Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1233/2023 08.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçı İddiaçının nümayəndəsi Nümayəndə3 İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 Novruz oğlunun Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun işdən azad edilməsinə dair cavabdehin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, cavabdehin X10 X8 Hüquqi Şəxsinin sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində mütəxəssis vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü il tarixdə Göyçay şəhərində anadan olmuşdur. Ali təhsillidir, ünvan 1 ünvanda yaşayır. xx.xx.2020-ci il tarixli əmrlə Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında Dövlət Məşqulluq Xidmətinin X11 Peşə Təhsili Mərkəzinə müəllim vəzifəsinə təyin edilmişdir. Bundan sonra işəgötürən Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında Dövlət Məşqulluq Xidmətinin X11 Peşə Təhsili Mərkəzinin adı dəyişdirilərək, işəgötürənin adı “X3 X10 X8 Hüquqi Şəxsi” olmuşdur. İşəgötürənin adı dəyişdiyinə görə o, öz ərizəsinə əsasən, xx.xx.2021-ci il tarixli əmrlə ƏƏSM Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin X11 Peşə Təhsili Mərkəzinlə müəllim vəzifəsindən azad edilərək X3 X10 X8 Hüquqi Şəxsinin xx.xx.2021-ci il tarixli əmri ilə sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində mütəxəssis vəzifəsinə təyin edilmişdir. Bundan sonra heç bir qanuni əsas olmadan o, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində X3 xx.xx.2022-ci il tarixli əmri ilə qanunsuz olaraq işdən azad edilmişdir. O, bu əmri qanunsuz və əsassız hesab edir. Belə ki, o, 2020-ci il tarixdən 2022-ci il tarixə kimi X3 X10 X8 Hüquqi Şəxsində, “müəllimə” və “mütəxəssis” vəzifələrində qüsursuz işləmiş, indiyə qədər heç bir intizam tənbehi almamış, işdən azad edildiyi tarixə kimi fasiləsiz işləmiş, işlədiyi müddətdə hər hansı bir nöqsana yol verməmiş, intizam tənbehinə məruz qalmamış, işlədiyi müddət ərzində əmək vəzifələrini yerinə yetirərkən kiçik də olsa belə, heç bir qanun pozuntusuna yol verməmiş, əksinə olaraq kollektivin və rəhbərliyin hörmətini, etimadını qazanmışdır. Həmçinin himayəsində azyaşlı uşağı vardır, uşaqları xəstədir və işlədiyi iş onun yeganə qazanc mənbəyidir. X3 fəaliyyəti mahiyyət etibarı ilə ölkədə əmək hüquqlarının pozulmasının qarşısını almaq olsa da, onun tabeliyində olan qurum isə onu qanunsuz işdən azad edərək, əmək hüququnu pozmuşdur. İşəgötürən onu öz ərizəsinə əsasən müddətsiz əmək müqaviləsi ilə işlədiyi işdən azad edib, sonra onunla müddətli əmək müqaviləsi bağlamışdır. Göründüyü kimi qüsursuz olaraq eyni müəssisədə işləmiş işçinin öz ərizəsi ilə işdən azad edilərək onunla 6 aylıq müqavilənin bağlanması əmək qanunvericiliyinin tələblərinə uyğun hesab edilə bilməz və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz. Onun işdən azad edilməsinə dair cavabdehin xx.xx.2022-ci il tarixli əmri qanunsuzdur. Cavabdeh tərəflər arasında müddətli əmək müqaviləsinin bağlandığına istinad edərək özünün xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı işdən azad etməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə iclasında iddiaçı, nümayəndəsi və vəkili iddianı müdafiə edirək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazda aşağıdakılar qeyd edilmişdir: İddiaçının onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilərək işə bərpa edilməsi və itirilmiş əmək haqqının hesablanaraq ödənilməsi ilə bağlı iddiası məhkəmə qaydasında qanunvericilikdə nəzərdə tutulan iddia müddətinə riayət edilməməsi, mübahisələndirilməsi səbəbindən təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qanunvericilik həm tərəflər arasında, həm də işin məhkəmə qaydasında mübahisələndirildiyi hallarda yarana biləcək fikir ayrılıqlarının qarşısını almaq məqsədilə işçinin hüquqlarının pozulduğu anı da müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı ilə cavabdeh arasında olan əmək münasibətlərinin xx.xx.2022-ci il tarixində xitam edilməsi hazırkı məhkəmə işi üzrə işin mübahisəsiz halıdır. İddiaçı bu faktı öz iddia ərizəsində də mübahisələndirməmiş, əksinə təsdiq etmişdir. Bu səbəbdəndir ki, qanunvericilikdə fərdi əmək mübahisələri üzrə nəzərdə tutulmuş iddia müddətinin məhz bu tarixdən etibarən hesablanması aparılmalıdır. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə, iddia müddətinin axımı dayandırılır. İş üzrə mediasiya prosesinin tətbiqi barədə təklif isə 1 fevral 2022-ci il tarixlidir. Daha sonra isə “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 3 mart 2021-ci il tarixli 2021-008913 nömrəli arayış tərtib edilmişdir. Göründüyü kimi təqdim edilən arayış tarix olaraq ilkin mediasiya prosesinin tətbiqi barədə təklifdən daha əvvəlki tarixdə əldə olunmuşdur. Müvafiq arayışa verilən unikal nömrə də daxil olmaqla qeyd edilən arayış texniki olaraq səhv tərtib olunmuşdur, belə olduğu halda 1 fevral 2022-ci il – 3 mart 2022-ci il tarixləri arasında olan müddət iddia axımının dayandırıldığı müddət olaraq qiymətləndirilə bilər. Ancaq qeyd edilməlidir ki, yuxarıda bildirilən fikir ehtimali xarakter daşıyır və məhkəmə prosesinin gedişatı zamanı qeyd edilən arayışın məhz ilkin mediasiya sessiyasından sonra tərtib olunması, habelə texniki yanlışlıq səbəbindən 2021-ci il tarixli tərtib olunması iddiaçı tərəfindən sübut edilməlidir. Əks təqdirdə məhkəmə tərəfindən tərəflərarası müvafiq mediasiya sessiya keçirilmədən məhkəməyə müraciət edilməsi ilə bağlı qənaət formalaşmalıdır. “Mediasiya haqqında” Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. İddia müddətinə münasibətdə əgər ehtimali olaraq texniki yanlışlığın olduğunu fərz etsək, iddia müddətinin axımı 3 mart 2022-ci ildən (arayışda isə bu tarix 3 mart 2021-ci ildir) sonra davam etməkdədir. Daha sonra iddiaçı tərəfindən 15 mart 2022-ci il tarixində mübahisə ilə bağlı olaraq Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsi 18 mart 2022-ci il tarixli 2(007)-1372/2022 nömrəli Qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Göründüyü kimi 11 yanvar 2022-ci il – 1 fevral 2022-ci il tarixləri arasında olan 20 gün, mediasiyanın tətbiq olunduğu dövrü çıxmaqla 3 mart 2022-ci il – 15 mart 2022-ci il illərdə 12 gün olmaqla iddiaçı tərəfindən müvafiq iddiaya münasibətdə iddia müddəti ötürülmüşdür. Əlavə olaraq olaraq qeyd edilməlidir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsi 18 mart 2022-ci il tarixli 2(007)- 1372/2022 nömrəli Qərardadı ilə aidiyyətlə bağlı məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə iddia ərizəsi 25 iyul 2022-ci il tarixində verilmişdir. Belə olduğu təqdirdə iddia ərizəsinə münasibətdə iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi haqqında qətnamənin qəbul edilməsi zərurəti yaranmışdır. İddia müddəti ilə əlaqədar xx.xx.2021 tarixli, 2(102)-4745/2021 saylı Ali Məhkəmə Qərarının 32-ci yarımbəndinə əsasən, qanunvericilikdə müxtəlif mübahisələr üzrə müxtəlif iddia müddətləri nəzərdə tutan qaydalar müəyyən edilmişdir. Qüvvədə olan əmək qanunvericiliyi fərdi əmək mübahisələri ilə bağlı daha qısaldılmış iddia müddəti nəzərdə tutmuşdur. Belə qısaldılmış iddia müddətinin tətbiqi təsadüfi deyil. Qanunvericinin güddüyü məqsəd ondan ibarətdir ki, insan həyatının dolanışıq mənbəyi olan işləmək və əmək haqqı almaq hüquqları daha operativ həyata keçirilsin. Analoji işlərə baxılması üçün də qısaldılmış müddətlər nəzərdə tutulmuşdur. Məqsəd ilk növbədə işçinin, işəgötürənin və bunun nəticəsində hüquq və mənafeləri pozula biləcək üçüncü şəxslərin artıq risklərdən qorunmasıdır. Fərdi əmək mübahisələrində qısaldılmış iddia müddətləri ona xidmət edir ki, işçi pozulmuş əmək hüquqlarının müdafiəsi üçün daha tez məhkəməyə müraciət etsin, işçinin işdən çıxması ilə bağlı işlədiyi iş prosesində yaranmış münasibətlərdəki qeyrimüəyyənlik tezliklə aradan qalxsın, vakant ştatla bağlı qeyri-müəyyənlik tezliklə həll edilsin və s. Hər bir halda qısaldılmış iddia müddəti tərəflərin mənafeyinə xidmət etmək üçün nəzərdə tutulmuşdur. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 3 mart 2021-ci il tarixli 2021-008913 nömrəli arayışın mötəbərliyi suallar doğurmaqdadır. Burada nəzərə alınmalı məqam arayışın tarixi, habelə tarixlə əlaqəli ona verilmiş müvafiq nömrənin məhz 2021-ci ilə aid olmasıdır. Əgər ehtimal etsək ki, yuxarıda qeyd edilən məsələ texniki səhvdən dolayı ortaya çıxmışdır bu zaman isə nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə bərabər təqdim edilən arayışa əsasən, qeyd edilən mediasiya sessiyası cavabdeh X7 ilə yox, X3 X10 Hazırlığı X15 ilə keçirilmişdir. Əgər iddiaçı hazırki əmək mübahisəsi üzrə məhkəməyə müraciət edən zaman cavabdeh qismində X4 qoymuşdursa, o zaman bu onu deməyə əsas verir ki, cavabdeh dolayısı ilə işəgötürənin X1 bilir. Burada nəzərə alınmalı məqam ondan ibarətdir ki, X7 və onun tabeliyində Göyçay PHM təşkilatihüquqi struktur baxımından hər ikisi də publik hüquqi şəxsdir. Sadəcə təşkilati baxımdan Göyçay PHM X3 tabeliyində fəaliyyət göstərməkdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Kollegiyasının 26 fevral 2021-ci il **********4 nömrəli Qərarı ilə təsdiq olunmuş Göyçay PHM-in Nizamnaməsinin 4.4.2-ci yarımbəndinə uyğun olaraq Mərkəzin idarəetmə orqanlarının rəhbər şəxslərinin, habelə digər işçilərinin Nazirliklə razılaşdıraraq vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyəti yenə həmin Nizamnamənin 4.4-cü bəndinə əsasən Agentliyə verilmişdir. Belə olduğu təqdirdə iddiaçıya münasibətdə işəgötürən X7 hesab edilməklə, ilkin mediasiya sessiyası da məhz iddiaçının sadəcə əmək funksiyalarını icra etdiyi yer olan Göyçay PHM ilə deyil, X7 ilə keçirilməsi qanunvericiliyin birbaşa tələbidir. Halbuki iddia ərizəsinə qoşulan ilkin mediasiya haqqında arayışdan da göründüyü kimi iddiaçı X7 ilə deyil, onun tabeliyində olan Göyçay PHM X15 ilə ilkin mediasiya sessiyasının keçirilməsinə dair münasibətlərdə olmuşdur. Bu isə hazırda tərəflərarası yaranmış mübahisənin məhkəmədənkənar həlli vasitəsi olaraq qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294.5-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Odur ki, iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş “X7” X15 ilə İddiaçı arasında bağlanmış 05 iyul 2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, sonuncu Agentliyin X10 Hazırlığı Mərkəzinin sənədlərlə, müraciətlərlə iş və inzibti şöbəsində mütəxəssis vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən əmək müqaviləsi Əmək Məcəlləsinin 47ci maddəsinin “f” bəndinə əsasən üç ay müddətinə bağlanmışdır. İşə başlama tarixi 05 iyul 2021-ci il tarixi müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 45. Əmək müqaviləsinin müddəti
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: ... f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə. ... Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: ... b) əmək müqaviləsinin müddətinin qurtarması; ... Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 294. Fərdi əmək mübahisələrinə baxan orqanlar
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. ....
5. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 379. İddia müddəti axımının dayandırılması 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: .... 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. .... 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.» Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu 32.4. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: 32.4.1. barışıq sazişinin imzalandığı gündən; 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Maddə 35. İddia müddətlərinin axımının dayandırılması 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
Göründüyü kimi, tərəflər arasında onların qarşılıqlı razılığı ilə 05 iyul 2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti 3 ay, işə başlama tarixi 05 iyul 2021-ci il tarixi müəyyən edilmişdir. 05 oktyabr 2021-ci il tarixdə əmək müqaviləsində göstərilən müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyindən əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə, yəni 05 yanvar 2022-ci il tarixədək uzadılmışdır. 05 yanvar 2022-ci il tarixdə müqavilənin müddəti bitdikdən sonra bir həftə ərzində Agentliyin 11 yanvar 2022-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilmiş, iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən əmək müqaviləsinə əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməklə xitam verilmiş, iddiaçının hüquqları pozulmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, hətta iddiaçının hüquqları pozulmuş olsa idi belə iddiaçı tərəfindən bir aylıq iddia müddəti ötürüldüyündən iddia təmin edilə bilməzdi. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə alınmış “Digər məhkəmə işləri ilə bağlı” məlumatlardan və iş materiallarına əlavə edilmiş aşağıda göstərilən sənədlərdən göürünür ki: 11 yanvar 2022-ci il tarixdə iddiaçı işdən azad edildikdən 20 gün sonra (01 fevral 2022-ci il tarixdə) “Mediasiya prosesinin tətbiq edilməsi barədə” cavabdehə təklif göndərmişdir. 03 mart 2022-ci il tarixdə (il texniki səhv olaraq 2021 göstərilmişdir) iddiaçıya “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” mediator tərəfindən arayış verilmişdir. Bundan 12 gün sonra, yəni 15 mart 2022-ci il tarixdə iddiaçı Nizami rayon Məhkəməsinə cavabdehlər X5 və Agentliyin tabeliyində X2rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Nizami rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməməsi səbəbindən geri qaytarılmışdır. Bundan 40 gün sonra iddiaçı 27 aprel 2022-ci il tarixdə eyni iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Göyçay rayon Məhkəməsi 02 may 2022-ci il tarixli qərardadı ilə işəgötürənin X1, əmək müqaviləsinə Agentlik tərəfindən xitam verildiyini, Agentliyin hüquqi ünvanının Yasamal rayonunda yerləşməsini izah edərək iddiaçıya Yasamal rayon Məhkəməsinə müraciət etməli olduğunu izah etmişdir. İddiaçının Göyçay rayon Məhkəməsinin həmin qərardadından verilmiş şikayəti Şəki Apelyasia Məhkəməsinin 19 iyul 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, qərardad qüvvədə saxlanılmışdır. 25 iyul 2022-ci il tarixdə iddiaçı hazıkı iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı 11 yanvar 2022-ci il tarixdə işdən azad edilməsini bilmiş, həmin tarixdən iddia müddətinin axımı başlanmış, mediasiya təklifini göndərdiyi tarixdən iddia müddətinin axımı dayandırılmış, mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışı aldığı gündən iddia müddətinin axımı bərpa olunmuşdur. Mediasiya təklifi göndərdiyi günədək 20 gün, mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışı aldığı gündən məhkəməyə müraciət etdiyi tarixədək 12 gün keçmişdir ki, bununla da iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş bir aylıq iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2.-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia rədd edilməsinə baxmyaraq iddiaçı hazırkı iddia üzrə dövlət rüsumu ödəməkdən azad olduğundan ondan dövlət rüsumu tutula bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia rədd edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elekron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Təhminə Xəlilova