Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1265/2024 16.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xeyrinə 16.102,72 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007ci il tarixli 2090 nömrəli sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Proqramın 5-ci bölməsinə əsasən Dövlət Proqramının ölkənin sosial-iqtisadi inkişafında strateji əhəmiyyəti nəzərə alınaraq onun icrasında Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitindən, dövlət budcəsindən ayırmalarından və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlərdən istifadə oluna bilər. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2090 nömrəli sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 128 nömrəli Qərarı ilə “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalar xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim meyarlarını və prosedurlarını müəyyən etmişdir. Bu Qaydaların 5-ci bölməsi xarici ölkədə təhsil almaq üçün təqaüdçü ilə müqavilənin bağlanması və müqavilə şərtlərinin yerinə yetirilməsi barədə müddəalar nəzərdə tutulmuşdur. Belə ki, Qaydaların 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi təqaüdçü ilə təhsilin təşkili barədə müqavilədə mütləq aşağıdakıları daxil etməklə bağlamalıdır. a) müqavilənin predmeti; b) tərəflərin hüquq və vəzifələri; c) təhsil müddəti və şərtləri; ç) təhsili bitirdikdən sonra təqaüdçünün Azərbaycanda beş il ərzində işləmək üçün Azərbaycana qayıtması barədə şərt; d) müqavilənin şərtlərinin icra olunmasına təsir göstərən fors-major hallar. Qaydaların 5.4-cü bəndinə əsasən təqaüdçü Komissiya tərəfindən üzürsüz hesab edilən səbəblərə görə təhsil proqramından çıxarıldığı və ya müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyi hallarda, müqavilədə nəzərdə tutulan müddət ərzində onun təhsilinə sərf edilmiş bütün vəsaitləri qaytarmalıdır. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları təsdiq edilmişdir. Bu Qaydaların 1.3-cü bəndinə əsasən Təhsil Nazirliyinin əmri və Təhsil Nazirliyi ilə təhsil alan arasında bu Qaydalara əlavə olunan forma üzrə bağlanan müqavilə təhsil alanın təhsili ilə bağlı xərclərin ödənilməsi üçün əsasdır. Qaydaların 2.4-cü bəndində qeyd edilir ki, xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsaitlər Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Proqramını maliyyələşdirən qurum tərəfindən Təhsil Nazirliyinin müvafiq xəzinə hesabına köçürülür. Qaydaların 3.1-ci bəndində təhsil haqqı, viza xərcləri və qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması xərcləri, yaşayış (yataqxana və digər) xərcləri, gündəlik qida xərcləri, zəruri tədris ədəbiyyatı ilə təminat üzrə xərclər, tibbi sığorta xərcləri, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Qaydaların 6.1-ci bəndinə əsasən, təhsil alanların hər tədris ilinin sonunda təqdim etdikləri tədris hesabatı qənaətbəxş hesab olunmadığı təqdirdə, təhsil alanın akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, Təhsil Nazirliyi ilə iş üzrə Cavabdeh arasında xx.xx.2012-ci ildə müqavilə bağlanmış və onun adı təhsil nazirinin xx.xx.2012-ci il tarixli 1469 saylı əmri ilə Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtlərinə görə cavabdeh Türkiyə Mərmərə Universiteti ali təhsil müəssisəsində “tibb” ixtisasi üzrə 2012-2016-cı tədris illəri üzrə təhsilin təşkili ilə bağlı onun hesabına 16.102,72 manat vəsait ödəmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq, təhsil aldığı ölkəni dəyişməsi səbəbindən təhsilini başa vura bilməmiş və Nazirliyin xx.xx.2016-cı il tarixli 118 saylı əmri ilə Dövlət Proqramından xaric edilmişdir. Tərəflər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış müqavilənin 2.3.6-cı bəndinə əsasən tədris müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarının yerinə yetirilməsi təqaüdçünün əsas öhdəliyi kimi qəbul edilmişdir. Bağlanmış müqavilənin 5.2-ci bəndində qeyd edilir ki, təhsil alan üzürsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilmiş bütün xərcləri həmin Nazirliyə 2 aydan gec olmayaraq qaytarmalıdır. Müqavilənin 2.2.4-cü bəndinə uyğun olaraq, təhsil alan tərəfindən bu Müqavilənin şərtləri pozulduqda, çəkilən xərclərin qaytarılması məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək Nazirliyin hüququdur. Tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə cavabdehə dəfələrlə rəsmi qaydada müraciət edilərək onun təhsilinin təşkili ilə bağlı ödənilmiş 16.102,72 manat pul vəsaitinin geri qaytarılması tələb edilmişdir. Lakin cavabdeh tərəfindən məktubun alınmasına baxmayaraq, o ödənişdən yayınmışdır. Müqavilədə tərəf olan Təhsil Nazirliyi müqavilə şərtlərinə uyğun olaraq, cavabdeh tərəfindən pulun qaytarılacağına ümid etməsinə baxmayaraq, lakin heç bir vəsait qaytarılmamışdır. Nazirlik hesab etmişdir ki, cavabdeh müqaviləyə uyğun olaraq, onun təhsilinin təşkili ilə bağlı ödənilmiş vəsait geri qaytaracaqdır. Lakin, vəsait qaytarılmadığından ona rəsmi şəkildə müraciət edilərək pulun qaytarılması tələb edilmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, üzürlü səbəbdən gəlmədiyi bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını tələb etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələbinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi, iddia ərizəsinə yazılı etirazını müdafiə edərək izahatında bildirdi ki, iddiaçı özü iddia ərizəsində qeyd edir ki, Nazirliyin xx.xx.2016-cı il tarixli 118 saylı əmri ilə cavabdeh Dövlət Proqramından xaric edilmişdir. Belə olan halda, iddiaçının 2016-cı ildə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Lakin iddiaçı 8 il müddət keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Odur ki, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, cavabdehin iddia müddətinin tətbiqinə dair xx.xx.2023-cü il tarixli ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia müddəti keçdiyinə görə iddia rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Cavabdeh Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2090 saylı sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın reallaşması məqsədi ilə Türkiyə Respublikası Marmara Universiteti “Daxili Xəstəliklər” İxtisası üzrə təhsil alması üçün 2012-2016-cı illəri əhatə edən tədris təşkil etməyi öhdəsinə götürmüşdür. X1 təhsil alanların siyahıdan xaric edilməsi barədə Təhsil Nazirliyinin əmrindən görünür ki, Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın müvafiq məktubuna uyğun olaraq Təhsil Nazirliyinin xx.xx.2012-ci il tarixli 1469 saylı əmrinə əsasən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Türkiyənin Marmara və Ankara universitetlərində “Tibb” ixtisas istiqaməti üzrə rezidentura keçmək hüququ qazanmış Cavabdeh və X2 təhsil aldıqları ali təhsil müəssisələrini özbaşına dəyişdiklərini və bununla da Təhsil Nazirliyi ilə imzaladıqları müqavilə öhdəliklərini yerinə yetirmədikləri nəzərə alınaraq, “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.47-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq Türkiyənin Marmara və Ankara Universitetlərində “Tibb” ixtisas istiqaməti üzrə rezidentura keçmək hüququ qazanmış Cavabdeh və X2 müqavilə öhdəliklərini yerinə yetirmədikləri nəzərə alınaraq, onların adları X1 xaricdə təhsil alanların siyahısından çıxarılması əmr edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2012-ci il tarixli 1469 saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2090 nömrəli sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Prezident Administrasiyasının xx.xx.2012-ci il tarixli 16/1381 nömrəli məktuba uyğun olaraq Əliyeva X3 Respublikası Marmara Universiteti daxili xəstəliklər rezidentura bölməsində siyahıya daxil edilmişdir. xx.xx.2012-ci il tarixli 81 nömrəli ödəniş tapşırığına əsasən Təhsil Nazirliyi tərəfindən Cavabdeh hesabına 2.824,92 manat pul köçürülmüşdür. xx.xx.2012-ci il tarixli 89 nömrəli ödəniş tapşırığına əsasən Təhsil Nazirliyi tərəfindən Cavabdeh hesabına 4.283,46 manat pul köçürülmüşdür. xx.xx.2013-ci il tarixli 34 nömrəli ödəniş tapşırığına əsasən Təhsil Nazirliyi tərəfindən Cavabdeh hesabına 111,30 manat pul köçürülmüşdür. Məhkəmə qeyd edir ki, xx.xx.2012-ci tarixli təhsil müqaviləsinin müddəti xx.xx.2016-ci il tarixdə bitmişdir və həmin müqavilə üzrə iddiaçının üç illik iddia müddəti ərzində, yəni xx.xx.2019cu il tarixədək cavabdehə qarşı iddia qaldırmaq hüququ olmuşdur. İddiaçı üç illik iddia müddətini buraxaraq dörd il beş aydan sonra xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə uyğun olaraq iddia müddətinin tətbiqinə dair xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə vermişdir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırkı iddia tələbi üzrə tərəflər arasında müqavilə münasibətləri mövcud olmuşdur. Mübahisə tərəfinin iddia müddətinin tətbiq edilməsi barədə verdiyi ərizə, iddia müddətinin tətbiq edilməsi və iddia müddətinin keçməsinə görə iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “ödənilmiş 16.102,72 manat təhsil xərclərinin geri qaytarılması” tələbinə dair iddiası (iddia müddəti keçdiyinə görə) rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-1265/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1265/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver