Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1239/2022 31.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X6 oğlunun katibliyi İddiaçı İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Xalq Bank” ASC-yə qarşı iddia ərizəsi və iddia tələblərinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında 28.09.2021-ci il tarixli, XB-K1/105 saylı əmrin ləğv edilməsi, iddiaçının cavabdeh “Mingəçevir” filialının böyük kassiri vəzifəsinə işə bərpa edilməsi, 28.09.2021-ci il tarixdən işə bərpa edildiyi günədək olan müddətə əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildən "xxxx" Bankı ASC-də işləyir. Əmək müqaviləsi və qanunvericilik üzrə heç bir pozuntu törətməmişdir. 2021-ci ilin sentyabrında rəhbərlikdən ona bildirmişlər ki, onun bankda olan hesabı üzrə iş vaxtı mərc oyunları üçün pul köçürülməsi həyata keçirilib və bununla əlaqədar izahat vermişdir. İzahat verərək bildirmişdir ki, qohumu ödənişlər etmək üçün ondan hesab kartını istəmiş, iddiaçı da vermişdir. Baxmayaraq, o, hər hansı pozuntu törətməmişdir, işəgötürənin kartın məlumatlarının başqa şəxsə verilməsini və onun da mərc oyunu üzrə ödəniş etməsini irad kimi bildirməsini qəbul edib, bunu təkrarlamayacağını bildirmişdir. Sentyabrın ayının 28 iş gününün sonunda ondan əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam vermək haqqında ərizə yazmağını tələb etmişlər. Əks halda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsinin səbəblərini anlaya bilməmişdir. Sentyabr ayının 29-da vaxtında işə gəlmiş, lakin filialdan baş idarədən ona bildirilmişdir ki, işdən çıxmaq ərizəsi yazılmayınca o, içəri buraxılmayacaq. İddiaçı qeyd etmişdir ki, əgər bank hesab edirsə ki, əsas var, iddiaçı ilə əmək müqaviləsinə özü xitam versin. Həmin gün ona əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qeyd edilən imzasız əmr göstərmişlər və təkrar bildirmişlər ki, ərizə yazmasa bu qaydada xitam veriləcək. İddiaçı ərizə yazmaqdan imtina etmişdir. 30 sentyabrda ona bildirilmişdir ki, qeyd edilən əmrlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İddiaçının əmrin əsası barədə sənəd tələb etməsi nəticəsiz qalmışdır. Əmrin verilməsi və əmək müqaviləsinə bu əsasla xitam verilməsi qanunsuz olmaqla yanaşı, obyektiv həqiqət aşağıdakılardan ibarətdir: 1) İddiaçının mərc oyunları oynamağı qanunsuz olsa idi, o, bunu başqa bankda hesab açıb, o hesabla həyata keçirərdi. 2) Hesabını işlədiyi bankda açması məhz elə öz bankına etimad və onun maraqlarını güdməkdən irəli gəlmişdir. 3) İlk öncə mərc oyununda iştirakı qanunsuz deyil, ikincisi mərc oyunlarını o, yox, qohumu oynamışdır və sadəcə olaraq iddiaçının kartı olduğuna görə, ödənişlər üçün iddiaçıdan kömək xahiş etmişdir. 4) Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilmişdir. İddiaçı qanunla və əmək müqaviləsi ilə nəzərdə tutulmuş heç bir pozuntu etməmişdir. Əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmək halı baş verməmişdir. 5) Ümumiyyətlə əmək müqaviləsinə xitam verilməsi səbəbləri ona rəsmi qaydada bildirilməmiş, heç əmrdə də qeyd edilməmişdir. Sadəcə şifahi bildirilən məlumata görə ehtimal edir ki, guya iş vaxtı mərc oyunları oynamışdır. Əmrdə əsas kimi göstərilən xidməti məktubun surəti də ona təqdim edilməmişdir. Əlavə olaraq işəgötürənin qanunsuz əmr verməsi və əmək müqaviləsinə qanunsuz xitam verilməsi ilə ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia tələbini tam müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək izahatında göstərmişdir ki, X2 İdarəsinin funksiya və öhdəliklərindən irəli gələrək 2020-ci ilin noyabr ayından etibarən iş vaxtı ərzində mütəmadi olaraq İddiaçı məxsus olan plastik karta xüsusi müştəri kodlu hesabdan pul mədaxillərinin olması müşahidə olunmuşdur ki, bu da Bankda işçiyə münasibətdə müəyyən şübhələrin yaranmasına səbəb olmuşdur. Məsələyə aydınlıq gətirilməsi ilə bağlı iddiaçıdan izahat alınmış və izahatda işçi ona məxsus olan plastik karta mədaxil olunan pulların mərc oyunlarından daxil olduğunu etiraf etmişdir. İzahatda işçi yuxarıda adıçəkilən əməliyyatların aparılmasının yaxın qohumuna aid olmasını iddia etmişdir. Bankda “Xüsusi kart hesabının açılması və bank kartının istifadəy verilməsi haqqında” müqavilə İddiaçı ilə şəxsən bağlanılmışdır. Kart sahibi həmin müqaviləyə görə Bank kartını istifadə etmək üçün digər şəxslərə verməməyi öz öhdəsinə götürmüşdür. “ASC "xxxx" X7 məcəlləsi”nin 10.1.5-ci yarımbəndinə əsasən işçilər iş vaxtı ərzində mərc oyunları, qumar və aludəçilik yarada biləcək digər bu kimi hal və hərəkətlərə yol verməməlidir”. Eyni zamanda Bankla İddiaçı arasında bağlanmış 14.08.2012-ci il tarixli, 48 nömrəli Əmək müqaviləsinin 3.3-cü maddəsinin 5-ci hissəsinə əsasən işçilər işgötürən tərəfindən təsdiq olunmuş Bankın işçiləri üçün davranış qaydalarına riayət etməlidir. Lakin İddiaçı həm Əmək müqaviləsinin, həm də yuxarıda qeyd edilən “Etik davranış məcəlləsi”nin müvafiq tələblərini kobud şəkildə pozmuşdur. Bank işi maliyyə sektorunda daha çox ciddi hesabatlığın, məsuliyyət və dəqiqliyin olduğu sahədir. Bu səbəbdən bankın əməkdaşları tərəfindən əmək funksiyalarının icrasından ən azı kənarlaşma belə əmək və ica intizamının normal ahənginin pozulmasına səbəb ola bilər. İddiaçı isə Əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək Filialın kassiri kimi məsuliyyətli işindən mütəmadi olaraq yayınmış və bununla da müvafiq əməli ilə işin normal gedişinə mane olmuşdur. Misal olaraq qeyd edilməlidir ki, İddiaçı 22.07.2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankına qablaşdırıb təhvil verdiyi bağlamada yararsız əskinaz aşkar edilmişdir”. Göstərilənlərlə yanaşı, işçinin Bankdakı fəaliyyət müddəti ərzində barəsində intizam tənbeh tədbiri haqqında qərar verilməsi də işin normal gedişatına mane olma faktını tam şəkildə sübut edir. İddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: ASC "xxxx" X1 İdarəsinin rəisi X3 ASC "xxxx" X5 sədri K.N.Məcidova ünvanladığı 27.09.2021-ci il tarixli, 356 saylı xidməti məktubuna əsasən ... rəhbərlik etdiyi idarənin funksiya və öhdəliklərindən irəli gələrək 2020-ci ilin noyabr ayından etibarən iş vaxtı ərzində mütəmadi olaraq İddiaçı məxsus olan plastik karta xüsusi müştəri kodlu hesabdan pul mədaxillərinin olması müşahidə olunmuşdur ki, bu da idarənin rəhbərliyində şübhə yaratmışdır. Məsələyə aydınlıq gətirilməsi ilə bağlı İddiaçı izahat alınmış və izahatda işçi ona məxsus olan plastik karta mədaxil olunan pulların mərc oyunlarından daxil olduğunu etiraf etmişdir. İzahatda işçi yuxarıda adıçəkilən əməliyyatların aparılmasının yaxın qohumuna aid olmasını iddia etmişdir... İddiaçı isə Əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək Filialın kassiri kimi məsuliyyətli işindən mütəmadi olaraq yayınmış və bununla da müvafiq əməli ilə işin normal gedişinə mane olmuşdur. Misal olaraq qeyd edilməlidir ki, İddiaçı 22.07.2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankına qablaşdırıb təhvil verdiyi bağlamada yararsız əskinaz aşkar edilmişdir”. Göstərilənlərə əsasən İddiaçı fəaliyyətinə münasibət bildirilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının pul nişanının səthini təyin etmək üçün 2286/21 nömrəli 03.09.2021-ci il tarixli ekspertiza aktına əsasən B04425597-B04425597 seriya nömrəli, 10 manat nominal, ölçüsü – 135mm*70mm, kredit təşkilatı ASC "xxxx" Bankı, Kredit Təşkilatının filialı – Mingəçevir, Xəzinədar İddiaçı, Vasitəçi mənbə - MB Emal şöbəsi-1 N, CMS Barkod – XBUA**********100001: Rəyə əsasən “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”nın 4.4-cü bəndinə əsasən pul nişanı tədavülə yararsızdır və nominal dəyəri ödənilmir. Bankın “Mingəçevir” filialının müştəri xidməti şöbəsinin böyük kassiri İddiaçı tərəfindən ASC "xxxx" X5 sədrinin müavini N.F.Şahverdiyeva ünvanladığı 10.09.2021-ci il tarixli izahatından görünür ki, 22.07.2021-ci il tarixdə qablaşdırılmış bağlamada 1 ədəd 10 (on) manat tədavülə yararsız dəyəri ödənilməyən əskinaz aşkar edilmişdir. Yol verilmiş nöqsanın üzrlü hesab edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən bankın idarə heyətinin sədrinə ünvanlanmış 15.09.2021-ci il tarixli izahatında qeyd olunur: “Yaxın bir il ərzində mənə məxsus olan “**********576239” nömrəli debet kartı vasitəsi ilə mənim razılığımla 1999-cu il təvəllüdlü bacım oğlu X4 internet oyunları (mərc oyunları) səhifəsindən qeydiyyatdan keçmiş, müəyyən vaxtlarda “Milliön” terminalı vasitəsi ilə və ya məndən xahiş edərək həmin karta vəsait mədaxil etmişdir. Mən ona bir müddət sonra öz adına kart alıb bu oyunu başqa kartla oynamağı bildirsəm də, o, mənə bir profil ilə yalnız bir kartla əməliyyat etmək mümkün olduğunu bildirmişdir. Müəyyən vaxtlarda mənim kartımdan istifadə etməyə davam etmişdir. Mən Yevlax rayonunda yaşadığım üçün işlə əlaqədar Mingəçevir şəhərində yaşayan bacımın ailəsi ilə həftənin 5 günü bir ailə üzvü kimi gediş-gəlişim olmuşdur. Mənim kartım vasitəsi ilə olunan əməliyyatlardan məlumatım olmuşdur. Müəyyən vaxtlarda həmin karta oyunlardan pul vəsaiti daxil olmuşdur. Mənim tərəfimdən ATM-dən çıxarılaraq bacım oğluna verilmişdir. Debet kartım hər zaman mənim üzərimdə olmuşdur. Türkiyədən online alış-verişdə də istifadə etmişəm. İlkin olaraq kartımdan internet oyunlarında istifadə etməyə şərait yaradan zaman bu səhifələrin rəsmi səhifələr olduğu üçün bu halın nüfuzuma, işimə mənfi bir hal yaradacağını düşünmədim. Ancaq indi anlayıram ki, bu hallar mənim üçün bankdakı nüfuzum üçün mənfi bir haldır. Qeyd etmək istərdim ki, 14 illik bank fəaliyyətimdə və 10 ildir ki, çalışdığım ASC "xxxx" Bank ailəsinə daxil olduğum gündən bu günə kimi mənə göstərilən etimad və etibardan heç vaxt sui-istifadə etməmişəm. Hər zaman mənə tapşırılan işi, vəzifə öhdəliklərini dəqiq məsuliyyətlə həyata keçirməyə çalışmışam. Yaxın bir il ərzində debet kartım vasitəsi ilə internet mərc oyunlarına mədaxil və məxaric olunan vəsaitin mənim məlumatım ilə baş verməsinə baxmayaraq mənim maddi durumuma heç bir mənfi və ya müsbət təsiri olmamışdır. Mənim iş fəaliyyətimə heç bir neqativ təsirini göstərməmişdir. Lakin bu gün anlayıram ki, mənim kartımla edilən bu əməliyyatlar, mənə məxsus olan kartın 2-ci bir şəxs tərəfindən oyunlarda istifadə etməsinə icazə verməyim mənim məsuliyyətsizliyimdir. Bu mənim haqqında ASC "xxxx" Bankında mənfi düşüncə formalaşmasına gətirib çıxardı. Baş vermiş bu hal mənim tərəfimdən bir daha heç vaxt təkrarlanmayacaq.” 28.09.2021-ci il tarixli ASC "xxxx" Bankı üzrə XB-K1/105 nömrəli əmrdən görünür ki, Bankın “Mingəçevir” filialının Müştəri xidməti şöbəsinin böyük kassirinin əmək müqaviləsinə 28.09.2021-ci il (son iş günü) tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. Əsas: İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini əks etdirən X2 İdarəsi, İdarə Heyətinin üzvü K.A.Quliyevin xidməti məktubu. Tərəflər arasında bağlanmış 14.08.2012-ci il tarixli 48 nömrəli əmək müqaviləsinin 3.3-cü bəndinə əsasən işçi bu əmək müqaviləsinin 3.1 bəndində göstərilən əmək funksiyasını vaxtında və keyfiyyətlə yerinə yetirməyə, habelə işgötürənlə əmək münasibətlərində olduğu dövrdə: ...işə götürən tərəfindən təsdiq olunmuş Bankın işçiləri üçün davranış qaydalarına riayət etməyə borcludur. ASC "xxxx" X7 Məcəlləsinin 10.1.5.-ci bəndinə əsasən vaxtından (iş və qeyri-iş vaxtı) və məkanından (bankın daxilində və xaricində, o cümlədən, sosial şəbəkələrdə) asılı olmayaraq bankın işgüzar nüfuzuna, maddi və ya qeyri-maddi maraqlarına xələl gətirə biləcək istənilən fəaliyyətdən çəkinməli, həmçinin iş vaxtı mərc oyunları, qumar və aludəçilik yarada biləcək digər bu kimi hal və hərəkətlərə yol verməməlidir. 23.02.2022-ci il tarixli cari hesabdan çıxarışdan görünür ki, 01.02.2021-21.09.2021-ci il tarixlərini əhatə edən dövr ərzində İddiaçı məxsus kart hesabına mərc oyunları və müxtəlif saytlardan çoxlu sayda mədaxillər olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək və sair vəzifələrin icra edilməsi işçinin əsas vəzifələrindəndir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarına aiddir. Həmin Məcəllənin 70-ci maddəsinin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir. Həmin Məcəllənin 71.2.-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması. Məhkəmə iddiaçının ona məxsus bank kartının qohumuna verməsi və özünün mərc oyunları oynamaması barədə dəlillərini həqiqətə uyğun hesab etmir. Belə ki, izahatında göstərdiyi qohumu - 1999-cu il təvəllüdlü bacısı oğlu X4 özü də bankla müqavilə bağlaya və bank kartı ala bilər. Beləlilklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı cavabdeh ASC "xxxx" Bankında işlədiyi bir ilə yaxın müddətdə öz əmək vəzifələrini kobud şəkildə pozmuş, iş vaxtı öz əmək funksiyasını yerinə yetirmək əvəzinə mərc oyunları oynamış, nəticədə saxta əskinaz qəbul etmiş və bununla da cavabdehə maddi zərər vurmuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-1239/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1239/2022
31.03.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver