Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1215/2022 17.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi və vəkili VVəkil, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa edilmə” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa edilmə” tələbinə dair iddia ərizəsi ilə 21.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, 10.11.2021-ci il tarixli K-258 nömrəli əmrinin qanunsuz hesab edilərək onun Cavabdeh MMC-də aparıcı mühəndis vəzifəsinə işə bərpa edilməsi və işə bərpa olunduğu günə qədər məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqı məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Cavabdeh MMC iddia tələbi ilə razılaşmayraq yazılı etirazını və sübutlarını məhkəməyə təqdim etmişdir. Daha sonra iddiaçı cavabdehin yazılı etirazına münasibət bildirərək iddia ərizəsinə əlavəsini məhkəməyə təqdim etmiş və tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh (cavabdeh) arasında 9 mart 2021-ci il tarixdən 9 aprel 2021-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmış və həmin tarixdən işə başlamışdır. 8 iyun 2021-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilərək əmək müqaviləsinin müddəti 9 aprel 2022-ci il tarixədək uzadılmışdır. Lakin K-258 nömrəli 10.11.2021-ci il tarixli əmrlə onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə həmin əmək müqaviləsində göstərilən müddətlərə belə riayət edilmədən qanunsuz və əsassız xitam verilmişdir. Lakin hazıradək K-258 nömrəli 10.11.2021-ci il tarixli əmrin surəti və əmək kitabçası ona təqdim edilməmiş və son haqq-hesabı ödənilməmişdir. Birincisi, cavabdeh etirazında qeyd etmişdir ki, onunla əmək müqaviləsi 1 aylıq müddətə bağlanmış və ona sonradan dəyişiklik edilərək müddəti 1 ay müəyyən edilmişdir. Əgər onun əmək müqaviləsi 1 aylıq müddətə bağlanmışdırsa və elektron sistemdən göründüyü kimi növbəti ilə kimi uzadılma barədə dəyişiklik edilməmişdisə, nəyə görə bildirdikləri kimi 1 aylıq olan əmək müqaviləsinin yenidən 1 aylıq edilməsi barədə razılaşma imzalanmışdır? Dolayı yolla həmin hissədə cavabdeh özü təsdiq etmişdir ki, əmək müqaviləsi daha uzun müddətə olmuş, onunla əmək müqaviləsinə qanunsuz olaraq xitam verərək ona hüquqi don geyindirmək niyyətləri olmuşdur. İkincisi, cavabdeh tərəfindən ona əmək müqaviləsinə xitam verilməsi barədə əmr təqdim edilməmişdir. Təqdim edilən sənədlərdən də aşkar surətdə görünür ki, həmin əmrin ona təqdim edilməsi barədə heç sübut və ya dəlil mövcud deyildir. Həmin əmri onun qəbul etməsinə dair sənəddə buna dair onun imzası yoxdur. Üçüncüsü, əmək kitabçası hazırki tarixədək ona təqdim edilməmişdir. O, məhkəməyə müraciət etdikdən sonra cavabdeh özünü sığortalamaq üçün onun ünvanına məktub yollamışdır. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 6-cı maddəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam olunduğu gün (sonuncu iş günü) verilir. İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Göründüyü kimi, işdən çıxan gün onun işdə olmasına baxmayaraq əmək kitabçası ona təqdim edilməmişdir, nə də həmin gün ona bildiriş göndərilməmişdir. İşdən də görünür ki, işəgötürən hazırki vaxtadək ona əmək kitabçasını verməməklə onun əmək hüquqlarını kobud surətdə pozmuşdur. Dördüncüsü, cavabdehin məhkəməyə təqdim etdiyi əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən də aşkar surətdə görünür ki, həmin əmr qanunsuzdur. Belə ki, 10 noyabr 2021-ci il tarixli K-258 saylı əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla tərtib edilmişdir. Həmin əmrdə həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmişdir. Əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinin qaydasını nəzərdə tutan maddə isə Əmək Məcəlləsinin 73-cü maddəsidir (“Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası”). Beşincisi, cavabdeh tərəfindən təqdim edilən sənədlərin mübahisə predmetini təşkil edən hissələrin əks olunduğu heç bir səhifəsində onun imzası yoxdur. Elektron sistemə saxtakarlıq etmək mümkün olmadığından hazırki işdə heç bir sənəddə müvafiq səhifədə onun imzası olmadığı nəzərə alınaraq, həmin sistemdə əksini tapan məlumatlar əsas götürülməlidir. Ərizədə həmçinin qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Normadan müəyyən olunur ki, qanunvericilik əmək müqaviləsinin müddətinin əvvəlki tarixə uzadılmasını qeyd etsə də, həmin əmək müqaviləsinin məhz hansı tarixdən (müddəti bitdiyi tarixdən, yoxsa bir həftəlik müddət keçdikdən sonra) əvvəlki müddətə uzadılması müəyyən deyildir. Hazırki halda da işçinin maraqları nöqteyi-nəzərindən qanun norması şərh edilməli və işçinin hüquqları bərpa edilməlidir. İddiaçı nümayəndəsi və vəkili VVəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı ilə Cavabdeh MMC arasında 09 mart 2021-ci il tarixdə 09 aprel 2021-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmış və o, həmin tarixdən işləməyə başlamışdır. 08 iyun 2021-ci il tarixdə isə əmək müqaviləsinə dəyişiklik edilərək əmək müqaviləsinin müddəti 09 aprel 2022-ci il tarixinədək uzadılmışdır. Lakin K-258 nömrəli 10.11.2021-ci il tarixli əmrlə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə həmin əmək müqaviləsində göstərilən müddətlərə belə riayət edilmədən qanunsuz və əsassız olaraq xitam verilmişdir. Hazıradək K-258 nömrəli 10.11.2021-ci il tarixli əmrin surəti və əmək kitabçası ona təqdim edilməmiş və son haqq-hesab ödənilməmişdir. Odur ki, göstərilənlərə əsasən Cavabdeh MMC-nin 10.11.2021-ci il tarixli K-258 nömrəli əmrinin qanunsuz hesab edilərək iddiaçının Cavabdeh MMC-də aparıcı mühəndis vəzifəsində işə bərpa edilməsi və işə bərpa olunduğu günə qədər məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqı məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə yazılı etiraz edərək bildirdi ki, iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Belə ki, iddiaçı ilə Cavabdeh MMC arasında tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə 09 mart 2021-ci il tarixdə 1 (bir) ay müddətinə müddətli əmək müqaviləsi bağlanmış və Mərkəzin 9 mart 2021-ci il tarixli, K-72 nömrəli əmri ilə təsdiq edilərək Şəki Layihə-Tədqiqat İdarəsinə 7-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi yazılı formada iki nüsxədə tərtib olunaraq tərəflərin imzası (möhürü) ilə təsdiqləndikdən sonra bir nüsxəsi iddiaçıya təqdim olunmuşdur. İddiaçının iş fəaliyyətinə zərurət olması səbəbindən əmək müqaviləsinin şərtlərinə uyğun olaraq tərəflərin razılığı əsasında eyni müddətə uzadılmışdır. İddiaçı Mərkəzin K-258 nömrəli əmri ilə 10 noyabr 2021-ci il tarixindən müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı tutduğu vəzifədən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və əmrlərin qeydə alınması kitabında qeydə alınmışdır. Əlavə olaraq cavabdehin nümayəndəsi elektron informasiya sistemində 4 dəfə qeydə alınmış dəyişikliyi onunla izah etmişdir ki, Cəmiyyətin sabiq əməkdaşı X4 texniki yanlışlığa yol verərək X3 əmək müqaviləsinin bitmə tarixini 09.04.2022-ci il kimi qeyd etmişdir. Qeyd olunan yanlışlığa görə həmin işçi intizam məsuliyyətinə cəlb edilərək ona 15.07.2021-ci il tarixli əmrlə “şiddətli töhmət” verilmişdir. Bundan başqa iş materiallarından göründüyü kimi İddiaçı özü könüllü olaraq 9 mart 2021-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər edilməsi barədə 06.09.2021-ci il tarixli yazılı razılaşmanı imza etmiş, həmin razılaşmaya əsasən 09.03.2021-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilməklə 06.09.2021ci il tarixdən 1 ay müddətinə bağlanmışdır. Daha sonra 10.11.2021-ci il tarixli əmrlə işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı o, tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, əmək qanunvericiliyinə əsasən müqavilə müddəti bitdikdən sonrakı bir həftə tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə əmək müqaviləsi əvvəl müəyyən edilmiş müddətə uzadılmış hesab edilir, əks halda ƏM-nin 73.1-ci maddəsinə əsasən əmək müqaviləsinin müddəti başa çatdıqda xitam verilir. Eyni zamanda, işçi əmək müqaviləsinə xitam verildiyi gün özü qərəzli olaraq əmək kitabçasını götürməkdən imtina etmiş, bu səbəbdən ona qanunla müəyyən edilmiş müddətdə bildiriş göndərilmiş, işə əlavə edilmiş SS734503964AZ ştrix kodlu xəbərnamədən müəyyən edilmişdir ki, bildiriş iddiaçıya 19.01.2022-ci il tarixdə çatdırılmışdır. Göstərilənlərlə yanaşı iddiaçıya hesablanmış son haqq-hesab 570,19 manat pul vəsaiti 30.11.2021-ci il tarixdə onun hesabına köçürülmüşdür. Bu isə o, deməkdir ki, iddiaçı həmin vaxtdan belə qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür. Beləliklə nümayəndə cavabdeh tərəfindən hər hansı əmək qanunvericiliyinin hər hansı normasının pozuntusuna yol verilmədiyindən iddia tələbinin əsassız hesab edilərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 09 mart 2021-ci il tarixli əmək müqaviləsindən və 09.03.2021-ci il tarixli K-72 nömrəli əmrdən müəyyən edilir ki, o, 09.03.2021-ci il tarixdən Şəki Layihə-Tədqiqat İdarəsinin 7-ci dərəcəli mühəndisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 2.1-ci bəndindən görünür ki, müqavilə 1 ay müddətinə bağlanmışdır. Müqavilə İddiaçı tərəfindən imzalanmış və məhkəmə baxışı zamanı imzanın həqiqiliyi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. - 10.03.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 09 mart 2021-ci il tarixli əmək müqaviləsinin bitmə tarixi 09.04.2021-ci il müəyyən edilmiş və bu barədə məlumat sistemə 10.03.2021-ci il tarixdə daxil edilmişdir. - 09.03.2021-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər edilməsi haqqında Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 06.09.2021-ci il tarixli razılaşmadan müəyyən edilir ki, əmək müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilərək 06.09.2021-ci il tarixdən 1 ay müddət müəyyən edilməklə bağlanmışdır. Qeyd olunan razılaşma İddiaçı tərəfindən imzalanmış və məhkəmə baxışı zamanı imzanın həqiqiliyi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. - 06.09.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 09 mart 2021-ci il tarixli əmək müqaviləsinin bitmə tarixi 06.10.2021-ci il müəyyən edilmiş və bu barədə məlumat sistemə 06.09.2021-ci il tarixdə daxil edilmişdir. - Cavabdeh MMC-nin K-258 nömrəli 10.11.2021-ci il tarixli əmrindən müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən Cavabdeh MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin 7-ci dərəcəli mühəndisi vəzifəsində işləyən İddiaçı 10.11.2021-ci il tarixdən müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - 11.11.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, K-258 nömrəli 10.11.2021-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən, yəni müqavilə müddətinin bitməsi əsası ilə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 09 mart 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş və bu barədə məlumat sistemə 11.11.2021-ci il tarixdə daxil edilmişdir. - Əmək kitabçasının təhvil verilməsi barədə İddiaçı ünvanlanmış 13.01.2022-ci il tarixli bildiriş və SS734503964AZ ştrix kodlu xəbərnamədən müəyyən edilmişdir ki, iddiaçıya əmək kitabçasının götürülməsi üçün Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-yə yaxınlaşması xahiş edilmiş, bildiriş 19.01.2022-ci il tarixdə iddiaçıya çatdırılmışdır. - 08.06.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 09 mart 2021-ci il tarixli əmək müqaviləsinin bitmə tarixi 09.04.2022-ci il müəyyən edilmiş və bu barədə məlumat sistemə 08.06.2021-ci il tarixdə daxil edilmişdir. - 10.11.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 09 mart 2021-ci il tarixli əmək müqaviləsinin bitmə tarixi 06.11.2021-ci il müəyyən edilmiş və bu barədə məlumat sistemə 11.11.2021-ci il tarixdə imzalanmaqla daxil edilmişdir. - Son haqq-hesaba dair 30.11.2021-ci il tarixli ödəniş cədvəlindən müəyyən edilir ki, işçi İddiaçı hesablanmış 570,19 manat pul vəsaiti onun hesabına köçürülmüşdür. - Cavabdeh MMC-nin K-151 saylı, 15 iyul 2021-ci il tarixli əmrindən görünür ki, MMC-nin Hüquq və kadrlar şöbəsinin kadrlar üzrə mütəxəssisi X1 əmək funksiyalarını yerinə yetirərkən işinə məsuliyyətsiz yanaşaraq X5 səhv məlumatlar daxil etdiyinə görə ona xəbərdarlıqla şiddətli töhmət növündə intizam tənbehi verilmişdir. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Həmin Məcəllənin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2ci maddəyə görə həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəyə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.6-cı maddəyə görə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 296.7-ci maddəyə görə mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı, onunla Cavabdeh MMC arasında bağlanmış 09 mart 2021-ci il tarixli əmək müqaviləsinə əsasən eyni tarixli K-72 nömrəli əmrlə Şəki Layihə-Tədqiqat İdarəsinin 7-ci dərəcəli mühəndisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən müqavilə müddəti 1 ay müəyyən edilmişdir. Daha sonra tərəflər arasında bağlanmış 06.09.2021-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər edilməsi haqqında yazılı razılaşmadan müəyyən edilir ki, əmək müqaviləsinin müddəti həmin tarixdən 1 ay müəyyən edilmişdir. Əmək müqaviləsinə dair bildiriş isə həmin tarixdə, yəni 06.09.2021-ci il tarixdə elektron informasiya sisteminə daxil edilmişdir. Qeyd olunan razılaşma İddiaçı tərəfindən imzalanmış, hazıradək razılaşmanın etibarlılığı və imzanın həqiqiliyi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Daha sonra Cavabdeh MMC-nin K-258 nömrəli 10.11.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən Cavabdeh MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin 7-ci dərəcəli mühəndisi vəzifəsində işləyən İddiaçı 10.11.2021-ci il tarixdən müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı tutduğu vəzifədən azad edilmiş və onunla 09 mart 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş isə 11.11.2021-ci il tarixdə elektron informasiya sisteminə daxil edilmişdir. İddiaçı 08.06.2021-ci il tarixli əmək müqaviləsi bildirişinə istinad edərək 09 mart 2021-ci il tarixli əmək müqaviləsinin bitmə tarixinin 09.04.2022-ci il tarixədək müəyyən edilməsini iddia etməsinə baxmayaraq, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, bu texniki yanlışlıq olmaqla, Hüquq və kadrlar şöbəsinin kadrlar üzrə mütəxəssisi X4 tərəfindən yol verilmişdir və buna görə ona əmək funksiyalarını yerinə yetirərkən işinə məsuliyyətsiz yanaşaraq X5 səhv məlumatlar daxil etdiyinə görə xəbərdarlıqla şiddətli töhmət növündə intizam tənbehi verilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh MMC-nin K-258 nömrəli 10.11.2021-ci il tarixli əmrinin etibarsız hesab edilməsi və iddiaçının işə bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68 və 73-cü maddələrinin tələblərinə əməl edilmişdir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Göstərilənlərlə yanaşı, son haqq-hesaba dair məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, sonuncu ödəniş İddiaçı hesabına 30.11.2021-ci il tarixdə köçürülmüşdür. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilən əmək müqaviləsinə dair bildirişlərdən müəyyən edilir ki, həmin bildirişlər iddiaçının özü tərəfindən 30.11.2021-ci il tarixdə çap edilmişdir. Bu hal isə ona dəlalət edir ki, iddiaçı ona əmək kitabçasının hazıradək təqdim edilməməsini iddia etməsinə baxmayaraq o, işəgötürən tərəfindən ehtimal edilən hüququnun pozulmasını 30.11.2021-ci il tarixdən aşkar etsə də həmin gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmiş və onun iddia ərizəsi qanunla müəyyən edilmiş müddət ötürülməklə, yəni 21.01.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa edilmə” tələbinə dair iddiası rədd edilsin. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa edilmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-1215/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1215/2022
17.03.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver