Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-115/2023 31.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə (TeliaSonera AB mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “razılaşdırma barədə məlumatın və sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə (TeliaSonera AB mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “razılaşdırma barədə məlumatın və sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli məktubda qeyd edilən TeliaSonera Eurasiya ofisi ilə razılaşdırmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə iddiaçıya yazılı məlumat verilməsi və bu prosedurun hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və s.) surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə (bundan sonra Cəmiyyət) xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlayaraq, həmin Cəmiyyətdə X1 Strukturunun direktoru vəzifəsində fəaliyyət göstərmiş, xx.xx.2015-ci il tarixdən qeyd edilən əmək münasibətlərinə xitam verilmişdir. Sonradan, Cəmiyyətlə əmək mübahisələrinə dair məhkəmə araşdırmaları olmuş və məhkəmə iclaslarının birində Cəmiyyətin nümayəndəsi tərəfindən TeliaSonera Eurasiya B2B direktoru Jessika Levin tərəfindən göndərilən xx.xx.2015-ci il tarixli məktub məhkəməyə təqdim edilmişdir. Həmin məktubun məzmunundan müəyyən edilir ki, “...xx.xx.2014-cü il tarixdə cənab İddiaçı Cavabdeh MMC tərəfindən X3 rəhbəri vəzifəsinə təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə sınaq müddətini keçməməsi səbəbindən onun müqaviləsinə xitam verilmiş və eyni tarixli üç aylıq müddətli müqavilə imzalanmışdır. xx.xx.2015-ci tarixində müqavilə müddəti bitmiş və müqavilə uzadılmamışdır. Müddətsiz və sonrakı müddətli müqavilələrə xitam verilməsi qərarları qüvvəyə minməzdən öncə TeliaSonera Eurasiya ofisi ilə razılaşdırılmışdır.” Yuxarıda qeyd edilən məktubdan aşkar görünür ki, əmək müqavilələrinə xitam veriməsinə dair iddiaçı ilə rəsmiləşdirilmiş müqavilələr qüvvəyə minməzdən öncə bu məsələ TeliaSonera Eurasiya ofisi ilə razılaşdırılmış, başqa sözlərlə xitam müqavilələrinin qüvvəyə minməsi TeliaSonera Eurasiya ofisinin razılığı ilə şərtləndirilmişdir. Belə vəziyyətdə, TeliaSonera Eurasiya ofisinin razılaşdırma prosedurunun bilavasitə iddiaçının mənafeyinə toxunduğunu nəzərə alaraq, həmin razılaşdırmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə iddiaçıya yazılı məlumat verilməsi və bu prosedurun hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və s.) surətlərinin iddiaçıya təqdim olunması üçün Cəmiyyətə yazılı müraciət edilmişdir. Lakin, Cəmiyyət yazılı müraciətə imtina məktubu ilə cavab vermişdir. Bundan sonra, cavabdeh mediasiya sessiyasına dəvət edilsə də, sonuncu mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, iddiaçı hesab edir ki, TeliaSonera Eurasiya ofisinin razılaşdırma prosedurunun bilavasitə onun mənafeyinə (əmək münasibətləri üzrə hüquqlarına) toxunduğunu nəzərə alaraq, həmin razılaşdırmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə iddiaçıya yazılı məlumat verilməsi və bu prosedurun hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və s.) surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Cavabdeh iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixində Cavabdeh MMC-yə məktub ünvanlamışdır. Həmin məktuba cavab verilərək bildirilmişdir ki, “müddətli əmək müqaviləsinin və həmin müqaviləyə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi və işə bərpa” barədə iddia ərizəsinə baxılarkən (iş N 2(004)- 6466/2015) xx.xx.2015-ci il tarixli məktub və onun tərcüməsi məhkəməyə təqdim edilmiş, həmin məktubla icraat çərçivəsində tanış olmaq, əlaqəli məsələləri qaldırmaq imkanı olmuşdur. Nəzərə alınmalıdır ki, İddiaçı İkram oğlunun iddiası Yasamal Rayon Məhkəməsinin 2(004)- 6466/2015 nömrəli iş üzrə 03 iyul 2015-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir və məhkəmə aktı sonrakı məhkəmə instansiyaları tərəfindən qüvvədə saxlanılmışdır. Həmin iş üzrə çıxarılmış bütün məhkəmə aktları (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6466/2015 nömrəli iş üzrə 03 iyul 2015-ci il tarixli qətnaməsi; Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)-6249/2015 saylı qətnaməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(102)-1705/16 saylı qərarı) əlavə olunur. Bundan sonra, iddiaçının növbəti “İddiaçı şəxsi işində olan bütün sənədlərin ... iddiaçıya təqdim edilməsi” iddiası Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2(004)-1599/2020 saylı qətnaməsi (surəti əlavə edilir) ilə təmin edilməmiş və məhkəmə aktı sonrakı məhkəmə instansiyaları tərəfindən qüvvədə saxlanılmışdır. Həmin iş üzrə çıxarılmış bütün məhkəmə aktları (Yasamal Rayon Məhkəməsinin 2(004)-1599/2020 nömrəli iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsi; Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)- 7967/2020 saylı qətnaməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-cı il tarixli 2(102)-3226/2021 saylı qərarı) əlavə olunur. Hazırda İddiaçı İkram oğlu Bakı şəhəri Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən “X5 ofisi ilə razılaşdırmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə iddiaçıya yazılı məlumat verilməsi və bu prosedurun hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və s.) surətlərinin iddiaçıya təqdim edilməsi barədə mübahisə açmaqla iddiaçı 2(004)- 6466/2015 saylı iş çərçivəsində artıq hüquqi qiymət verilmiş əmək mübahisəsini bir daha süni şəkildə “diriltməyə” çalışır. Bu iddiaçının “yeni açılmış hal” yaratmaq üzrə artıq üçüncü cəhdidir. Əgər iddiaçı xx.xx.2015-ci il tarixli məktubda qeyd edilənlər mənafeyinə (əmək münasibətləri üzrə hüquqlarına) toxunduğunu hesab edirdisə, o ilkin əmək mübahisəsi çərçivəsində məsələyə hüquqi qiymət verməsini tələb etməli idi. O bunu etməyib və qanunla müəyyən edilmiş prosessual imkanları da buraxıb. Buna görə də, hazırkı iddia ilə, məhkəməni artıq baxılmış mübahisəyə süni şəkildə müdaxilə etməyə sövq etmək cəhdidir. Hesab edirik ki, yekun hüquqi qiymət verilmiş iş üzrə müəyyən edilmiş və mübahisələndirilməmiş halların yenidən digər prosessual formada mübahisələndirilməsi mümkün deyil. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması, ilk növbədə, hüquqi müəyyənlik prinsipilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Belə mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsinin praktikasında da öz əksini tapmışdır. Belə ki, “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı, tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Göstərilənlər ilə yanaşı nəzərə alınmalıdır ki, iddiaçı Vüqar X2 rayon məhkəməsində Cavabdeh MMC-nin əməkdaşları -S.E.Səmədova, L.R.Heybətova və H.S.Hüseynzadəyə qarşı şərəf və ləyaqətə, habelə işgüzar nüfuza yetirilmiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia qaldırmışdır. İddiaçı iddia ərizəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6466/2015 saylı iş üzrə verilmiş şahid ifadələrinə münasibətdə qeyd edir ki, “cavabdehlər tərəfindən həqiqətə uyğun olmayan məlumatların verilməsi və yayılması nəticəsində İddiaçı işdən çıxarılmasına, onun işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl yetirilməsinə səbəb olmuşdur”. Nəsimi rayon məhkəməsinin 2(006)-7979/2017 saylı qətnaməsi ilə (surəti əlavə edilir) ilə təmin edilməmiş və məhkəmə aktı sonrakı məhkəmə instansiyaları tərəfindən qüvvədə saxlanılmışdır. Həmin iş üzrə çıxarılmış bütün məhkəmə aktları (Nəsimi Rayon Məhkəməsinin 2(006)-7979/2017 nömrəli iş üzrə 30 avqust 2017-ci il tarixli qətnaməsi; Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-4915/2018 saylı qətnaməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-cı il tarixli 2(102)-7413/2018 saylı qərarı) əlavə olunur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1.-ci maddəsinə əsasən Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Hazırkı iddia üzrə iddiaçının hansı hüququndan söhbət getdiyi aydın deyil. İddia ərizəsində qeyd edildiyi kimi xx.xx.2015-ci il tarixli məktubda qeyd edilənlər iddiaçının mənafeyinə (əmək münasibətləri üzrə hüquqlarına) toxunurdusa, 2(004)-6466/2015 nömrəli iş üzrə Yasamal Rayon Məhkəməsinə xx.xx.2015-ci il tarixli məktub və onun tərcüməsi təqdim edilərəkən, iddiaçının həmin məktubla icraat çərçivəsində tanış olmaq, əlaqəli məsələləri qaldırmaq imkanı olmuşdur. Beləliklə iddia ərizəsində qeyd etdiklər əsasızdır və bu iddiaya vicdansızcasına iddia vermədən başqa ad vermək mümkün deyildir. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən “Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.”. Göründüyü kimi iddiaçının “yeni açılmış hal” yaratmaq üzrə hərəkətləri ex turpis causa (yolverilməz vicdansız davranış) olmaqla hüquqdan sui-istifadədir. Beləliklə iddiaçı qeyrikonstruktiv yanaşmaqla, bilərəkdən hüquqdan sui-istifadə etmək ilə yeni açılmış hal yaratmaq üçün müxtəlif absurd iddialar qaldırması ilə vəziyyətdən faydalanmağa çalışır. Müvafiq olaraq da iddiaçının məsələyə vicdanla yanaşdığını sübut edən hər hansı dəlil mövcud deyil. Beləliklə, hazırkı iddia tələbi məhz 03 iyul 2015-ci il tarixli 2(004)-6466/2015 saylı qanun qüvvəsini almış qətnamə ilə müəyyən edilmiş təkzibolunmaz halların yenidən hüquqi təftiş edilməsi cəhdidir ki, bu hüquqi müəyyənlik prinsipinə zidd olmaqla yolverilməzdir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı 01 dekabr 2021-ci il tarixində Cavabdeh MMC-yə məktubla müraciət etmişdir. 07 yanvar 2022-ci il tarixində 284 saylı məktubla ona cavab verilmişdir. Yaranmış hal üzrə hüquqlarının təmin edilməsi məqsədi ilə iddia tələbini yalnız yuxarıda göstərilmiş halların baş verməsindən 7 aydan çox olan müddətdən sonra irəli sürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçı işçi hüququnun pozulmasına dair iddianı verərkən belə, iddia müddəti barədə məcburi müddəaları nəzərdə tutan qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməmiş və bununda da hazırki iddia tələbi üzrə iddia müddətini buraxmışdır. Belə ki, iddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən bir ay ərzində irəli sürülə bilən xüsusi iddia müddətləri tətbiq edilən iddiası 1 aylıq iddia müddətinə riayət edilmədən 17 iyul 2022-ci il tarixində verilmişdir. Beləliklə iddia tələbləri əsassızdır, iddiaçının heç bir hüquqi və faktiki əsası olmayan tələbi təmin edilə bilməz. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh tərəf 02 sentyabr 2015-ci il tarixli məktub təqdim ediblər ki, müvəkkilinin əmək müqaviləsinə xitam verilməsi TeliaSonera AB ofisi ilə razılaşdırılıb. İddiaçı Cavabdeh MMC-də işləyib, müəyyən vəzifə tutub, əmək müqaviləsi var. Cavabdehin təqdim etdiyi məktubda əmək fəaliyyəti ilə bağlı məsələdir. Müraciətdə eedərək cavabdehdən xahiş etmişlər ki, əmək müqaviləsinə xitam verilməsi razılaşdırılmışdırsa sənədləri təqdim etsinlər ki, TeliaSonera AB ofisinin işə qəbulu, işdən azad edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı olan məsələlərdə rolu nədən ibarətdir. Sadəcə sənədlərin təqdim olunmasını istəyirlər ki, bu da iddiaçının hüquqlarına toxunan məsələdir. Bundan əvvəlki məhkəmə proseslərində də bütün sənədləri təqdim olunması üçün iddia qaldırılmışdır. Cavabdeh tərəf sənədlərin surətlərini şəxsi iş ilə birlikdə təqdim edəndə qeyd edilən məktubu da şəxsi işin içində verirlər. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh MMC-də vəzifəyə ilk azərbaycanlı olaraq o, təyin olunmuşdur. Orada ancaq xarici ekspertlər çalışmışlar. İşə götürülmə prosesinin birinci mərhələsində onun işə uyğun olub-olmaması müəyyənləşdirilmişdir. Ondan sonra, ikinci müsabiqə test imtahanları və .s., üçüncü mərhələdə isə müsabiqə mərhələsidir ki, müsabiqə İstanbul şəhərində keçirilmişdir. Müsabiqəni götürən TeliaSonera AB-nin şöbəsinin vitse-prezidenti idi ki, ona qədər vəzifələr var idi birbaşa ona tabe olurdu. Yəni, onun ikili tabeçiliyi var idi. Onun birinci Cavabdeh MMC-nin prezidentinə və ikinci TeliaSonera AB-nin şöbəsinin vitse-prezidentinə tabeçiliyi var idi. Yəni, onun işinə müdaxilə edəcək iki nəfər var idi. Hazırki halda ona təccüblüdür ki, 02 sentyabr 2015-ci il tarixli məktub niyə indi üzə çıxmışdır. Hər dəfə onunla yeni müqavilə bağlanıldıqda onlarla razılaşdırılırdı. Amma elə çıxırdı ki, guya ki, bu onlarla razılaşdırılmır. İlk məhkəmə prosesi olanda onların məlumatı olmuşdur ki, bu elə o vaxtdan razılaşdırılmışdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, Cavabdeh MMC müstəqil hüquqi bir şəxsdir. Təsisçisi o vaxt TeliaSonera olub. Belə bir razılaşma olmayıb. Sadəcə qayda bele idi ki, şöbə müdürünü işə götürəndə departament rəhbəri, yəni prezident ilə də məsləhətləşirdilər. İddiaçı departamentin direktoru olub. İddiaçı Azərbaycan Qanunvericiliyinə uyğun olaraq işə götürülüb. Sadəcə olaraq təsisçi olan TeliaSonera ilə ümumi məsləhətləşmələr aparılıb. Bundan qabaqki məhkəmə proseslərində təqdim edilən tərcümələrdən də görünür ki, TeliaSonera ilə Cavabdeh MMC-nin mövqeyi üst-üstə düşür. Bu məsələdə digər bi proses də olub ki, orada da iddiaçının şəxsi işində olan bütün sənədlərin iddiaçıya təqdim edilməsi ilə bağlı məhkəməninin qətnaməsi olub. Ali Məhkəmənin qüvvədə olan qərarı var. Bu səbəbdən iddiaçı bütün sənədləri şəxsi işində olan bütün materialları ilə tanış olub. Sözügedən məktubun iddiaçının şəxsi işində olub-olmamasından xəbəri yoxdur. Cavabdeh MMCnin TeliaSonera ilə xüsusi razılaşma ilə bağlı hər hansı razılaşması yoxdur. Ümumi təsisçi olaraq məlumat verilib. Həmin prosedur da iddiaçıya təqdim edilib. İddiaçı tərəf tanış olmuşdur. Şəxsi işində olan bütün sənədlər iddiaçıya təqdim edilməsi ilə bağlı iddiada bu məsələlər müzakirə olunub və iddiaçı tərəf həmin sənədlərlə siz tanış olmuşdur. Hesab edir ki, onlarda yazılı bir prosedur yoxdur. Sadəcə olaraq təsisçi kimi ümumi məlumat verilir. Razılaşdırılma elə məhkəməyə təqdim edilən tərcümə nəzərdə tutulur. Razılaşdırma ilə bağlı müqavilənin olması və ya qeyrirəsmi məsələ olması ilə bağlı bildirir ki, 3-cü şəxslə belə bir razılaşma yoxdur, təsisçi olaraq 3-cü şəxsə məlumat verilmiş və bu məlumat da məhkəməyə təqdim edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-nin K-51 saylı 02 iyun 2015-ci il tarixli əmrinin surətindən görünür ki, X1 strukturunun rəhbəri İddiaçı əmək müqaviləsinə xx.xx.2015-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyul 2015-ci il tarxli 2(004)-6466/2015 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-ə qarşı əmək müqaviləəsinə xitam verilməsi barədə K-181 saylı əmrin, 4844 saylı yazılı xəbərdarlığın etibarsız hesab edilməsi, 01 dekabr 2014-cü il tarixli əmək müqaviləsinin qüvvədə olması və işə bərpa tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 27 noyabr 2015-ci il tarixli 2(103)- 6249/2015 saylı qətnaməsi ilə İddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyul 2015-ci il tarxli 2(004)-6466/2015 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 aprel 2016-cı il tarixli 2(102)-1705/2016 nömrəli qərarı ilə İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 27 noyabr 2015-ci il tarixli 2(103)-6249/2015 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və qeyd edilən qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixi 2(004)-1599/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının müraciətinə cavab verməməsinin qanunsuz hesab edilməsi, İddiaçı şəxsi işində olan bütün sənədlərin, o cümlədən iddiaçının işə qəbul olunması barədə sənədlərin, habelə 01 dekabr 2014-cü il tarixli əmək müqaviləsinin 1 nömrəli Əlavəsinin təsdiq edilmiş surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-6466/2022 nömrəli mülki iş üzrə iddiaçının nümayəndəsinin yazılı vəsatəti əsasında İddiaçı aid sənədlər məhkəməyə təqdim edilmiş, iş materiallarına əlavə edilmişdir. Məhkəmə hesab etmişdir ki, Əmək Məcəlləsinin 88.1-ci maddəsi ilə onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirmişdir. Odur ki, ilə iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixl 2(103)- 7967/2020 nömrəli qətnaməsinə əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixi 2(004)-1599/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-3226/2021 nömrəli qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-7967/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli məktubun tərcümə edilmiş surətindən görünür ki, "xxxx" MMC tərəfindən cənab İddiaçı əmək müqaviləsinin xitam edilməsinə TeliaSonera Eurasia rəhbərliyinin yanaşması Azercelin yanaşması ilə üst-üstə düşür. xx.xx.2014-cü il tarixdə cənab İddiaçı Azercell Telecom MMC tərəfindən X4 rəhbəri vəzifəsinə təyin edilmişdir xx.xx.2015-ci il tarixdə sınaq müddətini keçməməsi səbəbindən onun əmək müqaviləsinə xitam verilmiş və eyni tarixli üç aylıq müddətli müqavilə imzalanmışdır. Müddətsiz və sonrakı müddətli müqavilələrə xitam verilməsi qərarları qüvvəyə minməzdən əvvəl TeliaSonera Eurasia ofisi ilə razılaşdırılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış 07 yanvar 2022-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" MMC-nə 01 dekabr 2021-ci il tarixində daxil olmuş İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, "müddətli əmək müqaviləsinin və həmin müqaviləyə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi və işə bərpa" barədə iddia ərizəsinə baxılarkən (iş № 2(004)-6466/2015) xx.xx.2015-ci il tarixli məktub və onun tərcüməsi məhkəməyə təqdim edilmiş (162-163-cü vərəqlər), iddiaçının həmin məktubla icraat çərçivəsində tanış olmaq, əlaqəli məsələləri qaldırmaq imkanı olmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı "İddiaçı şəxsi işində olan bütün sənədlərin ... iddiaçıya təqdim edilməsi" iddiası Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2(004)-1599/2020 saylı qətnaməsi ilə təmin edilməmiş və məhkəmə aktı növbəti məhkəmə instansiyaları tərəfindən qüvvədə saxlanılmışdır. Həmin icraat çərçivəsində də, iddiaçının məktubla əlaqəli məsələləri qaldırmaq imkanı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cü maddəsinin “n” bəndinə əsasən, iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq əmək müqaviləsi üzrə işçinin hüquqlarındandır. Məhkəmə qeyd edir ki, Cavabdeh isə müstəqil hüquqi şəxsdir. İddiaçı Cavabdeh MMC-nin əmri ilə işdən azad edilmiş və həmin əmrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Hazırda iddiaçı TeliaSonera Eurasiya B2B direktoru Jessica Levin məktubunda qeyd edilən TeliaSonera Eurasiya ofisi ilə razılaşdırmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə iddiaçıya yazılı məlumat verilməsi və bu prosedurun hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və s.) surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh müstəqil hüquqi şəxs və işəgötürən olmaqla işçi ilə əmək müqaviləsi bağlamaq və xitam vermək hüququ olmuşdur. Cavabdehin nümayəndəsi isə məktubda qeyd edilən razılaşdırmanın hər hansı xususi proseduru olmadığını, sadəcə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməzdən əvvəl təsisçi olaraq TeliaSonera Eurasiyaya məlumat verildiyini, razılaşdırmanın isə xx.xx.2015-ci il tarixli məktub olduğunu bildirmişdir. Qeyd edilən məktub da, əvvəlki məhkəmə prosesində iddiaçıya təqdim edilmişdir. Belə olan halda, iddiaçı razılaşdırmanın hüquqi əsasları, forması və mexanizminin nədən ibarət olması barədə iddiaçıya yazılı məlumat verilməsi və bu prosedurun hüquqi əsası kimi çıxış edən sənədlərin (müqavilə və s.) surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasında israrlı olduğu halda, razılaşdırmanın xüsusi prosedura əsasən aparılmasına dair məhkəməyə hər hansı sübut təqdim etməlidir. Lakin iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Ona görə də, iddia tələbi təmin edilə bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdehnə (TeliaSonera AB mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “razılaşdırma barədə məlumatın və sənədlərin təqdim edilməsi” tələbi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddia tələbi əsassız olduğundan və bu səbəbdən iddianın rədd edilməli olması qənaətinə gəldiyindən prosessual qənaət prinsipinə əsaslanaraq, cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirmir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə (TeliaSonera AB mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “razılaşdırma barədə məlumatın və sənədlərin təqdim edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-115/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-115/2023
31.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver