Məhkəmə qərarları › İş №e-2(004)-1222/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1222/2025

25.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1222/2025 25.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri,Yasamal rayonu, Yeni Yasamal-1-də yerləşən 7 nömrəli evin 5 saylı mənzilində aparılmış əsaslı təmir və tikinti işlərinə xərclənmiş vəsait hesabına 35.320 (otuz beş min üç yüz iyirmi) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üzvləri ilə birlikdə Şuşa şəhərindən məcburi köçkün olmaqla, Cavabdeh şəxsi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1-də yerləşən 7 nömrəli evin 5 saylı mənzilində kommunal qeydiyyatda olmaqla, uzun müddət məskunlaşıb yaşamışlar. Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e- 2(004)-5994/2021 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı və qeyrilərinə qarşı “maneələrin aradan qaldırılması və mənzildən çıxarılma” tələbinə dair iddianın qismən təmin edilməsi, İddiaçı və qeyrilərinin Bakı şəhəri, Yasamal rayonu,Yeni Yasamal-1-də yerləşən 7 nömrəli evin 5 saylı mənzilindən çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin işə məhkəmə iclasında baxılarkən, Cavabdeh mənzilin tam təmirsiz vəziyyətdə olmasını, İddiaçı ailə üzvləri ilə birlikdə qeyd olunan mənzilə köçdükdən sonra həmin mənzildə yaşadıqları dövrdə əsaslı təmir və tikinti işləri apardıqlarını etiraf etmiş və həmin işlərə xərclənmiş vəsait hesabına 30.000 manat məbləğində pul ödəyəciyini vəd etmişdir. Lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Cavabdeh vədinə əməl etməmiş, həmin məbləği ödəməkdən imtina etmişdir. Hazırda isə mənzili satışa çıxartmışdır. İddiaçı ailə üzvləri ilə birlikdə Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1-də yerləşən 7 nömrəli evin 5 saylı mənzilində məskunlaşdıqları zaman mənzil tam təmirsiz, yəni 4 divardan ibarət podmayak vəziyyətdə olmaqla, yaşamaq üçün heç bir şəraiti olmamışdır. İddiaçı ailə üzvləri ilə birlikdə həmin şəraitsiz və təmirsiz mənzildə yaşamaq üçün mənzil ehtiyaclarını təmin etmiş və zəruri şəraiti qurmuşlar. Belə ki, həmin mənzilin təmir işləri aşağıdakılardır: 1. Tavanlarda alçı suvaq işləri-600 manat 2. Tavanların binderlənərək 2 qat su saslı emulsiya ilə boyanması-400 manat 3. Divarlara alçı suvağın vurulması (asta və üzlük)- 3200 manat 4. Divar kağızının vurulması-2700 manat 5. MDF plintusun vurulması-960 manat

6. Pəncərə-2100 manat 7. Laminatın quraşdırılması (alt material daxil) 1-12 mm-2200 manat

8. Qapı daxili -1600 manat 9. Seyf qapı-300 manat 10. Su çəni 800 manat 11. Gidrafon-120 manat 12. Hamam tualet təmiri- 3500 manat 13. Hamam tualet aksesuarlar-1400 manat 14. Su qızdırıcı-250 manat 15. Radiatorlar-1050 manat 16. Eyvanın təmiri-7000 manat 17. Mətbəx mebeli-4000 manat 18.Elektrik işləri-3200 manat. Mənzilin təmirinə ümumilikdə 35.320 (otuz beş min üç yüz iyirimi) manat pul sərf olunmuşdur və xərclənən bütün xərclərin hesabatı iddiaçı tərəfindən aparılmışdır. Daha sonra, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, iddia təmin edilə bilməz. İddiaçı və onun ailə üzvləri mülkiyyətçi cavabdehin iradəsinə zidd olaraq onun mənzilinə daxil olaraq 30 ildən çox orada yaşamış, mənzildən istifadə etmişlər. Mülkiyyətçi bu müddət ərzində mənzilindən istifadə edə, ondan faydalana bilməmişdir. İddiaçı iddia etdiyi işləri görməmişdir, ümumiyyətlə iddiada qeyd edilən rəqəmlər həmin kateqoriya işlər üçün süni şəkildə dəfələrlə artıq göstərilən rəqəmlərdir. İddiaçı mənzildə hər hansı iş görməsi ilə bağlı mülkiyyətçinin razılığını almamışdır, mülkiyyətçinin hər hansı işlərin görülməsinə razılığı olmamışdır. Bu səbəbdən də, hətta güya hər hansı işlər görülmüş olsa da belə, onun əvəzi tələb edlə bilinməz. Mənzilə baxış keçirilərsə, aşkar olar ki, mənzil təmirli deyil. Yəni onlar icazəsiz də olsa hansısa işlər görüblərsə də, illər əvvəl ediblər, özləri faydalanıblar və mülkiyyətçi üçün fayda qalmayıb. İddia ərizəsində eyvanla bağlı görülən işə gəlincə, eyvan iddiaçı tərəfindən qanunsuz olaraq otağa birləşdirilib (açılıb). Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzilə köçərkən onlar tərəfindən iddia ərizəsində göstərilən təmir və tikinti işləri aparılmışdır. Cavabdeh iddiaçıdan sökülə biləcək əşyaların sökülməməsini xahiş etmiş, həmin əşyaların pulunu verəcəyini bildirmiş, lakin vədinə əməl etməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı və ailə üzvləri həmin mənzilə köçərkən bina yeni istifadəyə təhvil verilmişdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı tərəfindən həmin təmir və tikinti işləri mülkiyyətçinin razılığı alınmadan aparılmış, hətta ona məlumat da verilməmişdir. İddiaçı özü təmir-tikinti işlərindən faydalanmışdır. Hal-hazırda mənzilin təmirə ehtiyacı vardır. Hətta iddiaçı tərəfindən eyvanda tikinti işləri aparılmışdır və eyvanın əvvəlki vəziyyət qaytarılması üçün kifayət qədər xərc tələb edilir. Cavabdeh iddiaçıya iddiaçı tərəfindən aparılmış təmir və tikinti işlərinə çəkilmiş xərci qarşılayacağını bildirməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5994/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdehlər İddiaçı, X3, X1, X4 və X2 ünvan 1 ünvanında yerləşən 5 saylı mənzildən çıxarılması qət edilmişdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil iddiaçı ilə mərhum ərinə məxsus olmuşdur. İddiaçı və ailə üzvləri Şuşa şəhərindən məcburi köçkündürlər. Onlar Şuşa şəhərindən məcburi köçkün olduqları zaman cavabdehə məxsus mənzildə məskunlaşmışlar. Torpaqlar erməni işğalından azad olunduqdan sonra mənzilin mülkiyyətçisi hazırki iş üzrə Cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5994/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən məcburi köçkün olan cavabdehlər İddiaçı, X3, X1, X4 və X2 Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 5 saylı mənzildən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Hazırda İddiaçı ünvan 1 ünvanında yerləşən 5 saylı mənzildə məxskunlaşdıqları dövrdə mənzil şəraitini yaxşılaşdırmaq üçün təmirə xərc çəkdiklərinə istinad edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri,Yasamal rayonu, Yeni Yasamal-1-də yerləşən 7 nömrəli evin 5 saylı mənzilində aparılmış əsaslı təmir və tikinti işlərinə xərclənmiş vəsait hesabına 35.320 (otuz beş min üç yüz iyirmi) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Belə ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5994/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə də təsdiq olunmuşdur ki, iddiaçı mənzilin mülkiyyətçisi olan cavabdehin ailə üzvü deyil, mənzil üzrə onunla ümumi təsərrüfat aparmamışdır. İddiaçı faktiki olaraq mənzili özbaşına tutmaqla 1992-ci il tarixdən etibarən hər hansı hüquqi əsas olmadan orada yaşamışlar. Mənzil mülkiyyətçisinin cavabdehin mənzildə müvəqqəti olaraq qalmasına etiraz etməməsi onun mənzilə münasibətdə hər hansı hüququnun yaranmasına əsas ola bilməz. Ən yaxşı nəticədə, iddiaçı və onun ailə üzvləri müvəqqəti sakin kimi qiymətləndirilə bilər və belə olan halda da iddiaçı və onun ailə üzvləri mənzilin mülkiyyətçisinin (mənzilə gözlənilən mülkiyyət hüququ olan şəxslərin) tələbi ilə mənzili dərhal boşaltmalıdır. Cavabdehin bu tələbi də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5994/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. İddiaçının ünvan 1 ünvanında yerləşən 5 saylı mənzildə yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması, o cümlədən onlarla mənzilin mülkiyyətçisi arasında kirayə və sair müqavilənin bağlanması, başqa sözlə iddiaçının mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Məhkəmə iddiaçının həmin mənzildə təmir-tikinti, abadlaşdırma işləri aparmaqları ilə bağlı gətirdikləri dəlilə münasibət bildirərək qeyd edir ki, iddiaçı 1992-ci ildən həmin mənzildə qanunsuz əsaslarla yaşayır və hər hansı təmir-tikinti işləri görmüşdürsə də, bu işləri özbaşına və özünün qanunsuz yaşayışının təmin edilməsi (yaxşılaşdırılması) məqsədi ilə görmüşdür. Göründüyü kimi iddiaçı cavabdehin iradəsinə zidd olaraq 30 ildən çox onun mülkiyyətində olan mənzildə yaşamaqla yanaşı habelə onun iradəsinə zidd razılığı olmadan təmir-tikinti işləri görmüşdür. Əşyanın xarici görünüşünün yaxşılaşdırılması və ya ondan istifadənin əlverişliyinin artırılması üçün nəzərdə tutulan tikinti işləri və ya başqa işlər ancaq mülkiyyətçinin razılığı ilə görülə bilərdi. Bu baxımdan iddiaçı heç bir hüququ olmadan müvəqqəti sakin kimi məskunlaşdığı mənzilin abadlaşdırılması məqsədilə çəkdiyi xərclərin riskini özü daşımalıdır. Belə olduğu halda hazırki iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar