Məhkəmə qərarları › İş №e-2(004)-1244/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1244/2024

05.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1244/2024 05.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdehnə nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı X1 Cavabdehnə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdehnə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən qəbul olunan 04 noyabr 2023-cü il tarixli, 023/631 nömrəli və 19 dekabr 2023-cü il tarixli, 023/729 nömrəli əmrlərin ləğv edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqı ödənilməklə, onun əvvəlki vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 AZEMİS vasitəsilə vəsatətlə məhkəməyə müraciət edərək, hər iki mülki işin birləşdirilərək bir icraatda baxılması barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 vəsatətlə məhkəməyə müraciət edərək, bildirir ki, e-2(004)-462/2024 saylı mülki iş Yasamal rayon Məhkəməsinin hakimi Günel Əkbərlinin icraatındadır. Belə ki, hazırki iddia tələbi üzrə məhkəməyə müraciət etməzdən əvvəl 15 sentyabr 2023-cü il tarixli, 023/490 saylı əmrlə, X2 işdən azad edilmişdir. Həmin əmri məhkəmə qaydasında mübahisələndirərkən məlum olmuşdur ki, formal olaraq 04 noyabr 2023-cü il tarixində həmin əmr ləğv edilmiş, guya işə bərpa edilmiş və 19 dekabr 2023-cü il tarixində yenidən işdən çıxarılmışdır. Həmin iddia ərizələrinin və tələblərin məzmunundan göründüyü kimi həmin əmək mübahisəsi ilə hazırki əmək mübahisəsi biri-biri ilə sıx əlaqəlidir. Daha doğrusu bir-birinin ardıdır. Buna görə də hər iki mülki işin birləşdirilərək bir icraatda baxılması barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdehnə nümayəndəsi və vəkili Vəkil2 vəsatətə etiraz edərək, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işlərin bir icraatda birləşdirilməsinin məqsədi bir-biri ilə əlaqəsi olan müxtəlif mahiyyətli mülki mübahisələrin daha tez, obyektiv və hərtərəfli həllini təmin etməkdir. Mülki işlərin bir-biri ilə əlaqəsi, baxılan iş üzrə tərəflərin eyni olmasında, mübahisə predmetinin eyniliyində, mübahisə doğuran hüquq münasibətlərinin subyektlərinin və ya obyektin eyniliyində ifadə olunmalıdır. Hazırki və Yasamal rayon Məhkəməsinin icraatında olan e-2(004)- 462/2024 saylı mülki iş üzrə tərəflər və mübahisə predmeti eyni olmaqla, hər iki mülki iş bir-biri ilə əlaqədardır. Belə olan halda məhkəmə qeyd edir ki, hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqə mövcuddur. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin e-2(004)- 462/2024 saylı qərardadına əsasən iddiaçı X1 Cavabdehnə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki işin məhkəmə icraatı mümkün hesab edilmişdir. Ədalət mühakiməsinin düzgün həyata keçirilmə zərurətini, hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hər iki mülki işin bir icraatda baxılmasının məqsədəmüvafiqliyini, Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-5887/2023 (e-2(004)-462/2024) saylı mülki işin ilkin olaraq icraata qəbul edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, e-2(004)-1244/2024 saylı mülki iş 2(004)-462/2024 saylı mülki işlə birləşdirilməlidir. AR MPM-in 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Şərh olunanlara əsasən və AR MPM-in 43 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 Cavabdehnə qarşı “ əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair e-2(004)- 1244/2024 saylı mülki iş, Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 Cavabdehnə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair 2(004)-462/2024 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar