Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-103/2023 04.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 6 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 98 saylı mənzilin satışı zamanı sahəni artıq göstərməklə iddiaçıdan artıq alınmış 15.860 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olan 138 manat, etibarnamə alınması üçün ödənilmiş 17,25 manat və hüquqi yardım üçün ödənilmiş 500 manat pul vəsaitinin cavabdeh "xxxx" MTK-dan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında 03 fevral 2014-cü il tarixdə 98 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanda inşa ediləcək yüksək mərtəbəli 6 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 98 saylı mənzili iddiaçıya satmalı, iddiaçı isə həmin mənzilin dəyərini ödəməli idi. Müqavilənin 2.2.1-ci bəndinə əsasən 6 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 108.00 m2 olan 3 otaqlı, 98 saylı mənzilin dəyəri hər kvadrat metri üçün 800 manat olmaqla, cəmi 86.400 manat müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı xx.xx.2014-cü il tarixdə 80.000 manat məbləğində ilkin ödəniş etmiş, 6.400 manat qalıq məbləği isə xx.xx.2014-cü il tarixdə ödəmişdir. Sonradan cavabdeh iddiaçıya eyni ölçüdə bir mərtəbə aşağıda yerləşən mənzili təklif etmişdir. Bu təklifi onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilə üzrə iddiaçıya satılmış mənzilin yerləşən mərtəbədə digər mənzil sahibi öz oğlu üçün də eyni mərtəbədən mənzil almaq niyyətindədir. İddiaçı buna öz razılığını vermiş və tərəflər arasında mövcud olan müqaviləyə dəyişiklik edilmişdir. Yeni müqavilənin 2.2.1-ci bəndinə əsasən 6 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 105.32 m2 olan 3 otaqlı, 98 saylı mənzilin dəyəri sahəsinin hər kvadrat metri üçün 800 manat olmaqla, cəmi 83700 manat müəyyən edilmişdir. Lakin, müqavilədən də göründüyü kimi, cavabdeh müqaviləyə dəyişiklik edərkən mənzilin ölçüsünü tərəflər arasında razılaşdırılmış 109.32 m2-dən 4 m2 az qeyd etmişdir. Bunun müqabilində, cavabdeh iddiaçıdan 4 m2 üçün əlavə 3600 manat məbləğində ödəniş almış və iddiaçıya əlavə 4 m2 ərazini də təhvil vermişdir. Cavabdeh tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 124 ünvanda inşa edilmiş 6 saylı çoxmərtəbəli kooperativ yaşayış binasının 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 109.32 m2 olan 98 saylı 3 otaqlı mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və iddiaçının cavabdehə heç bir borcu yoxdur. Ümumilikdə, qeyd olunan müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə 87.300 manat məbləğində ödəniş edilmişdir. Qeyd olunan mənzil ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışına əsasən müəyyən edilmişdir ki, yeni qaydalarla ünvanı AZ1002, ünvan 2mi sahəsi 89,30 m2 təşkil edir. Göründüyü kimi, mənzilin faktiki sahəsi alğı-satqı müqaviləsində nəzərdə tutulmuş sahədən azdır, yəni cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müqavilə ilə nəzərdə tutulan mənzili tam sahəsi ilə, yəni 109.32 m2-dən ibarət olan iddiaçıya təhvil verməmişdir. Mənzilin 1 m2 sahəsinin qiyməti 800 manat olduğu nəzərə alınaraq iddiaçı tərəfindən artıq ödənilmiş məbləğ 15.860 manat təşkil edir. Həmçinin qeyd edilmişdir ki, iddiaçı ilə onun nümayəndəsi və vəkili Nümayəndə arasında hüquqi xidmət göstərilməsi ilə bağlı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 500 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2014-cü il tarixli ilkin müqaviləyə əsasən iddiaçıya cavabdeh tərəfindən qeyd olunan ünvandakı 6 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 108 m2 olan 98 saylı mənzili təhvil verilməli, həmin mənzil üçün iddiaçı tərəfindən isə 86.400 manat ödəniş edilməli idi. İlkin müqavilə üzrə müəyyən edilmiş məbləğ iddiaçı tərəfindən iki dəfəyə 80.000 manat birinci dəfə, 6400 manat ikinci dəfə olmaqla tam şəkildə ödənilmişdir. Lakin sonradan 2016-cı ildə, yəni tikinti işləri davam etdiyi dövrdə cavabdeh iddiaçıya müraciət edərək bildirmişdir ki, digər mənzil sahibi övladına eyni mərtəbədə yerləşən mənzil almaq niyyətindədir, ona görə də iddiaçıya əvvəlki mənzili bir mərtəbə aşağıda alt-üst yerləşən digər mənzillə əvəz etməsini təklif etmiş, eləcə də əlavə ödəniş müqabilində ümumi istifadədə olan dəhlizdən ona 4 m2 əlavə sahə veriləcəyini bildirilmişdir. İddiaçı cavabdehin bu təklifi ilə razılaşmış, yeni razılaşmaya əsasən əvvəlki müqavilənin və ödəniş qəbzlərinin əsasında 18 iyun 2016-cı il tarixli 166 saylı müqavilə bağlanmış, iddiaçı tərəfindən əlavə ödəniş edildikdən sonra eyni tarixli iki ədəd 83.700 manat və 3600 manat, cəmi 87.300 manat ödəniş olmasına dair yeni kassa mədaxil qəbzləri verilmişdir. Yeni müqavilədə mənzilin nömrəsi eynilə 98 kimi göstərilməsinə baxmayaraq, mənzilin ümumi sahəsi 105 m2 kimi qeyd olunmuşdur. Beləliklə, razılaşmaya görə cavabdeh iddiaçıya aşağı mərtəbədə yerləşən mənzillə yanaşı dəhlizdən əlavə 4 m2 sahəni təhvil vermiş və ümumi olaraq iddiaçı 109 m2 sahəli mənzil üçün cəmi 87.300 manat cavabdehə ödəniş etmişdir. 2020-ci ildə bina tam təhvil verildikdən sonra iddiaçı mənzilə dair mülkiyyət hüququnu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata aldırarkən müəyyən etmişdir ki, mənzilin faktiki sahəsi müqavilədə göstərildiyi kimi deyil 89,30 m2 təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Verilmiş suallara əsasən iddiaçının nümayəndəsi-vəkili əlavə olaraq bildirmişdir ki, mənzilin hər kvadrat metrinin 800 manatdan hesablanmaqla əldə edilməsini və iddiaçı tərəfindən yalnız mənzilin faktiki sahəsinə görə 87.300 (səksən yeddi min üç yüz) manat məbləğində ödəniş edilməsini qəbul edir. Lakin, cavabdeh tərəfindən iddiaçıya verilmiş müxtəlif tarixli maliyyə arayışlarında, protokoldan çıxarışda və eləcə də müqavilədə mənzilin ümumi sahəsinin fərqli göstərilməsinin səbəbini bilmir. Ona görə də məhkəmədən iddiaçıya sonuncu olaraq ödəniş həyata keçirilməsinə dair cavabdeh tərəfindən təqdim edilmiş 18 iyun 2016-cı il tarixli kassa mədaxil qəbzlərinin və maliyyə arayışının sübut olaraq qəbul edilməsini xahiş edir. Həmçinin qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli (dəyişiklik xx.xx.2016-cı il) müqavilənin 2.2.2-ci bəndinə əsasən iddiaçı tərəfindən cavabdehə əlavə xərclərə dair 2.500 manat pul vəsaiti böyük ehtimalla ödənilmişdir, lakin buna dair məhkəməyə sübut təqdim edə bilmir, 87.300 manat pul vəsaiti isə sırf mənzilin faktiki sahəsinə görə ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6083 saylı ekspert rəyinə münasibətdə isə bildirir ki, rəylə, yəni mənzilin faktiki sahəsinin 99,3 m2 təşkil etməsi xüsusatı ilə razıdır və heç bir etirazı yoxdur. Çünki, hesab edir ki, ekspert rəyi qanunvericiliyin tələblərinə əsasən ətraflı və tam aydın şəkildə əsaslandırılmışdır. Həmçinin rəydə qeyd olunduğu kimi, mənzilin hayihəsi ilə, onun texniki pasportundakı göstəricilərinin uyğunluq təşkil etməməsini qəbul edir. Belə ki, qeyd olunan texniki pasport cavabdehin verdiyi sənədlər əsasında tərtib edilmişdir. İddiaçı isə bunu mabahisələndirməmişdir. İşin hallarından da göründüyü kimi, cavabdeh iddiaçıya əlavə olaraq dəhlizdən 4 m2 sahə vermiş, bundan başqa iddiaçı özü də otaqların yerləşməsi vəziyyətində müəyyən dəyişikliklər etmişdir. Rəydən isə görünür ki, dəhlizdən verilmiş sahə də daxil olmaqla mənzilin ümumi faktiki sahəsi 99,3 m2 təşkil edir. Cavabdeh "xxxx" MTK məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - satıcı qismində "xxxx" MTK ilə alıcı qismində İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 98 nömrəli kooperativ binada mənzil tikintisi barədə müqavilənin surətinə əsasən müəyyən edilir ki, cavabdeh tərəfindən ünvan 3 ünvanında inşa ediləcək 6 saylı yaşayış binasının 14-cü mərtəbəsində 98 saylı, ümumi sahəsi 108 m2 olan mənzil İddiaçı 1 m2-i 800 (səkkiz yüz) manat hesablanmaqla 86.400 (səksən altı min dörd yüz) manata satılmışdır. İlkin ödənişin məbləği 80.000 (səksən min) manat təşkil etmişdir. - "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli kassa mədaxil orderinə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən bina 6, 14-cü mərtəbə, 98 saylı mənzil üçün 80.000 (səksən min) manat "xxxx" MTK-ya ilkin ödəniş olaraq ödənilmişdir. - "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli kassa mədaxil orderinə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən bina 6, 14-cü mərtəbə, 98 saylı mənzil üçün aylıq ödəniş olaraq 6.400 (altı min dörd yüz) manat "xxxx" MTK-ya ödənilmişdir. - satıcı qismində "xxxx" MTK ilə alıcı qismində İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 98 nömrəli müqaviləyə dəyişiklik olaraq bağlanmış xx.xx.2016-cı il tarixli, (166) 98 nömrəli müqavilənin əslindən müəyyən edilir ki, ünvan 3 ünvanında inşa ediləcək 6 saylı yaşayış binasının ümumi sahəsi 105,32 m2 olan 98 saylı mənzili İddiaçı 1 m2-i 800 manat hesablanmaqla 83.700 (səksən üç min yeddi yüz) manata satılmışdır. - "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli kassa mədaxil orderinin əslinə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən bina 6, 14-cü mərtəbə, 98 saylı mənzil üçün 83.700 (səksən üç min yeddi yüz) manat "xxxx" MTK-ya ödənilmişdir. - "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli kassa mədaxil orderinin əslinə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən bina 6, 14-cü mərtəbə, 98 saylı mənzil üçün 3.600 (üç min altı yüz) manat İmperial AS” MTK-ya ödənilmişdir. - "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli arayışın əslindən müəyyən edilir ki, İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə 6 saylı binanın 14-cü mərtəbəsində yerləşən sahəsi 105,32 m2 olan 98 saylı yaşayış sahəsinin dəyəri tam ödənilmişdir. - Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən 98 saylı mənzil (yeni qaydalarla: Az 1002, Bakı şəhəri Nizami rayonu, Tofiq Abbasov küçəsi, 124,M14, m2) xx.xx.2020-ci il tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı adına reyestrdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, işin müəyyən edilmiş mübahisəsiz halı odur ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə 98 saylı mənzilin alğı-satqısına dair müqavilə bağlanmış, daha sonra həmin müqaviləyə dəyişiklik edilməsinə dair tərəflər arasında xx.xx.2016-cı il tarixli 166 (98) saylı yeni müqavilə bağlanmışdır. Hər iki müqavilənin məzmunundan müəyyən edilir ki, tərəflər mənzilin dəyərini ümumi sahəsinə görə 1 m2-i 800 (səkkiz yüz) manatdan olmaqla hesablanmasına razılaşmışlar. Mənzil cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş və hazırda onun mülkiyyətindədir. Hazırda iddiaçı cavabdeh tərəfindən ona təhvil verilmiş mənzilin sahəsinin müqavilə üzrə razılaşdırılmış sahədən az olduğunu bildirərək mənzil üçün ödənilmiş məbləğlə mənzilin real dəyəri arasında yaranmış fərq olaraq 15.860 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat, ödənilmiş dövlət rüsumu olan 17,5 manat və 138 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək işin halları ilə bağlı etiraz və sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddia qismən əsaslıdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin faktiki sahəsinin müqavilə üzrə razılaşdırılmış sahədən az olması səbəbiylə həmin mənzil üçün ödənilmiş artıq məbləğin ona qaytarılması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrin mətnindən mübahisəli mənzilin nömrəsinin və yerləşdiyi mərtəbənin eyni göstərilməsinə baxmayaraq ümumi sahənin ölçülərinin fərqli göstərildiyi müəyyən edilir. Belə ki, xx.xx.2014-cü il tarixli müqavilədə mənzilin sahəsi 108 (bir yüz səkkiz) m2 göstərildiyi halda, xx.xx.2016-cı il tarixli, 166 (98) saylı yeni müqavilədə mənzilin ümumi sahəsi 105,32 m2 göstərilmişdir. Beləliklə, sonuncu razılaşmaya əsasən cavabdeh iddiaçıya 105,32 m2-dən ibarət mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 116 nömrəli maliyyə arayışından, MTK-nın üzvlərinin ümumi yığıncağının 110 nömrəli protokolundan çıxarış və ona əlavə edilmiş layihədən görünür ki, mənzilin ümumi sahəsi 109,32 m2 qeyd edilmişdir. Lakin işin faktiki hallarından müəyyən edilir ki, cavabdeh "xxxx" MTK iddiaçıya aralarında bağlanmış müqaviləyə əsasən 105,32 m2 sahədən ibarət mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçının nümayəndəsivəkili isə məhkəmə baxışında verdiyi izahatında xx.xx.2016-cı il tarixli 166 (98) saylı müqavilənin sübut olaraq qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə göstərilənlərə əsasən xx.xx.2020-ci il tarixli, 116 nömrəli maliyyə arayışını işin faktiki hallarına uyğun olmadığından sübut olaraq qəbul etmir və xx.xx.2016-cı il tarixli, 166 (98) saylı müqaviləni mötəbər sübut olaraq qəbul edərək hesab edir ki, sonuncu razılaşmaya əsasən cavabdeh iddiaçıya 105,32 m2-dən ibarət mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********34-05301-093078 nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 98 saylı (yeni qaydalarla: Az 1002, Bakı şəhəri Nizami rayonu, Tofiq Abbasov küçəsi, 124,M14, m2) mənzilin xx.xx.2020-ci il tarixdə tərtib edilmiş, 04/22389 invertar nömrəli Texniki Pasport sənədindən görünür ki, mənzil 16 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşməklə 3 yaşayış otağı, bir sanitar qovşağı, bir hamam, bir dəhliz, bir eyvan, bir lociya və bir mətbəx tikililərindən ibarət olmaqla yaşayış otaqlarının sahəsi 55,4 m2, köməkçi otaqlarının sahəsi 33,9 m2 olmaqla, ümumi sahəsi 89,3 m2 təşkil edir. Məhkəmə baxışı zamanı iddiaçıya cavabdeh tərəfindən təhvil verilmiş mənzilin faktiki sahəsinin müəyyənləşdirilməsi məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6083 saylı ekspert rəydən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2442-ci məhəllə, ev 120, 122, 124, 3 otaqlı, 98 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 124, M14, mənzil 2) mənzilin ümumi sahəsinin (daxili parametrləri (içdən-içə)) 95,0 m2, eyni zamanda mənzilin faktiki sahəsinin içdən-içə hesablanaraq arakəsmələr, həmçinin eyvan və sanitar qovşaqları da daxil olmaqla 99,3 m2 təşkil etməsi müəyyən edilmişdir. Bundan başqa sözügedən mənzilin faktiki sahəsi (99,3 m2) ilə həmin mənzilə dair bağlanmış 03 fevral 2014-cü il tarixli (18 iyun 2016-cı il tarixli dəyişikliklə) müqavilədə göstərilmiş (105,32 m2) sahə arasında 6,02 m2 fərq olduğu müəyyən edilmişdir. Rəyin təsviri hissəsindən həmçinin görünür ki, ekspert tərəfindən mənzilə baxış zamanı müəyyən olunmuşdur ki, mənzil yaşayış binasının 15-ci mərtəbəsində yerləşməklə, ümumi quruluşu, tikililərin yerləşmə vəziyyəti, ölçüləri və digər texniki parametrləri onun texniki pasportunda göstərilənlərə uyğun deyildir. Ekspert tərəfindən sözügedən mənzilin faktiki ümumi quruluşu, tikililərin yerləşmə vəziyyəti və digər texniki parametrləri əks olunmuş sxem rəyə əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilələrdə mənzillərin mərtəbəsi və nömrəsi eyni göstərilməsinə baxmayaraq, razılaşmaya əsasən iddiaçıya ilkin müqavilədə göstərilən mənzildən fərqli olaraq digər mərtəbədə yerləşən mənzil təhvil verilmişdir. Eləcə də iddiaçının nümayəndəsi-vəkilinin məhkəmə baxışında verdiyi izahatdan da müəyyən edilir ki, mənzilin faktiki sahəsi və digər göstəriciləri onun texniki pasportunda göstərilənlərdən fərqlidir. Belə ki, texniki pasport cavabdeh MTK tərəfindən təqdim edilmiş sənədlər əsasında tərtib edilmişdir. İddiaçının nümayəndəsi-vəkili ekspert rəyində qeyd olunan mənzilin faktiki göstəricilərinə etirazının olmadığını bildirmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ekspert rəyi işin faktiki hallarına uyğun olduğundan və digər sübutlarla təkzib edilmədiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin ekspert rəyinə əsasən təsdiq edilir ki, iddiaçının mülkiyyətində olan sözügedən mənzilin faktiki sahəsi 99,3 m2 təşkil edir. İddiaçı hazırda 105,32 m2 sahəyə uyğun olaraq cavabdehə 87.300 manat ödəniş etdiyini iddia edir. İddiaçı tərəfindən məhkəməyə sübut olaraq təqdim edilmiş "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 116 nömrəli maliyyə arayışından görünür ki, mənzilin dəyəri 83.700 manat göstərilməklə İddiaçı tərəfindən mənzilin dəyərinin tam şəkildə ödənilməsi və onun MTK-ya heç bir borcunun olmaması qeyd edilmişdir. Eləcə də, hər iki müqavilələrin mətnindən görünür ki, mənzilin dəyəri müxtəlif göstərilməklə, 1 kvadrat metri 800 manatdan hesablanmasına dair razılaşma olmasına baxmayaraq mənzilin müqavilədə göstərilən ümumi sahəsinə nəzərən qiyməti düzgün hesablanmamışdır. Belə ki, xx.xx.2016-cı il tarixli 166 (98) saylı müqavilədə mənzilin ümumi sahəsi 105,32 m2 göstərilməklə, hər kvadrat metrin 800 manatdan hesablanması razılaşdırılmasına baxmayaraq, mənzilin dəyəri adi riyazi hesabamaya görə 84,256 (105,32x800) manat olmalı olduğu halda, 83.700 manat qeyd edilmişdir. xx.xx.2016-cı il tarixli maliyyə arayışında isə mənzilin dəyərinin tam ödənilməsi və borcun olmaması göstərilməsinə baxmayaraq, mənzilə görə hansı məbləğin ödənilməsi qeyd edilməmişdir. Lakin cavabdehin tərtib etdiyi müxtəlif tarixli yuxarıda qeyd olunan sənədlərin müqayisəli təhlili nəticəsində təsdiq edilir ki, iddiaçı cavabdehin müəyyən etdiyi mənzilin qiymətini tam şəkildə ödəməklə müqavilə üzrə öz öhdəliyini yerinə yetirmişdir. Eləcə də tərəflər arasında ilkin müqaviləyə dəyişiklik edilməsinə dair xx.xx.2016-cı il tarixli müqavilə bağlandıqdan sonra, eyni tarixdə verilmiş kassa mədaxil orderləri ilə təsdiq edilir ki, iddiaçı tərəfindən mənzilə görə 87.300 (83.700+3600) manat cavabdehə ödəniş edilmişdir. Məhkəmə xx.xx.2016-cı il tarixli maliyyə arayışı və mədaxil qəbzlərinin əslini mötəbər sübut kimi qəbul edir. Göstərilənlərlə yanaşı tərəflər arasında bağlanmış hər iki müqavilənin 2.2.2-ci bəndinə əsasən müəyyən edilir ki, İddiaçı mübahisəli mənzilə işıq sayğacı, qaz sayğacı, qazın dedektor ilə klapanları və su sayğaclarının quraşdırılması, peyk antenasının quraşdırılması, telefon çəkilişi məbləğini öz hesabına ödəməyi, yəni mənzilin təmirinə başlayanda kooperativə 2.500 manat məbləğində pul ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi-vəkilinin verdiyi izahatdan və işin faktiki hallarından müəyyən edilir ki, mənzilə kommunal xidmətlərə görə sayğaclar quraşdırılmışdır. Lakin iddiaçı həmin məbləği hansı tarixdə və hansı qaydada cavabdehə ayrıca ödəməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Bu halda məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə müqavilə üzrə öhdəliyinin icrası ilə bağlı, yəni həm mənzilin ümumi sahəsinə görə dəyəri, həm də müqavilənin 2.2.2-ci bəndində qeyd olunmuş öhdəliyinin icrası ilə bağlı cavabdehə 87.300 manat ödəniş etmişdir. Dolayısı ilə iddiaçının müqavilə üzrə mənzilin dəyərindən əlavə olaraq ödəməyi öhdəsinə götürdüyü 2.500 manat nəzərə alınmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozaraq ona ümumi sahəsi 105,32 m2 əvəzinə 99,3 m2 olan, yəni müqavilədə nəzərdə tutulandan 6,02 m2 az sahəsi olan mənzili təhvil vermişdir. Tərəflərin razılaşmasına əsasən mənzilin hər kvadrat metri 800 manat qiymətləndirilmişdir. İddiaçı isə cavabdehə müqavilə üzrə öhdəliklərinin icrası ilə bağlı 87.300 (səksən yeddi min üç yüz) manat ödəniş etmişdir. Belə olan halda, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə öhdəliyinin icrası ilə bağlı 5360 (87300-(99,3x800+2500)) manat artıq ödənilmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfindən artıq ödənilmiş 15.860 manat pulun cavabdehdən onun xeyrinə tutulması tələbi 5.360 manat hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 578.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci tarixli, 7 saylı Tikinti obyektlərinin sahəsinin və həcminin hesablama qaydalarının 2-ci və 3.8-ci maddələrinə əsasən eyvan-fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança; eyvan- binaya bitişik və ya onun içərisində tikilmiş isidilməyən, açıq və ya şüşələnmiş yerləşgədir. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də eyvan, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Həmçinin iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 323501 nömrəli mədaxil qəbzinin kötüyünün surətinə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən ona hüquqi xidmətlərin göstərilməsi ilə bağlı Nümayəndə 500 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə iddianın qismən təmin edildiyini, işin konkret hallarını nəzərə alaraq hesab edir ki, hüquqi yardım üçün ödənilmiş 500 manat məbləğin ½ hissəsi olan 250 manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olan 73,6 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, eyni zamanda iş üzrə keçirilmiş ekspertizanın xərci olan 50 manat cavabdeh "xxxx" MTK-ya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının nümayəndəsi və vəkilinə etibarnamə verməsi ilə bağlı ödənilmiş 17,5 manat dövlət rüsumu məhkəmə xərclərinə aid edilmədiyindən iddiaçının özünə aid edilməli və iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, "xxxx" MTK-dan artıq ödənilmiş 5360 (beş min üç yüz altmış) manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində pulun ½ hissəsi olan 250 (iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 73,6 (yetmiş üç manat altmış qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (yüz) manat cavabdeh "xxxx" MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MTK-dan artıq ödənilmiş 5360 (beş min üç yüz altmış) manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində pulun ½ hissəsi olan 250 (iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 73,6 (yetmiş üç manat altmış qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (yüz) manat cavabdeh "xxxx" MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-103/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-103/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver