Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-124/2023 08.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdehlər 53 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh3, Cavabdeh1 MTK və Cavabdeh2 ASC-yə qarşı “ilkin bazardan alqı-satqı və ipoteka” üçtərəfli ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməklə yenidən tərtib edilməsi, artıq ödənilmiş məbləğin kredit borcundan və mənzilin əsas borcundan silinməsi, kredit müqaviləsi etibarsız hesab edilməklə yeni kredit müqaviləsinin və ödəniş cədvəlinin tərtib edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52, M 19, m 3 saylı 108,7 kv.m hesab edilən mənzilə görə iddiaçı ilə cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 ASC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 011-20/İ saylı “ilkin bazardan alqı-satqı və ipoteka” üçtərəfli ipoteka müqaviləsinin fərqin olduğu 16,1 kv.m sahəyə münasibətdə qismən etibarsız hesab edilməsi və müqavilənin şərtləri mövcud olmuş ümumi sahəyə uyğun tərtib edilməklə müqavilənin 1.2.2-ci bəndində “ümumi sahə (kv.m-lə): 92.60”, müqavilənin 1.2.3-cü bəndində “yaşayış sahəsi (kv.m-lə): 56.3”, müqavilənin 1.4-cü bəndində “mənzilin satış qiyməti 109 268 manat” (128266/108,70 x 92,6 = 109 268) qeyd edilməklə yenidən tərtib edilməsi; Mənzil üçün xx.xx.2020-ci il tarixdə bağlanmış 011-20/İ saylı “ilkin bazardan alqısatqı və ipoteka” üçtərəfli ipoteka müqaviləsində artıq qeyd edilmiş sahəyə görə cavabdeh "xxxx" MTK-ya ödənilmiş pul vəsaitinin tutularaq ona ayrılmış ipoteka kreditinin əsas borcuna yönəldilməsi və həmin pul vəsaitinin əsas kredit borcundan çıxılması; İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 011-20/İ saylı kredit müqaviləsinin etibarsız hesab edilməklə yeni kredit müqaviləsinin və ödəniş cədvəlinin tərtib edilməsi; İlkin ödəniş kimi iddiaçı tərəfindən ödənilmiş 25666 manat pulun ipoteka predmeti olan mənzilin faktiki mövcud olan sahəsinə (92,6 kv.m) uyğun olaraq hesablanması və mənzilin əsas borcundan çıxılması; xx.xx.2020-ci il tarixdən etibarən müqavilə üzrə iddiaçı tərəfindən aylıq artıq ödənilmiş pul vəsaitlərinin əsas borc məbləğindən çıxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdehlər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 011-20/İ saylı “İlkin bazardan mənzilin alqı-satqı və ipoteka” üçtərəfli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 MTK satıcı olaraq ümumi sahəsi 108,7 kv.m olan mənzili 128 266 manata alıcı olaraq iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə həmin mənzilin 25666 manat məbəğində olan hissəsini özü tərəfindən, 102 600 manat məbləğində olan hissəsini isə iddiaçı ilə bank arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçının əvəzi olaraq bank tərəfindən ödənilməsi barədə razılığa gəlinmişdir. Lakin iddiaçı tərəfindən mənzilin çıxarışı alınarkən onun MTK tərəfindən aldadıldığı və müqavilədə göstərilən sahədən az ölçüdə mənzilin ona verildiyi müəyyən edilmişdir. Belə ki, çıxarışa əsasən mənzilin ümumi sahəsi 92,6 kv.m təşkil edir. Odur ki, hesab edir ki, mənzilin sahəsi və dəyərinə dair hissələrdə üçtərəfli müqavilə etiabrsız hesab edilməlidir. Bundan əlavə iddiaçı cavabdeh bankdan mənzilin üçtərəfəli müqavilədə göstərilmiş sahəsinə uyğun olaraq kredit götürdüyündən həmin kredit müqaviləsi də artıq göstərilmiş sahəyə uyğun hesablanmış kreditə aid hissədə də etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6809 saylı rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: 1-ci sual üzrə: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi: **********) çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 52, M19, m3 saylı mənzilin ümumi sahəsi (arakəsmə divarlarının yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə və balkonların (eyvanın) sahələri (azalma əmsalları tətbiq olunmadan) daxil edilməklə hesablandıqda) 108,7 kv.m təşkil etdiyi müəyyən edilir. 2-ci sual üzrə: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi: **********) çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 52, M19, m3 saylı mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” qaydasının tələbləri nəzərə alılmaqla 93,2 kv.m təşkil etdiyi müəyyən edilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Ekspert rəyinə əsasən mənzilin faktiki ümumi sahəsi ilə müqavilədə (cavabdeh tərəfindən öhdəlik üzrə təhvil verilməli sahə) göstərilən sahə arasında fərqin yaranma səbəbi mənzilin sahəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04” dekabr 2012-cİ il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarıına əsasən hesablandıqda arakəsmə divarlarının altındakı sahənin nəzərə alınmamasıdır. Məhkəmə qeyd edir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, konkret halda iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu xüsusatla bağlı həmçinin nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Məhkəmə tərəflər arasında bağlanmış müqavilələrin şərtlərini ekspert rəyi ilə müəyyən olunan halla birlikdə qiymətləndirməklə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayıla bilər. Belə ki, cavabdeh MTK-nın iddiaçı qarşısında götürdüyü öhdəliyə lazımi qaydada əməl edərək, ona 108,7 m2 ölçülü mənzil verdiyi müəyyən edilmişdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını və işin hallarını əsas götürərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyi üçün iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eyni zamanda iddia tələbi rədd edildiyi üçün 50 manat ekspertiza xərci iddiaçıdan Məhkəmə Ekspertiza Mərkəzinin hesabına tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. 50 (əlli) manat məbləğində məhkəmə ekspertizasının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-124/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-124/2023
08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver