Məhkəmə qərarları › İş №e-2(004)-1241/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1241/2025

14.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1241/2025 14.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, müddətsiz əmək müqaviləsi bağlanılmaqla işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, müddətsiz əmək müqaviləsi bağlanılmaqla işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2009-cu ildən xx.xx.2020-cu ilə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunda sosial xidmət sahəsində dövlət qulluqçusu kimi çalışmışdır. Daim qüsursuz xidmətə görə vəzifədə irəli çəkilmiş və heç vaxt barəsində intizam tədbiri görülməmişdir. xx.xx.2020-ci ildə Dövlət Sosial Müdafiə Fondunun bir sıra səlahiyyətləri Sosial Xidmətlər Agentliyinə verilmişdir. Bununla əlaqədar bir çox əməkdaşlar kimi iddiaçı da də ərizə yazaraq DSMF-da işdən çıxmaqla Sosial Xidmətlər Agentliyinə işə qəbul olunmuşdur. Həmin ərizələr və işdən çıxma, işə qəbul əmrləri formal xarakter daşımış, əslində isə iddiaçı fasilə vermədən faktiki olaraq öz işinə eyni qaydada davam etmişdir. xx.xx.2020-ci ildən xx.xx.2024-cü ilə qədər cavabdeh Sosial Xidmətlər Agentliyinin filiallarında aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. Ümumilikdə sosial xidmət sahəsində uzun illər ərzində təcrübəli və peşəkar işçi kimi fəaliyyət göstərmişdir. Öz işinin peşəkarı olduğu halda, öz əmək funksiyalarımı məsuliyyətlə yerinə yetirdiyi, heç bir nizam-intizamı qaydasını pozmadığı halda kollektivdə yaranmış bir sıra münaqişələr, işçilərlə rəhbərlik arasında mövcud olan anlaşılmazlıqların “araşdırılması” nəticəsində iddiaçının işdən kənarlaşdırılması barədə “qərar qəbul olunmuşdur”. Beləliklə xx.xx.2024-cü il tarixli, 3-17-3/3-4-1670/2024 nömrəli Əmrlə əmək müqaviləmin müddətinin bitməsi əsas göstərilərək tutduğu vəzifədən azad edilmişdir. Müqavilənin müddətinin bitməsi əsası ilə əmək müqaviləmə xitam verilməsi tamamilə formal xarakter daşımışdır. İddiaçının əmək müqaviləsinə faktiki olaraq işəgötürənin təşəbbüsü əsasında xitam verilmişdir. Lakin işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinin heç bir qanuni əsası olmamışdır. Cavabdeh hüquqdan sui-istifadəyə yol vermiş, işdən çıxarılma əsası kimi əmək müqaviləsinin müddətinin bitməsinə istinad etmişdir. Cavabdehin həmin əmri qanunsuzdur və ləğv olunmalıdır. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmaması xahiş etmişdir. Cavabdeh tərəf iddiaya dair yazılı etirazını məhkəməyə təqdim etmişdir. İş materiallarına İddiaçı əmək kitabçasının surəti əlavə edilmişdir. Əmək kitabçasında olan qeydlərə əsasən müəyyən edilir ki, işçi İddiaçı xx.xx.2009-cu il tarixdə Dövlət Sosial Müdafiə Fonduna işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinin tələblərinə (dövlət orqanının ləğv edilməsi) əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində yenidən dövlət qulluğunda fəaliyyətə başlamışdır. xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinin tələblərinə (dövlət qulluqçusunun öz arzusu ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi arasında xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay müddətinə əmək müqaviləsi bağlanılmış və o, Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin 5 saylı filialına aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan işəgötürən Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-17-3/3-4-1670/2024 nömrəli əmrinə əsasən müəyyən edilir ki, Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin Bakı filialının aparıcı mütəxəssisi İddiaçı 24 avqust 2020-ci il tarixli əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə 25 noyabr 2024-cü il tarixdən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 nömrəli fərmanının 5.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə Sosial Xidmətlər Agentliyinə keçmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndi, 47-ci maddəsinin “f” bəndi, 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndi və 73-cü maddələri çıxış edir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlana bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndi əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilə bilər. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, işçi İddiaçı xx.xx.2009-cu il tarixdə Dövlət Sosial Müdafiə Fonduna işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinin tələblərinə (dövlət orqanının ləğv edilməsi) əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsində yenidən dövlət qulluğunda fəaliyyətə başlamışdır. xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinin tələblərinə (dövlət qulluqçusunun öz arzusu ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi arasında xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay müddətinə əmək müqaviləsi bağlanılmış və o, Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin 5 saylı filialına aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. işəgötürən Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-17-3/3-4- 1670/2024 nömrəli əmrinə əsasən müəyyən edilir ki, Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin Bakı filialının aparıcı mütəxəssisi İddiaçı 24 avqust 2020-ci il tarixli əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə 25 noyabr 2024-cü il tarixdən xitam verilmişdir. Göstərilən hallar mülki işin mübahisəsiz hallarıdır. Məhkəmə mövcud məhkəmə təcrübəsinin mövqeyindən çıxış edərək qeyd edir ki, əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Bu nöqtəyi nəzərdən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının dövlət qulluqçusu kimi 2009-cu ildən işlədiyi qurumda xx.xx.2020-ci ildə “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi, xx.xx.2020-ci ildə cəmi 3 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı ərizəsində müddətlə bağlı iradə ifadə edib. İradə ifadəsinin isə motivi olmalıdır. İddiaçı 2009-cu ildən uzun müddət həmin təşkilatda müxtəlif vəzifələrdə çalışdığı halda, xx.xx.2020-ci ildə hansı motivlə əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verməsi müəyyən deyildir, ağlabatan motivi yoxdur. Ona görə də, işçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Əgər əmək müqaviləsi müddətli bağlanıbsa və bunun əsası kimi tərəflərin qarşılıqlı razılığına istinad olunubsa, mübahisə yarandığı halda mütləq bu razılığın tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə edilib-edilmədiyi araşdırılmalıdır. Çünki son dövrdə zərurət olmadan müddətli əmək müqaviləsi bağlanır, bununla da işəgötürənlər gələcəkdə yarana biləcək əmək mübahisələrindən özlərini sığortalayırlar. Belə ki, “arzuolunmaz” işçini əmək müqaviləsinin müddətinin bitməsinə görə işdən azad etmək işəgötürən üçün daha münasibdir, nəinki işçilərin sayının və ştatının ixtisara görə, yaxud əmək funksiyalarının yerinə yetirilməməsinə görə. İşəgötürən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad edərək hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin həmin maddədə “qarşılıqlı razılıq” ifadəsindən başqa, “tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə” ifadəsindən istifadə olunub. Yəni hər bir qarşılıqlı razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmuş qarşılıqlı razılıq əmək müqaviləsinin müddətli bağlanmasına əsas verir. Göründüyü kimi, tərəflərin hüquq bərabərliyi prinsipi də pozulmuşdur. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisənin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilmiş əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Göründüyü kimi, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümü xarakter daşıması və.s) çıxış edərək müddətli əmək müqaviləsinə keçirilməsi işdən görünmür. Əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olmasının müəyyən edilməsi üçün ayrıca tələbə zərurət yoxdur. Bu məsələyə hüquqi qiymət verilməsi iddia tələbinin mahiyyətindən irəli gəlir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 nömrəli fərmanının 5.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə Sosial Xidmətlər Agentliyinə keçmişdir. Deməli, sosial xidmət göstərilməsi ilə bağlı işlərlə əlaqədar Sosial Xidmətlər Agentliyi Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisidir. Məhkəmə tərəfindən hazırlıq iclasında cavabdeh qurumun nümayəndəsinə 2020-ci ilin avqust-sentyabr aylarında bağlanmış anoloji müqavilələr üzrə (əgər varsa) 3 aylıq deyil, fərqli müddətə bağlanmış əmək müqavilələrinin təqdim edilməsi təklif edilmişdir. Təklifin mahiyyəti odur ki, hazırki mübahisə üzrə faktiki halları digər işçilərin əmək müqavilələri üzr müddətlə qarşılaşdırmaqla həmin müqavilələr üzrə müəyyən edilmiş müddətin işçinin iradı ifadəsini əks etdirib-etdirməməsini müəyyən etmək olmuşdur. Yəni, əgər bağlanmış müqavilə həqiqətən də işçinin iradə ifadəsidirsə (müddətlə bağlı hissədə) ondan cavabdeh qurumda işləyən işçilərin iradə ifadəsi standart formada eynilik təşkil edə bilməz. İradə ifadəsi şəxslərə görə fərqləndiyindən müqavilə müddətlərində də əsaslı olaraq cüzi də olsa (4-5-6-8-9 ay və s.) fərq olmalıdır. Lakin, cavabdeh qurum tərəfindən fərqli müddətə bağlanmış digər müqavilə (lər) məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, məhkəmə prezumpsiya olaraq hesab edir ki, fərqli müddətə bağlanmış müqavilə cavabdeh qurumda mövcud deyildir. Deməli, hazırki mübahisə üzrə əmək münasibətləri üzrə 3 aylıq müddətin müəyyən edilməsi işçinin deyil, işəgötürənin iradə ifadəsidir. Bundan əlavə, araşdırma zaman müəyyən edilir ki, iddiaçı uzun illər cavabdeh qurumla (hüquqi varislik nəzərə alınmaqla) əmək münasibətlərində olmuş, barəsində heç zaman intizam tənbehi tətbiq edilməmiş işçinin hazırki şəraitdə işdən çıxarılması qanuni və əsaslı hesab edilə bilməz. Müddətli əmək müqaviləsinə xitam verilməsi işəgötürənin hüququ olsa da, hüquqdan sui-istifadə etmək qadağandır. Müqaviləyə xitam verilmənin əsası pərdələnməməli, işçinin əmək hüquqları işəgötürənin sərhədsiz mülahizə sərbəstliyi çərçivəsində pozulmamalıdır. Əmək qanunvericiliyində müəyyən edilmiş səlahiyyətlərdən yalnız qanunun qarşısına qoyduğu məqsədlərə çatmaq üçün istifadə etmək yolveriləndir. Dispozitivlik imkanı qanunun məqsədilə uyğun olmalı, subyektə sərhədsiz səlahiyyət verməməlidir (şəxsin hüququnun sərhəddi digər şəxsin hüququnun pozulduğu yerdə bitir). Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə dispozitiv imkandan istifadə etmiş işəgötürən hakimiyyət subyekti olmaqla həm də müqavilə üzrə faktiki olaraq üstün tərəfdir. İşçi ilə işəgötürən arasında faktiki olaraq 5 ildən artıq müddətə davam etməsi xüsusatı qəbul edilir. Lakin, hazırki mübahisə üzrə hüquqi baxımdan fasiləsizlik mövcud deyildir. Belə ki, fasiləsiz (günə-gün) 5 illik müddət xx.xx.2025-ci il tarixdə tamam olacaqdır. Sturuktur dəyişiklikləri ilə əlaqədar iddiaçının əmək münasibətlərinə xitam verilməsi formal xarakter daşısa belə, qanunun normasının hərfi mənasına şərtsiz əməl edilməli, normanın mənası hədsiz formada genişləndirilməməlidir. Qanunun normasının şərhi isə qarşıya qoyulan məqsədlərə uyğun aparılmalı, normanın mahiyyətinə zidd şəkildə gərəksiz genişləndirmə və ya məhdudlaşdırılmaya yol verilməməlidir. Əks halda, “hüquqi müəyyənlik” prinsipinin şərtləri pozulmuş olacaq. Qanunçuluq prinsipinin təmin edilməsi, eyni situasiyalarda fərqli qərarların qəbul edilməməsi üçün norma şərtsiz tətbiq edilməlidir. Əgər ədalət, humanizm prinsipindən çıxış edərək normanı geniş şərh etsək, şərh edən subyektlərin yanaşmaları nöqteyinəzərdən fərqli nəticələr, dolayı yolla eyni faktiki hallara məxsus olan mübahisələr üzrə fərqli qərarlar qəbul ediləcəkdir ki, bu da dövlət nöqteyi-nəzərdən ümumi vəziyyətdəki nəticə olaraq ədalətsizliyə səbəb olacaqdır. Normayaratma fəaliyyəti qanunverici hakimiyyətə məxsusdur. Məhkəmə hakimiyyəti isə yaradılmış normanı tətbiq etməli və gərək olarsa normanı müəyyən sərhədlər çərçivəsində şərh etməlidir. Bu qaydaya əməl edilməməsi “hakimiyyətin bölünməsi” prinsipinə ziddir. O da nəzərə alınmalıdır ki, işçi ilə işəgötürən arasında fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi xüsusatı əmək münasibətlərinin qanunun tələbi əsasında özözlüyündə müddətsiz xarakterə keçid etməsi barədə hüquqi nəticədir. Həmin nəticənin sanki məhkəmə qərarı əsasında təmin edilirmiş kimi qeyd edilməsinə hüquqi zərurət yoxdur. Yəni, məhkəmə qətnaməsində qeyd edilib-edilməməsindən asılı olmayaraq tərəflər arasında əmək münasibətləri 5 ildən artıq müddətə davam etdikdə müddətsiz əmək müqaviləsi hesab edilir və iddiaçı ilə əmək müqaviləsi müddətsiz formada bağlanmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi, mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən əmrin əsaslılığı sübuta yetirilməmiş, bu barədə əsaslı mülahizələr bildirilməmişdir. Münasibətin xarakteri nəzərə alınmaqla hazırki mülki iş üzrə sübutetmə yükü daha üstün tərəf olan və müvafiq əmri qəbul edən cavabdehin üzərindədir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli 3-17-3/3-4-1670/2024 nömrəli əmri ləğv edilməli, İddiaçı Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin Bakı filialının aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunan günə qədər məcburi iş buraxmaya görə daşıdığı vəzifə üçün müəyyən edilmiş orta aylıq əmək haqqı hesablanaraq ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, müddətsiz əmək müqaviləsi bağlanılmaqla işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-17- 3/3-4-1670/2024 nömrəli əmri ləğv edilsin. İddiaçı Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin Bakı filialının aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilsin. Cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi tərəfindən İddiaçı xx.xx.2024cü il tarixdən başlayaraq işə bərpa olunan günə qədər məcburi iş buraxmaya görə daşıdığı vəzifə üçün müəyyən edilmiş orta aylıq əmək haqqı hesablanaraq ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar