Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1150/2024 18.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X8 cəlb edilməklə mənzilin təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Yeni Yasamal” MTK qarşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 cəlb edilməklə qarşı "mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh arasında 08 iyun 2010-cu ildə müqavilə bağlanılmış və bu müqavilə əsasında cavabdeh Yasamal rayonu, M.Xiyabanı küçəsində yerləşən Yeni Yasamal MTK-nin tikilməkdə olan binasında 3 otaqdan ibarət, 155 kvm sahəli, 1-ci giriş, 11-ci mərtəbədə yerləşən 77№ -li mənzili iddiaçıya verməyi, iddiaçı isə mənzilin razılaşdırılmış 79356 (yetmiş doqquz min üç yüz əlli altı) manat dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Elə həmin gün iddiaçı cavabdehə mənzilin razılaşdırılmış 79356 (yetmiş doqquz min üç yüz əlli altı) manat dəyərini tam ödəmiş və bununla da əlaqədar cavabdeh iddiaçıya 08 iyun 2010-cu il tarixli maliyyə arayışı vermişdir. İddiaçı həmin mənzili 2010-cu ildə almasına baxmayaraq bu günədək həmin mənzil iddiaçıya təhvil verilməmişdir. İddiaçı dəfələrlə bu barədə cavabdehə müraciət etsə də cavabdeh müxtəlif bəhanələr gətirmiş və müqavilə öhdəliyini yerinə yetirməmişdir. Məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra cavabdeh tərəfindən vəkil sorğusuna cavab verilmiş və göstərilmişdir ki, iddia ərizəsində haqqında iddia qaldırılan ünvan 1 ünvanındakı mənzil 29 aprel 2011-ci il tarixli müqavilə əsasında 3-cü şəxs - X7 da satılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iddia tələbini qəbul etəyərək izahatında bildirdi ki, pandemiya dövründən etibarən uzun müddət idi ki, məhkəmə prosesləri davam edirdi, sonradan onun xeyrinə qərar çıxnış və qərar icraya yönəldilmişdir. 2020-ci ildə Ali Məhkəmədə də məhkəmə prosesi nəticələnmişdir və bundan 6 ay sonra icra məmurları evi ona təhvil vermişlər. 2021-ci ilin sonu - 2022-ci ilin əvvəlində evin təmiri başa çatmışdır. Həmin vaxtdan etibarən sözügedən evdə yaşayır. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, M.X.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nin tikilməkdə olan binasında 77 nömrəli mənzili alıcı (İddiaçı) verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri 79356 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, M.X.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh MTK ya məxsusdur. Bu binanın 1-ci girişi, 11-ci mərtəbəsində ümumi sahəsi 155,6 kv.m olan üç otaqlı, 77 saylı mənzilin pay dəyərindən 79356 manat alıcı İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, M.X.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nin tikilməkdə olan binasında 77 nömrəli mənzili alıcı (X8) verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri 77800 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, M.X.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh MTK ya məxsusdur. Bu binanın 1-ci girişi, 11-ci mərtəbəsində ümumi sahəsi 155,6 kv.m olan üç otaqlı, 77 saylı mənzilin pay dəyərindən 77800 manat alıcı X8 tərəfindən ödənilmişdir. İş materiallarında olan Cavabdeh MTK-nın xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 155,6 kv.m. olan 3 otaqdan ibarət 77 nömrəli mənzil xx.xx.2011-ci il tarixli müqavilə ilə X6 adına verilmişdir. Hal-hazırda mənzildən X8 istifadə edir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2655/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh MTK-nin cavabdeh X7 qarşı müqavilənin və maliyyə arayışının ləğv edilmiş hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-650/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 Cavabdeh MTK-ya qarşı “mənzilə köçürülmə” tələbinə, müstəqil tələb irəli sürən üçüncü şəxs Heydərov Çingiz Məmmədxan oğlunun cavabdehlər X7 və Cavabdeh MTK-ya qarşı “əqsin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizələri ilə bağlı mülki iş üzrə iddiaçının iddia tələbi təmin edilərək, X6 Bakı şəhəri, Yasamal rayonu, M.X.Xiyabani küçəsində yerləşən Cavabdeh MTK-ya məxsus olan binanın birinci girişinin 11-ci mərtəbəsində olan 77 nömrəli 3 otaqlı sahəsi 155,6 kv.m. olan 77 nömrəli mənzilinə köçürülməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Heydərov Çingiz Məmmədxan oğlunun iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6512/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-650/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən Heydərov Çingiz Məmmədxan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-650/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi Heydərov Çingiz Məmmədxan oğlunun apellyasiya şikayətiniə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-632/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, üçüncü şəxs Heydərov Çingiz Məmmədxan oğlunun kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6512/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.X.Xiyabani küçəsində yerləşən Cavabdeh MTK-ya məxsus olan binanın birinci girişinin 11-ci mərtəbəsində olan 77 nömrəli 3 otaqlı sahəsi 155,6 kv.m. olan 77 nömrəli mənzil xx.xx.2010-cu il tarixdə İddiaçı adına rəsmiləşdirilmişdir. Həmin mənzil Cavabdeh MTK tərəfindən xx.xx.2011-ci il tarixdə yenidən X2. Sözügedən mənzil X7 məhkəmənin qətnaməsi ilə təhvil verilmiş, o, həmin mənzili tam təmir etdirmiş və təmirdən dərhal sonra hal-hazıradək olan müddət ərzində ailəsi ilə birlikdə sözügedən mənzildə yaşayır. Nəticədə, iş materiallarına əsasən müəyyən edilir ki, X8 vicdanlı alıcıdır və «Yeni Yasamal” MTK-dən etibarlı müqavilə münasibətləri əsasında sözügedən mənzili əldə etmişdir. Göstərilən xüsusatlar mülki işin mübahisəsiz hallarıdır. İddiaçı və X6 Bakı şəhəri, Yasamal rayonu, M.X.Xiyabani küçəsində yerləşən Cavabdeh MTK-ya məxsus olan binanın birinci girişinin 11-ci mərtəbəsində olan 77 nömrəli 3 otaqlı sahəsi 155,6 kv.m. olan 77 nömrəli mənzili əldə etmələrinin hüquqi əsası sadə yazılı müqavilələrdir. Deməli, hər ikisi sadə yazılı müqavilə olmaqla ikisi də bərabər hüquqi qüvvəyə malikdir, müqavilələrin bağlanması tarixləri istisna olmaqla birinin digərindən hər hansı üstün mövqeyi yoxdur. Lakin, sözügedən mənzillə bağlı ilk öncə İddiaçı ilə müqavilə bağlansa da, vicdanlı alıcı X8 tərəfindən sözügedən mənzilə xərc çəkilərək, mənzil tam təmir etdirilmişdir. Hal-hazırda X8 həmin mənzildə yaşayır. Göstərilən xüsusatlar mülki işin mübahisəsiz hallarıdır. Belə ki, iddiaçı tərəfindən üçüncü şəxsin mülki işə qoşulması təklif edilmişdir. Lakin, İddiaçı iddia tələbi üzrə müdafiəsinin əsasını sözügedən mənzili ilk öncə onun alması, sonradan X1. 17 saylı Cəzaçəkmə müəssisəsində çəza çəkən Cavabdeh MTK-nın qanuni təmsilçisi X4 yazılı izahatını göndərərək izahatında bildirmişdir ki, ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 155,6 kv.m. olan 3 otaqdan ibarət 77 nömrəli mənzil 08 iyun 2010cu il tarixdə bağlanmış müqavilə əsasında 79356 manata İddiaçı satılmışdır. İddiaçı mənzilin 79356 manat dəyərini tam ödəmiş və bu barədə ona maliyyə arayışı verilmişdirş Bundan sonra bina tikilub qurtarandan sonra mənzil ona təhvil verilmiş, o da mənzilə qapı qoymuş, təmir aparmaq üçün bəzi xırda tikinti materiallarını da həmin mənzilə gətirmişdir. Lakin daimi olaraq Azərbaycanda deyil, xaricdə yaşadığından Azərbaycandan getmiş, uzun müddət geri qayıtmamışdır. X3 adamları mənzilin qapısını qıraraq ora daxil olmuş və MTKnın razılığı olmadan qanunsuz təmir işləri aparmışdır.Dəfələrlə mənzilin digər şəxsə malik olmasını bildirsələrdə buna məhəl qoymamışlar. İddianı qəbul edir və təmin edilməsini xahiş edirlər. Cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Göründüyü kimi, cavabdehin qanuni təmsilçisi Cahangir Alışovun məhkəməyə ünvanladığı etiraf məzmunlu izahatı üçüncü şəxs X6 hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan, iddianın etirafı məhkəmə tərəfindən qəbul edilmir. İddiaçı sözügedən mənzilə dair hüquq müəyyən edici sənədləri olsa da, məhkəmə mübahisə üzrə faktiki vəziyyəti nəzərə almalı, münasibətləri qəlizləşdirmədən ədalətli və ağlabatan formada mübahisəni həll etməlidir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Lakin, məhkəmə nəzərə alır ki, hüquqi baxımdan İddiaçı xx.xx.2010-cu il tarixli etibarlı müqaviləsi mövcuddur. Həmçinin, sözügedən mənzilə münasibətdə X6 vicdanlı alıcı olmaması xüsusatı iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir. Bundan əlavə məhkəmə qərarları ilə X6 həmin mənzilə dair hüquqları tanınmış və qüvvəyə minmiş məhkəmə qərarı əsasında mübahisəli mənzil ona təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinin tələbinə görə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Maddə 112.1 mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Eyni zamanda məhkəmə bildirir ki, İddiaçı izah edilməlidir ki, xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən müqavilə öhdəliklərinin pozulmasına görə vurulmuş zərərin (real zərər və əldən çıxmış fayda) əvəzinin ödənilməsi ilə bağlı Cavabdeh MTK-yə qarşı prosessual fəaliyyət həyata keçirtmək (iddia qaldırmaq) imkanı nəzərdə tutula bilər. Beləliklə, məhkəmə mülki işdə olan sübutlara hüquqi qiymət verərək mübahisənin real vəziyyətini ağlabatan formada qiymətləndirməklə mövcud məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməli, İddiaçı müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı Cavabdeh MTK-yə qarşı iddia qaldırmaq hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Yeni Yasamal MTK qarşı mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq ünvan 3 ünvanında yerləşən Yeni Yasamal MTK-ya məxsus olan binada 3 otaqdan ibarət, 155 kvm sahəli, 1-ci giriş, 11-ci mərtəbədə yerləşən 77 nömrəli mənzilin iddiaçıya təhvil verilməsi və mənzilə sahiblik və istifadə hüququnun tanınması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1150/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1150/2024
18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver