Məhkəmə qərarları › İş №e-2(004)-108/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-108/2024

16.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-108/2024 16.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X4 Hüquqi Şəxsin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh “X1 "xxxx" ASC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X4 Hüquqi Şəxsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinə qarşı sosial sığorta məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1 "xxxx" ASC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X4 Hüquqi Şəxsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinə qarşı sosial sığorta məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 aprel 2010-cu il tarixdən 01 iyun 2010-cu il tarixə kimi Cavabdeh EVRASCON (keçmiş "xxxx") Açıq Səhmdar Cəmiyyəti tərəfindən əmək haqqından tutulan məcburi dövlət sosial sığorta məbləğinin, həmçinin müəssisə tərəfindən ödənilməli olan məbləğin hesabatda əks olunması və Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxx 1957-ci il tarixdə doğulmuşdur. 1975-cı ildən başlayaraq müxtəlif müəssisə və təşkilatlarda işləmişdir. Ümumi iş stajı 27 il 10 ay 13 gün təşkil edir. Ancaq əmək fəaliyyəti demək olar ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunu qüvvəyə minənə qədər olmuşdur. Bu qanun qüvvəyə mindikdən sonra yalnız iki ay işləmişdir və əmək haqqından bütün məcburi tutulmalar, ö cümlədən icbari sosial sığorta tutulmuşdur. Yuxarıda göstərilən iki ayı 2010-cu ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətində (hazırda EVRASCON ASC adlanır) Taxta körpü sahəsində sürücü peşəsində işləmişdir. Müəssisədə aylıq əmək haqqı 1000 manat civarında olmuşdur. 65 yaşı tamam olduğu üçün iddiaçı 2023-cü ilin yanvarında ona pensiya təyin olunması barədə DOST xidmətinə müraciət etmişdir. Müəssisədə ona bildirmişlər ki, pensiya təyin olunması üçün əmək stajı kifayət etsə də, müəyyən edilmiş məbləğdə pensiya kapitalı yoxdur. Bununla da ona əmək pensiyası yox, sosial müavinət təyin edilmişdir. DOST xidmətində iddiaçıya bildirmişlər ki, qanunun tələbinə görə onun “Əmək pensiyaları haqqında” qanun qüvvəyə mindikdən sonra hər hansı bir pensiya kapitalına malik olsa idim ona 25 il pensiya stajı olan şəxs kimi əmək pensiyası təyin olunacaqdır.İddiaçı əmək kitabçasını təqdim etsə də ona bildirilmişdir ki, 20 aprel 2010-cu il tarixdən 01 iyun 2010-cu il tarixə kimi sürücü peşəsində işlədiyi EVRASCON (keçmiş "xxxx") Açıq Səhmdar Cəmiyyəti əmək haqqımdan tutduğu məcburi dövlət sığortası məbləğinin Dövlət Sosial Müdafiə Fonduna keçirmədiyi üçün 2006-ci ilin yanvarından sonra onun 2018-ci ilin 01 iyul tarixinə qeydə alınmış pensiya kapitalı yoxdur. Cavabdeh onunla bağlanmış əmək müqaviləsinə görə aldığı əmək haqqından tutulmuş məcburi dövlət sığortası məbləğini Dövlət Sosial Müdafiə Fonduna keçirməməklə iddiaçının pensiya hüququnu pozmuşdur. Qanunda pensiya kapitalının 2018-ci ilin 1 iyul tarixinə yığılması nəzərdə tutulur ki, iddiaçı 2010-cu ilin aprel-may ailarında cavabdehlə əmək münasibətlərində olmuş və 1000 manatdan çox əmək haqqı almışdır. Yuxarıda göstərilən qanunun tələbindən də görünür ki, əgər cavabdeh 2010-cu ildə onunla əmək müqaviləsi əsasında işlədiyi üçün aldığı əmək haqqında tutduğu 3 faiz və özünün ödəməli olduğu 22 faiz məcburi dövlət sosial sığorta məbləğini Dövlət Sosial Müdafiə Fonduna (iddiaçının sığorta hesabına) keçirsə idi, iddiaçı sosial müavinət yox, əmək pensiyası alardı. Cavabdehə iddiaçıdan tutulmuş məcburi dövlət sosial məbləğinin müvafiq orqana ödənilməsini xahiş etsə də, o müraciətinə ümumiyyətlə cavab verməmişdir. Qanunveruciliyə uyğun mediasiya prosesinin tətbiqi barəsində cavabdehə müraciət etmişdır. Lakin aralarında barışıq əldə olunmamışdır. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs məhkəməyə mülahizələrini ünvanlayaraq bildirmişdir ki, müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqanın təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq sığortaçının, müəyyən edilmiş müddət daxilində sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. İş materiallarından aydın olur ki, iddiaçı tərəfindən əmək hüquqlarının pozulması halları iddia olunur. Həmçinin sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilməmiş və rüblük hesabat təqdim edilməmişsə məcburi dövlət sosial sığortası ilə yanaşı vergi ödənişlərindən də yayınma halı mövcuddur. Məhkəmə prosesində qeyd edilən nüansların araşdırılması zəruridir. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hüqularını müdafiə etdiyi iddiaçı xx xxxxxx 1957-ci il tarixdə anadan olduğu üçün onun ümumi əsaslarla pensiya yaşı 26 dekabr 2022-ci il tarixdə tamam olmuşdur. Bununla əlaqədar İddiaçı 2023-cü ilin yanvar ayında pensiya təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Sığorta Fondunun müvafiq qurumuna müraciət etmişdir. Məhz həmin vaxt ona bildirilmişdir ki, 2010-cu ildə onun cavabdehin Taxta Körpü sahəsində işlədiyi zaman aldığı əmək haqqından tutulan sosial sığorta ödənişləri Sosial Sığorta Fonduna ödənilməmişdir. Bunun nəticəsində də ona pensiya deyil sosial müavinətin ödənilməsi barədə qərar çıxarılmışdır. Məhz həmin vaxt hüquqlarının pozulduğunu bilmişlər və 05 may 2023-cü il tarixdə cavabdehə vəkil sorğusu vermişlər. 27 iyul 2023-cü il tarixdə isə məhkəmədə iddia qaldırmışlar. Qeyd olunanlara əsasən iddia müddətinin tətbiqi barədə ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X4 Hüquqi Şəxsin nümayəndəsi Nümayəndə1 bildirdi ki, borc ödənilməyib, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdə Azərkörpü ASC-də 6-cı dərəcəli sürücü vəzifəsinə qəbul olmuş və xx.xx.2010-cu il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, hüquqi şəxs xx.xx.2003-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti adı ilə dövlət qeydiyyatına alınmış, xx.xx.2013-cü il tarixdə adı dəyişdirilərək "X1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) kimi adlandırılmışdır. Bundan başqa, "X1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir. xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Hazırki ekspertiza tədqiqatı zamanı, yuxarda qeyd edilənləri nəzərə alaraq araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (hesabat) altsistemində sığorta edən “X1 Evraskon” ASC (SUN:**********5) tərəfindən 2006-2023-cü illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabatlarda İddiaçı (SSN:**********771) məlumatlarının qeyd edilmədiyi üçün 20 aprel 2010-cu il tarixdən 01 iyun 2010-cu il tarixə kimi dövrlər üzrə İddiaçı əmək haqqısından tutulan məcburi dövlət sosial sığorta məbləğləri, həmçinin müəssisə tərəfindən ödənilməli olan digər məbləğlərin cavabdeh “X1 "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fonduna ödənilib ödənilməməsini müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Əmək Məcəlləsinin 9-cu maddəsinin j) bəndində göstərilir ki, işçinin işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək hüququ vardır. 43-cü maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması. 54-cü maddəsinin 1- ci hissəsinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir:... işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci bəndinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 304-cü maddəsinin 2- ci hissəsində göstərilir ki, şəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir. Əmək Məcəlləsinin 307-cü maddəsinin 2- cü hissəsində göstərilir ki, İşçilərin sosial sığorta hüquqlarım məhdudlaşdıran və ya pozan hər hansı fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyətə cəlb olunur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. 14.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. 14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3-cü maddəsinə əsasən, bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının vəməcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin qanunun 22-1-ci maddəsinə əsasən: 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; Qanunun tələbindən görünür ki, “Əmək pensiyaları haqqında” qanun qüvvəyə minən vaxta kimi 25 il stajı və həmin qanun qüvvəyə mindikdən sonra hər hansı bir məhdudlaşmayan məbləğdə fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda həmin şəxsə pensiya təyin edilir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinin İİ.hissəsinə görə, əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərmişdir ki, “Məhkəməyə müraciət etmək hüququ ilk növbədə iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. İddialar bir-birindən maraqlı şəxslərin – proses tərəflərinin adları ilə, iddiaçının müdafiəsini xahiş etdiyi subyektiv maddi hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciət etməyin əsası olmuş hallarla fərqlənirlər. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: - birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir;... İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ- hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir.” Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, iddianın predmetini cavabdeh tərəfindən əmək haqqından tutulan məcburi dövlət sosial sığorta məbləğinin, həmçinin müəssisə tərəfindən ödənilməli olan məbləğin hesabatda əks olunmaması və Dövlət Sosial Müdafiə Fonduna ödənilməməsi və bu səbəbdən də şəxsə əmək pensiyası deyil, sosial müavinət təyin edildiyindən iddiaçının hüquqları pozulması təşkil edir ki, məhkəmə bu iddianı əsaslı hesab edir. Belə ki, qanunvericiliyin tələblərinə görə işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr tutulur. İddiaçı işlədiyi müddətdə əmək haqqından DSMF-yə köçürülməli olan məbləğin köçürülməməsinə istinad edərək həmin məbləğin köçürülməsini tələb edir. İş materiallarından göründüyü kimi 2006-2023-cü illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabatlarda İddiaçı məlumatları qeyd edilməmişdir. Beləliklə İddiaçı işlədiyi müddətdə sosial sığorta ödənişlərinin həyata keçirilməməsi və nəticədə hesabatda əksini tapmaması öz təsdiqini tapmış, cavabdeh tərəfindən həmin halı təkzib edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının pensiya yaşı 26 dekabr 2022-ci il tarixdə tamam olmuşdur. Bununla əlaqədar İddiaçı 2023-cü ilin yanvar ayında pensiya təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Sığorta Fondunun müvafiq qurumuna müraciət etmişdir. Məhz həmin vaxt ona bildirilmişdir ki, 2010-cu ildə onun cavabdehin Taxta Körpü sahəsində işlədiyi zaman aldığı əmək haqqından tutulan sosial sığorta ödənişləri Sosial Sığorta Fonduna ödənilməmişdir. Bunun nəticəsində də ona pensiya deyil sosial müavinətin ödənilməsi barədə qərar çıxarılmışdır. İddiaçı və vəkili tərəfindən 05 may 2023-cü il tarixdə cavabdehə vəkil sorğusu vermilmiş, 27 iyul 2023-cü il tarixdə isə məhkəmədə iddia qaldırmışlar.Göründüyü kimi iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi halı mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh “X1 "xxxx" ASC tərəfindən ödənilməli olan məbləğin hesabatda əks olunmaqla İddiaçı 20 aprel 2010-cu il tarixdən 01 iyun 2010-cu il tarixə kimi əmək haqqından tutulan məcburi dövlət sosial sığorta məbləğinin Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi öhdəliyi cavabdeh “X1 "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “X1 "xxxx" ASC tərəfindən ödənilməli olan məbləğin hesabatda əks olunmaqla İddiaçı 20 aprel 2010-cu il tarixdən 01 iyun 2010-cu il tarixə kimi əmək haqqından tutulan məcburi dövlət sosial sığorta məbləğinin Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi öhdəliyi cavabdeh “X1 "xxxx" ASC-nin üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar