Məhkəmə qərarları › İş №e-2(004)-1206/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1206/2024

29.08.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1206/2024 29.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Sübhi Salayev 17 ünvanında yerləşən ona məxsus mənzilin üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1 həmin mənzilə dair sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Sübhi Salayev 17 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu Sübhi Salayev 17 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 84 kvadrat metr ümumi sahəsi olan tam təmirli, bütün sayğaclarla təchiz edilmiş yeni mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək Cavabdeh2 Aleksandrovnoya İddiaçı MMC tərəfindən hər ay 650 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər, İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamına əsasən Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-nə həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 350-550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 200-a yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, ünvan 3 ünvanındakı daşınmaz əmlakın faktiki olaraq ümumi sahəsi 70 kvadrat metr olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh2 ilə iddiaçıdan kirayə haqqı almaqla müvəqqəti başqa yaşayış yerinə köçməsi və yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. İllərdir ki, öz yaşayış sahələrinin yaxşılaşdırılmasını gözləyən və artıq şirkəti ilə müqavilə bağlamış şəxslər cavabdeh kimi bir neçə sakinlərin hüquqdan sui-istifadə hallarına görə öz arzularına çata bilmirlər. Binanın tikilməsi barəsində Bakı şəhər İcra Hakimiyyətinin 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamının 1.1-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın tərəfindən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında bu xarakterli mübahisələrə ətraflı izah verilmişdir. Həmin Qərarda göstərilir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1- ci maddələrinin şərh edilməsinə dair”2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır. Qeyd edilən qaydalar təkmilləşdirilərək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Konstitusiya məhkəməsi Plenumunun hazırki qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə, eyni zamanda “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsi və Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsinin tələblərinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. İddiaçı cavabdehlərin mülkiyyət hüquqlarını bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə onların mülkiyyətinin ədalətli qaydada mütənasib olaraq mənzilin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada mənzilin onların mülkiyyətinə verir. İddiaçı cavabdehə məxsus şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmadığından yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaranır. Qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin məzil-məişət şəraitinin yaxşılaşdırılması şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət etməklə mülkiyyət hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılması hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh2 ünvan 4 ünvanında yerləşən paylı mülkiyyət qaydasında ona məxsus mənzilə olan mülkiyyət hüququna xitam verilməsi, Cavabdeh1 həmin mənzil üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,3 kv.m. olan 1 ədəd 2 otaqlı yeni, tam təmirli mənzilin Cavabdeh2 verilməsi, mənzil İddiaçı MMC tərəfindən Cavabdeh2 təhvil verilənədək Cavabdeh2 hər ay cəmi 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin ərizədə qeyd edilmişdir ki, iş üzrə təyyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsində bəlli olmuşdur ki, cavabdehlərin mülkiyyətində olan mənzillərinin faktiki sahəsi 30,6 kvadrat metr təşkil edir. Cavabdeh2 iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı MMC-ti onun və oğlu Cavabdeh1 “xüsusi mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən mənzilindən sahiblik və istifadə hüququna xitam verilməsi, həmin mənzildən çıxarılaraq boşaldılması, sökülməsi və yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 84 kvadratmetr ümumi sahəsi mənzilin onun mülkiyyətinə verilməsi və yeni çoxmərtəbəli yaşayış binası tikilənədək ona İddiaçı MMC tərəfindən hər ay 650 (altı yüz əlli) manat məbləğində kirayə haqqının ödənilməsi tələbinə dair” iddiasının təmin edilməsinə dair qətnamə çıxarılmasını, məhkəmədən xahiş etmişdir. İddiaçı hazırda 550 (beş yüz əlli) manat kirayə haqqının ödənilməsini təklif edir. İddia tələbi ədalətsiz və qanunsuzdur. Əvvala, İddiaçı MMC-ti ünvan 4 ünvanda yerləşən onun xüsusi mülkiyyətində olan mənzilini iddia ərizəsinin təsviri hissəsində 71 kvadratmetr, nəticəvi (xahiş edirəm hissəsində) 84 kvadratmetr göstərməklə onun mülkiyyət hüququnu pozur, çünki onlar tərəfindən onun mənzilinin ümumi sahəsi qanunamüvafiq qaydada ölçülməmiş, gözəyarı 84 kvadratmetr müəyyən edilmişdir. Halbuki onun mənzilinin faktiki ümumi sahəsi 92 kvadratmertdir. Həmin mənzildədə o, psixi xəstəlikdən əzab çəkən böyük oğlu Cavabdeh1 və kiçik oğlu X11 3 (üç) nəfərdən ibarət ailə üzvləri ilə birlikdə yaşayırlar. Özü pensiyaçıdır, atası X9 Böyük Vətən müharibəsi iştirakçısı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi olmuşdur. Böyük oğlu psixi xəstədir, İ qrup əlildir, kiçik oğlu fərdi əməklə məşğuldur. Onların ev almaq, 2 (iki) ayrı-ayrı ailə üçün şəraitli ev almaq imkanları yoxdur. Lakin İddiaçı MMC-nin rəhbərliyi və əməkdaşları onun Rus milliyyətindən olduğu üçün onların ailəsinə qarşı ədalətsizlik, etinasızlıq göstərərək, onların xüsusi mülkiyyətində olan mənzilinin hər kvadratmetrinə 2000 (iki min) manat verməklə onların mülkiyyətinə sahib olmaq istəyirlər. Bu da yolverilməzdir, çünki o məbləğlə onlar 2 (iki) ailəyə Bakı şəhərində ev ala bilməyəcək. Tələbləri odur ki, onun mənzilinin hər kvadratmetrinə 3500 (üç min beş yüz) manat ödənilsin və onlarda özlərinə mənzil alıb həmin ərazidən şəraitli mənzilə köçsünlər. Onların başqa tələbi yoxdur. Ona görə də onun İddiaçı MMC-nin rəhbərliyinin onlara qarşı münasibətdə olan ədalətsiz tələbi əsassız və qanunazidd olduğuna görə rədd edilməlidir. Heç bir qanun və digər normativ hüquqi sənədlərlə onun mülkiyyət hüququ pozula bilməz. Yuxarıda qeyd olunan ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətindədir və xüsusi müikiyyətinədə sahiblik və ona sərəncam vermək hüququna qanunvericiliyin tələblərinə uyğun olaraq malikdir. İddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarına düzgün istinad etməyərək vətəndaşların deyil, öz şəxsi maraqlarını güdürlər. Onların da tələbi bu günün bazar qiymətinə tam uyğundu. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, ekspertizanın keçirilməsinə icazə verməmişdir. Belə ki, ekspert qapısına gəlmiş, lakin o, onu içəri buraxmamışdır, çünki artıq heç kəsə inanmır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli sərəncamından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2018-ci il tarixli, 5 saylı müraciətini nəzərə alaraq, Yasamal rayonu, 623 saylı məhəllə, Z.Əhmədbəyov, Naxçıvani və F.ibrahimbəyov küçələrinin əhatəsində yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilməsi, ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi və vəsaitin ödənilməsinin müvafiq qanunvericiliyə əsasən "xxxx" MMC tərəfindən həll edilməsi göstərilmişdir. Bakı şəhəri İcra hakimiyyəti başçısının sərəncamından görünür ki, Bakı şəhəri. Yasamal rayonu 623 saylı məhəllə Z.Əhmədbəyov, Naxçıvani və F.İbrahimov küçələrinin əhatəsində yerləşən torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında GM X3 Cəmiyyətinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 274 nömrəli Sərəncamı və aparılmış müvafiq sənədləşmə işlərinin eyni məqsədlər üçün “RR Constructions" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına rəsmiləşdirilməsi qərara alınmışdır. Layihəçi RR Construction MMC ilə X15 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, “Layihəçi” ünvan 5 ünvanında yerləşən (DƏDRX-nin verdiyi RX seriyalı ******* nömrəli mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair çıxarışa əsasən) "xxxx"yə məxsus 3 otaqlı mənzilin bu Müqavilə müəyyən edilmiş müddətdə söküntüsünü və bu sahədə 24 ay ərzində yeni yaşayış binasının tikintisini həyata keçirərək “Mülkiyyətçinin mənzilinin faktiki sahəsi olan 120 kv.m ümumi sahəsinə 20% əlavə etməklə və bu tikinti başa çatıdırılaraq yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 500 manat kirayə haqqı ödənilməklə tərəflərin qarşılıqlı razılığına əsasən əsasən əvvəlcədən müəyyən edilmiş mərtəbədə və binada yerləşən mənzili bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə "xxxx"-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Layihəçi RR Construction MMC ilə X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, “Layihəçi” ünvan 6 ünvanında yerləşən "xxxx"-nin sahiblik və istifadəsində olan 2 otaqlı mənzili bu Müqavilədə müəyyən edilmiş müddətdə (24 ay) söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək. “Layihəçi" "xxxx"nin mənzilinin faktiki sahəsi olan 53 kv.m ümumi sahəsinə 20% əlavə etməklə (cəmi 63 kv.m olmaqla) və bu tikinti başa çatıdırılaraq yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 400 manat kirayə haqqı ödənilməklə, bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə yeni mənzili "xxxx"-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Layihəçi RR Construction MMC ilə X13 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, “Layihəçi” ünvan 7 ünvanında yerləşən "xxxx"-nin sahiblik və istifadəsində olan 1 otaqlı mənzili bu Müqavilədə müəyyən edilmiş müddətdə (24 ay) söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək. “Layihəçi” "xxxx"nin mənzilinin faktiki sahəsi olan 30 kv.m ümumi sahəsinə 20% əlavə etməklə (cəmi 36 kv.m olmaqla) və bu tikinti başa çatıdırılaraq yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 300 manat kirayə haqqı ödənilməklə, bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə yeni mənzili "xxxx"-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Layihəçi RR Construction MMC ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, “Layihəçi” ünvan 8 ünvanında yerləşən "xxxx"-nin sahiblik və istifadəsində olan 2 otaqlı mənzili bu Müqavilədə müəyyən edilmiş müddətdə (24 ay) söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək. "xxxx"nin mənzilinin faktiki sahəsi olan 22 kv.m ümumi sahəsinə əlavə etməklə ümumi sahəsi 28 kv.m (daxili parametrlər) olan, bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş, tam təmirli yeni mənzili "xxxx"-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmçinin, “Layihəçi” "xxxx"yə bu tikinti başa çatdırılıb yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 500 manat kirayə haqqı ödəməyi öhdəsinə götürür. Layihəçi RR Construction MMC ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Layihəçi Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov 28 ünvanında yerləşən ‘Mülkiyyətçi"-nın mülkiyyətində olan 2 otaqlı mənzili bu Müqavilədə müəyyən edilmiş müddətdə (24 ay) sokuntusunü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək “Mülkiyyətçi'nin mənzilinin faktiki sahəsi olan 38 kv.m umumı sahəsinə əlavə etməklə ümumi sahəsi 47 kv.m (daxılı parametrlər) olan, bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş, tam təmırlı yeni mənzili “Mülkıyyətçi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. 2 Həmçinin, Layihəçi” “Mülkiyyətçiyə bu tikinti başa çatdırılıb yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 450 manat kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülkiyyətçi” bu müqaviləyə əsasən mülkiyyətində olan mənzilin söküntüsü üçun “Layihəçi’yə təhvil verməyi və bu müqavilədə göstərilən müddətdə və qaydada yem tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 2022-ci il dekabr tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvanı və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “RR Constructions" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyriyaşayış binalarının tikintisi üçün İddiaçı icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti ilə RR Construction MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1761 №li Torpaq icarə müqaviləsindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçının 265 saylı, xx.xx.2022-ci il tarixli sərəncamı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin xx.xx.2022-ci il tarxli MİHO/2.1.2-2-2022-6461 nömrəli cizgisinə əsasən, Bakı şəhəri, Yasamal r., İ.İsmayılov, C.Məmmədquluzadə, İ.Əbilov, Z.Əhmədbəyov, S.Salayev, F.İbrahimbəyov, M.Naxçıvani və Ə.Abdullayev küçələrinin ərazisində yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanır. 1.1 «İcarəyəverən» icarə əsasında sahəsi 43200 (qırx üç min iki yüz)kv.m olan torpaq sahəsini 49 il müddətinə icarəyə vermişdir. Torpaq sahəsi yaşayış və qeyriyaşayış binalarının tikintisi üçün verilir. «İcarəçi» hər il 161 740 (yüz altmış bir min yeddi yüz qırx) manat 80 qəpik icarə haqqı ödəməyi öhdəsinə götürür. Bakı şəhər İcra Hakimiyyəti ilə RR Construction MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1761 №-li Torpaq icarə müqaviləsindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçının 150 saylı, xx.xx.2021-ci il tarixli sərəncamı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin xx.xx.2022-ci il tarxli MİHO/2.1.2-2-2022-4299 nömrəli cizgisinə əsasən, Bakı şəhəri, Yasamal r., 623 saylı məhəllə, Z.Əhmədbəyov, M.Naxçıvani və F. İbrahimov küçələrinin ərazisində yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İcarəyəverən» icarə əsasında sahəsi 9746 (doqquz min yeddi yüz qırx altı)kv.m olan (yazı ilə) torpaq sahəsini, o cümlədən su ilə örtülmüş gələcəkdə «Sahə» adlandırılacaq ərazini «İcarəçi»-yə 49 (qırx doqquz)il müddətinə istifadəsinə verir, «İcarəçi» isə onu qəbul edir. Sahədə: sökülməsi nəzərdə tutulan tikililər mövcuddur. Torpaq sahəsi yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün verilir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən RR Construction MMC-yə ünvanlanmış məktubdan görünür ki, ünvan 10 Naxçıvani və F.lbrahimbəyov küçələrinin əhatəsində yerləşən 0,9746 hektar torpaq sahəsinin ölçülərinə dair hazırlanmış cizgi MMC-yə göndərimişdir. Azərdövlətlayihə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Naxçıvani və Əlibaba Abdullayev küçələrinin kəsişməsində yerləşən tikililərin texniki vəziyyəti barədə rəydən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahim- paşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Naxçıvani və Əlibaba Abdullayev küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış binalarının texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. AzDTN 1.7-1 “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi Qaydalarf’na əsasən hal-hazırda insanların yaşaması (olması) üçün təhlükənin mövcud olduğu, tikinti konstruksiyalarının yükdaşıma qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilir. Binalarda yaranmış texniki vəziyyətin fövqəladə hallarla əlaqəsi yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsinin çıxarışından görünür ki, ünvan 12, xx.xx.2015-ci il tarixdə qeydiyyatda alınmaqla 2-ci mərtəbədən 2 otaq (ü/s 30.6 kv.m, y/s-22.4 kv.m, k/s-8.2 kv.m) X2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 12 ünvanında yerləşən yaşayış evi tikinti norma və qaydalarının tələblərinə əməl edilmədən (1-ci və mansard mərtəbəsinin əsas yükdaşıyan divarları 0,2 metrlik mişarlanmış əhəng daşından və boşluqlu kərpicdən inşa edilməsi) inşa edilmişdir. Yaşayış evi texniki cəhətdən yolverilməz vəziyyətdədir, qüvvədə olan inşaat norma və qaydalarının və seysmik normaların tələblərinə cavab vermir. Yaşayış evinin texniki cəhətdən yolverilməz vəziyyətdə (normalara uyğun inşa edilməməsi və yükdaşıma qabiliyyətinin azalması) olduğunu və ərazidə hal-hazırda söküntü və tikintiquraşdırma işlərinin aparıldığını nəzərə alsaq yaşayış evinin istismarı təhlükəlidir. Məhkəmə Ekspertizası Xidmətləri MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssi rəyindən görünür ki, aparılan araşdırmalar və təhlillərə əsasən Cavabdeh2 mülkiyyətində olan Baki şəhəri, Yasamal rayonu, Sübhi Salayev küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki tarixə orta aylıq kirayə haqqı 550,0 (beş yüz əlli) manat/1 ay təşkil edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhər, İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Həmin ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-nə həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 350- 550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 200-a yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, Yasamal rayonu, Sübhi Salayev küçəsi ev 17 ünvanındakı paylı mülkiyyətdə olan daşınmaz əmlakın, ümumi sahəsi 30.6 kvadrat metr olan fərdi yaşayış evinin mülkiyyətçisi ilə razılıq əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; - 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; - 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; - 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; - 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqularının və X12 Haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. «İnsan hüquqlarının və X12 haqqında» Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərində nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kozacıoğlu Türkiyəyə qarşı» iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub- qoymadığını qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni «ictimai maraq» məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozubpozmadığı və ərizəçi üçün qeyri- mütənasib və həddindən artıq yük yaradıb-yaratmadığını müəyyən etmək qalır. İddiaçının sökülməsini tələb etdiyi yaşayış sahəsi cavabdehlərdən birinin paylı mülkiyyətində, digərinin isə sahiblik və istifadəsində olmasını nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 2012ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, «İnsan hüquqlarının və X12 haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir («Kuşoğlu Bolqarıstana qarşı» iş üzrə 2007- ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Avropa Məhkəməsinin «L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı» xx.xx.2019-cu il tarixli qərarında (şikayət № 18836/11) ifadə etdiyi hüquqi mövqeyə görə «müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olması deməkdir ... heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir ... ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir». Həmin işdə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, tədbir mütənasib və uyğundur, şikayət açıq-aşkar əsaslandırılmayıb və Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndinə uyğun olaraq rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil münasibətlərinin hüquqi tənzimlənməsi öz əksini Mənzil Məcəlləsində tapmışdır. Mənzil Məcəlləsinə əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericilikdə nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Həmin Məcəllənin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Həmin Məcəllənin 28.4-cü maddəsinə görə, qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Göründüyü kimi, Mənzil Məcəlləsinin qeyd edilən maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri- mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərin qüvvəsinə də şamil edilməsi və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraq məhkəmə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilən Məcəllənin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) - obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi). Beləliklə, məhkəmə ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin tikinti norma və qaydalarının tələblərinə cavab vermədən inşa edilməsini, qüvvədə olan seysmik normaların tələblərinə cavab verməməsini, yaşayış evinin texniki cəhətdən yolverilməz vəziyyətdə olmasını, hal-hazırda baxış keçirilən ərazidə söküntü və tikinti-quraşdırma işlərinin aparıldığını diqqətə alaraq yaşayış evinin istismarının təhlükəli olmasını, həmçinin digər şəxslərin iddiaçı ilə razılığa gələrək öz yaşayış yerlərini tərk etməsini, yeni mənzillə təmin edilmələrini gözləmələrini, cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsinin ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etməsini nəzərə alaraq iddia tələbinin Cavabdeh2 ona məxsus, ünvan 12 ünvanında yerləşən paylı mülkiyyətində olan mənzilin üzərində mülkiyyət hüququna xitam verilməsi, Cavabdeh1 ünvan 12 ünvanında yerləşən mənzilin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsini, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 12 ünvanında yerləşən mənzildən çıxarılması, həmin mənzil tam olaraq boşaldılması və sökülməsi hissəsini əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh tərəf fərdi yaşayış evlərini boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, hazırkı iş üzrə iddia tələbinin bir hissəsini də məhz qeyd edilən hal təşkil edir. Göründüyü kimi iddiaçı tərəfindən tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzillərin qanuni sahələrindən 20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Məhkəmə həmçinin iddia tələbinin sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək (yaşayış kompleksində yerləşən) 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,30 kv.m olan 1 ədəd 2 otaqlı yeni təmirli mənzil Cavabdeh2 təhvil verilməsi, cavabdehlər ünvan 12 ünvanında yerləşən mənzildən çıxarıldığı gündən, yeni mənzil təhvil verilənədək, İddiaçı MMC tərəfindən Cavabdeh2 hər ay cəmi 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə sözügedən ərazidə yaşayan sakinlər arasında bağlanmış müqavilədən göründüyü kimi iddiaçı mülkiyyətçilərin mənzillərinin qanuni sahələrində 20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında mənzil hazır olanadək kirayə haqqının ödənilməsi öhdəliyini götürmüş və buna müvafiq olaraq öhdəliklərini digər sakinlərə münasibətdə yerinə yetirmişdir. Hazırkı halda ünvan 12 ünvanında yerləşən cavabdehlərin faktiki istifadəsində olan fərdi yaşayış evinin ümumi sahəsinə əlavə 20% hesablanmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh2 təhvil verilməli mənzilin sahəsi 82,30 kv.metr təşkil etməlidir. Bundan başqa Məhkəmə Ekspertizası Xidmətləri MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssi rəyindən görünür ki, ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki tarixə orta aylıq kirayə haqqı 550,0 (beş yüz əlli) manat/1 ay təşkil edir. Bu səbəbdən də cavabdehlər ünvan 12 ünvanında yerləşən mənzildən çıxarıldığı gündən, yeni mənzil təhvil verilənədək, İddiaçı MMC tərəfindən Cavabdeh2 hər ay cəmi 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməlidir. Məhkəmə cavabdehlər tərəfindən verilmiş etiraza münasibətdə qeyd edir ki, etirazda iddiaçı şirkət tərəfindən mənzilinin yerləşdiyi ərazidə bazar araşdırması aparılmadan, mənzilinin real bazar dəyəri müəyyən edilmədən özbaşına qiymətləndirmə aparılaraq hüquqi əsassız iddia tərtib edilməsi, şirkət mənzilinin sökülməsi qarşılığında yeni “ədalətli” mənzil təklif etməməklə bu hal mümkün olmadıqda isə ədalətli kompensasiya məbləğinin ödənilməsi məsələsini ümumiyyətlə işıqlandırmaq niyyətində olmaması, şirkətin tikilməsi nəzərdə tutulan irimərtəbəli binalarından “bəhs elsə” də, həmin binaların hansı müddətdə təhvil verilcəyini, ödənilməsi nəzərdə tutulan kirayə haqlarının hansı müddət üçün nəzərdə tutulduğunu qeyd elməkdən çəkindiyi göstərilsə də, işin halları ilə qeyd olunanlar öz təsdiqini tapmır. Əvvəla iddiaçı tərəfindən cavabdehlərin mənzilinin sahəsinə 20% əlavə edilməklə, həmin ərazidə yerləşən binada mənzil təklif edilir, həmçinin ünvan 12 ünvanında yerləşən mənzildən çıxarıldığı gündən, yeni mənzil təhvil verilənədək kirayə haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi cavabdehlər tərəfindən verilmiş etiraz formal mülahizələrə əsaslanmaqla iş materialları ilə təkzib edilir. İş materiallarında olan Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2024-cü il tarixli məktubuna əsasən məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Göstərilən tarixdə tədqiqat obyektinin yerləşdiyi ünvana getmiş, lakin cavabdeh tərəfindən baxış keçirilib, ölçü işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəbdən də, tədqiqat obyektinə baxış keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Azərbaycan Republikası MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə xatırladır ki, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi və sair tələbinə dair iddiası təmin edilməli, Cavabdeh2 ona məxsus ünvan 4 ünvanında yerləşən mənzilin üzərində paylı mülkiyyət hüququna xitam verilməli, Cavabdeh1 ünvan 4 ünvanında yerləşən mənzilin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılmalı, həmin mənzil tam olaraq boşaldılmalı və sökülməli, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək (yaşayış kompleksində yerləşən) 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,30 kv.m olan 1 ədəd 2 otaqlı yeni təmirli mənzil Cavabdeh2 təhvil verilməli, cavabdehlər ünvan 4 ünvanında yerləşən mənzildən çıxarıldığı gündən, yeni mənzil təhvil verilənədək, İddiaçı MMC tərəfindən Cavabdeh2 hər ay cəmi 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 ona məxsus ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququna xitam verilsin. Cavabdeh1 ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar, həmin ev tam olaraq boşaldılsın və sökülsün. Sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək (yaşayış kompleksində yerləşən) 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,30 kv.m olan 1 ədəd 2 otaqlı yeni təmirli mənzil Cavabdeh2 təhvil verilsin. Cavabdehlər ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarıldığı gündən, yeni mənzil təhvil verilənədək, İddiaçı MMC tərəfindən Cavabdeh2 hər ay cəmi 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar