Məhkəmə qərarları › İş №e-2(004)-1058/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1058/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1058/2023 07.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X5 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “ödənilmiş hərrac xərclərinin geri tələb olunması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X5 Azərbaycan” QSC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı məhkəməyə müraciət edərək “ödənilmiş hərrac xərclərinin geri tələb olunması” tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı normalar çıxış edir. “İcra” haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Həmin Qanunun 79.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2.1. borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına dair xərclər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. Həmin Qanunun 81.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar,başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Qeyd olunan 3 elementdən ikinci və üçüncü elementlər birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, yuxarıda qeyd olunan normalara əsasən, iddiaçı “X5 Azərbaycan” QSC-nin müvafiq iddia tələbi ilə bağlı subyektiv hüququ yoxdur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi mübahisə ilə bağlı subyektiv hüquq icra orqanına məxsusdur. Lakin, icra orqanı tərəfindən bu hüquq iddia icraatı qaydasında deyil, icra hərəkətlərinin davamı kimi həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, ipoteka münasibətləri əsas borca münasibətdə tələbin təmin üsulu kimi çıxış etdiyindən iqtisadi dövriyyənin təmin olunması, bazar iqtisadiyyatı və mülki qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla ipoteka qoyan üzərinə əsas tələb üzrə öhdəlik qoyulması məqsədə müvafiq hesab edilmir. Nəzərə almaq lazımdır ki, ipoteka qoyan ipoteka saxlayan ilə hər hansı öhdəlik münasibətlərinə daxil olmamış, öhdəliyi yalnız ipotekaya qoyduğu mülkiyyəti həddində təşkil edir. Belə ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri üzrə öhdəliklər yalnız kreditor və əsas borclu arasında olur. İpoteka qoyan isə əsas öhdəlik üzrə yalnız ipoteka predmeti həddində mükəlləfiyyətli olur. Bu səbəbdən, əsas borclu ilə birlikdə ipoteka qoyana qarşı iddia irəli sürülməsi mövqeyi məhkəmə əsaslı hesab etmir. Əks halda, hüquq münasibətlərinin subyektləri arasında tələbin təmin edilməsi institutu kimi ipoteka münasibətlərindən çəkindiriciliyə səbəb ola bilər. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, iddiaçı “X5 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X5 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “ödənilmiş hərrac xərclərinin geri tələb olunması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar