Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1219/2024 04.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı X4 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin qanuni təmsilçisi X1 iştirakları ilə, İddiaçı X4 Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X6 Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 03 may 2023-cü il tarixli 3M-171 reyestr nömrəli İcarə müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu 3153-cü məhəllə, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, 03 may 2023-cü il tarixli 3M-171 reyestr nömrəli İcarə müqaviləsi üzrə ödənilmədən qalmış 3500 manat məbləğində icarə haqqının və obyektin saxlanıldığı müddət üçün 4500 manat məbləğində kompensasiyanın (əldən çıxmış faydanın), ümumilikdə isə 8000 manat məbləğində vəsaitin Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 03 may 2023-cü il tarixli 3M-171 reyestr nömrəli İcarə müqaviləsinə əsasən o, özünə məxsus Bakı şəhəri,Yasamal rayonu, 3153-cü məhəllə, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40,8 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdehnə icarəyə vermiş, həmin müqaviləyə əsasən icarəçi Cavabdeh ilk iki ay ödənişsiz olmaqla digər aylar üzrə aylıq 500 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin obyekt 03 may 2023-cü il tarixdən Cavabdehnə təhvil verilmiş, həmin tarixdən 9 ay müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən heç bir məbləğdə icarə haqqı ödənilməmişdir. Halbuki, 03 may 2023-cü il tarixdən iki ay sonra, yəni 03 iyul 2023cü il tarixdən başlayaraq Cavabdeh hər ay 500 manat icarə haqqı ödəməli, hal-hazıradək ümumilikdə 3500 manat məbləğində icarə haqqı ödəniş etməli idi. Lakin Cavabdeh tərəfindən heç bir məbləğdə ödəniş edilməmiş, bununla da aralarında bağlanmış İcarə müqaviləsinin 4-cü bəndi Cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Bundan əlavə isə Cavabdeh tərəfindən həmin obyektdə onun razılığı olmadan tikinti-quraşdırma işləri aparılmış, bununla isə icarə müqaviləsinin 8-ci bəndinin tələbləri pozulmuşdur. O, cavabdehə dəfələrlə müraciət edərək, icarə haqqının ödənilməsini tələb etmiş, lakin bu vaxta qədər cavabdeh tərəfindən hər hansı bir məbləğdə icarə haqqı ödənilməmişdir. Hətta o, bu barədə cavabdehə rəsmi bildiriş də göndərərək, 7 gün müddətinə icarə obyektinin boşaldılaraq ona təhvil verilməsini, ödənilməmiş icarə haqqı qismində 3500 manat məbləğində pul vəsaitinin ona ödənilməsini cavabdehdən tələb etmiş, lakin cavabdeh hal-hazıradək ona icarə haqqını ödəməmiş, icarə obyektini boşaldıb ona təhvil verməmişdir. Beləliklə də onun icarə müqaviləsini ləğv etmək, cavabdehdən icarə haqqının ödənilməsini, obyektin boşaldılaraq ona təhvil verilməsini tələb etmək hüququ yaranmışdır. Göründüyü kimi, artıq cavabdehin həmin obyektə görə ona heç bir məbləğdə icarə haqqı ödəmək və icarə obyektini boşaldaraq ona təhvil vermək niyyəti yoxdur, onun həmin obyektdən qeyri-qanuni istifadə edərək, onun mülkiyyətindən əvəzsiz yararlanmaq və bacardığı qədər mübahisəni uzadaraq obyektdən əvəzsiz istifadə etmək niyyəti açıq aydın bəllidir. Bu hal isə ona cavabdehin hərəkətləri nəticəsində ona dəymiş zərəri cavabdehdən tələb etmək hüququ verir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, iddiaçının VÖEN-i yoxdur. Obyekt cavabdehə veriləndə boş olmuşdur. Əldən çıxmış faydanı bu əsasla tələb edirlər ki, məhkəmə qərardadına əsasən əmlakın istifadəsinə qadağa qoyulmuşdur. Həmin obyekt nə istifadə edilir, nə ödəniş edilir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin qanuni təmsilçisi X3 izahatında bildirmişdir ki, 03 may 2023-cü il tarixdə iddiaçı ilə icarə müqaviləsi bağlamışlar. 2 ay təmir üçün möhlət verilmişdi. Onlar həmin qeyri-yaşayış sahəsində təmir işləri aparan zaman məlum olmuşdur ki, orada əsaslı təmirə ehtiyac vardır. Təmir işləri avqust ayında yekunlaşdı. 03 iyul 2023-cü il tarixindən etibarən icarə haqqını ödəməli idi, lakin heç bir ödəniş etməmişdir. İcarə haqqını ödəməməyinin səbəbi ilk növbədə budur ki, onlar həmin obyekti təmir etməyə başlayandan sonra onlara bildirmişlər ki, istismara qəbul aktı 40 kvadratmetr üçün verilmişdir. Yerin istismara uyğun olması üçün lambirlə olan hissənin tam sökülüb alçıpanla bağlanması lazımdır. İlk olaraq onlar bu məsələni həll etmişlər. Lambir söküləndə elektrik xətlərində problem olduğunu görmüşlər. Beləliklə, təmir işlərinin müddəti uzanmışdır. Onlar təmir işləri ilə bağlı iddiaçının oğlu Mahirlə danışıqlar aparmışlar. İddiaçının özünə də məlumat vermişlər. İcarə müqaviləsi 5 il müddətinə bağlanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın (RX seriyalı ******* nömrəli) surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu 3153-cü məhəllə, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2013-cü il tarixdə X2 adına qeydiyyata alınmışdır və onun xüsusi mülkiyyətindədir. İş materiallarında olan X5 ilə Cavabdeh arasında bağlanmış 03 may 2023-cü il tarixli 3M- 171 reyestr nömrəli İcarə müqaviləsinə əsasən X5 özünə məxsus Bakı şəhəri, Yasamal rayonu 3153-cü məhəllə, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 40,8 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdehnə icarəyə vermiş, həmin müqaviləyə əsasən icarəçi Cavabdeh ilk iki ay ödənişsiz olmaqla digər aylar üzrə aylıq 500 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2028-ci il tarixədək müəyyən edilmiş və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilmişdir. Müqavilənin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin 1 ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Müqavilənin 8-ci bəndinə əsasən icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. İş materiallarında olan Özsevən (Zeynalova) Tahirə Hüseyn qızının Cavabdehnə ünvanladığı bildirişdən görünür ki, X5 ilə Cavabdeh arasında bağlanmış 03 may 2023-cü il tarixli 3M-171 reyestr nömrəli İcarə müqaviləsi üzrə Cavabdehnə icarəyə verilmiş Bakı şəhəri, Yasamal rayonu 3153-cü məhəllə, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 40,8 kv.m olan qeyri-yaşayış sahəsinin 7 gün müddətinə boşaldılaraq Özsevən (Zeynalova) Tahirə Hüseyn qızına təhvil verilməsi, ödənilməmiş icarə haqqı qismində 3500 manat məbləğində pul vəsaitinin ona ödənilməsi Cavabdehndən tələb edilmişdir. Əks təqdirdə bununla bağlı məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdar olunmuşdur. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında Arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 7 ünvanında xx.xx.2023-cü il tarixdə olduğu yer üzrə uçota alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Xüsusi lisenziya əlavəsindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş xüsusi lisenziya əsasında Cavabdehnə Bakı şəhəri, Yasamal rayonu 3153-cü məhəllə, ünvan 1 ünvanında sürətli poçt xidmətinin həyata keçirilməsinə icazə verilmişdir. İş materiallarında olan Ailə Cüzdanının surətindən görünür ki, X5 ilə Özsevən Sedat arasında xx.xx.2022-ci il tarixdə Karşıkaya Bələdiyyəsində rəsmi nikah bağlanmışdır. Nikahdan sonra arvada Özsevən soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, X6 tərəfindən 100 manat məbləğində dövlət rüsumu məhkəmənin hesabına ödənilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-ci maddəsinə əsasən Əəgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Özsevən (Zeynalova) Tahirə Hüseyn qızı ilə Cavabdeh arasında bağlanmış 03 may 2023-cü il tarixli 3M-171 reyestr nömrəli İcarə müqaviləsinə əsasən Özsevən (Zeynalova) Tahirə Hüseyn qızı özünə məxsus Bakı şəhəri, Yasamal rayonu 3153-cü məhəllə, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 40,8 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdehnə icarəyə vermiş, həmin müqaviləyə əsasən icarəçi Cavabdeh ilk iki ay ödənişsiz olmaqla digər aylar üzrə aylıq 500 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Özsevən (Zeynalova) Tahirə Hüseyn qızı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, Cavabdeh 03 iyul 2023-cü il tarixdən başlayaraq hər ay 500 manat icarə haqqı ödəməli olsa da, müqavilə üzrə heç bir icarə haqqı ödənişi etməmiş və müqavilə üzrə öhdəliyini pozmuşdur. Habelə Cavabdeh MMC-nin qanuni təmsilçisi X3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 03 may 2023-cü il tarixdə iddiaçı ilə icarə müqaviləsi bağlamışlar. 2 ay təmir üçün möhlət verilmişdi. Onlar həmin qeyri-yaşayış sahəsində təmir işləri aparan zaman məlum olmuşdur ki, orada əsaslı təmirə ehtiyac vardır. Təmir işləri avqust ayında yekunlaşmışdır. Lakin 03 may 2023-cü il tarixli 3M-171 reyestr nömrəli İcarə müqaviləsinin 8-ci bəndi ilə müəyyən olunur ki, icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Odur ki, icarəçi Cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş icarə haqqını ödəməməklə yanaşı, eyni zamanda müqavilənin digər şərtini (icarə obyektində icarəyə verənin razılığı olmadan təmir-tikinti işlərinin aparılmaması) də pozmuşdur. Bununla yanaşı icarəçi Cavabdeh təmir-tikinti işlərinin aparılmasına dair icarəyə verənin razılığının olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı onunla Cavabdeh arasında bağlanmış 03 may 2023-cü il tarixli 3M-171 reyestr nömrəli İcarə müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu 3153-cü məhəllə, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, 03 may 2023cü il tarixli 3M-171 reyestr nömrəli İcarə müqaviləsi üzrə ödənilmədən qalmış 3500 manat məbləğində icarə haqqının Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi tələbini irəli sürməkdə haqlı olmuşdur və iddia tələbi bu hissələrdə qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə obyektin saxlanıldığı müddət üçün 4500 manat məbləğində kompensasiyanın (əldən çıxmış faydanın), Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi hissəsi üzrə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Cavabdeh icarə müqaviləsi üzrə 03 iyul 2023-cü il tarixdən başlayaraq hər ay 500 manat məbləğində icarə haqqı ödəməli idi. Lakin ödəməmiş və iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərək məhkəməyə müraciət edənə qədər yığılmış 3500 manat məbləğində icarə haqqını tələb etmişdir. Məhkəmə tərəfindən gəlinən nəticəyə əsasən 3500 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməli olması müəyyən edilmişdir. Bu baxımdan hazırda əldən çıxmış faydadan söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı 4500 manat məbləğində əldən çıxmış faydanın olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir, yəni iddiaçı öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə ki, iddiaçı həmin qeyri-yaşayış sahəsini icarəyə verməklə pul vəsaiti əldə edirdi. Lakin cavabdeh icarə haqqını ödəməmiş, hazırda isə iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş və icarə müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan, 7 ay üzrə 3500 manat məbləğində pulun ödənilməsini tələb etmişdir. Bununla da iddiaçının icarə müqaviləsi üzrə müqavilə pozulmayacağı təqdirdə əldə edəcəyi pulun ona qaytarılması müəyyən edilmişdir. Buradan da müəyyən edilir ki, əldən çıxmış fayda mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Özsevən (Zeynalova) Tahirə Hüseyn qızı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi ləğv edilməli, Bakı şəhəri, Yasamal rayonu, 3153-cü məhəllə, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçı Özsevən (Zeynalova) Tahirə Hüseyn qızına təhvil verilməli, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 3500 (üç min beş yüz) manat icarə haqqı borcu tutularaq iddiaçı Özsevən (Zeynalova) Tahirə Hüseyn qızına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə hesab edir ki, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu da Cavabdeh MMC-dən tutularaq iddiaçı Özsevən (Zeynalova) Tahirə Hüseyn qızına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Özsevən (Zeynalova) Tahirə Hüseyn qızı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi ləğv edilsin. Bakı şəhəri, Yasamal rayonu, 3153-cü məhəllə, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçı Özsevən (Zeynalova) Tahirə Hüseyn qızına təhvil verilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 3500 (üç min beş yüz) manat icarə haqqı borcu və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Özsevən (Zeynalova) Tahirə Hüseyn qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1219/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1219/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver