Məhkəmə qərarları › İş №e-2(003)-938/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-938/2025

02.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-938/2025 02.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə, Cavabdeh3, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ayrılmış torpaq sahəsinə dair digər şəxsə verilmiş çıxarışın etibarsız hesab edilməsi, həmin çıxarış əsasında həyata keçirilmiş alqı-satqı müqavilələrinin və bu müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ayrılmış torpaq sahəsinə dair digər şəxsə verilmiş çıxarışın etibarsız hesab edilməsi, həmin çıxarış əsasında həyata keçirilmiş alqı-satqı müqavilələrinin və bu müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyəti üzrə 096 saylı, 20 avqust 1999-cü il tarixli sərəncamı ilə və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X6 21 may 2003-cü il tarixli əmri ilə Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində fərdi mənzil tikintisi üçün iddiaçıya ayrılmış 5 sot torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli, **********72 reyestr nömrəli, **********5 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, həmin çıxarış əsasında qeyd olunan torpaq sahəsinin Cavabdeh2 satılmasına dair 15 fevral 2022-ci il tarixli alqısatqı müqaviləsi və həmin müqavilə əsasında ona verilmiş **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh2 adından Cavabdeh3 adına rəsmiləşdirilmiş 09 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında ona verilmiş çıxarışın ləğv edilməsi, qeyd olunan torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması və alqı-satqı müqavilələri əsasında ödənilmiş məbləğlərin qeyd olunan alqsatqı müqavilələri üzrə alıcılara qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron RİH üzrə 096 saylı 20 avqust 1999cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 21 may 2003-cü il tarixli əmri ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunun ərazisində 5 sot torpaq sahəsi fərdi mənzil tikintisi üçün ona ayrılmışdır. Həmin torpaq sahəsini iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirmək üçün torpaq sahəsinin plan-cizgisinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X4 müraciət etdikdə oradan mənə verilmiş 19 oktyabr 2023-cü il tarixli məktubda bildirilmişdir ki “sözügedən əraziyə dair digər vətəndaşın mülkiyyət hüququnu təsdiq edən sənədlər olduğundan plan-cizginin təqdim edilməsi tərəfimizdən mümkün deyildir. Ona ayrılmış torpaq sahəsinə dair sənədlərin qanunsuz olaraq kimin mülkiyyətinə verilməsini müəyyən etmək üçün tərəfindən torpağa dair sənədlərin sürəti əlavə edilərək dəfələrlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilsə də, bu barədə heç bir məlumat verilməmişdir. Bununla əlaqədar iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Abşeron Rayon İcra Hakimiyyəti üzrə 096 saylı 20 avqust 1999-cu il tarixli sərəncamı ilə və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X6 21 may 2003-cü il tarixli əmri ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunun ərazisində fərdi mənzil tikintisi üçün ona ayrılmış 5 sot torpaq sahəsinin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilməsi və həmin torpaq sahəsinə dair adına müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin Bakı İnzibati Məhkəməsində araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçıya ayrılmış qeyd olunan torpaq sahəsi qanunsuz olaraq, iş üzrə Cavabdeh1 adına **********72 reyestr nömrəli çıxarış verilmişdir, həmin çıxarış əsasında qeyd olunan torpaq sahəsi 15 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iş üzrə digər Cavabdeh2 satılmışdır, Cavabdeh2 adından isə 09 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iş üzrə digər Cavabdeh3 satılmışdır. Məhz qeyd olunan səbəbdən də iddiaçıya ayrılmış torpaq sahəsinə dair çıxarış və texniki pasortun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddası təmin olunmamışdır. İddiaçıya ayrılmış qeyd olunan torpaq sahəsi hazırda digər şəxsin faktiki olaraq mülkiyyətində olduğundan, hesab edirəm ki, iddiaçının qanuni hüquqlarının təmin olunması üçün iddiaçıya ayrılmış torpaq sahəsi ilə əlaqədar iş üzrə Cavabdeh1 adına verilmiş 16.12 2021-ci il tarixli, **********72 reyestr nömrəli, **********5 qeydiyyat nömrəli çıxarış məhkəmə qaydasında etibarsız hesab edilməlidir, həmin çıxarış əsasında qeyd olunan torpaq sahəsinin Cavabdeh2 satılmasına dair 15 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında ona verilmiş **********72 reyestr nömrəli,********** qeydiyyat nömrəli çıxarış, Cavabdeh2 adından Cavabdeh3 adına rəsmləşdirilmiş 09 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsi həmin müqavilə əsasında ona verilmiş çıxarış ləğv edilməli, qeyd olunan torpaq sahəsi ilkin vəziyyətinə qaytarılmalı,alqı-satqı müqavilələri əsasında ödənilmiş məbləğlər qeyd olunan alqı satqı müqavilələri üzrə alıcılara qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən iddiaçıya verilmiş 19 dekabr 2023-cü il tarixli məktubla da tam sübut olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsinin plan-cizgisi başqa səxsin adına,yəni iş üzrə maraqlı şəxs Cavabdeh1 adına verilmişdir. Belə ki həmin məktubda göstərilir ki, “sözügedən əraziyə dair digər vətəndaşın mülkiyyət hüququnu təsdiq edən sənədlər olduğundan həmin sahənin plan-cizgisinin təqdim edilməsi tərəfimizdən mümkün deyildir.” Eyni zamanda iş üzrə maraqlı şəxs Cavabdeh1 10 sot torpaq sahəsi ayrıldığı halda iddiaçıya ayrılmış 5 sot (0,0474 ha) torpaq sahəsinə dair sənədin verilməsi də, torpaqla əlaqədar ona verilmiş sənədlərin qanunsuz olduğunu və bu qanunsuzluqların da onun qanunla qorunan hüquqlarımı pozduğunu bir daha sübut edir. Qeyd olunanlardan görünür ki, adı çəkilən çıxarışlar və alqı-satqı müqavilələri ləğv edilmədən iddiaçının qeyd olunan torpaq sahəsi ilə əlaqədar qanunla qorunan hüquqalrımın təmin olunması mümkün deyildir. Bu səbəbsən də Abşeron Rayon İcra Hakimiyyəti üzrə 096 saylı 20 avqust 1999-cu il tarixli sərəncamı ilə və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X6 21 may 2003-cü il tarixli əmri ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunun ərazisində fərdi mənzil tikintisi üçün mənə ayrılmış 5 sot torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş 16.12 2021-ci il tarixli **********72 reyestr nömrəli,**********5 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, həmin çıxarış əsasında qeyd olunan torpaq sahəsinin Cavabdeh2 satılmasına dair 15 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında ona verilmiş **********72 reyestr nömrəli,********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh2 adından Cavabdeh3 adına rəsmiləşdirilmiş 09 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında ona verilmiş çıxarışın ləğv edilməsi, qeyd olunan torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması və alqı-satqı müqavilələri əsasında ödənilmiş məbləğlərin qeyd olunan alqı satqı müqavilələri üzrə alıcılara qaytarılmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, o, İddiaçı tanıyır. Rəfail ona bir dəfə zəng etmiş və bildirmişdir ki, ona məxsus olan torpaq sahəsi guya Rəfailindir. O da Rəfailə torpaq sahəsinin onun özünə məxsus olduğunu və hər hansı sənədi olacağı təqdirdə müvafiq orqana rəsmi şəkildə müraciət etməsini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin ərazidəki torpaq sahələri hamısı kodlaşdırılmışdır. Belə ki, qonşudakı torpaq sahələri 3-918, 3-919 qonşulara məxsusdur. 3-920 və 3-921 kodlu hər biri 10 sotdan ibarət torpaq sahəsi onunla qardaşının adınadır. 3-922 qonşusu Səbuhinin adınadır. Rəfaildəki olan torpağın kodu 3-923-dür. O da bununla bağlı Rəfailə demişdir. Torpaq sahələri kodlaşdırılmışdır. Həmçinin bildirdi ki, ona məxsus olan torpaq sahəsinin plan-ölçü sənədi, rüsumla bağlı sənədləri və qanunamüvafiq qaydada çıxarışı vardır. Müvafiq idarə tərəfindən verilmiş çıxarış əsasında olan torpaq sahəsini alqı-satqı yolu ilə satmışdır. Hesab edir ki, iddiaçının iddiası əsassız və qanunsuzdur. Bu səbəbdən də iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 bildirdi ki, torpaq sahəsini qanuni şəkildə almışdır. Belə ki, müvafiq dövlət rüsumunu və pul məbləğini ödəyərək alqı-satqı müqaviləsi əsasında çıxarış əldə etmişdir. Onu sözügedən torpaq sahəsi ilə əlaqədar mübahisənin olub-olmamasından xəbəri olmamışdır. Yalnız mübahisə barədə Bakı İnzibati Məhkəməsində proses olan zaman məlumatı olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, o, torpaq sahəsini qanuni şəkildə əldə etdiyi üçün iddiaçının iddiası əsassız və qanunsuzdur. Bu səbəbdən də iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, torpaq sahəsini qanuni şəkildə almışdır. Belə ki, müvafiq dövlət rüsumunu və pul məbləğini ödəyərək alqı-satqı müqaviləsi əsasında çıxarış əldə etmiş və daha sonra alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satmışdır. Əlavə olaraq qeyd etmişdir ki, o, torpaq sahəsini qanuni şəkildə əldə etdiyi və satdığı üçün iddiaçının iddiası əsassız və qanunsuzdur. Bu səbəbdən də iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, həmin şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutları yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-920A ünvanında yerləşən reyestr nömrəsi **********72 olan 0,0474 ha torpaq sahəsi xx.xx.2021-cü il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 arayışından görünür ki, Cavabdeh1 X10 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli, 28 nömrəli əmrdən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha hesabı ilə 3- 920 kodlu torpaq sahəsi ayrılmışdır. 3-920 kodlu torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur. Məhkəmə mübahisəsi yoxdur. İş materiallarında olan həyətyanı torpaq sahəsinin sxemindən görünür ki, 3-920 kodlu torpaq sahəsinin plan və ölçü sxemi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti üzrə sərəncamından çıxarışından görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti qərara aldı: - Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cü il tarixli, 096 nömrəli sərəncamı ilə Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislər verilməsi üçün hər ailəyə 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrıldığı nəzərə alınsın. - Vətəndaş Cavabdeh1 0,10 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən Tərəvəzçilik-Südçülük Sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cü il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli 27/K nömrəli əmri nəzərə alınsın. - Vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0,10 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilsin. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 21 may 2003-cü il tarixli əmrindən çıxarışından görünür ki, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən Cavabdeh1 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan 15 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-920A ünvanında yerləşən torpaq sahəsi Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır. İş materiallarında olan 09 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-920A ünvanında yerləşən torpaq sahəsi Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Məmmədov X14 şəhəri, Zeynəddin kəndində, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh2 ünvan 2 ünvanında və xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh3 isə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X2 19 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, sözügedən əraziyə dair digər vətəndaşın mülkiyyət hüququnu təsdiq edən sənədlər olduğundan plan-cizginin X7 təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 21 may 2003-cü il tarixli əmrindən çıxarışından görünür ki, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X5 0,05 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti üzrə sərəncamından 096 saylı, 20 avqust 1999-cu il tarixli çıxarışından görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti qərara aldı: - Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cü il tarixli, 096 nömrəli sərəncamı ilə Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislər verilməsi üçün hər ailəyə 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrıldığı nəzərə alınsın. - X1 0,05 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən Tərəvəzçilik- Südçülük Sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cü il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli 27/K nömrəli əmri nəzərə alınsın. - Vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0,05 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilsin. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X2 13 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası İşlər İdarəsinin X6 21 may 2003-cü il tarixli, 28 saylı saylı əmrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı X3nın 17 may 2003-cü il tarixli, 02 saylı protokolunun, arxiv kitabında vətəndaşın adı qeyd olunmuş səhifənin (50-ci səhifədə 9-cu sətir) təsdiqlənmiş surəti təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İşlər İdarəsinin Kənd Təsərrüfatı X3 Komitəsinin 17 may 2003-cü il tarixli, 02 saylı Protokolundan çıxarışdan görünür ki, aşağıda siyahıda qeyd olunan X6 işçilərinə və vətəndaşlara 0,10 ha hesabı ilə hər adama fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İşlər İdarəsinin X6 21 may 2003-cü il tarixli, 28 saylı əmrdən görünür ki, siyahıda adları göstərilən X6 işçilərinin hər birinə fərdi yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-920A (yeni qaydalarla: AZ 1076, ünvan 4 ünvanında yerləşən reyestr nömrəsi **********72 olan 0,0474 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Həmin çıxarışa əlavə olunmuş torpaq sahəsinin kadastr göstəricilərindən görünür ki, torpaq sahəsinin faktiki olaraq plan və cizgi sexmi vardır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9340/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs Cavabdeh3) qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müəyyən edildi ki, həm İddiaçı, həm də Cavabdeh1 torpaq sahəsi ayrılmışdır. Belə ki, Azərbaycan Respublikası İşlər İdarəsinin Kənd Təsərrüfatı X3 Komitəsinin 17 may 2003-cü il tarixli, 02 saylı Protokolundan çıxarışdan görünür ki, aşağıda siyahıda qeyd olunan X6 işçilərinə və vətəndaşlara 0,10 ha hesabı ilə hər adama fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması qərar alınmış və həm İddiaçı, həm də Cavabdeh1 torpaq sahəsi ayrılmışdır. Lakin Cavabdeh1 ayrılmış torpaq sahəsinin plan və ölçü sxemi olsa da, lakin İddiaçı ayrılmış torpaq sahəsinin plan və ölçü sxemi yoxdur. Beləliklə, müəyyən olunmuşdur ki, sözügedən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-920A ünvanında yerləşən və mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya ayrılmasına dair hər hansı bir sənəd mövcud deyil. Odur ki, mübahisəli torpaq sahələrinin məhz iddiaçıya ayrılan torpaq sahəsi olması sübuta yetirilmir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyildir. Çünki, onlar mübahisə predmeti olan torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişlər. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən “Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.” İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 02 saylı, 14 fevral 2003-cü il tarixli qərarına əsasən “Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Qeyd edilsin ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir.” Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.” Həmin Məcəllənin 48.4-cü maddəsinə əsasən “Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.” Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən “Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən “Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.” Həmin Məcəlləsinin 65-ci maddəsinə əsasən “Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında qanununun 9-cu maddəsinə əsasən “Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.” Həmin qanunun 17-ci maddəsinin 1-ci bəndinə əsasən “Torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır.” Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 fevral 2015-ci il tarixli qərarına əsasən “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr tərəfindən torpaq sahəsi ilə bağlı mübahisələr həll edilərkən, torpaq sahələrinin hüquqi rejiminin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilməlidir.” Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3.1-ci maddəsinə əsasən “Torpaq münasibətləri - dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir.” Yuxarıda göstərilən maddi hüquq normalarından və məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iş materiallarda olan reyestr nömrəsi **********72 olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-920A ünvanında yerləşən sahəsi 0,0474 ha olan torpaq sahəsi Cavabdeh1 adına qeydiyyata alınmış, eləcə də həmin həyətyanı torpaq sahəsinin sxemi də verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədi tam qanuni və əsaslı olaraq tərtib edilmişdir. İddiaçı reyestr nömrəsi **********72 olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-920A ünvanında yerləşən sahəsi 0,0474 ha olan torpaq sahəsinin ona ayrılmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.2-ci maddəsinə əsasən “Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.” Torpağın mülkiyyətə verilməsinə dair digər çıxarışdan görünür ki, reyestr nömrəsi **********72 olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-920A ünvanında yerləşən sahəsi 0,0474 ha olan torpaq sahəsi ilə əlaqədar həmin sözügedən torpağın konturları dəqiq müəyyən edilmişdir. Lakin iddiaçıya verilən torpaq sahələrinin konturlarının səlahiyyətli orqanlar tərəfindən müəyyən edilməməsi iş materialları ilə sübut edilmişdir. Bu səbəbdən iddiaçı cavabdehin rəsmi qeydiyyatdan keçən torpağının onlara məxsus olmasın sübut edə bilməmişlər. Belə ki, iddiaçıya ayrılan torpağın məhz mübahisəli torpaq sahəsi olmasını təsdiq edən heç bir sübut ortalıqda yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.” Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ayrılmış torpaq sahəsinə dair digər şəxsə verilmiş çıxarışın etibarsız hesab edilməsi, həmin çıxarış əsasında həyata keçirilmiş alqı-satqı müqavilələrinin və bu müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar