Məhkəmə qərarları › İş №e-2(004)-1276/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1276/2025

24.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1276/2025 24.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehna qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi və digər tələblərə dair iş üzrə (açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi, 70-ci maddənin “ç” bəndi, tam iş günü üzrsüz səbəbdən işə gəlməmə) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehna qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi və digər tələblərə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2037 nömrəli əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh qurumda korroziyadan mühafizə şöbəsinin layihənin baş mühəndisi vəzifəsinə işə qəbul edilmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək sağlamlıq və ailə vəziyyəti ilə əlaqədar məzuniyyətin verilməsini xahiş etmiş, cavabdehin xx.xx.2024-cü il tarixli, 14-216/3-1M-212/2024 nömrəli əmrinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixdən 183 təqvim günü müddətinə ödənişsiz məzuniyyət verilmişdir. Məzuniyyətin qurtardığı tarix xx.xx.2024-cü il və işçinin işə başlamalı olduğu tarix isə xx.xx.2024-cü il müəyyən edilmişdir.

3. Cavabdehin xx.xx.2024-cü il tarixli, 14-2-16/3-1M-1744/2024 nömrəli əmrinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixdən 21 təqvim günü müddətinə ödənişsiz məzuniyyət verilmişdir. Məzuniyyətin qurtardığı tarix xx.xx.2024-cü il və işçinin işə başlamalı olduğu tarix isə xx.xx.2024-cü il müəyyən edilmişdir.

4. İddiaçı xx.xx.20224-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ailə və sosial məsələsini həll etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdən etibarən 1 həftə (7 gün) müddətinə ödənişsiz məzuniyyət verilməsini xahiş etmişdir.

5. Cavabdeh Korroziyadan mühafizə şöbəsinin rəisi Famil Vəliyevin xx.xx.1024-cü il tarixli, 14-2-16/3-5-1229/2024 nömrəli xidməti məruzəsindən görünür ki, Korroziyadan mühafizə şöbəsinin layihənin baş mühəndisi İddiaçı xx.xx.2024-cü il tarixdə heç bir üzrlü səbəb göstərmədən işə çıxmadığı təsbit edilərək məlumat verilmişdir.

6. Cavabdeh direktor vəzifəsini müvəqqəti icra edən Mübariz Quliyev tərəfindən Həmkarlar İttifaqı Komitəsinin sədrinə göndərilən məktubdan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilməsi xahiş edilmişdir.

7. İddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişlə o, xx.xx.2024-cü il tarixdə, saat 14:00-da institutun Həmkarlar İttifaqı Komitəsinin yığıncağına dəvət edilmişdir.

8. İddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişlə o, xx.xx.2024-cü il tarixdə, saat 14:00-da institutun Həmkarlar İttifaqı Komitəsinin yığıncağına dəvət edilmişdir.

9. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Həmkarlar İttifaqı Komitəsinin iclasına dəvət olunması barədə bildirişi təqdim etmək üçün İddiaçı yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanına getmişlər. Qapını döydükdə mənzildən səslər eşidilmiş, qapının gözlüyündən baxılmış, lakin qapı açılmamış, bildirişi təqdim etmək mümkün olmamışdır. Aktı HİK sədri E.Axundova, HİK rəyasət heyətinin üzvü İ.İbrahimova, Hüquq şöbəsinin rəisi Nümayəndə, İqtisadiyyat və uçot departamentinin rəis müavini R.Qədirov və İnsan resursları şöbəsinin kadrlar üzrə aparıcı mütəxəssisi L.Cəlilova öz imzaları ilə təsdiq etmişlər.

10. Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin yığıncağının xx.xx.2024-cü il tarixli, 17 nömrəli protokoluna əsasən Korroziyadan mühafizə şöbəsinin ştat üzrə 16-cı dərəcəli layihənin baş mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə HİK-nin münasibət bildirməsi gündəliyə qoyulmuşdur. Çıxış edən F.Vəliyev İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxmadığını, səbəbinini öyrənmək üçün sonuncu ilə telefon əlaqəsi yaratmağa cəhd etsələr də zənglərə cavab vermədiyini bildirmişdir. İclasda İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır.

11. Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli, 04 nömrəli qərarına əsasən Korroziyadan mühafizə şöbəsinin ştat üzrə 16-cı dərəcəli layihənin baş mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir.

12. Cavabdeh xx.xx.2023-cü il tarixli, 14-2-16/3-1K-394/2024 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsinə görə İddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli 2037 nömrəli əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdə ləğv olunması əmr edilmiş, əsas olaraq İddiaçı barəsində xidməti məruzə, X1 razılığı göstərilmişdir.

13. “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsinin M.Hüseynov adına 3 nömrəli Şəhər poliklinikası tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş SN0008 seriyalı, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı asteno-nevrotik sindrom diaqnozu qoyulmuş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işdən azad edilməsi göstərilmişdir.

14. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəsxinin “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsinin 3 nömrəli şəhər poliklinikası tərəfindən sorğuya cavab olaraq göndərilmiş xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı xarici ölkədə aldığı müalicə ilə bağlı əvəzedici əmək qabiliyyətinin olmaması vərəqi ilə təmin olunması məqsədilə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Təqdim olunan sənədlərə 3 nömrəli şəhər poliklinikasının həkim məsləhət komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, İddiaçı əmək məzuniyyəti dövründə səfərdə olduğu zaman səhhətində yaranan problemlərlə əlaqədar xx.xx.2024-cü il tarixdə Malayziya Respublikasının Penavar şəhərinin Penavar poliklinikasına müraciət etmiş, ona şəkərli diabet və dislipidemiya panik atak diaqnozları ilə xx.xx.2024-xx.xx.2024cü il tarixinədək tibbi məzuniyyət rejimi təyin olunmuşdur. “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan tibb müəssisələrinin həkim məsləhət komissiyalarının Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 18-1/3-1-308/2024 nömrəli əmrinin 3.1.3 bəndinə əsasən İddiaçı həmin dövrləri əhatə edən günlər üçün ******* nömrəli əvəzedici ƏQOV ilə təmin olunmuşdur.

15. İddiaçı barəsində “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş sərhədkeçmə məlumatlarından görünür ki, o xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasını tərk etmiş, xx.xx.2024-cü il tarixdə Respublikaya qayıtmışdır.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

16. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 14- 216/3-1K-394/2024 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəyə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 21 günlük xəstəlik ilə əlaqədar sosial sığorta ödənişinin, xx.xx.2024-cü il tarixdən işə bərpa ediləcəyi tarixədək ştat cədvəli üzrə ödənilməli əmək haqqının, noyabr-dekabr 2024-cü il tarixlərində ödənilən 2023-cü il işçilərin performans əsaslı illik mükafatlandırması olaraq 2 misli əmək haqqı (3348,60 x 2), mediasiya xidməti üçün 60 manat, mənəvi zərərin əvəzi olaraq 33486 manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddianın əsaslarına görə, iddiaçı tərəfindən əmək müqaviləsinə əsasən iş vaxtı hər hansı qayda pozuntusuna yol verilməmiş, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi hallar baş verməmişdir. Digər tərəfdən mübahisələndirilən əmr verilərkən qanunvericiliyin tələblərinə əməl edilməyərək işçinin izahatı alınmamış, X1 qabaqcadan razılığı alınmasına baxmayaraq, qanunvericiliyinin prossesual normaların tələbləri kobud şəkildə pozulmuşdur. O, 2024-cü ilin sentyabr ayında illik ödənişli əmək məzuniyyətini xx.xx.2024-cü il tarixdən – xx.xx.2024-cü il tarixədək götürərək Malayziya Respublikasına getmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək qabiliyyətinin olmaması vərəqəsini ona xx.xx.2025-ci ildə 3 nömrəli Şəhər poliklinikasında əvəzedici sənəd kimi vermişlər. Malayziyadan xəstəlik ilə əlaqəli sənədini işə qayıdacağı zaman təqdim edəcəkdi. Ona şifahi verilən məlumat ondan ibarət idi ki, o “COP 29” ilə əlaqəli evdən işləyəcəkdi, lakin sonradan öyrənmişdir ki, onun əmək müqaviləsi ləğv edilmişdir.

a) iddiaya qarşı etiraz

18. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

19. Etirazın əsaslarına görə, iddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixindən 7 gün müddətinə ödənişsiz məzuniyyət istəmişdir. Rəhbərlik tərəfindən 7 gün müddətinə ödənişsiz məzuniyyət verilməsindən imtina edilmişdir. Korroziyadan mühafizə şöbəsinin rəisi Famil Vəliyev xx.xx.2024-cü il tarixində xidməti yazı yazaraq institut rəhbərliyinə müraciət edərək bildirmişdir ki, şöbənin əməkdaşı İddiaçı xx.xx.2024-cü il tarixindən işə çıxmır, işə çıxmama səbəbi haqqında məlumat vermir. İnstitut tərəfindən də İddiaçı ilə əlaqə saxlanılması mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli məktub ilə institutun HİK-nə müraciət olunaraq əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. HİK tərəfindən xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixində iclasda iştirak etmək üçün iddiaçının yaşadığı ünvana iki dəfə bildiriş göndərilsə də, evdə adam olmağına baxmayaraq qapını açmamışlar. xx.xx.2024-cü il tarixdə HİK üzvlərindən ibarət komissiya yaşadığı mənzilə getmiş, evdən səslər gəlsə də qapını açmamışlar. Hər ehtimala məktubun bir surəti binanın komendantına verilmişdir, komendantın deməyinə görə evdə yaşayış vardır. Bundan sonra HİK qərar qəbul edərək əmək müqaviləsinə xitam verilməsinə razılıq bildirmiş və instituta daxil olmuş məktuba əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi vəsatətdən görünür ki, xx.xx.2024-cü il tarixindən 11 noyabr 2024-cü il tarixinədək xəstə olduğunu sübut edən əvəzedici sənədi işə əlavə etmişdir. Həmçinin həmin vəsatətdə qeyd edir ki, ona bildirilmişdir ki, xx.xx.2024cü il tarixindən “COP 29” ilə əlaqəli evdən işləyəcəkdir və buna razılığını bildirmişdir. Eyni zamanda ərizə ilə instituta müraciət edərək xx.xx.2024-cü il tarixindən ödənişsiz məzuniyyət istəmişdir. Əgər iddiaçı həqiqətən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək Malayziyada xəstə idisə, nəyə görə xx.xx.2024-cü il tarixindən “COP 29” ilə əlaqəli evdən işləyəcəyinə razılıq vermişdir və xx.xx.2024-cü il tarixdən ödənişsiz məzuniyyət istəmişdir. Həmin ödənişsiz məzuniyyət haqqında şöbə rəisinin müavini Elşən Sultanov ilə 23, 24, 25 oktyabr 2024-cü il tarixlərində “Whatsapp” yazışma platforması vasitəsi ilə yazışmalar apararaq ərizənin hansı mərhələdə olmasını maraqlanmışdır. Normalda xəstəlikdə olan adam işləməyəcəyini bildirməli idi və xəstəlikdə olan adama ödənişsiz məzuniyyət haqqında ərizənin hansı mərhələdə olması lazım deyildi. xx.xx.2024-cü il tarixdə rəhbərliyə “e-mail” vasitəsi ilə müraciət edir, hər şeydən yazır, amma xəstə olması ilə əlaqədar bir kəlmə də yazmır. Daha sonra Mediasiya prosesində (xx.xx.2024-cü il) belə iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Malayziyada xəstə olması ilə əlaqədar heç bir məlumat verməmişdir. Ən azından əlində belə bir sənədi olan adam məhkəməyə qədər müəssisəyə və ya Əmək Müfəttişliyinə müraciət etməli idi. İddiaçı tərəfindən xəstə olması ilə əlaqədar olan sənəd ancaq xx.xx.2024-cü il tarixdə tərcümə mərkəzində sənədi tərcümə etdirərkən ortaya çıxarılmışdır. Demək ki, bu sənəd ona ancaq bu ərəfədə çatmışdır, digər halda, Malayziyada xəstə olan adam ordan qayıtdıqda (xx.xx.2024-cü il) sənəd özündə olmalı idi, olsa idi Mediasiya prosesində (xx.xx.2024-cü il) təqdim edərdi. xx.xx.2024-cü il tarixində tərcümə mərkəzində tərcümə edilmiş sənəd ilə xx.xx.2025-ci il tarixində M.Hüseynov adına 3 saylı Şəhər poliklinikasına müraciət edərək xx.xx.2025-ci il tarixində əvəz edici sənəd almışdır. Məhkəmənin poliklinikaya xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli tərcümə mərkəzinin sənədini və xx.xx.2025-ci il tarixli notariat təsdiqli sənədi əlavə etməklə göndərmişlər. xx.xx.2025-ci il tarixdə əvəzedici sənədin verilməsinə xx.xx.2025-ci il tarixli notariat təsdiqli sənəd necə əsas olmuşdur, bu da bir müəmmadır. Deməli, poliklinika tərəfindən normativin tələbləri pozularaq tərcümə mərkəzinin sənədi əsasında əvəzedici sənəd verilimişdir, daha sonradan məhkəmə sorğusuna cavab vermək üçün xx.xx.2025-ci il tarixli notariat təsdiqli sənəd əlavə olunmuşdur. Bunun özü də iddiaçının qeyd olunan tarixlərdə “xəstə” olmasını şübhə altına alır. İddiaçı xx.xx.2024-cü il tarixdə instituta “e-mail” ilə müraciət edir və işdən çıxarılmağı haqqında məlumatlı olmağını bildirir. Bunu bildiyi halda Azərbaycana “xəstəliyi” bitdikdən sonra deyil, xx.xx.2024-cü il tarixdə qayıdır. Əgər xəstəliyi davam edirdisə sənədi hardadır? Qeyd etdiyi kimi, iddiaçının işə gəlməməsi və bununla əlaqədar özü və ailəsi tərəfindən heç bir məlumat verilməməsi, göndərilən məktubların qəbul edilməməsi, zənglərə cavab verilməməsi düşünülmüş şəkildə edilmişdir. İnstitut olaraq 17 gün gözlədikdən sonra və bütün prosedurlara əməl olunduqdan sonra əmək müqaviləsinə xitam verilmişdir.

a) məhkəmə icraat iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verib, göstərdi ki, cavabdeh qurum tərəfindən əmək müqaviləsinə xitam verilərkən ona heç bir məlumat verilməmişdir. Əmək müqaviləsinə xitam verilən zaman keçirilən heç bir iclasa dəvət edilməmişdir. Ümumiyyətlə hər hansı bir iclasın və ya toplantının olmadığı qənaətindədir. İşlə bağlı keçirilən hazırlıq iclaslarında zəruri sübutları təqdim etmişdir. Məhkəmədən qərar qəbul edərkən ailəsini dolandıran yeganə şəxs olmağını və xəstə olduğunu nəzərə almağını xahiş edir. Malayziyaya xəstəlikdən müalicə məqsədi ilə getmişdir. Xəstəliklə bağlı sənədləri Malayziyanın Penavar şəhər polikilinikasıından almışdır.

21. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verdi.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi; Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir; Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; Maddə 186.1 İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər; Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək; Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; Maddə 300.

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

25. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2017-cu il tarixli əmək müqaviləsi əsasında cavabdeh qurumun Korroziyadan mühafizə şöbəsinə layihənin baş mühəndisi vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sağlamlıq vəziyyəti ilə əlaqəli məzuniyyətdə, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənişli illik məzuniyyətdə olmuşdur. xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixindən 7 gün müddətinə ödənişsiz məzuniyyət verilməsini xahiş etmişdir. İddiaçının işlədiyi şöbənin rəisi xx.xx.2024-cü il tarixdə xidməti məruzə hazırlayaraq iddiaçının məlumat vermədən işə çıxmadığını bildirmişdir.

26. Cavabdehin xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmişdir.

27. Bu ərəfədə, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçı Azərbaycan Respublikasında olmamışdır.

28. İddiaçı ödənişli məzuniyyətinin bitdiyi xx.xx.2024-cü il tarixdən sonra işə başlamalı olduğu xx.xx.2024-cü il tarixdən etibarən xx.xx.2024-cü il tarixədək Malayziya Respublikasında xəstə olduğunu, bu barədə xəstəlik vərəqəsinin olduğunu bildirir.

29. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinin 2 şərti nəzərdə tutulmuşdur: - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, - Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

30. Mübahisələndirilən əmrdən görünür ki, iddiaçının barəsində belə bir əmr verilməsinə əsas üzrlü səbəb olmadan tam işə günü işə gəlməməsi, bu barədə hər hansı məlumat verməməsidir.

31. Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sırasında digərləri ilə yanaşı aşağıdakı hallar nəzərdə tutulmuşdur: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;

32. Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin əsası kimi işçinin heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmə göstərilmişdir. İddiaçı isə üzrlü səbəbinin olduğunu – həmin tarixdə xarici ölkədə xəstəliyi ilə əlaqədar müalicə almasını bildirir.

33. Odur ki, mübahisələndirilən əmrin qanuniliyi və əsaslılığı baxımından, iddiaçının istinad etdiyi halın mövcudluğu, bunun üzrlü səbəb kimi qiymətləndirilə bilibbilməyəcəyi araşdırılmalıdır.

34. İddiaçı tərəfindən Malayziya Respublikasının Penavar klinikasından əldə edilmiş xəstəlik sənədləri təqdim edilmiş, bunun əsasında 3 nömrəli Şəhər poliklinikası tərəfindən xx.xx.2025-ci il tarixdə əvəzedici əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Hansı ki, bu vərəqədə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçının işdən azad edilməli olması göstərilmişdir.

35. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş bu sübutları mötəbər sübut kimi qəbul etmir, bu hal işin digər halları ilə təkzib olunur.

36. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X3 heyətinin xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamənin 3.1.4-cü bəndinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada vətəndaşların xarici ölkədə ezamiyyətdə və məzuniyyətdə olduğu dövrdə xarici ölkələrdə təcili təxirəsalınmaz müalicə barədə əsaslı sənəd təqdim etdikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı sənədləri şübhə doğurmadığı halda xəstəlik vərəqələri ilə əvəz etmək Həkim Məsləhət Komissiyasının vəzifəsidir.

37. Göründüyü kimi, bu barədə normativ tənzimləmə ondan ibarətdir ki, vətəndaş xarici ölkədə ezamiyyətdə və məzuniyyətdə olduğu dövrdə təcili təxirəsalınmaz müalicə barədə əsaslı sənəd təqdim etdikdə və bu sənədlər şübhə doğurmadıqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı əvəzedici sənəd verilə bilər.

38. Hazırkı iş üzrə iddiaçının xəstəlik vərəqəsi təqdim etdiyi dövr nə ezamiyyətdə, nə də məzuniyyətdə olduğu dövrə təsadüf edir. İddiaçının ödənişli məzuniyyəti xx.xx.2024-cü il tarixdə sona çatmış, yeni ödənişsiz məzuniyyət verilməsi barədə ərizəsinə rəsmi cavab verilməmişdir. İddiaçı isə artıq işə başlamalı olduğu gündən etibarən xarici ölkədə olmuş, həmin dövrə aid xəstəlik sənədləri təqdim etmişdir.

39. Digər tərəfdən, işçinin həqiqətən sağlamlıq vəziyyəti ilə əlaqədar xarici ölkədə qalması özü də şübhəlidir.

40. Belə ki, iddiaçının rəsmi ödənişli məzuniyyəti xx.xx.2024-cü il – xx.xx.2024-cü il tarixləri aralığını ehtiva edirdi, yeni ödənişsiz məzuniyyətin verilməsi barədə ərizəsinin təmin olunub-olunmayacağı da məlum deyildi və bu halda həyatın normal axarında ən azından məzuniyyətin sonuncu günü işə başlamaq üçün Azərbaycan Respublikasında hazır olmalı, buna maneə olacaq hər hansı xəstəliyi var idisə əvvəlcədən bu barədə məlumat verməli idi.

41. İddiaçı isə nəinki əvvəlcədən, hətta məzuniyyət dövründən sonrakı, təqdim etdiyi sənədlərdə xəstəlik dövrünə təsadüf edən vaxtlarda da xəstəliyi barədə hər hansı məlumat verməmişdir. Məzuniyyətin son günü - xx.xx.2024-cü il tarixdə o, işəgötürəndən ona ödənişsiz məzuniyyət verilməsini xahiş etmiş, sağlamlıq vəziyyəti ilə bağlı hər hansı məsələni gündəmə gətirməmişdir.

42. İddiaçı tərəfindən təqdim edilmiş “Whatsapp” yazışma platformasından çıxarışlardan görünür ki, o “Elşad Soltanov” adlı əməkdaşdan xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə mesajlar yazaraq ərizəsinin taleyi ilə maraqlanmışdır. Halbu ki, sonradan təqdim etdiyi sənədlərə görə onun əmək qabiliyyətini itirdiyi dövr artıq xx.xx.2024-cü il tarixdə başlamışdı.

43. Bütün bunlardan əlavə, işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin ləğv edilməsindən xəbərdar idi, təqdim etdiyi sənədlərə əsasən əmək qabiliyyətini itirməsi dövrü isə xx.xx.2024-cü il tarixdə başa çatmışdı. İddiaçı isə bundan sonra yenə də ölkəyə qayıtmamış, xx.xx.2024cü il tarixdə ölkədən çıxdıqdan sonar ilk dəfə xx.xx.2024-cü ildə geri qayıtmışdır.

44. Odur ki, iddiaçının əmək qabiliyyətini itirdiyi dövr ərzində təqdim etdiyi sənədlər mötəbər qəbul olunsa belə, sonradan nəyə görə dərhal ölkəyə qayıtmadığı məlum deyil. Əgər iddiaçının Malayziyada olması həqiqətən sağlamlıq vəziyyəti ilə əlaqəli idisə təqdim edilən sənədlər yalnız ödənişli məzuniyyətinin bitdiyi gündən sonra başlayan qısa bir dövrü əhatə etməz, əvvəlki və sonrakı vaxtlara dair də sənədlər təqdim edilərdi.

45. Göründüyü kimi, mübahisələndirilən əmrin əsası – üzrlü səbəb olmadan işçinin işə çıxmaması işin faktiki halları və məhkəmə qənaəti ilə öz təsdiqini tapır.

46. İşə götürən tərəfindən prosedur qaydalara da əməl edilmiş, Həmkarlar İttifaqı Komitəsinin razılığı alınmış, Komitə iclasında iddiaçının iştirakını təmin etmək üçün səylər göstərilmişdir.

47. İddiaçının “COP 29” ərəfəsində hazırlanmış siyahıda öz adının qarşısında “ödənişsiz məzuniyyət” yazılması barədə dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, işçiyə həmin tarixlər ərzində ödənişsiz məzuniyyət verilməsi iş materialları ilə öz təsdiqini tapmır.

48. İddiaçının əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir, həmin vaxta qədər isə iddiaçı faktiki işdə olmasa da hüquqi müstəvidə müəssisənin əməkdaşı idi və işçilərin əmək funksiyalarının tənzimləməsi ilə bağlı daxili məsələlərdə onun da hesaba alınmaqla adının siyahıya daxil edilməsi normal olmuşdur. Lakin, nəzərə alınsa ki, həmin ərəfədə işçi artıq faktiki olaraq 7 aya yaxın müddət idi ki, iş yerində deyildi, belə olanda onun adının qarşısında hər hansı iş bölgüsü əvəzinə başqa məlumatın yazılması başa düşüləndir və yalnız texniki məsələ olaraq nəzərdən keçirilə bilər.

49. Eyni zamanda iddiaçının şəkərli diabet xəstəsi olması və buna görə də Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən onunla əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması barədə dəlili də əsaslı deyil, ona görə ki, istinad olunan norma işçinin əmək müqaviləsinin yalnız şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə ləğv edilməsini qadağan edir. Hazırkı halda isə iddiaçının əmək müqaviləsi bu əsasla ləğv edilməmişdir.

50. Odur ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğvi barədə iddia tələbi öz təsdiqini tapmır, bu halda hüquqi müqəddəratı birbaşa olaraq bu tələbdən asılı olan digər tələblər də təmin edilə bilməz.

51. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad edilən hallar sübut edilmədiyindən iddia rədd edilməlidir.

52. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehna qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi və digər tələblərə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar