Məhkəmə qərarları › İş №e-2(004)-1068/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1068/2022

17.03.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1068/2022 17.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “X9 Kompleksi” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X9 Kompleksi” MMC-yə qarşı məhkəmə iddia qaldıraraq cavabdeh “X9 Kompleksi” MMC-nin 02 dekabr 2021-ci il tarixli K-03-2021-1272 nömrəli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, işə bərpa edilməsi, cavabdeh tərəfindən məcburi iş buraxmaya görə əmək haqqının, 110,00 manat hüquqi yardım göstərilməsi xərcinin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində pulun İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 06.04.2009-cu il tarixində "xxxx" MMC Aqrofina ASC pambıq istehsalı üzrə birgə təsərrüfatında fəhlə peşəsində işə qəbul olmuşdur. 03.09.2009-cu il tarixində eyni iş yerində “mühafizəçi” peşəsinə keçirilmişdir. Daha sonra iş yerində struktur dəyişikliyi ilə əlaqədar 15.11.2011-ci il tarixində "xxxx" MMC-nin Təcrübə sınaq təsərrüfatına “mühafizəçi” peşəsinə keçirilmişdir. İddiaçı ilə sonuncu əmək müqaviləsi 01 iyun 2019-cu il tarixində (№ 68) bağlanmışdır. Sözügedən əmək müqaviləsinə görə işəgötürən "xxxx" MMC-nin Təcrübə-sınaq təsərrüfatının direktoru olmuşdur. Əmək müqaviləsinin 1.2-ci bəndinə əsasən iddiaçının iş yeri Təcrübəsınaq təsərrüfatı, peşəsi isə “gözətçi” qeyd edilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır. 01 iyun 2019-cu il tarixli əmək müqaviləsindən əvvəl mövcud olmuş əmək müqavilələri iddiaçı X1 təqdim olunmamışdır. Cavabdeh “X9 Kompleksi” MMC tərəfindən iddiaçı Niyammədin Bayramova 02 dekabr 2021-ci il tarixində əmək müqaviləsinin ləğvi barədə bildiriş təqdim edilmiş, elə həmin tarixdə, yəni 02 dekabr 2021-ci il tarixində onun bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən cavabdeh “X9 Kompleksi” MMC-nin K-03-2021-1272 nömrəli əmri ilə ləğv edilmişdir. Daha sonra işçinin (iddiaçının) əmək kitabçasında müvafiq qeydlər aparılmaqla 02 dekabr 2021-ci il tarixində əmək kitabçası iddiaçıya təqdim edilmişdir. Cavabdeh “X9 Kompleksi” MMC-nin 02 dekabr 2021-ci il tarixli K-03-2021-1272 nömrəli əmri iddiaçıya aid olan hissədə qanunsuzdur. Belə ki, iddiaçıya məxsus sonuncu 01 iyun 2019-cu il tarixli 68 nömrəli əmək müqaviləsində işəgötürən “X9 Kompleksi” MMC-nin Bəhruz Camalov deyil, Biləsuvar Təcrübə-sınaq təsərrüfatının direktoru Əlitahir Xammədov qeyd edilmişdir. Biləsuvar Təcrübə-sınaq təsərrüfatının isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair əmri mövcud deyil. Cavabdeh “X9 Kompleksi” MMC-nin iddiaçının əmək müqaviləsini ləğv etmək səlahiyyəti olmadığı halda iddiaçının ******* nömrəli əmək kitabçasının 4-cü səhifəsində əmək müqaviləsinin ləğv edilməsi əsası kimi 02 dekabr 2021-ci il tarixli K-03- 2021-1272 nömrəli əmr qeyd edilmişdir. Eyni zamanda bildirir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsi müddətli müqavilə hesab edilə bilməz. 11 noyabr 2011-ci il tarixindən əmək müqaviləsi ləğv edildiyi tarixədək Biləsuvar Təcrubə-sınaq təsərrufatında eyni peşədə, eyni iş yerində 10 ildən artıq müddətdə işləməsi nəzərə alınarsa, burada işin müvəqqəti xarakter daşımağından, bu səbəbdən də, əmək müqaviləsinin müddətli bağlanmasından söhbət gedə bilməz. Belə ki, AR Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanması halları sadalanmışdır. İddiaçının tutduğu peşə, yerinə yetirdiyi işin xarakteri və digər hallar Əmək Məcəlləsinin 47-ci maddəsinin əhatə dairəsinə düşmür. Lakin “X9 Kompleksi” MMC və onun filialı Biləsuvar Təcrubə-sınaq təsərrüfatı əmək münasibətləri tərəflərinin hüquq bərabərliyi prinsipini ciddi şəkildə pozaraq iddiaçını və digər işçiləri çıxılmaz vəziyyətdə qoyaraq, onları müddətli əmək müqaviləsinə imza etmələrinə nail olur. Bu isə beynəlxalq və milli hüquq normalarının və əmək qanunvericiliyinin prinsiplərinə ziddir. Bundan başqa, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 02.12.2021-ci il tarixli xxxxxxx000202 nömrəli bildirişdən görünür ki, əmək müqaviləsinə keçmiş tarixə dəyişiklik edilmiş, müddətli əmək müqaviləsinin qurtardığı tarix 01.09.2021-ci il qeyd edilmişdir. Bununla cavabdeh 3 ay əvvəlki vaxta əmək müqaviləsinə qanunsuz dəyişiklik etmişdir. Qeyd edilən dəyişiklikdən işçinin (iddiaçının) məlumatı olmamış, əmək müqaviləsinin məzmununda qeyd edilən dəyişiklik göstərilməmişdir. Halbuki, 01 iyun 2019-cu il tarixli 68 nömrəli əmək müqaviləsinin 8.1-ci bəndində qeyd edilmişdir ki, bu əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. AR Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Məhkəmə təcrübəsi nəzər alınarsa, iddiaçı X.Məlikovun cavabdeh Azneft İByə qarşı eyni məzmunlu tələbi üzrə AR Ali Məhkəməsi 12.11.2019-cu il tarixli 2(102)- 7723/2019 nömrəli qərarındakı hüquqi mövqeyini belə olmuşdur ki, iddiaçının yerinə yetirdiyi əmək funksiyası daimi xarakterə malik olmaqla, qabaqcadan bəlli olduğundan və Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hallara aid edilmədiyindən, onunla müddətli əmək müqaviləsinin bağlanması əmək qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Əmək qanunvericiliyi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Cavabdehin iddia ərizəsinə verdiyi etirazı bununla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində 10 ildən artıq müddətdə cavabdeh müəssisədə işlədiyini qeyd etsə də, Şirvan İnzibati-İqtisad Məhkəməsinin 2-2(86)-673/16 nömrəli qətnaməsi ilə, "xxxx" MMC-dən 251157524,32 manat məbləğində borcun tutularaq "xxxx" BOKT QSC-yə ödənilməsi qət edilmiş və 07.03.2017-ci il tarixli icra sənədinə "xxxx" MMC-nin əmlakları hesabına ödənilməsi qərarı verilmişdir. Bundan sonra, "xxxx" ASC-nin yaaradılması haqqında 06.11.2017-ci il tarixli Prezident Fərmanı verilmişdir. Həmin Fərmanın 3.5-ci bəndindən və eləcə də, həmin fərmanın tətbiqi ilə əlaqədar 04.12.2017-ci il tarixli Fərmandan aydın olur ki, "xxxx" MMC-nin təsisçisi "xxxx" BOKT QSC, “X9 Kompleksi” MMC-nin təsisçisi isə "xxxx" ASC-dir. Yəni "xxxx" MMC "xxxx" MMC-nin hüquqi varisi deyil və iddiaçı "xxxx" MMC-də cəmi 2 il yarım müddətə işləmişdir. Göstərilənlərə əsasən, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirirmişdirki, iddiaçı gözətçi vəzifəsində çalışıb. İddiaçıın sonuncu iş yeri elə cavabdeh müəssisə olmuşdur. Tərəflər arasında əmək müqaviləsi 2009-cu ildə bağlanmışdır. Daha sonra struktur dəyişikliyi ilə əlaqədar 2011-ci ildə "xxxx" MMC-nin təcrübə sınaq təsərrufatına “mühafizəçi” peşəsinə keçirilmişdir. İddiaçı ilə sonuncu əmək müqaviləsi 2019-cu ildə bağlanmışdır. Hesab edir ki, iddiaçı ilə əmək münasibətləri 5 ildən artıq davam etdiyindən artıq müddətsiz əmək müqaviləsi bağlanmalı idi. Cavabdehin əmri qanunsuz olduğundan həmin əmrin ləğv edilərək iddianın işə bərpa edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddianı etiraf etmədiyini qeyd edərək bildirmişdirki, təmsil etdiyi müəssisə ilə "xxxx" MMC ilə iddiaçının əvvəllər işlədiyi "xxxx" MMC başqa başqa hüquqi şəxslərdir. Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən, yalnız "xxxx" MMC–nin daşınar və daşınmaz əmlakları “X9 Kompleksi” MMC-nin nəzninə keçmişdir. "xxxx" MMC bu gün də fəaliyyət göstərir və işçiləri mövcuddur. İddiaçı “X9 Kompleksi” MMC yarandıqdan sonra müddətli əmək müqaviləsi əsasında işə qəbul edilmişdir. Bundan sonra müqavilənin müddəti bitmiş və tərəf ilə yeni müqavilə bağlanmamışdır. Hesab edirik ki, bu da “X9 Kompleksi” MMC-nin hüququdur. Mülki işin baxışa təyin edilməsinə etiraz etmirəm. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, İddiaçı məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, 06.04.2009-cu il tarixdə "xxxx" MMC Aqrofina ASC pambıq istehsalı üzrə birgə təsərrüfatına fəhlə peşəsinə qəbul edilərək əmək fəaliyyətinə başlamış, 03.09.2009-cu il tarixli “əmr” əsasında həmin müəssisədə mühafizəçi peşəsinə keçirilmiş, daha sonra 14.11.2011-ci il tarixli əmr əsasında struktur dəyişikliyi ilə əlaqədar Təcrübə sınaq təsərrüfatına mühafizəçi keçirilmişdir. Əmək kitabçasının həmin səhifələrindəki müvafiq “Əmr”lər "xxxx" MMC Aqrofina ASC pambıq istehsalı üzrə birgə təsərrüfatının möhürü ilə təsdiqlənmişdir. İddiaçının əmək kitabçasındakı sonuncu qeydə görə, “X9 Kompleksi” MMC-nin 02 dekabr 2021-ci il tarixli K-03-2021-1272 nömrəli əmri əsasında, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, onun əmək müqaviləsi ləğv edilmiş və İddiaçı tutduğu gözətçi vəzifəsindən azad edilmişdir. İş materiallarında olan müqavilədən görünür ki, işəgötürən qismində “X9 Kompleksi” MMC-nin Təcrübi Sınaq təsərrüfatının direktoru X5 ilə işçi İddiaçı arasında 01.06.2019-cu il tarixli 68 nömrəli əmək müqaviləsi, tərəflərin qarşılıqlı razılığına əsasən müddətli, yəni 03 ay müddətinə - 01.06.2019-cu ildən 10.09.2019-cu ilədək bağlanmışdır. İşçinin 01.06.2019-cu il tarixindən işə başlaması müəyyən edilmişdir. “X9 Kompleksi” MMC-nin 02 dekabr 2021-ci il tarixli, K-03-2021-1272 nömrəli əmri ilə, İddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətin qurtarması əsası ilə 02.12.2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş qaydaya riayət edilməklə ləğv edilmiş və İddiaçı tutduğu Biləsuvar təcrübə-sınaq təsərrüfatı filialında gözətçi vəzifəsindən (peşəsindən) azad edilmişdir. Əmrin surətinin, işçinin əmək kitabçasının, istifadə edilməmiş 22.6 gün əsas məzuniyyətə görə pul əvəzinin, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələrin sonuncu iş günü verilməsi əmrdə əksini tapmışdır. Həmin əmr “X9 Kompleksi” MMC-nin direktoru X6 tərəfindən imzalanmışdır. “X9 Kompleksi” MMC tərəfindən iddiaçıya 02.12.2021-ci il tarixli bildiriş ünvanlanaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş qaydaya riayət edilməklə əmək müqaviləsinin ləğv edilməsi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığına əsasən istənilən müddət, müddətli formada bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə görə isə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin maddənin 2-ci hissəsinə görə, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin davam etdirilməsi halı müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, hazırda iddiaçı müvafiq əmrin qanunsuzluğuna istinad edib onun ləğv edilməsini iddia etsə də, hüquqlarının pozulduğunu sübut edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi 01.06.2019-cu il tarixdə 3 aylıq müddətə bağlanmış, həmin müqavilənin müddəti Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun, sonuncu dəfə 01.09.2021-ci il tarixdə uzadılmış, uzadılmış növbəti 3 ay 01.12.2021-ci il tarixdə bitdiyinə görə, 02.01.2021-ci tarixli əmrlə onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının əsas dəlili budur ki,onunla bağlanmış əmək müqaviləsinin müddətli müqavilə hesab edilə bilməz, çünki 11 noyabr 2011-ci il tarixindən əmək müqaviləsi ləğv edildiyi tarixədək Biləsuvar Təcrübə-sınaq təsərrüfatında eyni peşədə, eyni iş yerində 10 ildən artıq müddətdə işləməsi nəzərə alınarsa, burada işin müvəqqəti xarakter daşımaması aydın olur, bu səbəbdən də, əmək müqaviləsinin müddətli bağlanmasından söhbət gedə bilməz. İddiaçı həmin dəlilinin hüquqi əsası olaraq Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə (müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir) istinad edir. Məhkəmə iddia tələbinin həmin dəlilini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 55.1-ci maddəsinə görə, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 56.5-ci maddəsinə əsasən, bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Qanunvericliyin tələbinə əsasən hüquqi şəxslərin qoşulma, birləşmə və çevrilmə zamanı kreditorlar qarşısındakı hüquq və öhdəlikləri təhvil aktına əsasən hüquqi varislərə keçir. Bölünmə və və ayrılma zamanı isə bölünmə balansına əsasən yeni yaranmış şirkətlərə keçir. İddia ərizəsinin mahiyyətindən aydın olur ki, iddiaçı əvvəl işlədiyi "xxxx" MMC–nin struktur dəyişikliyi əsasında yenidən təşkil (çevrilmə yolu ilə) edilərək hazırkı cavabdeh olan "xxxx" MMC adlı hüquqi şəxsə çevrildiyini iddia edir. Lakin qeyd etmək lazımdır ki, hazırkı halda hüquqi şəxsin yenidən təşkilindən və universal hüquq varisliyindən söhbət gedə bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2017-ci il tarixli Fərmanı əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Həmin Fərmanın 3.5-ci bəndinə əsasən, "xxxx" ASC-nin nizamnamə kapitalı və fəaliyyəti üçün digər aktivlər, əsasən, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş, onun mülkiyyətində (balansında) olan və "xxxx" ASC-nin mülkiyyətinə (balansına) veriləcək əmlak hesabına formalaşır. Bundan başqa, “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli, Fərmanının tətbiqi ilə əlaqədar” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 04 dekabr tarixli 1704 nömrəli Fərmanında göstərilir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra – "xxxx" QSC) "xxxx" Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı, habelə alınacaq aktivlər üzrə tələb hüququ "xxxx" Açıq Səhmdar Cəmiyyətindən "xxxx" QSC-yə ötürülmüş X2 “Fujairah” azad iqtisadi zonasında yerləşən pambıq iplik istehsalı üzrə “United Textiles FZE” müəssisəsinin maşın və avadanlıqları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – "xxxx" ASC) mülkiyyətinə (balansına) verilsin. Qeyd edilən Fərmanlardan görünür ki, hazırkı iş üzrə cavabdeh "xxxx" MMC-nin təsisçisi "xxxx" ASC, iddiaçının əvvəl işlədiyi "xxxx" MMC-nin təsisçisi isə "xxxx" QSC-dir. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, "xxxx" X11 MMC (VÖEN **********) 25.05.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, qanuni təmsilçisi X8 olmaqla hüquqi ünvanı ünvan 1 əvvəl işlədiyi "xxxx" MMC isə başqa bir hüquqi şəxsdir və hazırda da vergi ödəyicisi olmaqla fəaliyyət göstərir. Belə ki, işdə olan vergi ödəyicilərinin məlumatlarından elektron çıxarışdan görünür ki, hüquqi şəxs "xxxx" MMC (VÖEN **********) 04.06.2004-cü il tarixdə VÖEN almaqla, hüquqi ünvanı Şirvan şəhəri, M.Qədirov ev 1, Şirvan-Salyan şossesinin 5-ci km-dir. Göründüyü kimi, iddiaçının 2009-cu ildən 2019-cu ilədək işlədiyi müəssisə "xxxx" MMC olmuş, 2019-cu il 01 iyun tarixindən işlədiyi "xxxx" MMC adlı başqa bir hüquqi şəxs isə ölkədə pambıq tədarükü, pambıq məhsullarının emalı və ixracı məqsədilə "xxxx" ASCnin tərkibində 2018-ci ildə yaradılmışdır və hər iki hüquqi şəxsin təsisçiləri fərqlidir. Bundan əlavə, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatlarında bildirmişdir ki, onunla bağlanmış 01 iyun 2019-cu il tarixli 68 nömrəli əmək müqaviləsi Biləsuvar Təcrübə-sınaq təsərrüfatının direktoru Əlitahir Xammədov tərəfindən, işdənçıxma əmri isə “X9 Kompleksi” MMC-nin direktoru Bəhruz Camalov tərəfindən, yəni müxtəlif işəgötürənlər tərəfindən imzalamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı "xxxx" MMC-nin tərkibində fəaliyyət göstərir. Göründüyü kimi, cavabdeh “X9 Kompleksi” MMC başqa bir hüquqi şəxs olmaqla, əvvəlki "xxxx" MMC-nin hüquqi varisi sayıla bilməz. Nəticədə, iddiaçı "xxxx" MMC-də 01.06.2019-cu il tarixdən 02.12.2022-ci ilədək müddətli əmək müqaviləsi əsasında işlədiyi üçün və bu müddət Əmək Məcəlləsinin 45-ci maddəsində göstərilən 5 ildən artıq təşkil etmədiyi üçün onun əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X9 Kompleksi” MMC-yə qarşı “cavabdehin 02 dekabr 2021-ci il tarixli K-03-2021-1272 nömrəli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, cavabdeh tərəfindən məcburi iş buraxmaya görə əmək haqqının, 110,00 manat hüquqi yardım göstərilməsi xərcinin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində pulun İddiaçı ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar