Məhkəmə qərarları › İş №e-2(004)-1088/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1088/2025

14.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1088/2025 14.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “Cavabdeh iddiaçı barədə intizam tənbehi sayılmayan 04 noyabr 2024-cü il tarixli, SC 0221 saylı yazılı xəbərdarlığının ləğv edilməsi və cavabdehdən mənəvi zərərə görə 15.000 (on beş min) manat məbləğində pulun tutulması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “Cavabdeh iddiaçı barədə intizam tənbehi sayılmayan 04 noyabr 2024-cü il tarixli, SC 0221 saylı yazılı xəbərdarlığının ləğv edilməsi və cavabdehdən mənəvi zərərə görə 15.000 (on beş min) manat məbləğində pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2013-cü il tarixdən əmək müqaviləsi əsasında Cavabdeh MMC ilə əmək münasibətlərindədir. 04 noyabr 2024-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya qarşı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndi əsas tutulmaqla intizam tənbehi sayılmayan yazılı xəbərdarlıq elan edilmişdir. Həmin yazılı xəbərdarlıq qanunsuzdur, iddiaçının şəxsiyyətinə, xarakterinə, kollektivdəki nüfuzuna tamamilə ziddir. Belə ki, cavabdehin mövqeyinə əsasən iddiaçı 2024-cü ilin əvvəlində şirkətdə işə qəbul prosesinin şəffaf qaydada aparılmasına müdaxilə etmiş, müəyyən namizədin seçilməsi üçün ədalətsiz rəqabətə şərait yaratmış, şirkətin etibar və nüfuzana xələl gətirmişdir. Bu əsassız, subyektiv mülahizələrdən sonra əmrdə qeyd edilir: “Bununla da, Siz, Şirkətin “Anti-korrupsiya” və “İşə qəbul” prosedurlarını kobud şəkildə pozmuşunuz”. "xxxx" MMC-nin ehtimal üzərində qurulmuş formal və qeyrimüəyyən mülahizələrə əsaslanan ittihamlarına cavab olaraq bildirilir ki, 2024-cü ilin fevral ayında, yəni təxminən 10 ay əvvəl iş günlərinin birində, bir işçinin qohumu iddiaçıya müraciət etmişdir. Həmin işçi müsahibədən uğurla keçmiş və "xxxx" MMC-yə işə qəbul olunmuşdur. Müraciət edən şəxs iddiaçının işlədiyi şirkətin müştərilərindən biri olan digər şirkətdə çalışır. Söhbət zamanı həmin şəxs kadrlar şöbəsinin işçilərini tanımadığını bildirmiş və işə qəbul olunan qohumunun qazandığı uğura görə sevincini qeyd etmək məqsədilə kadrlar şöbəsinə çay içmək üçün kiçik bir hədiyyə, tort və ya şokolad qutusu vermək istədiyini, bu barədə iddiaçının ona məlumat verməsini xahiş etmişdir. İddiaçı bunu sadəcə nəzakət və uğurun qeydi aktı kimi qəbul etmiş və kollektivdə uğurların qeyd edilməsi ənənəsinin (Xonça proseduru) olduğunu nəzərə alaraq bu düşüncələrlə həmin şəxsin niyyətini kadrlar şöbəsinə bildirmişdir. Lakin, kadrlar şöbəsinin məsul şəxsi iddiaçıya bunun mümkün olmadığını bildirmişdir. Yəni, burada hər hansı bir rüşvət təklifindən söhbət gedə bilməz, çünki təklif edilən hədiyyə işə qəbul olmaq istəyən birinə görə deyil, müsahibədən uğurla keçmiş işçiyə görə edilmişdir. Göstərilənlər nəzərə alınmaqla iddianın təmin olunması xahiş olunur. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək iddia tələbinin təmin olunmaması xahiş etmişdir. İş materiallarına işçi İddiaçı ilə işəgötürən Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş işəgötürən Cavabdeh MMC-nin işçi İddiaçı barədə 04 noyabr 2024-cü il tarixli, SC 0221 saylı yazılı xəbərdarlığı əlavə edilmişdir. İş materiallarına baş vermiş intizam pozuntusu ilə əlaqədar işçi İddiaçı izahatı və Cavabdeh MMC-nin PS komanda rəhbəri Tamilla Rəsulzadənin izahatı (xüsusən 2-ci abzas) əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı 2013-cü il tarixdən əmək müqaviləsi əsasında Cavabdeh MMC ilə əmək münasibətlərindədir. 2024-cü ilin fevral ayında bir işçinin qohumu iddiaçıya müraciət etmişdir. Həmin işçi müsahibədən uğurla keçmiş və "xxxx" MMC-yə işə qəbul olunmuşdur. Həmin şəxs kadrlar şöbəsinin işçilərini tanımadığını bildirmiş və işə qəbul olunan qohumunun qazandığı uğura görə sevincini qeyd etmək məqsədilə kadrlar şöbəsinə çay içmək üçün kiçik bir hədiyyə, tort və ya şokolad qutusu vermək istədiyini, bu barədə iddiaçının ona məlumat verməsini xahiş etmişdir. İddiaçı bununla bağlı işə düzəlmiş həmin şəxsin hədiyyəsi kimi kadrlar şöbəsinin məsul şəxsi Tamilla Rəsulzadəyə 200 manat pul təklif etmiş, T.Rəsulzadə iddiaçıya bunun mümkün olmadığını bildirməklə imtina etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş iddiaçının və Tamilla Rəsulzadənin izahatlarını mötəbər hesab edir. Belə ki, məhkəmə hazırlıq iclası zamanı iddiaçı həmin izahatı özü yazdığını bildirmiş, izahatda qeyd edilənlərin həqiqətə uyğun olduğunu qeyd etmişdir. Tamilla Rəsulzadənin izahatında qeyd edilən xüsusatlar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İşəgötürən mübahisə predmeti olan xəbərdarlıq əmrini əsaslı olaraq qəbul etmişdir. İşçi (vətəndaş) korrupsiyaya şərait yaradan hallara görə maksimum diqqətli olmalı, intizam (həmçinin, cinayət, inzibati xəta) pozuntusu hesab edilən hərəkətlərə yol verməməli, bu istiqamətdi vasitəçilik etməməlidir. İşçi tərəfindən hüquqi baxımdan intizam xətasına yol verilməsi onun olaraq məsuliyyətdən azad edilməsinə səbəb ola bilməz. Qanunu bilməmək şəxsi məsuliyyətdən azad etmir. Subyektlər hüquqlarını bildikləri kimi, vəzifələrini də bilməli və öhdəliklərinə istisnasız əməl etməlidirlər. Qanunçuluğun təmin edilməsində vətəndaşlar dövlət orqanlarına yardım etməyə borcludurlar. Şəxsin işə götürülməsinə görə (və ya hər hansı digər hərəkətə görə) kiməsə “şirinlik vermək” hüquqi və əxlaqi baxımdan qəbuledilməzdir. Buna haqq qazandırmağa hər hansı ağlabatan səbəb ola bilməz. Hazırki mübahisə üzrə işçinin hərəkətlərində ciddi intizam pozuntusu olmadığından işəgötürən tərəfindən yazılı xəbərdarlıq edilməklə kifayətlənilmişdir. Xəbərdarlıq intizam tənbehi hesab edilmir. Lakin, işəgötürən analoji halların təkrarlanmaması, əmək kollektivinin intizamlı olması, korrupsiyaya şərait yaradan hallara yol verməməsi üçün işçi barəsində xəbərdarlıq tədbirini tətbiq etməsi qanunun qarşısına qoyduğu məqsədlərə uyğundur. İddiaçıya cavabdehlərin hərəkətləri nəticəsində mənəvi zərərin vurulması xüsusatı ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi sözügedən hissədə sübuta yetirilmir, ağlabatan deyildir, iddiaçının şəxsi mülahizələrinə əsaslanır. Nəzərə alınmalıdır ki, cavabdehin əmrinin qanunsuz olması xüsusatı müəyyən edilmir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti (hər üçü eyni vaxtda mövcud olmalıdır) vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. İddia tələbi üzrə qeyd olunan dispozitiv şərtlər yerinə yetirilmir. Məhkəmə iddiaya tələb həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “Cavabdeh iddiaçı barədə intizam tənbehi sayılmayan 04 noyabr 2024-cü il tarixli, SC 0221 saylı yazılı xəbərdarlığının ləğv edilməsi və cavabdehdən mənəvi zərərə görə 15.000 (on beş min) manat məbləğində pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar