Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1364/2023 01.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə xx.xx.2021-ci il tarixində imzaladığı 70230221 saylı müqavilənin və ona olunan Əlavələrdən yaranmış öhdəliklərini pozduğu üçün ondan 5200 manat əsas borcunun və gecikməyə görə xx.xx.2022-ci il tarixinə qədər yaranmış 416 manat borcunun cavabdehdən tutularaq mənə ödənilməsinə, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 100 manatlıq mediasiya və məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə, saat 12:00-yə təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1364/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1364/2023 saylı qərardadının ləğv edilməsini və mülki iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1364/2023 saylı qərardadına əsasən ərizə təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1364/2023 saylı qərardadı ləğv edilməsi və mülki iş üzrə məhkəmə iclasının xx.xx.2023-cü il tarixə, saat 11:30-a təyin edilməsi qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Mansart Group MMC ilə 23 Fevral 2021-ci ildə 70230221 saylı müqavilə imzalayaraq, Bakı şəhəri Xocalı prospekti 29 ünvanında yerləşən ona məxsus ölçüsü 105 kv.m. olan 696-nömrəli mənzilin əsaslı təmiri barədə razılığa gəlmişdilər. Müqavilənin 1.10-cu hissəsinə görə podratçı 120 günə, yəni 23 İyun 2021-ci ilə qədər təmir işlərini bitirib mənzili tam təmirli halda ona geri qaytarmalı idi. Lakin müqavilə üzrə nəzərdə tutulan işlərin bir hissəsi həmin tarixə tamamlanmadığı kimi, bir hissəsi də keyfiyyətsiz görülmüşdü. Müqavilənin 2.1-ci hissəsinə görə o cavabdehə avans kimi 10.000 (on min) Manat, daha sonra 2 ay ərzində digər 10.000 (on min) ödəmə, işin tam təhvilində isə 5000 (beş min) manat olmaq üzərə toplam 25.000 (iyirmi beş min) manat ödəməli idi. İşlərin sürətli icrasını təmin etmək üçün, müqavilə üzrə qiyməti, o 23 İyun 2021-ci il tarixinə qədər demək olar ki, tam ödəmişdi, belə ki 24950 manat ödənişi artıq həyata keçirmişdi. 23 İyuna təmiri bitirməyən cavabdeh ondan işin uzadılması üçün möhlət istəmiş, o da ona möhlət verdiyi halda 1 Sentyabr 2021-ci il tarixinə cavabdeh təmiri bitirə bilməmişdir. Təmir olunan mənzilə vaxtında köçməyi onun üçün vacib idi. Çünki, bu ünvana köçürəcəyi obyektə görə o aylıq 1850 manat kirayə pulu verirdi. Təmir üçün tələb olunan 25 min manatı isə Bankdan kredit götürmüşdü. Bütün bunlar haqqında da, işin icraçısı və Mansart Groupun həmtəsisiçisi Məcid Əhmədova məlumat vermişdi. İşin yubanması onu həm kirayə pulu ödəməyə, həm də kredit borcunu qaytarmağa vadar edirdi. Bu isə ona çox ağır yük idi. Kredit sənədlərini də məhkəməyə təqdim etməyə hazırdır. Bu səbəblə, cavabdehlə 70230221 saylı müqaviləyə 01 Sentyabr 2021-ci il tarixli 1 saylı Əlavə imzaladı və qalan işlərin onun hesabına tamamlamağı, həmin görülən işlərin əvəzini də müqavilə üzrə icraçı olan Mansart MMC tərəfindən ona ödəniləcəyi barədə razılığa gəldi. İddia ərizəsinə əlavə olunan 1 saylı Əlavədən də görülür ki, təmir sırasında natamam və yararsız görülən işlərin hamısı qeyd olunduğu kimi, onların düzəldilməsi üçün də müəyyən olunan qiymət 5500 manat olaraq qiymətləndirilib. Bundan sonra 1 saylı Əlavəyə əsasən, cavabdehə (müqavilə üzrə icraçıya) daha əvvəl nəğd qaydada ödədiyim 20.000 manat və material olaraq təmin olunan 4950 manatlıq ödənişdən, məruz qaldığı 3700 manatlıq zərərlə birlikdə 9200 manatlıq hissəsinin ona xx.xx.2021-ci il tarixinə qədər geri qaytarılacağına dair cavabdehlə razılaşdı. Cavabdeh əsas müqavilənin 01 Sentyabr 2021-ci il tarixli 1 Saylı Əlavəsinin icrası istiqamətində cavabdeh 02 Dekabr 2021-ci il tarixində (gecikməli olaraq) 9200 manatlıq borcun 4000 manatını ödədi, buna dair 70230221 saylı əsas müqaviləyə 2 saylı Əlavə hazırlandı. Həmin Əlavəyə görə ödəniləcək qalıq 5200 (beşmin ikiyüz) manatlıq məbləği cavabdeh 15 Yanvar 2022-ci il tarixinə qədər ödəməliydi. Lakin cavabdeh bu borcu ödəməkdən yayınmışdır, bu səbəblə də o cavabdehin borcu qaytarması üçün xx.xx.2022-ci il tarixində mediasiya prosessinə müraciət etdi. Mediasiya işimizə 4 saylı Bakı Mediasiya Təşkilatının mediatoru X1 baxmışdır. O, cavabdehə zəng etmiş və mediasiya sessiyasına dəvət etmiş, cavabdeh isə borcunu ödəyəcəyini bildirmiş, lakin ilkin mediasiya sessiyasında iştirak etmədiyi kimi, bu iddia ərizəsinin məhkəməyə verildiyi tarixə qədər də qalıq 5200 manatlıq borcundan hərhansı bir ödəniş həyata keçirməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək cavabdehdən 3500 manat pulun tutulmasını xahiş etmiş və bildirmişdir ki, cavabdeh tərəfindən ona olan borcun 2000 manat hissəsi ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 70230221 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri Xocalı prospekti 29 ünvanında yerləşən ona məxsus ölçüsü 105 kv.m. olan 696-nömrəli mənzilin əsaslı təmiri barədə razılığa gəlmişdilər. Müqavilənin 2.1-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə sifarişçinin icraçıya göstərilən xidmətlərinə görə ödəniş ilkin olaraq 10.000 manat və sifarişçinin istəyi ilə 2 ay müddətinə ilk ay 10.000 manat olmaqla işin tam olaraq təhvilində qalan 5000 manat, ümumilikdə 25.000 manat ödəniləcək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələb təmin edilməli, Cavabdeh MMC-dən 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-1364/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1364/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver