Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1032/2025 06.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş pulun və mediasiya xərcinin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş pulun və mediasiya xərcinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2000-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər şöbəsində aparıcı müffəttiş vəzifəsinə qəbul edilmişdir. xx.xx.2000-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Dövlət Sosial Müdafiə Fondunda müxtəlif vəzifələrdə çalışmışdır. Ümumiyyətlə iddiaçı əmək fəaliyyəti dövründə bir dəfə də olsun intizam tənbehi almamışdır. Fondda hər il keçirilən qiymətləndirilmə imtahanında yüksək nəticələr göstərdiyi üçün pul mükafatına da layiq görülmüşdür. İşçi ilə bağlanmış müddətli əmək müqaviləsi onun iradə ifadəsi olmamışdır. İddiaçı ilə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə müddətli əmək müqaviləsinə cavabdeh qurum tərəfindən qərəzli şəkildə xitam verilmişdir. Odur ki, müvafiq əmr ləğv edilməlidir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmaması xahiş etmişdir. İş materiallarına İddiaçı əmək kitabçasının surəti əlavə edilmişdir. Əmək kitabçasında olan qeydlərə əsaəsn müəyyən edilir ki, işçi İddiaçı xx.xx.2000-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduna işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhəri Kəpəz rayon filialının Pensiya Təminatı şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişə əsasən müəyyən edilir ki, işəgötürən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən işçi İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsası ilə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2193 nömrəli əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən müəyyən edilir ki, müqavilənin müddəti 3 ay təşkil etmişdir. İş materiallarında olan işəgötürən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-171/3-4-1992/2024 nömrəli əmrinə əsasən müəyyən edilir ki, Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən regional filialının Vətəndaş müraciətləri ilə iş şöbəsinin böyük mütəxəssisi İddiaçı 17 avqust 2020-ci il tarixli əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə 04 noyabr 2024-cü il tarixdən xitam verilmişdir. İddiaçı tərəfin arqumentinin yoxlanılması məqsədilə məhkəmənin sorğusuna cavab olaraq cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, İddiaçı övladı X1 təyin edilmiş sosial yardım xx.xx.2024-cü il tarixdə dayandırılmış və Fondun Daxili nəzarət departamenti tərəfindən İddiaçı izahatı alınmışdır (izahat əlavə edilmişdir). İş materiallarına əlavə edilmiş hüquqi xidmətlərin göstərilməsi barədə müqaviləyə və ödəniş qəbzinə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisə üzrə hüquqi xidmətin göstərilməsinə görə 3500 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndi. 47-ci maddəsinin “f” bəndi, 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndi və 73-cü maddələri çıxış edir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlana bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndi əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilə bilər. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, İddiaçı əmək kitabçasında olan qeydlərə əsasən işçi İddiaçı xx.xx.2000-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduna işə qəbul edilmişdir. Sturuktur dəyişiklikləri ilə əlaqədar xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının (işçi) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhəri Kəpəz rayon filialının Pensiya Təminatı şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixli bildirişə əsasən işəgötürən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən işçi İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsası ilə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2193 nömrəli əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən müəyyən edilir ki, müqavilənin müddəti 3 ay təşkil etmişdir. İşəgötürən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-171/3-4-1992/2024 nömrəli əmrinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən regional filialının Vətəndaş müraciətləri ilə iş şöbəsinin böyük mütəxəssisi İddiaçı 17 avqust 2020-ci il tarixli əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə 04 noyabr 2024-cü il tarixdən xitam verilmişdir. İddiaçı tərəfin arqumentinin yoxlanılması məqsədilə məhkəmənin sorğusuna cavab olaraq cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubuna əsasən İddiaçı övladı X1 təyin edilmiş sosial yardım xx.xx.2024-cü il tarixdə dayandırılmış və Fondun Daxili nəzarət departamenti tərəfindən İddiaçı izahatı alınmışdır (izahat əlavə edilmişdir). Həmin izahata əsasən İddiaçı övladı X2 qızının sosial yardım üçün müraciət etməsindən məlumatı olmamışdır. Məhkəmə mövcud məhkəmə təcrübəsinin mövqeyindən çıxış edərək qeyd edir ki, əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Bu nöqtəyi nəzərdən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının dövlət qulluqçusu kimi 2000-ci ildən işlədiyi qurumda xx.xx.2020-ci ildə “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi, xx.xx.2020-ci ildə cəmi 3 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı ərizəsində müddətlə bağlı iradə ifadə edib. İradə ifadəsinin isə motivi olmalıdır. İddiaçı 2000-ci ildən uzun müddət həmin təşkilatda müxtəlif vəzifələrdə çalışdığı halda, xx.xx.2020-ci ildə hansı motivlə əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verməsi müəyyən deyildir, ağlabatan motivi yoxdur. Ona görə də, işçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Əgər əmək müqaviləsi müddətli bağlanıbsa və bunun əsası kimi tərəflərin qarşılıqlı razılığına istinad olunubsa, mübahisə yarandığı halda mütləq bu razılığın tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə edilib-edilmədiyi araşdırılmalıdır. Çünki son dövrdə zərurət olmadan müddətli əmək müqaviləsi bağlanır, bununla da işəgötürənlər gələcəkdə yarana biləcək əmək mübahisələrindən özlərini sığortalayırlar. Belə ki, “arzuolunmaz” işçini əmək müqaviləsinin müddətinin bitməsinə görə işdən azad etmək işəgötürən üçün daha münasibdir, nəinki işçilərin sayının və ştatının ixtisara görə, yaxud əmək funksiyalarının yerinə yetirilməməsinə görə. İşəgötürən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad edərək hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin həmin maddədə “qarşılıqlı razılıq” ifadəsindən başqa, “tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə” ifadəsindən istifadə olunub. Yəni hər bir qarşılıqlı razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmuş qarşılıqlı razılıq əmək müqaviləsinin müddətli bağlanmasına əsas verir. Göründüyü kimi, tərəflərin hüquq bərabərliyi prinsipi də pozulmuşdur. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisənin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilmiş əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Göründüyü kimi, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümü xarakter daşıması və.s) çıxış edərək müddətli əmək müqaviləsinə keçirilməsi işdən görünmür. Əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olmasının müəyyən edilməsi üçün ayrıca tələbə zərurət yoxdur. Bu məsələyə hüquqi qiymət verilməsi iddia tələbinin mahiyyətindən irəli gəlir. Məhkəmə tərəfindən hazırlıq iclasında cavabdeh qurumun nümayəndəsinə anoloji müqavilələr üzrə (əgər varsa) 3 aylıq deyil, fərqli müddətə bağlanmış əmək müqavilələrinin təqdim edilməsi təklif edilmişdir. Təklifin mahiyyəti odur ki, hazırki mübahisə üzrə faktiki halları digər işçilərin əmək müqavilələri üzr müddətlə qarşılaşdırmaqla həmin müqavilələr üzrə müəyyən edilmiş müddətin işçinin iradı ifadəsini əks etdirib-etdirməməsini müəyyən etmək olmuşdur. Yəni, əgər bağlanmış müqavilə həqiqətən də işçinin iradə ifadəsidirsə (müddətlə bağlı hissədə) ondan cavabdeh qurumda işləyən 2500 nəfər işçinin iradə ifadəsi standart formada eynilik təşkil edə bilməz. İradə ifadəsi şəxslərə görə fərqləndiyindən müqavilə müddətlərində də əsaslı olaraq cüzi də olsa (4-5-6-8-9 ay və s.) fərq olmalıdır. Lakin, cavabdeh qurum tərəfindən fərqli müddətə bağlanmış digər müqavilə (lər) məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, məhkəmə prezumpsiya olaraq hesab edir ki, fərqli müddətə bağlanmış müqavilə cavabdeh qurumda mövcud deyildir. Deməli, hazırki mübahisə üzrə əmək münasibətləri üzrə 3 aylıq müddətin müəyyən edilməsi işçinin deyil, işəgötürənin iradə ifadəsidir. Bundan əlavə, araşdırma zaman müəyyən edilir ki, iddiaçının 64 yaşı vardır və onun yaşa görə əmək pensiyası hüququ qazanmağına təxminən 1 il vaxt qalmışdır. 25 il cavabdeh orqanla əmək münasibətlərində olmuş, vəzifədə dəfələrlə iraəli çəkilmiş, barəsində heç zaman intizam tənbehi tətbiq edilməmiş işçinin hazırki şəraitdə işdən çıxarılması qanuni və əsaslı hesab edilə bilməz. İddiaçı tərəf əsas arqument olaraq bildirir ki, iddiaçının işdən çıxarılmasının birbaşa səbəbi övladının sosal yardım üçün müvafiq quruma müraciət etməsi olmuşdur. Həmin arqumentə münasibətdə məhkəmə bildirir ki, dövlətin sosial təminat sistemindən istifadə etmək bütün vətəndaşların hüququdur. Vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi dövlətin ali məqsədi olmaqla müasir dövrün əsas prioritet istiqamətidir. Vətəndaşa sosial yardımın təyin edilib-edilməməsi isə hakimiyyət funsksiyasını həyata keçirən müvafiq inzibati orqanın həm vəzifəsi, həm də səlahiyyətidir. Vətəndaşlar tərəfindən sui-istifadə hallarına rast gəlindikdə dövlət orqanları tərəfindən qanuna uyğun formada müvafiq tədbirlərin tətbiq edilməsi mümkündür (həm vətəndaşa, həm də qanunsuz əsaslarla sosial ödəniş (pensiya, müavinət, sosial yardım və s.) barədə müvafiq təyinatı aparmış inzibati orqanın öz işçisinə qarşı). “İnzibati icraat” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsaəsn vətəndaşların dövlət orqanlarının qəbul etdiyi müvafiq inzibati aktlara etimad hüququ qanunla qorunur. İnzibati orqanlar tərəfindən həmin Qanunun tələblərinə tam əməl edilməlidir. Məsuliyyət şəxsidir, digər şəxsin əməlinə (qanuni və ya qanunsuz) görə hər hansı kəsə (ailə üzvü, yaxın, qohum və s.) neqativ tədbirlər tətbiq etmək yolverilməzdir. Müddətli əmək müqaviləsinə xitam verilməsi işəgötürənin hüququ olsa da, hüquqdan sui-istifadə etmək qadağandır. Müqaviləyə xitam verilmənin əsası pərdələnməməli, işçinin əmək hüquqları işəgötürənin sərhədsiz mülahizə sərbəstliyi çərçivəsində pozulmamalıdır. Əmək qanunvericiliyində müəyyən edilmiş səlahiyyətlərdən yalnız qanunun qarşısına qoyduğu məqsədlərə çatmaq üçün istifadə etmək yolveriləndir. Dispozitivlik imkanı qanunun məqsədilə uyğun olmalı, subyektə sərhədsiz səlahiyyət verməməlidir (şəxsin hüququnun sərhəddi digər şəxsin hüququnun pozulduğu yerdə bitir). Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə dispozitiv imkandan istifadə etmiş işəgötürən hakimiyyət subyekti olmaqla həm də müqavilə üzrə faktiki olaraq üstün tərəfdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi, mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən əmrin əsaslılığı sübuta yetirilməmiş, bu barədə əsaslı mülahizələr bildirilməmişdir. Münasibətin xarakteri nəzərə alınmaqla hazırki mülki iş üzrə sübutetmə yükü daha üstün tərəf olan və müvafiq əmri qəbul edən cavabdehin üzərindədir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləlikdə, ödənilmiş 60 (altmış) manat mediasiya xərci (məhkəmə baxış iclasında iddiaçının vəkili mediasiya xərci hissəsində tələbi 1 manat azaltmışdır), hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 3500 (üç min beş yüz) manat pul cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 3500 manat məhkəmə xərcini tutarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyini nəzərə alır. Həmin müqavilənin etibarsızlığı xüsusatları müəyyən edilmir. İddiaçının aylıq əmək haqqının məbləği nəzərə alınmaqla (2500 manat+) hazırki mübahisə üzrə 3500 manat həddində müqavilənin bağlanılması ağlabatan olmaqla “müqavilə azadlığı” prinsipinin şərtlərinə uyğundur. Odur ki, çəkilmiş məhkəmə xərcləri cavabdeh orqanın üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-4-1992/2024 nömrəli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Gəncə-Daşkəsən regional Filialının Vətəndaş müraciətləri ilə iş şöbəsinin böyük mütəxəssisi vəzifəsinə, bu mümkün olmadıqda ona bərabər vəzifədə işə bərpa edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunan günə qədər məcburi iş buraxmaya görə daşıdığı vəzifə üçün müəyyən edilmiş orta aylıq əmək haqqı hesablanaraq ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş pulun və mediasiya xərcinin ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-4-1992/2024 nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Gəncə-Daşkəsən regional Filialının Vətəndaş müraciətləri ilə iş şöbəsinin böyük mütəxəssisi vəzifəsinə, bu mümkün olmadıqda ona bərabər vəzifədə işə bərpa edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunan günə qədər məcburi iş buraxmaya görə daşıdığı vəzifə üçün müəyyən edilmiş orta aylıq əmək haqqı hesablanaraq ödənilsin. Ödənilmiş 60 (altmış) manat mediasiya xərci, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 3500 (üç min beş yüz) manat pul cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1032/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1032/2025
06.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver