Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1208/2025 14.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmlaka dair borcun olmaması barədə arayışın, istismara qəbul aktı, protokoldan çıxarışın verilməsi, qarajdan istifadəyə maneənin aradan qaldırılması, qarajın təhvil-verilməsi tələbinə dair iş üzrə (açar sözlər: qeyri-yaşayış sahəsi, qaraj) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh Məhdud Məsuliyyəlti Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əmlaka dair borcun olmaması barədə arayışın, istismara qəbul aktı, protokoldan çıxarışın verilməsi, qarajdan istifadəyə maneənin aradan qaldırılması, qarajın təhvil-verilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X2 ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli, GH-A 5/001082 nömrəli müqaviləyə əsasən icraçı Bakı şəhəri, Tbilisi prospekti 1054-cü məhəllə ünvanında onun tərəfindən inşa edilən "xxxx" çoxmərtəbəli yaşayış kompleksinin blok 5, mərtəbə 27, ümumi sahəsi 64 kv.m, o cümlədən balkon sahəsi 7,6 kv.m olan 1 otaqdan ibarət 190 nömrəli mənzili sifarişçiyə təhvil verməyi, sifarişçi isə bunun qarşılığında icraçıya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilənin qiyməti müqavilə üzrə mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 1150 manat hesablanmaqla, 73600 manat müəyyən edilmişdir.
3. Müqavilənin 5.1-ci bəndinə əsasən, icraçı zəmanət verir ki, bu müqavilənin predmeti olan mənzilə və hədiyyə olunan 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinə dair qanunvericiliklə tanınan bütün hüquqlar ona məxsusdur, üzərinə həbs qoyulmayıb, girov əşyası deyil, üçüncü şəxs tərəfindən heç bir iddia (tələb) yoxdur.
4. Müqavilənin 5.3-cü bəndinə əsasən, istismara qəbulundan sonra mənzilə və hədiyyə olunan 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinə sifarişçinin hüquqlarının dövlət qeydiyyatına alınması üçün (müqavilənin 2.4.1-ci maddəsinin tələblərinin tam şəkildə icrası nəzərə alınmaqla) zəruri olan hüquqi əhəmiyyətli sənədlərin sifarişçiyə verilməsi təmin olunacaq.
5. Kılavuzoğlu Rıfatın "xxxx" MTK-nın sədrinə ünvanladığı xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Tbilisi prospekti 1054-cü məhəllə ünvanında onun tərəfindən inşa edilən "xxxx" çoxmərtəbəli yaşayış kompleksinin 5-ci binasında, 27-ci mərtəbədə yerləşən 190 nömrəli, 1 otaqlı mənzilə dair “xx.xx.2016-cı il tarixli, GH-A 5/001082 nömrəli müqavilədən irəli gələn bütün hüquq və vəzifələrinin İddiaçı keçirilməsinə razılıq verilməsini, müvafiq sənədləşmə aparılmasını təmin etməyi xahiş etmişdir.
6. Müqavilə hüquq və öhdəliklərinin keçirilməsi haqqında xx.xx.2017-ci il tarixli sazişə əsasən "xxxx" MTK, X2 - əvvəlki sifarişçi və İddiaçı – sifarişçi xx.xx.2016-cı il tarixli, GH-A 05/001082 nömrəli müqavilə üzrə əvvəlki sifarişçinin sahib olduğu bütün hüquq və öhdəliklərin saziş hüquqi qüvvəyə mindiyi andan sifarişçiyə keçməsi barədə razılıq əldə etmişlər.
7. xx.xx.2021-ci il tarixli, GM-GHMM2HUQ101-000536 nömrəli xidmət müqaviləsinə əsasən “X6” MMC ilə İddiaçı 2 nömrəli əlavədə qeyd olunan avtodayanacaq sahəsində sifarişə uyğun sayda minik nəqliyyat sahəsinin saxlanılması üzrə 1 nömrəli əlavədə qeyd olunan xidmətlərin göstərilməsi barədə razılıq əldə etmişlər.
8. Müqaviləyə 2 nömrəli əlavədə müştərinin mülkiyyətində və ya digər qanuni əsasla istifadəsində olan yaşayış/qeyri-yaşayış sahəsi barədə məlumat qrafasında “Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə Grand Hayat” sözləri qeyd olunmuşdur.
9. İnternet portaldan çıxarışlardan görünür ki, 2017-ci ildə "xxxx"ın “mənzil alana eyvan və qaraj hədiyyə” məzmunlu reklamları dərc olunmuşdur.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK ilə X1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədə və İddiaçı ilə "xxxx" MTK, X3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli üçtərəfli sazişdə nəzərdə tutulmuş Bakı şəhəri Tbilisi prospekti 1054-cü məhəllə ünvanda yerləşən yaşayış kompleksinin 5-ci blok 27-ci mərtəbəsində yerləşən 190 nömrəli mənzilə və 1 avtomobil üçün nəzərdə tutulmuş qaraj kimi qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququna dair çıxarış alınması məqsədilə əmlaklara dair hər hansı borcun olmaması barədə imza və möhürlə təsdiq edilmiş arayış, habelə mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surəti, protokoldan çıxarışın iddiaçıya verilməsinin, 1 avomobil üçün nəzərdə tutulmuş qaraj kimi qeyri-yaşayış sahəsindən istifadəyə iddiaçıya qoyulmuş maneənin aradan qaldırılması və qaraj kimi qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddianın əsaslarına görə, "xxxx" MTK ilə X1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən icraçı Bakı şəhəri Tbilisi prospekti 1054-cü məhəllə ünvanda inşa edilən yaşayış kompleksində blok 5, mərtəbə 27, ümumi sahəsi 64 kv.m 1 otaqdan ibarət 190 nömrəli mənzili və hədiyyə olunan 1 ədəd avtomobil üçün nəzərdə tutulmuş qarajı Sifarişçiyə verməyi öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixdə "xxxx" MTK, X2 və İddiaçı arasında “müqavilə hüquq və öhdəliklərinin keçirilməsi haqqında” saziş bağlanmış və icraçı ilə sifarişçi arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə hüquq və öhdəliklər İddiaçı keçmiş, əmlakın dəyəri tərəfindən ödənilmişdir. Həmçinin müqavilə üzrə nəzərdə tutulmuş 1 avtomobil üçün C5-25 nömrəli qaraj İddiaçı təhvil verilmiş, parkinq giriş-çıxış kartı ilə təmin edilmiş, onunla xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi bağlanmış, İddiaçı qaraja dair mülkiyyət hüququ tanınmış, avtomobilin markası və dövlət qeydiyyat nişanı göstərilməklə, müqavilə şərtlərinə 1 nömrəli əlavədə nəzərdə tutulmuş xidmətlərin (təmizlik, təhükəsizlik, işıqlandırma, havalandırma və s) göstərilməsinə görə aylıq 20 manat xidmət haqqının ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı mənzili və qarajı təhvil almış, 2023-cü ilin avqust ayınadək qarajdan sərbəst şəkildə istifadə etmiş, avqust ayından başlayaraq iddiaçıya məxsus qarajdan istifadəyə ona məhdudiyyət qoyulmuş və həmin sahənin başqa mülkiyyətçiyə aid olduğu, tərəflər arasında olan müqavilədə qarajın mülkiyyətə verilməsi ilə bağlı heç bir hüquqi əsasın olmadığı bildirilmişdir. Halbuki, xx.xx.2016-cı il tarixli müqavilənin 5.1, 5.2 və 5.3-cü bəndlərinə əsasən icraçı zəmanət verir ki, bu müqavilənin predmeti olan mənzilə və hədiyyə olunan 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinə dair qanunvericiliklə tanın bütün hüquqlar ona məxsusdur, üzərinə həbs qoyulmayıb, girov əşyası deyil, üçüncü şəxs tərəfindən heç bir iddia yoxdur, yaşayış kompleksinin istismara qəbulundan sonra mənzilə və hədiyyə olunan 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinə sifarişçinin hüquqlarının dövlət qeydiyyatına alınması üçün zəruri olan hüquqi əhəmiyyətli sənədlərin sifarişçiyə verilməsi təmin olunacaqdır. Yaşayış binası istismara qəbul edilsə də, dəfələrlə müraciət edilməsinə baxmayaraq mənzilə və qaraja dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına əsas olan sənədlərin verilməsindən imtina edilmiş, İddiaçı qarajdan istifadə hüququ MMC tərəfindən məhdudlaşdırılmışdır. "xxxx" MTK iddiaçıyla xx.xx.2017-ci il tarixli müqavilə hüququ və öhdəliklərin keçirilməsi haqqında saziş və 1 avtomobil üçün qaraj kimi qeyri-yaşayış sahəsinə dair xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi bağlamaqla iddiaçının əmlakın mülkiyyətçisi kimi əmlakdan istifadə və sahiblik etdiyini qəbul etmişdir.
b) iddiaya qarşı etiraz
12. İddia tələbinə qarşı etirazın dəlillərinə əsasən, müqavilənin birinci bəndinə nəzər yetirdikdə aydın olur ki, müqavilənin predmeti 190 nömrəli mənzildir. Həmin müqavilə bağlandığı an əvvəlki tarixlərdə mövcud olmuş “mənzilin dəyərini tam ödəmiş şəxsə avtomobil üçün qaraj verilməsi” Hədiyyə kompaniyasının miiddəti bitmiş və həmin bənd müqavilədən çıxarılmışdır. Lakin, texniki səhv olaraq müqavilənin 5-ci bəndində qarajla bağlı bənd saxlanılmışdır. Kılavuzoğlu Rıfat MTK ilə müqavilə bağlayarkən qarajın müqavilə mövzusu olmadığını bilmiş, ona yalnız mənzil təhvil verilmiş və onun buna etirazı olmamışdır. Müqavilənin predmeti olmadığı halda iddiaçının qaraj tələb etməsi əsassızdır. "xxxx" çərçivəsində MTK-nın digər vətəndaşlarla bağlamış olduğu müqavilələr tərəfindən sübut qismində təqdim edilir. Həmin müqavilələrə baxdıqda aydın olur ki, qaraj hədiyyə olunan mülkiyyətçilərlə bağlanmış müqavilələrin 1-ci bəndində (müqavilənin mövzusu) qarajın verilməsi birbaşa göstərildiyi halda MTK ilə Kılavuzoğlu Rıfat arasında bağlanmış müqavilədə həmin bənd çıxarılmışdır. Müqavilənin mövzusu, predmeti təkcə 1 otaqlı 190 nömrəli mənzildir. xx.xx.2017-ci il tarixdə Kılavuzoğlu Rıfatın 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Notariat ofisində verdiyi ərizənin mətninə diqqət yetirdikdə də aydın olur ki, Kılavuzoğlu Rıfat yalnız 190 nömrəli mənzilə dair hüquqlarının ötürülməsinə razılıq vermişdir. Ərizədə qarajla bağlı heç bir müddəa yoxdur. MTK ilə alqı-satqı müqaviləsi bağlamış Kılavuzoğlu Rıfat notarial ərizə ilə yalnız 190 nömrəli mənzilə dair hüquq və vəzifələrindən imtina etdiyi halda İddiaçı MTK-a qarşı iddia qaldıraraq qaraj tələb etmək üçün subsidiar hüququnun olmadığı qənaətinə gəlinməlidir.
a) məhkəmə icraat iştiakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi iddia tələbini qismən etiraf edərək, bildirdi ki, onların mənzillə bağlı mübahisələri yoxdur və mənzilə dair sənədlərin verilməsinə etiraz etmirlər. Lakin, qaraj müqavilənin predmeti olmamışdır, texniki səhv nəticədə 5-ci bənddə qalmışdır. Qarajla bağlı hissələrdə iddia tələbinin təmin olunmamasını xahiş edir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir; Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir; Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmə baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
18. İşin faktiki halları ilə müəyyən olunur ki, X2 ilə "xxxx" MTK arasında xx.xx.2016cı il tarixli, GH-A 5/001082 nömrəli müqavilə bağlanmış, daha sonra həmin müqavilə üzrə hüquq və öhdəliklərinin keçirilməsi haqqında xx.xx.2017-ci il tarixli sazişə əsasən "xxxx" MTK, X2 - əvvəlki sifarişçi və İddiaçı – sifarişçi xx.xx.2016-cı il tarixli, GH-A 05/001082 nömrəli müqavilə üzrə əvvəlki sifarişçinin sahib olduğu bütün hüquq və öhdəliklərin saziş hüquqi qüvvəyə mindiyi andan sifarişçiyə keçməsi barədə razılıq əldə etmişlər.
19. xx.xx.2016-cı il tarixli müqavilənin predmeti Bakı şəhəri, Tbilisi prospekti 1054cü məhəllə ünvanında "xxxx" MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksinin blok 5, mərtəbə 27, 190 nömrəli mənzil olmuşdur, bu hissədə mübahisə yoxdur. Mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün müvafiq sənədlərin verilməsi hissəsində də tələb cavabdeh tərəfindən etiraf edilmişdir. Ona görə də bu hissədə iddia tələbi əlavə araşdırma aparmadan təmin edilməlidir.
20. Tərəflər arasındakı mübahisəli məqam xx.xx.2016-cı il tarixli müqavilənin predmetinin həm də hədiyyə kimi verilməsi nəzərdə tutulan qaraj olub-olmaması ilə bağlıdır.
21. Sual ondan ibarətdir ki, iddiaçı tərəfindən istinad olunan müqavilənin 5.1-ci maddəsi tərəflər üçün qarajın mülkiyyətə verilməsi barədə öhdəlik yarada bilərdi mi?
22. Məhkəmə hesab edir ki, yarada bilməzdi. Müqavilənin 5-ci bəndi “Müqavilə üzrə təhvil-təslim haqqında”adlanır.
23. Müqavilənin 5.1-ci bəndində qeyd olunub: icraçı zəmanət verir ki, bu müqavilənin predmeti olan mənzilə və hədiyyə olunan 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinə dair qanunvericiliklə tanınan bütün hüquqlar ona məxsusdur, üzərinə həbs qoyulmayıb, girov əşyası deyil, üçüncü şəxs tərəfindən heç bir iddia (tələb) yoxdur.
24. Müqavilənin 5.3-cü bəndinə əsasən, istismara qəbulundan sonra mənzilə və hədiyyə olunan 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinə sifarişçinin hüquqlarının dövlət qeydiyyatına alınması üçün (müqavilənin 2.4.1-ci maddəsinin tələblərinin tam şəkildə icrası nəzərə alınmaqla) zəruri olan hüquqi əhəmiyyətli sənədlərin sifarişçiyə verilməsi təmin olunacaq.
25. Göründüyü kimi, müqavilənin 5-ci bəndi ümumilikdə müqavilənin təhvil-təslimi haqqında məsələləri tənzimləyir. Həm 5.1, həm də 5.3-cü maddədə müqavilənin predmeti olan mənzilə və hədiyyə olunan qaraja dair hüquqların həyata keçirilməsinə dair təminatlar öz əksini tapmışdır.
26. Lakin, müqavilənin predmetinin həm də iddia olunan qaraj olduğu, tərəflər arasında bu barədə dəqiq və aydın iradə formalaşdığı, qarşı tərəfin qarajı mülkiyyətə vermək barədə öhdəlik götürdüyü qanunun təsbit etdiyi xüsusi forma və məzmunda olmalı idi ki, sonradan etibarlı hüquqi nəticə doğura bilsin.
27. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
28. Xüsusi ilə daşınmaz əmlaklarla bağlı öhdəlik müəyyən edən müqavilənin qurulmuş hesab olunması üçün predmetə dair şərtlər predmetin fərdi identifikasiya məlumatları, təsviri ilə biryerdə dəqiq göstərilməlidir.
29. Cavabdeh tərəfindən təqdim olunmuş mübahisəli müqavilənin bağlandığı vaxt digər alıcılarla bağlanmış müqavilələrdən görünür ki, həmin müqavilələrin 1.3-cü bəndində hədiyyə kimi qarajın təhvil veriləcəyi dəqiq olaraq göstərilmiş, bu barədə MTK öhdəlik götürmüşdür.
30. İlkin sifarişçi Kılavuzoğlu Rıfatın xx.xx.2017-ci il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Notariat ofisində verdiyi ərizənin məzmunundan aydın olur ki, Kılavuzoğlu Rıfat yalnız 190 nömrəli mənzilə dair hüquqlarının ötürülməsinə razılıq vermiş, ərizədə qarajla bağlı heç bir müddəa göstərilməmişdir. Bu da həmin vaxt tərəflər arasında qarajın müzakirə predmeti olmadığını deməyə əsas verir.
31. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.
32. İddiaçı tərəfindən istinad olunan 2021-ci il tarixli xidmət müqaviləsi də qarajla bağlı hissədə iddianın əsaslığını göstərən sübut kimi qəbul edilə bilməz.
33. Belə ki, müqaviləyə əsasən mülkiyyətçinin mülkiyyətində və ya digər qanuni əsasla istifadəsində olan qaraja xidmət göstərilməsi razılaşmışdır. Qaraj həmin vaxt mülkiyyətçinin müxtəlif əsaslarla faktiki istifadəsində ola bilərdi. Sonradan qarajın istifadəyə verilməsi isə müqavilə bağlandığı zaman qarajın mülkiyyətə verilməsi barədə öhdəlik götürüldüyünü birmənalı olaraq deməyə əsas vermir.
34. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MTK ilə X1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədə və İddiaçı ilə "xxxx" MTK, X3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli üçtərəfli sazişdə nəzərdə tutulmuş Bakı şəhəri Tbilisi pr 1054-cü məhəllə ünvanda yerləşən yaşayış kompleksinin 5-ci blok 27-ci mərtəbəsində yerləşən 190 nömrəli mənzilə dair borcun olmaması barədə arayış, mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surəti və protokoldan çıxarışın İddiaçı verilməsi Cavabdeh MMC-nin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
35. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. "xxxx" MTK ilə X1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədə və İddiaçı ilə "xxxx" MTK, X3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli üçtərəfli Sazişdə nəzərdə tutulmuş Bakı şəhəri Tbilisi pr 1054-cü məhəllə ünvanda yerləşən yaşayış kompleksinin 5ci blok 27-ci mərtəbəsində yerləşən 190 nömrəli mənzilə dair borcun olmaması barədə arayış, mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surəti və protokoldan çıxarışın İddiaçı verilməsi Cavabdeh Məhdud Məsuliyyəlti Cəmiyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə