Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1290/2025 04.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh firmasına qarşı əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların etibarsız hesab edilməsi və dəyişikliyin aparılması tələbinə dair iş üzrə (açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların etibarsız hesab edilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh firmasına qarşı əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların etibarsız hesab edilməsi və dəyişikliyin aparılması tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizədən görünür ki, xx.xx.2015-ci il tarixdən sürücü vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı sürücü vəzifəsinə işə qəbul edilmişdir.
3. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizədən görünür ki, xx.xx.2015-ci il tarixdən sürücü vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı sürücü vəzifəsinə işə qəbul edilmişdir.
5. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, xx.xx.2016-cı il tarixdən sürücü vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı sürücü vəzifəsinə işə qəbul edilmişdir.
7. Müsəssisənin əmrləşmə kitabından çıxarışlardan görünür ki, iddiaçının əmək müqaviləsi xx.xx.2015-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci hissəsinin “ç” bəndinə əsasən ləğv edilməsi barədə əmr kitaba işlənmişdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən iddiaçıya göndərilmiş məktubdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən iddiaçı ilə Cavabdeh Firmasının işəgötürəni arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2015-ci il tarixində, xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə və xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi məlum olmuşdur.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/595 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 67-ci vərəqəsində xx.xx.2015-ci il tarixli ərizənin yuxarı hissəsində İddiaçı Balarza.. ***-***-**-**, 7-14-04” yazıları, “İmza” qrafasındakı imza və həmin imza qarşısındakı yazılar; 68-69-cu vərəqələrində olan xx.xx.2015-ci il tarixli 435 nömrəli əmək müqaviləsinin sonuncu səhifəsində “İmzası” qrafasındakı imza; 71 -ci vərəqində tərcümeyi-haldakı yazılar və imza; 74-cü vərəqində xx.xx.2015-ci il tarixli ərizədə “İmza:” qrafasındakı imza və yazılar; 75-76-cı vərəqələrində olan xx.xx.2015-ci il tarixli 613 nömrəli əmək müqaviləsinin sonuncu səhifəsində “İmzası” qrafasındakı imza; 78-ci vərəqində tərcümeyi-haldakı yazılar və imza və 87-ci vərəqində olan xx.xx.2016- cı il tarixli “Avtobioqrafiya” adlı sənəddəki yazılar və imza – İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 80-ci vərəqəsində olan xx.xx.2016-cı il tarixli ərizədə “İmza” qrafasındakı imzanın və 81-82-ci vərəqələrində olan 653 nömrəli xx.xx.2016-cı il tarixli əmək müqaviləsində “işçi” qrafalarındakı imzaların - İddiaçı tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firmasının Əmək və Məşğulluq Alt sisteminə barəsində üç dəfə daxil edilmiş Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasına dair məlumatların etibarsız hesab edilərək portalda müvafiq düzəlişlərin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddianın əsaslarına görə, iddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 6, m2 olan Cavabdeh Firmasında məşğulluq təsnifatına müvafiq olaraq sürücü vəzifəsində çalışmışdır. 2024-cü ilin aprel ayında başqa bir müəssisəyə işə düzəlmək üçün müraciət etdiyi zaman yekun mərhələdə sənədlərini təqdim edərkən əvvəlki iş yerində əmək münasibətlərinə qanunvericilik normalarının tələblərinə zidd olaraq Azəraycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyi məlum olmuşdur. Belə ki, adıçəkilən müəssisə ilk dəfə xx.xx.2015-ci il tarixdə rəsmi olaraq ƏMAS portalı üzərindən əmək münasibətləri rəsmiləşdirmiş, qanunsuz olaraq xx.xx.2015-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam vermişdir. Bundan sonra cavabdeh xx.xx.2015-ci il tarixdə yenidən işə götürmüş və eyni maddə ilə xx.xx.2016-cı il tarixdə işdən çıxarmışdır. Sonuncu dəfə xx.xx.2016-cı il tarixdə işə götürmüş və xx.xx.2016-cı il tarixdə yenə də həmin maddə ilə işdən çıxarmışdır. Məsələ ilə bağlı ilk növbədə bildirmək istəyir ki, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək münasibətlərinə xitam verilməsinə baxmayaraq eyni müəssisənin həmin işçini bir neçə dəfə işə götürməsinin özü ziddiyyətli məqam yaradır və həmin maddəyə istinad edərək işdən çıxarılmanı əsassız edir. xx.xx.2016-cı il tarixdə ehtiyatsızlıqdan yol hərəkəti qaydaları əleyhinə törətmiş olduğu əmələ görə cinayət işi üzrə icraatın aparılması ilə əlaqədar olaraq məsuliyyətə cəlb edilmiş, xx.xx.2021-ci il tarixinə kimi müvafiq sanksiya ilə tətbiq edilən cinayət-hüquqi tədbir mövcud olmuşdur. Belə olan halda, məsuliyyətə cəlb edildiyi gün tarixində, yəni xx.xx.2016-cı il tarixdə cavabdehin onu işə götürməsi qanunvericiliyin tələblərinin bariz şəkildə pozulmasının göstəricisidir. Çünki əmək münasibətləri işçi və işəgötürənin sərbəst mülahizəsi və iradəsi əsasında tənzimlənən, eləcə də qanunvericiliyin normaları gözlənilməklə rəsmiləşdirilən ictimai münasibətlərdir. 2024-cü ilin aprel ayında işə düzələn zaman portal üzərində əmək münaisbətlərini kobud şəkildə pozduğuna dair əsassız maddə ilə işdən azad edildiyini bildiyi andan etibarən müəssisə rəhbəri X2 ilə əlaqə saxlamış, lakin o məsələyə etinasız yanaşaraq əhəmiyyətsiz bir məsələ kimi baxmışdır. Halbuki qanunsuz əmrləri və səlahiyyətləri çərçivəsində sistem üzərində aparılmış olan əməliyyatların bir insanın hüquqlarına hansı zərəri yetirdiyini və sonrakı həyatını necə bir təsir və çətinlik altında qoyduğunu dərk etməmişdir. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə xx.xx.2024-cü il tarixdə hüquqlarının pozulduğunu bildiyi andan etibarən dərhal şikayət etmiş, lakin müraciəti üzrə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamaların xx.xx.2025-ci il tarixinədək dayandırılması səbəbindən yerində araşdırılma aparılması mümkün olmamışdır. Bundan sonra cavabdehi mediasiya vasitəsilə danışıqlara dəvət etmiş, lakin heç bir nəticə əldə edə bilməmişdir. Bundan əlavə, 30 sentyabr tarixində məsələ ilə bağlı Bakı şəhəri Yasamal Rayon Prokurorluğuna şikayət etmiş, sonuncu dəfə bununla bağlı araşdırmanın aparıldığı və yekun nəticə barədə məlumatlandırılacağına dair məlumat verilmişdir. Hazırda isə hüquq və azadlıqların məhkəmə təminatı konstitusion hüququndan istifadə edərək məhkəməyə müraciət edir.
b) iddiaya qarşı etiraz
12. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
13. Məhkəmə iclası barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı iclasın təxirə salınmasını xahiş etsə də, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
14. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verib, göstərdi ki, onu Əmək Məcəlləsinin “ç” bəndi ilə 3 dəfə işə götürüb işdən çıxarıblar. xx.xx.2016-cı il tarixdə yol nəqliyyat hadisəsi olmuş və sonradan həbs edilmişdir. Həmin şirkətdə bir çox hallarda ofisdəki xanımlar sürücülərin yerinə imza atmışlar, bu prosedurla bağlı onun etirazı olmamışdır, lakin sonuncu onun adından yazılan ərizədə göstərilən tarixdə o istintaq təcridxanasında olmuş, 27 fevral gecə saat 4 də yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin gecə polis onu evə buraxıb 28 fevralda isə zərərçəkənlərin şikayəti olduğu üçün həbs edilmişdir. O, heç vaxt işə qəbul olarkən ərizə yazmamışdır. O şirkətə işə qəbul olunduğu gündən həbs edildiyi günə qədər heç vaxt işdən nə çıxmamış nə də çıxarılmamışdır. Cavabdeh bildirir ki, istintaq orqanı tərəfindən o xx.xx.2015-ci ildə təqsirli bilinmiş, halbuki o artıq 28 fevralda müstəntiq tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilmişdi. Bəzən onlar iş vaxtı sonuncu dayanacağa gələndə dispeçer yaxınlaşıb bəzi sənədləri imzaladırdı. Çox vaxt o sənədlərdə yazılanları oxumurdu. O heç vaxt şirkətin ofisinin yerini bilməmişdir.
15. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçı onların şirkətində çalışmış, lakin hərdəfə işdən yayındığına, iş günü ərzində işə gəlmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmuş, lakin, iddiaçı yenidən ərizələr yazaraq işə başlamışdır. İşçi işə başlamazdan 2-3 gün öncə artıq ona ərizə yazdırılır. Ona görə hazırda sürücü iddia edir ki, o 27 fevralda hadisə törətmiş və həmin tarixdə ərizə yaza bilməzdi. İddiaçının işdən çıxarılması əmək qanunvericiliyinə uyğun şəkildə aparılmışdır. İddiaçı əvvəllər işdən çıxarıldıqdan sonra gəlib dəstə rəisindən xahiş edib bu səbəbdən də işə yenidən bərpa edilmişdir. Həmçinin 27 fevral tarixində bu şəxs işə qəbul edilərkən ərizə ilə yanaşı həmçinin tərcümeyi-hal da yazmışdır. Hər üç ərizə iddiaçının özü tərəfindən yazılaraq imzalanmışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq; Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; Maddə 11. İşəgötürənin əsas hüquqları
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Maddə 12.
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: ... e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; Maddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi
1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır; Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; Maddə 49.
1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir;
5. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz; Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
17. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 100. ... Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
21. İşin mübahisəsiz hallarından da aydın olur ki, iddiaçı 2015-2016-cı illər arasında cavabdeh şirkətdə sürücü vəzifəsində işləmişdir.
22. İddiaçı həmin ərəfədə barəsində üç dəfə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasına dair məlumatın informasiya sisteminə daxil edildiyini və məlumatların əsası olmadığını bildirir.
23. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı barəsində informasiya sisteminə yerləşdirilmiş məlumatların əsası işəgötürən – cavabdeh tərəfindən tərtib edilmiş Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi barədə əmrlərdir və bu əmrlər mübahisələndirilməmiş, ləğv edilməmişdir. Bu halda həmin məlumatların etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil.
24. Digər tərəfdən işin məhkəmə araşdırması zamanı təqdim edilən sübutlardan görünür ki, işlədiyi ərəfədə cavabdeh bir neçə dəfə tam iş günü işə çıxmamış, cavabdeh tərəfindən bu faktlar rəsmiləşdirilmiş, əmək müqaviləsi qeyd olunan əsaslarla ləğv edilmiş, iddiaçı isə hər dəfə yenidən ərizə təqdim edib, əmək müqaviləsi bağlayaraq yenidən işə başlamışdır.
25. İddiaçı məhkəmə iclaslarında cavabdeh tərəfindən təqdim edilmiş ərizələrin, əmək müqavilələrinin onun tərəfindən yazılıb-imzalanmadığını qəti surətdı bildirsə də təyin edilmiş ekspertiza tədqiqatının nəticələri barədə rəydən görünür ki, xx.xx.2015-ci il tarixli yenidən işə qəbul edilmə barədə ərizədəki, xx.xx.2015-ci il tarixdəki əmək müqaviləsindəki imza, xx.xx.2016-cı il tarixdəki avtobioqrafiya adlı mətn iddiaçı tərəfindən icra edilmişdir.
26. Bu isə onu göstərir ki, iddiaçı hər dəfə işdən azad edilməsindən məlumatlı olmuş, sonradan öz təşəbbüsü ilə yenidən işə başlamışdır.
27. İddiaçı barəsində tərtib edilən sonuncu əmr zamanı ümumiyyətlə azadlıqda olmadığı, iş vaxtı yol-nəqliyyat hadisəsi törədərərək azadlıqdan məhrum edildiyini irəli sürsə də bu barədə hər hansı sübut – rəsmi qərar, məhkəmə aktı və s. təqdim etməmişdir.
28. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatının tamlığı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan materialların və faktların tədqiqi ilə təmin olunur. Bu kontekstdə mülki mühakimə icraatı qaydasında baxılan mübahisələrdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir. Dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.
30. Sübutların qiymətləndirilməsi isə hüquqi proses olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
32. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad edilən hallar sübut edilmədiyindən iddia rədd edilməli, ekspertiza xərci iddiaçıdan Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh firmasına qarşı əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların etibarsız hesab edilməsi və dəyişikliyin aparılması tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 124 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, AZ41NABZ**********0000003944 - müxbir hesab, kod: 210005, VÖEN:**********) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM Aytəkin Əsədzadə