Məhkəmə qərarları › İş №e-2(004)-1044/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1044/2024

06.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1044/2024 06.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh QSC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, əməkhaqqına əlavələrin, mükafatların, gecikdirilmiş gün üçün faiz məbləğinin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh QSC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, əməkhaqqına əlavələrin, mükafatların, gecikdirilmiş gün üçün faiz məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı işlədiyi müddət ərzində nümanəvi işçi olmuş, heç vaxt intizam məsuliyyətinə cəlb edilməmişdir. 23 avqust 2023-cü il tarixdə ciddi şəkildə xəstələnmiş, 3 gün işə gedə bilməmişdir. Həmin gün iş yerinin rəhbərliyinə mobil telefon vasitəsilə zəng edərək xəstələnməsini bildirmişdir. Lakin, xəstəlik barədə müvafiq arayışı iş yerinə təqdim edə bilməmişdir. Məhz xəstəlik barədə arayışın təqdim edilməməsi əsası ilə iddiaçı işdən azad edilmişdir. Bu səbəbdən, iddianın təmin olunması xahiş olunur. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 izahat verərək iddia tələbinin təmin olunmaması xahiş etmişlər. İş materiallarına işçi İddiaçı ilə işəgötürən QSC arasında bağlanmış əmək müqaviləsi əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 540 k/d nömrəli əmrə əsasən müəyyən olunur ki, AQSC-nin “Fond və Operativ Fonoteka” qrupunun yarımştatda işləyən fonotekaçısı İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş işəgötürən QSC tərəfindən tərtib edilmiş akta əsasən müəyyən olunur ki, işçi İddiaçı 23, 24 və 25 avqust 2023-cü il tarixlərdə işə gəlməmiş, 25 avqust tarixdə iş gününün sonuna yaxın özü ilə əlaqə saxlayanda xəstə olduğunu, 28 avqust (bazar ertəsi) günü işə gələcəyini, həkimdən arayış gətirəcəyini bildirmiş, lakin 28 avqustda işə gələrkən həkimdən arayış təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş intizam araşdırması zamanı izahatı alınmış işçi İddiaçı izahatına əsasən müəyyən edilir ki, o, 23, 24 və 25 avqust tarixlərində xəstə olduğundan işə gələ bilmədiyini, ev şəraitində müalicə aldığı üçün həkimdən arayış təqdim edə bilmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş işəgötürən QSC tərəfindən tərtib edilmiş təqdimata əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində işə gəlmədiyindən onun barəsində müvafiq tədbir görülməsi xahiş edilir. İş materiallarına QSC-nin Həmkarlar İttifaqı Komitəsinin müvafiq razılıq rəyi əlavə edilmişdir. İş materiallarına İddiaçı ilə işəgötürən A QSC-nin səlahiyyətli şəxsi ilə votsap səs yazıları və mesajları əlavə edilmişdir. Sözügedən materiallara əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə iş yerinə məlumat vermişdir. Səs yazılarına əsasən müəyyən edilir ki, İddiaçı ciddi şəkildə xəstələnmişdir. İş materiallarında olan QSC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli xasiyyətnaməyə əsasən müəyyən edilir ki, İddiaçı işlədiyi müddətdə verilən tapşırıqları layiqincə yerinə yetirib. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “a” bəndi çıxış edir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla, sosial münasibətlərin mahiyyəti gərəyi ədalətli olmayan məhkəmə qərarı qanuni hesab oluna bilməz. Müvafiq əmrin verilməsinə hüquqi əsas təşkil edən həmkarlar ittifaqı təşkilatının rəyi ilə bağlı iddiaçının həmkarlar ittifaqının iclası barədə qanunla müəyyən edilən qaydada və müddətdə xəbərdar edilməməsi, iclasda iştirakının təmin olunmaması və iclasın yekun qərarının iddiaçıya təqdim edilməməsi məsələnin prosessual tərəfləri olmaqla müvafiq əmrin qanunsuz hesab olunmasına dəlalət etmir. Nəzərə almaq lazımdır ki, iddiaçının qeyd etdiyi xüsusatlar (işçinin izahatının alınması xüsusatı) qanunvericiliyin imperativ tələbi deyil, ayrı-ayrı hüquqşünas alimlərin hüquqi fikirləridir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə boşluq və ya kolliziya olduqda hüquqşünas alimlərin hüquqi fikirləri konkret situasiyaya uyğun hüquqi mənbə kimi istisna hallarda qiymətləndirilə bilər. Hazırki iddia tələbi üzrə mübahisə qanunvericiliklə aydın, müəyyən və əsaslı formada tənzimlənmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki (həmçinin şahidlərin ifadələrinə əsasən), İddiaçı xx.xx.2023-cü il tarixdə ciddi şəkildə xəstələnmişdir, bu səbəbdən, 3 gün işə gedə bilməmişdir. Xəstələnməsi barədə iş yerinin rəhbərliyinə xx.xx.2023-cü il tarixdə məlumat vermişdir. Səs yazılarına əsasən müəyyən edilir ki, İddiaçı ciddi şəkildə xəstələnmişdir. Məhkəmə nəzərə alır ki, İddiaçı tək yaşayır, atası və anası pandemiya dövründə vəfat etmişdir, bacı və ya qardaşı yoxdur. Bu səbəbdən, xəstələnən vaxt ilk yardımına qohumu (xalası) gəlmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı əmək müqaviləsində nəzərdə tutulmuş vəzifə (şöbə) üzrə deyil, faktiki olaraq başqa şöbədə (qurum) fəaliyyət göstərmişdir (səs yazılarından müəyyən edilir). İddiaçı işdən çıxdıqdan sonra QSC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli xasiyyətnaməsinə əsasən müsbət xarakterizə olunması nəzərə alınır. Məhkəmə tərəfindən işçi-igəgötürən münasibətlərində işçinin faktiki olaraq zəif tərəf olması xüsusatı nəzərə alınır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin yuxarıda qeyd olunan normalarının məqsədi işçiləri intizamlı olmağa, əmək müqaviləsinin şərtlərinə əməl etmələrini təmin etməyə, iş yerinin ahənginin qorunmasına, işəgötürən, istehsal mühitinin maraqlarını təmin etməyə yönəlmişdir. Yəni, işçi üzrsüz səbəbdən işə gəlmədikdə işəgötürən tərəfindən müvafiq sanksiya xarakterli tədbirlər tətbiq edilə bilər. Hazırki mülki iş üzrə isə müəyyən edilir ki, işçi İddiaçı həqiqətən də, xəstə olmuşdur, yəni müvafiq günlər ərzində işə üzrlü səbəbdən gələ bilməmişdir. İşçinin intizamsızlıq, saymazyanalıq etməsi xüsusatları müəyyən edilmir. İşəgötürən isə qanunun normasının hərfi mənasından yanaşaraq işçini işdən azad etmişdir. Qanunun sözügedən maddəsinin mahiyyəti xəstəlik barədə arayışın təqdim edilibedilməməsi deyil (formal əsas), işçinin həqiqətən də üzrlü səbəbdən işə gəlibgəlməməsinin müəyyən edilməsidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və tibb bacısı X2 iddia ərizəsində qeyd olunan faktiki halları təsdiq etmişlər. Nəticə etibarilə, İddiaçı müvafiq günlər ərzində xəstələnməsi səbəbindən üzrlü əsaslarla işə gedə bilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən QSC bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamış, əmr formal mülahizələrə əsasən tərtib edilmişdir. Həmçinin, işçiyə digər intizam tədbiri (xəbərdarlıq, töhmət, şiddətli töhmət və s.) deyil də, məhz 70-ci maddənin “ç” bəndinin tətbiq edilməsi aydın deyildir. İşçilərin əmək hüquqlarının müdafiəsi dövlətin xüsusi marağındadır. Nəzərə alaq ki, işəgötürən QSC-nin nəzarət zərfi dövlətə məxsusdur. Məhkəmə qeyd edir ki, iddia tələbi “əmək haqqının hər gecikdirilmiş gün üçün faizinin ödənilməsi” hissəsində əsassızdır və təmin edilməməlidir. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin dispozitiv şərtləri və tətbiq sahəsi ayrıdır, hazırki mübahisəyə tətbiq edilə bilməz. Bu barədə gələcəkdə mübahisə yaranarsa (qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə ödənişin gecikdirilməsi) iddia tələbi yolverilən hesab edilə bilər və ya MPM-in 232-ci maddəsinin tələblərinə əsasən ödənilməli olan məbləğin indeksasiyası aparıla bilər. Məhkəmə iddiaya tələb həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Hazırki iddia tələbi üzrə sübutetmə yükünün (əmrin qanuniliyinin əsaslandırılması) cavabdehin üzərində olmasına baxmayaraq cavabdeh tərəfindən aktiv sübutetmə fəaliyyəti təmin-təşkil edilməmiş, müvafiq əmrin əsaslı olmasını təsdiq edən sübut, sənəd və ya materiallar məhkəməyə təqdim edilməmiş, bu barədə şifahi formada da olsa hər hansı mülahizə bildirilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləlikdə, ödənilmiş 60 (altmış) manat mediasiya xərci cavabdeh QSC-dən tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməli, QSC-nin İddiaçı barəsində xx.xx.2023-cü il tarixli 540 k/d nömrəli əmri ləğv edilməli, İddiaçı QSC-nin “Fond və Operativ Fonoteka” qrupunun yarımştat fonotekaçısı vəzifəsinə bərpa olunmalı, cavabdeh QSC tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh QSC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, əməkhaqqına əlavələrin, mükafatların, gecikdirilmiş gün üçün faiz məbləğinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. -nin İddiaçı barəsində xx.xx.2023-cü il tarixli 540 k/d nömrəli əmri ləğv edilsin. İddiaçı QSC-nin “Fond və Operativ Fonoteka” qrupunun yarımştat fonotekaçısı vəzifəsinə bərpa edilsin. Cavabdeh QSC tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) ödənilsin. Ödənilmiş 60 (altmış) manat mediasiya xərci cavabdeh AzQSC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar