ünvanında yerləşən, ümumi sahəsi 41.40 kv/m olan bağ evi və həmin bağ evinin yerləşdiyi, sahəsi 0.10 ha olan torpaq sahəsinin 0.05 ha hissəsi 10000 (on min) AZN qiymətinə xx.xx.2022-ci il tarixində X1. Bakı Şəhəri, Pirallahı Rayonu, X14, 257/259-2894/2896 ünvanında yerləşən, ümumi sahəsi 0.1 ha olan torpaq sahəsinin, 0.05 ha olan hissəsi 9000 (doqquz min) AZN qiymətinə xx.xx.2022-ci il tarixində X2. Lakin, torpaq sahəsinin və bağ evinin satışının rəsmiləşdirilməsindən sonra cavabdeh tərəfindən onun tanışına (X7) imzaladığı qəbzlə bərabər yalnız 8300 (səkkiz min üç yüz) AZN həcmində pul verilmişdir. Cavabdeh yalan danışaraq bildirmişdir ki, alıcılar tərəfindən məbləğ tam ödənilməmişdir, yalnız 8300 (səkkiz min üç yüz) AZN ödənilmişdir. Bu situasiya onda şübhə yaratmışdır. Bu səbəbdən Azərbaycandakı başqa bir hüquqşünasa müraciət edərək məsələnin araşdırılmasını xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, ona məxsus olan 0.1 ha olan torpaq sahəsi və ümumi sahəsi 41.40 kv/m olan bağ evi 8 300 (səkkiz min üç yüz) AZN-nə deyil, 19 000 (on doqquz min) AZN qiymətinə yuxarıda qeyd edilən kimi iki alıcı tərəfindən satın alınmış və əmlakın dəyəri ilə bağlı ödəniş də tam şəkildə həyata keçirilmişdir. Bundan sonra cavabdehlə əlaqə saxlayıb əmlakın satışından qalan 10 700 (on min yeddi yüz) AZN-i tələb etdikdən və nə vaxt vəriləcəyini soruşduqdan sonra əlaqə kəsilmiş və telefon zənglərinə cavab verilməmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixində Pirallahı İcra Hakimiyyətində, saat 13:00 radələrində etibarnamə üzrə səlahiyyətli nüməyəndəsi ilə cavabdeh arasında görüş baş tutmuşdur. Cavabdeh hadisələrin bu yerə gəlib çıxmasından məyus olduğunu bildirərək mart ayının əvvəllərinədək ona vaxt verməyini xahiş etmiş və mart ayında ona olan borcun ödəniləcəyini ifadə etmişdir. Lakin, cavabdeh tərəfindən 10 700 (on min yeddi yüz) AZN ona məxsus pulun ödənilməsinə dair hələ də hər hansı bir addım atılmamışdır. O, cavabdehin onu aldadaraq və etibarımdan sui-istifadə edərək əmlakını ələ keçirdiyi qənaətinə gələrək hüquq mühafizə orqanlarına şikayət etmişdir. Lakin, hüquq mühafizə orqanları tərəfindən bu məsələ mülki mübahisə kimi qiymətləndirilmiş, məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir (Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinin cavabı əlavə olunur). Ona görə də, pozulmuş hüquqlarını bərpa etmək məqsədilə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə üz tutmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə, iddia tələbinə qarşı etiraz və mülahizəsinin təqdim edilməsinin təklif olunmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə qarşı etiraz və mülahizələrini təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini tədqiq edib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli reyestrdə 7E-12458 sayla qeyd edilmiş etibarnamənin surətindən görünür ki, etibar edən İddiaçı etibar edilən Cavabdeh çıxarışla özünə məxsus olan Bakı şəhəri Pirallahı rayonu X14 257/259-2894/2896 ünvanında yerləşən ümumi sahəsi 41,4 kv.m olan bağ evinin və həmin bağ evinin yerləşdiyi ümumi sahəsi 0,1 ha torpaq sahəsinin 19000 manata satılması ilə bağlı tapşırıq vermişdir. - xx.xx.2022-ci il tarixli reyestrdə 4Ə-1590 sayla qeyd edilmiş alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı Bakı şəhəri Pirallahı rayonu X14 257/259-2894/2896 ünvanında yerləşən ümumi sahəsi 41,4 kv.m olan bağ evinin və həmin bağ evinin yerləşdiyi ümumi sahəsi 0,1 ha torpaq sahəsinin 0,05 ha hissəsini X5 10000 manata satmışdır. Müqaviləni İddiaçı əvəzinə Cavabdeh imzalamışdır. - Həmin müqavilədən görünür ki, daşınmaz əmlakların satılmasına görə İddiaçı tərəfindən cəmi 505,20 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. - xx.xx.2022-ci il tarixli reyestrdə 4Ə-1591 sayla qeyd edilmiş alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı Bakı şəhəri Pirallahı rayonu X14 257/259-2894/2896 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha torpaq sahəsinin 0,05 ha hissəsini X6 9000 manata satmışdır. Müqaviləni İddiaçı əvəzinə Cavabdeh imzalamışdır. - Həmin müqavilədən görünür ki, daşınmaz əmlakın satılmasına görə İddiaçı tərəfindən cəmi 300 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. - X10 və Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmış qəbzin surətindən görünür ki, X3 Çingiz Müzəffər oğlundan İddiaçı məxsus 8300 manat pul məbləğini götürdüyünü təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ona məxsus torpaq sahəsinin satılması ilə bağlı Cavabdeh etibarnamə vermiş və daşınmaz əmlakların satılmasını ona tapşırmışdır. Lakin, Cavabdeh tərəfindən tapşırıq tam icra edilməmişdir. Həmin daşınmaz əmlaklar satıldıqdan sonra Cavabdeh tərəfindən iddiaçıya çatacaq pul məbləğindən yalnız 8300 manat məbləğində pul geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, cavabdehdən tutularaq iddiaçıya ödənilməli məbləğ iddiaçının iddia ərizəsində göstərdiyi məbləğdə deyil. Belə ki, alqı-satqı müqavilələri imzalanan zaman sadələşdirilmiş vergi kimi cəmi 805 manat məbləğində pul da Cavabdeh tərəfindən ödənilmişdir. Bununla da müəyyən edilir ki, cavabdehdən iddiaçının xeyrinə 9895 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin gecikdirməyə görə faizin hesablanması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi qismən təmin edildiyindən dövlət rüsumuna görə ödənilmiş 118,95 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 9895 (doqquz min səkkiz yüz doxsan beş) manat və ödənilmiş dövlət rüsumuna görə 118,95 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 4,05 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-595/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-595/2024
27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver