Məhkəmə qərarları › İş №e-2(004)-1112/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1112/2025

07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1112/2025 07.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı, İddiaçı cavabdeh İri Şəhərlərin X4 publik hüquqi şəxsinə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İri Şəhərlərin X4 publik hüquqi şəxsinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsi tərəfindən İddiaçı aid olan abonent koduna əsassız hesablanmış cəmi 3300 (üç min üç yüz) manat pulun cavabdeh "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının 2023-cü üzrə “Abonent haqqında məlumatlar”ına əsasən həmin ilin yoxlamaya qədər 9 ayı ərzində iddiaçının orta aylıq su sərfiyyatı 25 m3 olmuşdur. 2024-cü il üzrə “Abonent haqqında məlumatlar”dan görünür ki, yoxlamadan sonra İddiaçının 2024-cü il ərzində orta aylıq su sərfiyyatı 95 m3 olmuşdur (1147m3 : 12 ay = 95m3 ). Bu orta aylıq su sərfiyyatları arasındakı fərq 70m3 təşkil edir. Yoxlamadan öncə aylıq su sərfiyyatının ortalama 70m3 ödəmədən yayındığı iddia olunur. 2023-cü il ərzində cəmi ödənilməmiş su sərfiyyatı 630m3 olmuşdur ki, bu pul ifadəsi ilə 1260 manat təşkil edir. Cavabdeh 602237 saylı xx.xx.2023-cü il tarixli akta əsasən iddiaçıya cəmi 4560 manat cərimə hesablamışdır və bu məbləğ iddiaçının suya görə yoxlamadan sonrakı dövr ərzində suya və kanalizasiyaya görə cari ödənişlərinin 30 faizinin cərimənin ödənilməsinə yönəldilməklə iddiaçıdan tam tutulmuşdur. Yoxlamadan keçən dövr ərzində iddiaçıdan su sərfiyyatına görə cəmi 4560 manat pul tutulmuşdur ki, bu iddiaçının 2023-cü il ərzində olmuş real su sərfiyyatı olan 630m3 uyğun deyil. Yuxarıda sadalananlara əsasən iddiaçıdan tutulmuş 4560 manatla 2023-cü il ərzində su sərfiyyatına görə faktiki ödənilmiş 1260 manat arasındakı 3300 manat fərq iddiaçıya qaytarılmalıdır İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh İri Şəhərlərin X4 publik hüquqi şəxsin nümayəndəsi X1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına sudan qanunsuz istifadə faktına dair tərtib edilmiş 602237 nömrəli akt əlavə edilmişdir. Akta əsasən müəyyən edilir ki, sözügedən ünvanda (şirniyyat sexi) d-20 mm kənar xətt aşkarlanmışdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, İddiaçı vergi ödəyici kimi qeydiyyatda deyildir (VÖEN-i yoxdur). İş materiallarına abonentin saldo məlumatları əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı münasibətlər müqavilə üzrə öhdəlik münasibətləridir və mübahisənin hüquqi əsasını tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 44916001 nömrəli müqavilə üzrə münasibətlər təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 3.1.1-ci yarımbəndinə əsasən su təchizatı və kanalizasiya müəssisə (STKM), su təchizatı və tullantı sularının axıdılması sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüxsəsi istehlakçıya təqdim olunan akt tərtib edilməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş zərərin ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququna malikdir. Həmin qaydaların 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirlmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 il müddətinədək hesablanır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən STKM ilə bağlanmış müqavilənin şərtlərini yerinə yetirmək və bu Qaydaların tələblərinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, sudan qanunsuz istifadə faktına dair tərtib edilmiş akta əsasən sözügedən ünvanda kənar xətt aşkarlanmışdır. Tərtib edilmiş müvafiq akt əsasında abonentə sudan qanunsuz istofadəyə görə borc hesablanmışdır. Həmin borc məbləği iddiaçı tərəfindən tam ödənilmişdir. Borcun ödənilməsinin hüquqi əsası qismində sudan qanunsuz istifadə faktına dair tərtib edilmiş 602237 nömrəli akt çıxış etmişdir. Deməli, abonent qismində iddiaçı tərəfindən ödənişlər həmin akta əsaslanmaqla ödənilmişdir. Ödənilmiş həmin vəsaitin geri tələb edilməsinin hüquqi və faktiki əsasları sübuta yetirilir. Nəzərə alınmalıdır ki, dəqiqləşdirilmiş iddia tələbi üzrə sudan qanunsuz istifadə faktına dair tərtib edilmiş 602237 nömrəli akt mübahisələndirilməmiş, aktın ləğv edilməsi tələb edilməmişdir. Ödənişin həmin akta müvafiq qaydada abonent tərəfindən ödənilməsi nəzərə alınmaqla hüquqi baxımdan qanuni əsaslarla tərfib edilmiş akta əsasən aparılmış ödəniş qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə sözügedən dispozitiv şərtlər yetinə yetirilmir. Çünki, adonent (iddiaçı) tərəfindən edilmiş ödənişin hüquqi əsası mövcuddur. İddiaçı tərəfin vəsatəti əsasında xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismində dindirilmiş sözgüdən obyektin icarəçisi (faktiki idarə edən şəxs) X3 izahat verərək bildirmişdir ki, sözügedən obyektdə qanunsuz xətt mövcud olmuşdur və həmin xətt obyekt iddiaçı tərəfindən onlara icarəyə verildiyi tarixdən etibarən, yəni 2023-cü ilin fevral ayından həmin qanunsuz xətt mövcud olmuş, lakin, xəttə gizlədilməmiş, aşkarda olmuşdur. Lakin, tətbiq edilmiş cərimənin həddi yüksək məbləğ təşkil etdiyindən həmin aktın qanunsuz olmasını hesab edir. Məhkəmə qənaətə gəlir ki, sözügedən obyektdə qanunsuz xəttin mövcud olması və məhz bu əsaslarda iddiaçıya cərimə tətbiq edilməsi qanuni əsaslarla olmuşdur. Müqavilə münasibətləri üzrə abonent istifadə etdiyi suyun ödənişini müqavilədə nəzərdə tutulmuş şərtlər çərçivəsində İri Şəhərlərin X4 publik hüquqi şəxsə ödəməlidir. Bu hal həmçinin sağlam vətəndaşlıq mövqeyi olmaqla hüquqi olmaqla vətəndaş cəmiyyətinin əsas şərtlərindən biridir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddiaçı tərəfindən iddia tələbinin sübut edilməsi istiqamətində zəruri sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, hazırki tələb üzrə borcun yaranması əsaslarını sübut etmək vəzifəsi hakimiyyət səlahiyyətli cavabdeh orqanın üzərindədir. Lakin, bu xüsusat iddiaçını sübutetmə yükündən, aktiv prosessual fəaliyyətdən azad etmir. Nəzərə alaq ki, məhz iddiaçı ödənişin əsassız aparıldığını iddia edir. İddiaçı tərəfindən iddianın əsaslılığına dəlalət edən ilkin əsaslı hallar müəyyən edilməmişdir. İddiaçı tərəfindən cavabdeh tərəfin arqumentləri təkzib edilməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə qətnaməsi əsaslı olmalı və yalnız mötəbər sübutlara əsaslanmalıdır. Məhkəmənin mülki işdə olan mötəbər sübutlara əsaslanmadan yalnız öz mülahizəsi ilə hər hansı hüquqi nəticəyə gəlməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbində qeyd oluna xüsusatlar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh İri Şəhərlərin X4 publik hüquqi şəxsinə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar